Haqqı oğurlanan “Qarabağ”!

Haqqı oğurlanan “Qarabağ”!
YAZARLAR 12 Dekabr 2014 / 12:15 13939
-  A +

Haqqı yeyilənə sözdə acıyan çox olar, amma əməldə haqqının bərpasına kömək edən tapılmaz!

“Haqqı yeyənin haqqı yeyilsin” - deyərlər, ancaq ömür boyu haqq yeyənin haqqı hardadır ki yeyilsin də!

25 ildir Qarabağın haqqı yeyilir və 5 ildir “Qarabağ”ın da haqqını yeyirlər. Haqqdan danışan haqsızlar yeyir Qarabağın haqqını, göz görə-görə “Qarabağ”ı da görməyə gözləri yoxdur onların!

“Budurmu Avropa?” deməyəcəyəm, çünki Avropa budur! Dünyada haqq məhz belə qorunur!

Kim bilməsə də, ürəyi dağlı qarabağlılar bunu yaxşı bilir. Hər addımda haqsızlıq edən haqsızlar utanmadan daim haqq-ədalətdən danışırlar, qulaq asmayanı isə haqsızlıq damğası ilə damğalayıb günlərinə qara bağlayırlar!

Təxminən 15 il əvvəl yazılarımın birində yazmışdım ki, “Futbol kədəri ilə də gözəldir”. Fikrim dəyişməyib: futbol ecazkar oyundur, son dərəcə fenomenal düşünülüb və həqiqətən onun kədəri də gözəldir. Amma söhbət oyun sferasında yaşanan kədərdən, üzüntüdən, təəssüfdən gedir. “Qarabağ” - “İnter” görüşündə Çex hakim Miroslav Zelinkanın etdiklərindən yaranan duyğular isə çox fərqlidir – xoş olmayan kədərdir, çünki nadanlığın, ölçüyəgəlməz haqsızlığın məhsuludur!

Stadionda insanlar ağlayırdı. Yaşlısı da ağlayırdı, cavanı da. Acizlikdənmi axırdı onların göz yaşları? Qətiyyən! Bir sıra əcnəbi həmkarlarımızın dediyi kimi, tarixdə görünməmiş haqsız qərarın acısı idi içlərini göynədən, didib-parçalayan. Hara üz tutsunlar, kimə şikayət etsinlər? Fransız Tyerri Anrinin əllə oynayıb qol vurduraraq İrlandiyanı dünya çempionatından məhrum etməsinə reaksiya verməyən UEFA prezidenti Mişel Platiniyəmi? Yoxsa, dünya çempionatını Qətərə satıb, araşdırılması tələbi ilə manipulyasiya edən FİFA prezidenti Yozef Blatterə?

Gəlin, ağlamayaq, göz yaşlarımıza hakim kəsilək. Çünki, əvvəla, dünyanın axırı deyil, bir yarışın sonu digərinin başlanğıcıdır. İkincisi, “Qarabağ” avroliqada bu mövsüm ondan gözlənilənlərdən qat-qat artığını etdi, böyük təcrübə topladı, həm də təkcə özü üçün yox, bütövlükdə Azərbaycan futbolu, klubları üçün. Digər tərəfdən, “Qarabağ” mövcud plankanı xeyli yüksəltdi – artıq qrupa düşmək uğur deyil, klublarımızın borcu kimi qəbul ediləcək.

Yadıma 2002-ci il dünya çempionatı düşür: Türkiyə yarımfinalda Braziliyaya uduzaraq finala çıxa bilmədi. Matçın final fiti səsləndi və ekranda hönkür-hönkür ağlayan 7-8 yaşında bir türk balası göründü. Futbolunun dünən harada, bu gün harada olduğunu hələ bilməyən, anlamayan o körpənin ağlar üzü heç gözümün önündən getmir. Yaşı imkan versə, tarixi bilsəydi, yəqin ki, mundialın finalına çıxa bilməmənin üzüntüsünü yox, sevimli komandasının bürünc medal uğrunda yarışacağının sevincini yaşayardı...

Dünəni yaddan çıxarmayaq. Klublarımızın keçdiyi yola ən səthi ekskurs da kifayətdir ki, “Qarabağ”ı qalib kimi qəbul edək. Ağdam təmsilçisi avroliqada mübarizənin builki mərhələsini futbolu sevdirərək, onu yenidən Azərbaycan insanının gündəlik menyusuna gətirərək bitirdi. Bunu “İnter”lə oyundan sonra klubun rəsmi saytına dünyanın ən müxtəlif yerlərindən – Braziliyadan tutmuş, İspaniyaya, İtaliyaya qədər – ünvanlanmış saysız-hesabsız həmrəylik mesajları, sosial şəbəkələrdə “Qarabağ”a ədalət!” çağırışları da sübut edir.

“Qarabağ” reallığa söykənən iddiası ilə göstərdi ki, uzun bir yola çıxıb. Bu yolda büdrəməyəcəyinə, haqsızlıqlara sinə gərəcəyinə, indi edə bilmədiyini ən yaxın zamanlarda edəcəyinə inam böyükdür və getdikcə artır. Çünki arxasında Azərbaycan kimi qüdrətli ölkə və xalq dayanıb.
Dosta sevinc, düşmənə göz dağı olan “Qarabağ”, zəfərin mübarək!

Sizinlə həmsöhbət mən idim...

Rövşən Binnətli

Son xəbərlər