“Zəif oxuyanı idmana göndərmək ənənəsini dəyişməliyik”

“Zəif oxuyanı idmana göndərmək ənənəsini dəyişməliyik”
MEDİA 14 Fevral 2024 / 13:48 1942
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan məktəblərində fiziki tərbiyə fənninin tədrisi ilə bağlı növbəti həmsöhbətimiz Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin bu sahə üzrə müəllimi Fikrət Məmmədov oldu.

F.Məmmədov əvvəlcə öz məktəblərində fiziki tərbiyənin tədris prosesi haqda danışdı: “İşlədiyim Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi  Heydər Əliyev Fondu tərəfindən yenidən tikildi. 3 il əvvəl istifadəyə verilən məktəb 1250 yerlik müasir məktəbdir. İdman zalımız böyük və işıqlıdır. Lazımı avadanlıqlarımız var.  Dərslərimiz normal davam edir. Məktəb rəhbərliyi imkanı daxilində hər cür köməklik göstərir ki, fiziki tərbiyə dərsləri normal keçirilsin.

Bizim fənn digərlərindən fərqlənir. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, fiziki tərbiyə dərsi olan sinifdə davamiyyət digərlərindən daha yüksəkdir. Bu da fənnimizə olan marağın, uşaqların oynamağa, yarışmaya meyilli olmasının nəticəsidir. Bir şərt də var ki, harda maraqlı dərs keçilirsə, oraya axın da çoxalır. Bizim məktəbdə şəraitə uyğun olaraq hərəkətlər kompleksi seçilir. Əsas məqsəd uşaqların hamısının dərsə cəlb edilməsi, onların fiziki durumunun yaxşılaşdırılmasıdır. Bu işdə müəyyən çətinliklərə rast gəlirik. Bəzi yaxşı oxuyan şagirdlər idman formasında dərsə gəlsələr də, əllərində kitab da gətirirlər. Yəni, olar mən dərsimi oxuyum? Və 10-15 dəqiqədən sonra kitabı bir tərəfə qoyub, oynayan uşaqlara qoşulurlar. Ən böyük çətinliyimiz məktəbin böyük olması, hər dərsə 2-3 sinfin bir yerdə gəlməsidir. Bunun müsbət tərəfi də var ki, 2 müxtəlif sinifləri yarışdıra bilirik. Amma mənfi tərəfi odur ki, bu vaxt hər kəs aktiv iştirakçı ola bilmir”.

F.Məmmədov qeyd edib ki, uşaqları əyləndirmək, dərsləri daha maraqlı etmək üçün müxtəlif oyunlar keçirir, yarışlar təşkil edirlər: “Fiziki tərbiyə elə bir fənndir ki, burada oyunlarsız yaxşı nəticə almaq olmur. Məktəbimizdə gözəl ənənə var. Hər il 5-7-ci siniflər arası 'Şən estafetlər" yarışı keçiririk. Çox ağır və xərc tələb edən yarış olsa da, şəxsi tanışlıqdan istifadə edib, yüksək səviyyədə təşkil edirik.10 hərəkətlər kompleksindən ibarət yarışda sürət, sürət-güc, elastiklik, çeviklik, dözümlülük kimi bacarıqlara aid hərəkətləri proqrama daxil edirik. Hər iki hərəkətdən bir məktəbin şagirdlərinin ifasında musiqi nömrəsi nümayiş olunur. Sovet vaxtı belə yarışlar çox olardı. Yaxşı olardı ki, digər rayon komandaları da bu işə qoşulardı. Uşaqlar üçün olduqca maraqlı yarışdır. Basketbol yarışımızın da coğrafiyası siniflər arasında artmaqda davam edir. 2 il əvvəl 16 sinif yarışırdı. Keçən il 20 komanda məktəb birinciliyi uğrunda mübarizəyə qoşuldu. Bir məktəb üçün böyük göstəricidir. Atletika, voleybol, futbol, həndbol  mütəmadi keçirdiklərimiz yarışlardandır”.

Fiziki tərbiyənin tədrisində ilk növbədə şəraitin olmasının vacibliyini vurğulayan F.Məmmmədov bəzi məktəblərdə adi qaçış üçün yer tapılmadığını bildirib: “Fiziki tərbiyəyə hər kəsin ehtiyacı var. Şagird,  tələbə, işləyən, istərsə də pensiyaçı. İdman insan sağlamlığının özəyidir. Fiziki tərbiyə ilə məşğul olmayanda, orta yaşı ötəndən sonra artıq həkim köməyinə ehtiyac duyulur. Çox təəssüf ki, ölkəmizdə heç də bütün məktəblərdə fiziki tərbiyə ilə məşğul olmağa şərait yoxdur. Elə məktəblər var, ətrafı yaşayış binaları ilə əhatə olunub. Şagirdlərin adi qaçışı üçün şəraiti yoxdur. Belə məktəblərin yaxınlığında olan fərdi evləri dövlət alıb, orada balaca da olsa stadion tikib, uşaqların ixtiyarına versə, ölkədə bu sahədə böyük irəliləyiş olar. Yəni ilk növbədə şərait lazımdır. Bir neçə il əvvəl Tovuz rayon rəhbərliyinin göstərişi ilə hər kənddə bir idman meydançası düzəldildi. Əla bir ideya idi. Təəssüf ki, bəziləri dağıdıldı. Onları yenidən bərpa etmək lazımdır. Tovuz elə bir bölgədir ki, burada idmana böyük həvəs var. Ölkə çempionatında "Turan Tovuzun"un oyunlarına gələn azarkeşlərin sayına görə lider olaraq qalırıq... Nə qədər meydança çox olsa, məşğul olanların sayı artar, müvafiq olaraq sağlam insanların sayı çox olar. Rayon mərkəzində çoxlu boş sahələr var ki, yüngül əl gəzdirməklə orada mini stadionlar tikmək olar. İşdən sonra, istirahət günlərində insanlarımız bu meydançalara yığışa, yarışlar keçirə bilər. İdman sağlam həyat yaşayışının tərkibidir. İnsan enerjisini çıxarmalıdır. Uşaqlara normal bir şey təklif etməyəndə əlbəttə ki, başqa yola düşmə ehtimalı çoxalır”.

F.Məmmədov “Turan Tovuz”un Premyer Liqaya qayıdışından sonra bölgədəki uşaqlarda futbola marağın artığını da söyləyib: “Məktəbimizin böyük futbol ənənəsi var. "Turan Tovuz"da indiyə qədər 50-yə qədər Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin məzunu oynayıb. Bu nadir göstəricilərdəndir. Komandanın 9 il  Premyer Liqadan kənarda qalması Tovuz futbolunu xeyli geri saldı. Bir vaxtlar hamımızın fəxrlə dediyimiz söz vardı ki, elə bir Premyer Liqa komandası yoxdur ki, orada "Turan"ın yetirmsi olmasın. AFFA rəhbərliyi də baxdı ki, bölgə futbolla yaşayır, Tovuzda Futbol Akademiyasının inşasına qərar verdi. İndi həmin akademiya gözəl fəaliyyətə başlayıb. Yaxın zamanlarda yenidən özlərindən söz etdirəcəklər. Əlbəttə ki, məşğul olanların arasında məktəbimizin çoxsaylı şagirdi var. Getdikcə də futbolla məşğul olanların sayı artmaqdadır”.

F.Məmmədov onu da deyib ki, məktəblərdə tennis stollarının quraşdırılması da arzuolunandır: “Əslində müəllim yaxşı oldusa, onun ixtisasını da şagird seçir.  Çox arzulayardım ki, məktəblərə tennis stolları verilərdi. Az xərcli avadanlıqlardandır. Sağlamlıq üçün gözəl idman növüdür”. 

F.Məmmədov ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün müəyyən işlər görülməli olduğunu qeyd edib:  “Ölkəmizdə idmana olan maraq dəyişməlidir. Zəif oxuyanı idmana göndərmək  ənənəsini dəyişməliyik. Ölkə futbolunun zəif nəticəsi 2 həftəlik kurs keçib, dərəcə alanların ortaya qoyduğu futbolun nəticəsidir. Şəxsi təcrübəmdən bilirəm ki, məşqçi işləmək üçün İdman Akademiyasının 4 ili də azlıq edir. Bu işdə gecə-gündüz çalışmaq, yeni ideyalar tapmaq, tətbiq etməklə uğur qazanmaq olar”.

Ramiq Ağaməmmədov

 

Daha çox


Son xəbərlər