"Olimpiadadan sonra Azərbaycanda cüdonun kütləviliyi ən azı 50 faiz artacaq"

"Olimpiadadan sonra Azərbaycanda cüdonun kütləviliyi ən azı 50 faiz artacaq"
MEDİA 4 Avqust 2024 / 18:35 1543
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. Hazırda ölkəmizin bu turnirdə 2 qızıl medalı var. Bunları cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev qazanıblar. Bununla bağlı Paris-2024 Olimpiya Oyunlarında cüdo yarışlarının şərhçisi, Azərbaycanın beynəlxalq dərəcəli cüdo hakimi Mətin Rəhimlinin fikirlərini öyrəndik. 

O, əvvəlcə  2 qızıl medalla bağlı keçirdiyi hisslər haqqında danışıb: “Mən artıq 2 ilə yaxındır ki, cüdo yarışları şərh edirəm. Amma əlbəttə ki, Olimpiya Oyunları bu yarışların zirvəsi idi. Bundan özüm də ləzzət alırdım ki, bu cür oyunları şərh etmək üçün mənə inanıblar. Bu oyunları şərh edərkən hamı kimi mən də qürur hissi keçirirdim. Fikirləşirdim ki, qısa bir vaxtda Azərbaycan Cüdo Federasiyasının gördüyü işlər nə qədər düzgün idi ki, bu cür nəticələri biz əldə edə bildik və bütün Azərbaycan xalqını sevindirdik”. 

Mətin Rəhimli

Mütəxəssis Olimpiya Oyunlarındakı hakimlərin bizim idmançılara qarşı qərəzli olmadığını qeyd edib: “Mən Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceriyəm. Beynəlxalq dərəcəli A kateqoriyalı hakiməm və hakim kimi bu Olimpiya Oyunlarının hər bir görüşünü və keçən hər günü dəyərləndirirdik. Bizim işimiz elədir ki, televiziyada bir tərəflə baxmaqla qərarın analizini vermək mümkün olmur. Bunun üçün mütləq videoya iki tərəfdən – qabaqdan və əks tərəfdən baxmaq, bu qərarları analiz etmək lazımdır. Ona görə də biz - hakimlər kollegiyası Paris-2024-ün görüşlərini analiz edərkən bu yarışda bizim idmançılara qarşı qərəz olmadığını görürdük. Televiziyada ilk anda olurdu ki, nə iləsə razılaşmırdıq. Amma sonradan bunu analiz edəndə qərəzli olmadıqlarını görürdük və analizlərimizin cavabı hakimlərlə üst-üstə düşdü. Ona görə də bu Olimpiadada cüdoçularımıza qarşı qətiyyən hakim qərəzi görmürəm. Normal sayıram. Bunun da nəticəsi kimi bizim idmançılarımız 2 qızıl medal qazandı”. 

M. Rəhimli ölkəmizə daha çox qızıl medal gələcəyinə inandığını bildirib: “Cüdoda nəinki 2 qızıl medal, digər əyyardan da olsa, 3-cü medalı gözləyirdim. Amma bu, alınmadı. Lakin Olimpiya Oyunları o qədər möhtəşəm bir oyunlardır ki, burada sürprizlər də ola bilər. Yəni dediklərimi beynimdə fikirləşsəm də, düşünürdüm ki, baş verəcəkmi bunlar. Buna sadəcə olaraq inanmaq bəs etmir. Sona qədər gözləmək, səbrli olmaq vacibdir. Hətta mən həm Hidayətin, həm digər idmançılarımızın şərhində qeyd edirdim ki, proqnoz verməyəcəm. Mən proqnoz vermirəm, amma inanıram. Sətraltı inandığımı bildirirdim ki, Hidayət dünya çempionudur, Avropa çempionudur. Amma birbaşa bunu proqnoz kimi demək istəmirdim. Şükürlər olsun ki, iki çempionumuz oldu”. 

O, Hidayət Heydərovun üstün cəhətlərindən də söz açıb: “Hidayət həqiqətən də hər cəhətdən çox güclü idmançıdır. Həm fiziki, həm taktiki - texniki, həm də psixoloji cəhətdən güclüdür. Bunu 4 görüşün hamısında son saniyəyə kimi mübarizə aparıb, rəqibini təslim edə biləcəyini göstərərək sübut etdi. Ümumiyyətlə, 2028-ci il Olimpiadası üçün də Azərbaycan Cüdo Federasiyası artıq düşünməyə başlayıb. Mən deyərdim ki, bəlkə də, bir il qabaqdan bununla bağlı hazırlıq gedir. Hidayətin dediyi sözlər də federasiyaya, öz gücünə güvənərək deyilən sözlərdir. Mən də inanıram ki, Hidayət bu cür çalışsa, mütləq 2028-ci ildə də uğur qazana biləcək”. 

Mətin Rəhimlinin Hidayət Heydərova qələbədən öncə “Hidayət, sən bunu bacararsan” dediyi sözləri sosial mediada gündəm olmuşdu. O, bu barədə belə deyib: “Bütün idmançılar, cüdoçular, idman ailəsi məni harada görürsə, bu sözü təkrar edirlər. Doğrudan da, bu söz mənim içimdən gələn bir söz idi. Mən özümü o qədər orada hiss edirdim ki... Mənə elə gəlirdi ki, Hidayət mənim sözümü, səsimi eşidir. Ona görə də bunu dedim”.

Həmsöhbətimiz Hidayət Heydərovun finaldakı qələbəsənin fransalı idmançının üzərində olmasına da toxunub: “Fransada Olimpiadanın açılış mərasimində bizə və ermənilərə göstərilən münasibəti hamı gördü. Bu, yaxşı hal deyildi. Olimpiyadanı qətiyyən siyasiləşdirmək olmaz. O ki qaldı Hidayət Heydərovun fransız cüdoçusuna qarşı olan final döyüşünə, şəxsən mənə elə gəlir ki, rəqibin fransız olması nə Hidayət üçün, nə federasiyamız üçün fərq etmirdi. Fərq etmir rəqib kimdir. Hidayətin finalda qalibiyyətini biz yüksək qiymətləndiririk. Hidayət bütün görüşlərdə olduğu kimi, final görüşündə də lazım olan qələbəni qazandı. Bizim üçün də fərq etməzdi, rəqib fransızdır və ya digər millətdəndir. Əsas odur ki, Hidayət çempion oldu və ölkəmizə qızıl medal qazandırdı”.

O, Zelim Kotsoyevin də Olimpiya çempioni olmasından danışıb: “Zelim Kotsoyev son 8 saniyəyə qədər məğlub durumda idi. Ümumiyyətlə, bu görüş haqda çox müzakirələr getdi. Amma mən səhər şərhə çıxarkən beynəlxalq dərəcəli hakim kimi bu situasiyanı izah etməyə çalışdım. Burada iki məqama toxunmuşdular. Əvvəlcə gürcü cüdoçunun Zelimə atdığı fəndi müzakirəyə çevirmişdilər. İkinci olaraq da sonuncu saniyələrdə verilən hansoku-make cəzası müzakirə olunmuşdu. Birinci onu demək istərdim ki, orda vaza-ari xalı var idi. Ondan artıq heç nə vermək olmazdı. 8 saniyə qalmış verilən cəza isə həqiqətən də verilməli idi. Beynəlxalq Cüdo Federasiyasının qaydalarında deyilir ki, əgər cüdoçu rəqibinə fənd atmaq istəyirsə, o, kumikatalarını sona kimi saxlamalıdır. Kumikata da əlləri ilə tutuşlara deyilir. Bunu mütləq sona qədər saxlamalıdır. Hətta birini belə saxlasa olar. Amma fəndə girərkən hər iki əlini buraxmaq və özünü yerə atmaq artıq görüşdən yayınmaq kimi sayılır. Ona görə də 8 saniyə yox, 1 saniyə qalmış olsaydı belə, hansoku-make verilməli idi. Bir məsələ də var ki, çox adam deyir gürcü cüdoçu səhvə yol verdi, ona görə hansoku-make aldı. Amma bir şeyi nəzərə almırlar ki, bu səhvi etməyə vadar edən bizim cüdoçumuz idi. O öz gücü ilə, təzyiqi ilə, dayanmadan aramsız hücumları ilə onun səhv etməsinə səbəbkar oldu”.

M. Rəhimli ilk mərhələdə mübarizəni dayandıran cüdoçularımız haqda da söz açıb: “Azərbaycanda qadın cüdosu hələ inkişaf mərhələsindədir. Ona görə də onlardan bir o qədər də yüksək nəticələr gözləmirdik. Biz çalışırıq ki, kütləviliyi artıraq. Ümumiyyətlə, cüdoda və həmçinin də qadın cüdosunda. Kişilərdə isə 60, 66 və 90 kiloqramda olan cüdoçularımız çox gənc cüdoçulardır. Onlar birinci dəfə idi ki, belə mötəbər yarışda iştirak edirdilər. Ola bilsin ki, bu təzyiqə, ab-havaya onların psixoloji durumu tam şəkildə cavab verə bilmədi. Bəlkə də, özlərini hazırlaya, adaptasiya edə bilmədilər. Yalnız buna görə onlar ilk görüşdən məğlub oldular. 90 kiloqramda olan cüdoçumuz ikinci görüşdən məğlub oldu. Amma digərləri ilk görüşdən. Buna baxmayaraq bu, son deyil. İnanıram ki, gələn Olimpiadada onlar medal qazanacaqlar”. 

O, bu cür uğurların uşaqları daha da cəlb edəcəyini qeyd edib: “Əlbəttə ki, bu cür oyunlar övladlarını cüdo idmanına yazdırmaq istəyən valideynlər üçün böyük bir göstəricidir. Mənə elə gəlir ki, bu Olimpiadadan sonra bizdə kütləvilik ən azı 50 faiz artacaq. Mən inanıram, qısa bir vaxtda bu, olacaq. Həm də ona görə ACF-də çox unikal işlər gedir, yeniliklər düşünülür. Ən azından onu qeyd etmək istəyirəm ki, ACF-də cüdo məşqçilərinin təhsil alması üçün böyük şərait yaradılıb. 2 il ərzində artıq 130 cüdo məşqçisi Beynəlxalq Cüdo Federasiyasının sertifikatını alıb. 70 nəfər isə bu yaxın günlərdə imtahan verərək ona nail olacaq. Bu da asan bir şey deyil. Hər adam o imtahanı keçə bilmir. Onu keçmək üçün 6-8 ay onlayn şəkildə oxumalısan, hər ay bir neçə imtahan verməlisən və sonda yekun olaraq, tatamidə praktiki imtahan verməlisən ki, sertifikatı təqdim etsinlər. Bu da ona görə möhtəşəmdir ki, bizim uşaqlarımız artıq lisenziyası olan, savadlı məşqçilərin yanına gedəcəklər. Bu da uşaqların inkişafının daha tez olmasına şərait yaradacaq”. 

Həmsöhbətimiz ACF-də görülən işlər haqqında da danışıb: “Azərbaycan Cüdo Federasiyasında o qədər gözəl işlər görülür ki, bu haqda saatlarla danışmaq olar. O işləri sadalamaq üçün bir neçə saat vaxt lazımdır. İnşallah, jurnalistlərin bizim federasiyamıza gəlib, işlərlə tanış olması gözəl olardı. Çünki bilirəm ki, jurnalistlərə açıq qapı günü də olur. Bütün jurnalistlər bizim federasiyamıza gəliblər, lazım olan şəxslər onları məlumatlandırıb, işlərlə tanış edib. Bunu ümumi belə cavablandırmaq olardı ki, bizim federasiyamızın ofisinin bizə təhvil verilməsi gözəl oldu. Bütün bölgələrdə zallar tikilib və ya təmir olunub. Zallara 6 mindən çox tatami paylanıb. Daha öncə məşqçilərin təhsilini qeyd etdim. Gələn il də bu davam etdiriləcək. Hardasa gələn ilin axrına kimi lisenziyalı məşqçilərin sayını 300 nəfərə çatdırmaq fikirləri var". 

Nur Zeynalova

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər