Böyük işləri mənən böyük insanlar görür. Tarixdə də, elə yaddaşlarda da onlar qalırlar. Çünki mənən zəngin insanlar gördüklərini təmənnasız görürlər, etdiklərini qarşılıq güdmədən edirlər. Daxilən və zahirən mətin olurlar mənən böyüklər. Onlar hər xırda təhdiddən, qərəzli münasibətdən nə sınandırlar, nə də tutduqları yoldan çəkinən.
Haqqında bəhs etmək istədiyim insanın da həyat və fəaliyyət səhifəsini vərəqləyəndə mənən böyüklərə xas cəhətləri görürsən. Bu yaxınlarda haqq etmədiyi münasibətlə üzləşərkən də davranışındakı amiranəlik, zabitəlilik və ziyalılıq bir daha önə çıxdı. Ona görə hər hansı müdafiəyə ehtiyacı yoxdur, elə mənim bu qeydlərimə də. Niyəsi də odur ki, hər kəsin cavabını əməlləri ilə verir: əvvəllər də belə olub, indi də belədir və gələcəkdə də belə olacaq. Olacaqlar barədə qəti söz demək, əslində, düz deyil, amma mənəvi böyüklərin bir yolu, bir üzü və bir istiqaməti olduğundan, onlar barədə əminliklə fikir bildirmək istisnadır və qəbahət sayılmır.
İnsan nə iş görürsə, müəyyən məqsədlə görür. Məni bu yazını yazmağa məcbur edən, məşhur filmimizdə Abbasqulu bəy demişkən, öz vicdanımdır. “Qarabağ” - “Valletta” görüşündən sonra baş verənlərin ən qısa müddətdə unudulmasını istədim. Doğulub boya-başa çatdığım Ağdam şəhərini təmsil edən komandanın qələbəsinə kölgə salan nə varsa, elə kölgə kimi tez yox olması naminə susmağı üstün tutdum. Amma məsələ ilə bağlı çək-çevirlər səngimədi. Nəinki Avstriya çempionu üzərində uzun illər unudulmayacaq qələbə, hətta cəbhədəki son qanlı hadisələrdən sonra da dedi-qodular kəsilmədi. Belə olan halda hesab elədim ki, münasibət bildirmək lazımdır və həm də vacibdir. Bunu özümə, ilk növbədə, bir ağdamlı, qarabağlı, geniş anlamda isə bir azərbaycanlı kimi borc bildim. Niyə?
Bu sualı maksimum lokonik cavablandırası olsam, belə deyərdim: istəmədim ki, barəmizdə “çörəkləri dizlərinin üstündədir” deyimi gündəmə gəlsin. Axı, biz yaxşılığı unudan, yaxşılıq edənin əməyini heçə endirən, göydən yerə vuran olmamışıq və deyilik! Əksini yalnız o kəslər düşünə bilər ki, bizdən deyil, sadəcə, aramızda yaşayırlar. Elə iyulun 22-də Çempionlar Liqasının oyununda qazanılmış irihesablı, qürurverici qələbədən sonra əsas məsələni qoyub, lazımsız, mətləbə dəxli olmayan, ən pisi isə diqqəti hədəfdən yayındıran, qərəz dolu sualların səslənməsi, verilən cavabların isə təhrif olunmuş şəkildə ictimailəşdirilməsi azərbaycançılıqdan çox uzaq hərəkət idi.
Lakin sadə insanlar, futbolla nəfəs alan azarkeşlər tam fərqli davrandılar. “Valletta” ilə matçdan sonrakı məqsədli və düşünülmüş davamlı anti-təbliğata baxmayaraq, “Zalsburq”la oyunda respublika stadionu büsbütün doldu və 35-40 min azarkeş arasında bütün bölgələrimizdən adamlar vardı. Aparıcı futbol klublarımızın da hamısından pərəstişkarlar əksəriyyətin sevə-sevə “Xalq komandası” adlandırdığı “Qarabağ”ı dəstəkləməyə gəlmişdilər...
...Bu gün Azərbaycan çempionu Avstriya çempionunu – UEFA-nın klub reytinqində ilk onluğa iddialı ölkənin birincisini məğlub edir, neçə-neçə ilkləri reallaşdırır, təkcə Avropanın deyil, dünyanın ən nüfuzlu klub turniri sayılan ÇL-də “pley-off”-un astanasındadır. Amma təxminən 10 il əvvəl vəziyyət çox fərqli idi. Komandanın yaşayacağı möcüzəyə qalmışdı. Ötən hər gün həm də ümidlərin azalması anlamına gəlirdi. Elə bu sətirlərin müəllifi də düşünürdü ki, Qarabağlı günlərimiz kimi, deyəsən, “Qarabağ”la da yolun sonuna çatmışıq.
Yaxşı ki, dünya yaxşılardan xali deyil. Məhz həmin ağır məqamda Türkiyə iş adamlarının yaratdığı və 23 ildir özünəməxsus fəaliyyəti ilə böyük nüfuz qazanmış “Azərsun” şirkəti təkcə Azərbaycanın deyil, bütün türk dünyasının maraq dairəsində olan kluba dayaq durmağa qərar verdi.
İllər ötəcək və məlum olacaq ki, “Azərsun”un prezidenti Abdulbari Gözəl bu addımı mərhum Heydər Əliyevin tövsiyəsi ilə atıb. Şirkət rəhbəri “Valletta” ilə görüşdən sonra həmin tarixi məqamı bir daha xatırladaraq dedi ki, “Azərbaycanda biznes fəaliyyəti ilə məşğuluq. Biznesin qaydasıdır ki, harada qazanırsansa, oranın rifahı üçün də işlər görməlisən. Biz də “Azərsun” olaraq, ilk gündən demişik ki, məqsədimiz Qarabağ diyarını təmsil edən komandanı dünyaya tanıtmaqdır. Neçə ildir bu yolda irəliləyirik, amma hələ istədiyimiz nöqtəyə çatmamışıq. Yolu axıra kimi gedəcək, “Qarabağ”ın Azərbaycanın qüruruna, fəxarət mənbəyinə, simvollarından birinə çevrilməsi üçün heç nəyi əsirgəməyəcəyik”.
Dediklərini əməldə reallaşdıran “Azərsun” prezidenti Abdulbari Gözəl hələ heç vaxt etdiklərinin minnətini azərbaycanlıların üzünə vurmayıb. İstər səlahiyyətlilər olsun, istərsə də sıravi azarkeşlər, hamısını özününkü sayıb, doğma yanaşıb, böyük hörmət və ehtiram göstərib.
Sual olunur, bu adam daha nə etməlidir ki, iyulun 22-dəki kimi əcaib-qəraib vəziyyətlə üzləşməsin. Kimsə deyə bilər ki, Azərbaycandan xeyir götürürlər, eləməlidirlər. Bu tərz məntiqlə düşünənlərə Abdulbari Gözəl özü cavab verib. Digər tərəfdən, Azərbaycanda saysız-hesabsız xarici şirkətlər, firmalar fəaliyyət göstərir. Elələri var ki, gəlirləri “Azərsun”un qazancından dəfələrlə çoxdur. Bəyəm, onların hamısı ölkəmiz üçün nəsə edirmi? Əlbəttə, yox. Əgər belədirsə, o halda həmin müəssisələrdən də Azərbaycan üçün sosial yönümlü işlər görməsini niyə tələb etmirik?
Bəzilərimizin hədəfi, belə çıxır ki, ancaq xeyirxah işlər görənləri qaralamaq, gözdən salmaq, ləkələməkdir. Təbii ki, onları başa düşmək çətindir. Mənəvi dəyərlərimizə bu dərəcədə həssaslıqla yanaşan, onu daim yüksək tutan insanın əməllərinə mənfi don geyindirmək istiqamətli yazılar yazmaq, şərhlər vermək hansı əxlaqın, hansı mədəniyyətin göstəricisidir?
Biri Malta çempionunu məhlə komandası adlandırır; o məntiqlə “Zalsburq” yəqin ki, prospekt komandası olar. Bir digəri bu “Qarabağ”ın Azərbaycana nə aidiyyatı var deyir. Başqa biri sual edir ki, “Qarabağ” niyə Quzanlıda oynamır? Və ən qəribəsi də odur ki, bu, eləcə də sadalamağa hövsələmin çatmadığı çoxsaylı bənzər suallar irihesablı möhtəşəm qalibiyyətdən dərhal sonra verilir.
Bu bir həqiqətdir ki, indi “Qarabağ”ın adı gələndə hər bir azərbaycanlı – azarkeş oldu-olmadı – qürur hissi keçirir, qəlbi fərəhlə dolur. Çünki millətimiz 20 ildən çoxdur bu yaralı diyarın yarasına məlhəm axtarır:
- o məlhəmlərdən biridir “Qarabağ”!
- şəhid Ağdamın, digər şəhid rayon və kəndlərimizin, bütün Qarabağın təsəllisidir “Qarabağ”!
- dostlara sevinc, düşmənə göz dağıdır “Qarabağ”!
- Milləti Qarabağlı Azərbaycana aparan cığırdır, yoldur “Qarabağ”!
“Qarabağ”ın məlhəmə, təsəlliyə, düşmənin göz dağına, Qarabağlı Azərbaycana aparan yola çevrilməsində klubda işləyən hər bir kəsin, bütün səlahiyyət sahiblərinin, ilk növbədə, prezidenti Abdulbari Gözəlin ölçüyəgəlməz əməyi, zəhməti var. Bunu danmaq nankorluqdan da betərdir.
İndi siz deyin, komandanı bu səviyyəyə çatdıranları, Abdulbari Gözəl kimi adamı alqışlamaqmı lazımdır, yoxsa layiq olmadığı haqsız sözlərlə incitməkmi?!
Rövşən BİNNƏTLİ
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi