Qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin püşkü atılan kimi aləm dəydi bir-birinə. Aləmi bir-birinə vuran isə https://twitter.com/uefacorruption ünvanında yayılan məlumat oldu: səhifənin CL Draw Manipulation@uefacorruption bölümündə 1/8 finalda kimin kimlə qarşılaşacağı barədə məlumat yer alıb və məlumat dekabrın 15-də səhər saatlarında, püşkatmadan təxminən 30 saat əvvəl yerləşdirilib. Yazılanlarla reallığın yüzdə-yüz düz gəlməsi şübhələri, onunla bərabər də müzakirə və mübahisələri qızışdırıb.
Səhifə naməlum şəxs, yaxud şəxslər tərəfindən açılıb və anonim şəkildə qeydiyyatdan keçirilib: məqsədin UEFA-nın korrupsiya əməllərinin ifşası olduğu bildirilir. İddia edilir ki, püşkatma proseslərində üzdə olan insanlar, sadəcə, icraçılardır, əsas qüvvə pərdə arxasındadır və məsələnin kökündə külli miqdarda maddi maraq dayanır.
Püşkatmaların nəticəsini şübhə altına alan iddialar həmişə səslənib. Ancaq beləsi olmamışdı. Demirəm ki, “twitter” xiridarları aydan arı-sudan durudurlar və əsl həqiqəti üzə çıxarıblar. Amma demək istədiyim və deyilməsi vacib olan nələrsə var...
Mişel Platini UEFA prezidentliyinə namizəd ikən təbliğat kampaniyası zamanı dönə-dönə vurğulayırdı ki, bukmeyker kontorlarının futbol oyunlarına müdaxiləsinin qarşısını alacaq, onların əlini futboldan kəsəcək. Lakin məqsədinə çatandan sonra vəziyyət, daha doğrusu, münasibət dəyişdi – 2007-ci ildən bəri futbol meydanlarında futbolçulardan çox, bukmeykerlər top oynadır və onların əlini kəsib-eləyən də yoxdur. Elə başa düşülməsin ki, hazırkı vəziyyətin baiskarı tək Platinidir. Xeyr, sadəcə, o, müqavimət göstərmədən, mübarizə aparmadan başladı kontorlarda çalınan havalara oynamağa.
AVRO-2016-ya namizədlərdən biri də Türkiyə idi, amma kim qalib gəldi – Fransa! Mətbuat konfransında türkiyəli jurnalistin “Türkiyənin imkanları yüksək olsa da, Fransa qalib gəldi. Bu qələbədə sizin fransız olmağınızın oynadığı rol barədə deyilənlərə münasibətiniz necədir” sualına M.Platininin cavabı seçimin obyektiv keçirilmədiyini sübut etdi: “Nə vaxt bir türk UEFA-ya rəhbərlik edər, onda da Avropa çempionatı kimi turnirin təşkilatçısı olmaq barədə fikirləşərsiniz”.
Belə yanaşmanın nəticəsidir ki, ona da, rəhbəri olduğu quruma da inam getdikcə azalır. Bu ilin martında, ÇL-in 1/4 finalının püşkatmasından sonra Türkiyə telekanallarından birində qızğın mübahisənin şahidi oldum: AVRO-1996-nın hakimlərindən olmuş Əhməd Çakar məlum prosesdə UEFA-nın fırıldaqlarından danışır, qurumun səlahiyyət sahiblərinin bağlı qapılar arxasında hansı oyunlardan çıxdığını isbat etməyə çalışırdı. O, kimi kiminlə qarşılaşdırmağın yollarını bildiyini deyir, hətta mərc gəlirdi ki, birbaşa efirdə bunu, sirri açmamaq şərti ilə, hər kəsə sübut edə bilər. İttiham UEFA-da da əks-səda doğurdu, ancaq bir neçə gündən sonra hər şey “unuduldu”.
Dekabrın 16-dakı püşkatmadan əvvəl görün Joze Maurinyo nə deyir: “1/8-də qarşılaşmaq istəmədiyim komanda “Qalatasaray”dır”. Türkiyə təmsilçisinin rəsmi nümayəndəsi Lütfi Arıboğanın da açıqlaması maraqlıdır: “Başqan Ünal Aysalın istədiyi oldu – o, püşkatmadan əvvəl kağıza yazdı ki, rəqib “Çelsi” olacaq”.
“Qalatasaray”a uduzub mübarizəni Avropa Liqasında davam etdirəcək “Yuventus”a kim rəqib oldu – Türkiyənin başqa bir klubu “Trabzonspor”.
Bəs, avroliqanın qrup mərhələsinə vakant yerə namizəd necə müəyyənləşdi, hansı ki, şansı olanlar arasında “Qarabağ” da vardı. Həmin “bəxtəvərin” (APOEL) seçilmə prosesi yəqin ki, yaddan çıxmayıb – şar dolu qabı gətirdilər, tez-bazar bir ədəd şarı çıxardılar və dərhal da qabı apardılar, aradan çıxardılar desək, daha doğru olar.
Haqlı sual yaranır: görəsən, şarların hamısına APOEL yazılmamışdı ki? Bu cür şübhələrə yer olmasın deyə, ən azı daha iki-üç şar açılmalı, ictimaiyyətə nümayiş etdirilməliydi, yaxud komandaların adının şarlara yerləşdirilməsi şəffaf şəkildə həyata keçirilməli idi. Bunların heç biri olmayınca, təbii ki, şübhə xarakterli söz-söhbətlər qaçılmazdır.
Bütün bu dediklərimiz bizim maraq dairəmizdə olan komandalarla bağlı baş verənlərdir. Lakin istisna deyil ki, maraqları kəsişən digər klublarda da oxşar vəziyyətə rast gəlmək mümkündür.
Bu qeydləri etməyə “twitter” olayları səbəb oldu. Fakta əks bucaqdan yanaşan birinin fikrincə, sensasiya axtarışına çıxan adamlar bütün mümkün variantları əvvəlcədən hazırlayıb və həmin tarixdə, dekabrın 15-də səhifəyə yerləşdirib, püşkatmanın nəticəsi məlum olan kimi isə doğrunu saxlayıb, digərlərini pozub. Bütün mümkün variantlar isə heç bilirsiz nə qədərdir – 16 milyon 777 min 216 (!).
Bir daha vurğulamaq lazım gəlir ki, ən münasib yol şəffaflığın təmin olunmasıdır və bu məqsədlə təkliflər də irəli sürülür, məsələn, püşkatmalar zamanı şarların latatron vasitəsilə çıxarılması kimi. Ancaq ən optimal sayıla bilən bu variant qətiyyən yaxına buraxılmır. Niyəsini can yiyələri, futbola şəxsi malı, mülkü kimi baxanlar yaxşı bilir.
Sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi