Azərbaycan millisində 10 legioner: nə dəyişəcək?

Azərbaycan millisində 10 legioner: nə dəyişəcək?
MEDİA 12 Oktyabr 2023 / 13:44 4206
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Estoniya və Avstriyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Diqqətçəkən məqamlardan 26 oyunçudan ibarət heyətdə 10 nəfər legioner həyatı yaşayan oyunçunun yer almasıdır. Bunlar Şahrudin Məhəmmədəliyev (qapıçı, "Adana Demirspor" Türkiyə), Bəxtiyar Həsənalızadə (müdafiəçi, "Tuzlaspor" Türkiyə), Cəlal Hüseynov (müdafiəçi, "Arda" Bolqarıstan), Anton Krivotsyuk (müdafiəçi, "Daejon Hana", Cənubi Koreya), Coşqun Diniyev (yarımmüdafiəçi, "Ümraniyespor" Türkiyə), Ozan Can Kökçü (yarımmüdafiəçi, "Eyndhoven" Niderland), Mahir Emreli (hücumçu, "Dinamo" Zaqreb, Xorvatiya), Musa Qurbanlı (hücumçu, "Yurqorden" İsveç), Ramil Şeydayev (hücumçu, "Buriram Yunayted" Tailand) və Renat Dadaşovdur (hücumçu, "Hatayspor", Türkiyə).

Bəs, millinin heyətində legioner həyatı yaşayan futbolçuların sayının artması yığmanın nəticələrinin yaxşılaşmasına təkan verə bilərmi? Bunun milli komandaya hansı faydası olacaq?

Suallarımıza cavab tapmaq üçün futbol meneceri Səbuhi Səfiyarlı və Azərbaycan yığmasının keçmiş üzvü Rauf Əliyevlə söhbətləşdik.

S.Səfiyarlı xarici komandalarda çıxış edən yerli futbolçularımızın sayının artmasının səhvlərin aradan qaldırılması istiqamətində yaxşı addım olduğunu bildirib: "Həmişə bizim milli komandamızın zəif nəticələr qazanmasının səbəbləri arasında əsas yeri futbolçularımızın xaricdə legioner həyatı yaşamaması tutub. İndiki halda bu məsələ yavaş-yavaş həll olmağa başlayır. Düzdür, xeyli gecikmişik. Çünki 10 futbolçu indiki zaman üçün çox azdır. Azərbaycanın müstəqillik qazanmasından 30 ildən də çox vaxt keçib. Ancaq biz hələ indi fikirləşirik ki, bu bizə necə təkan verəcək. O baxımdan gecikmişik. Amma yenə də bu, əvvəlki səhvlərin aradan qaldırılması istiqamətində çox yaxşı addımdır. Çünki son illərdə milli komandamız konkret düz yolla irəliləməyib".

O qeyd edib ki, uğurlu nəticəyə və inkişafa doğru irəliləmək üçün əvvəlcə əsas məqsədi müəyyənləşdirilməlidir: "Biz əvvəlcə müəyyənləşdirməliyik ki, milli komandamız üçün uğur nə deməkdir? Uğur nəyə deyirik? Seçmə mərhələlərdə 9 xal, 5 xal topladığımız vaxtlar olub. Biz 5 komandalı qrupda həmişə 4-5-ci yerlər uğrunda mübarizə aparmışıq. Ona görə də əvvəlcə yığmamız üçün uğur nədir, onu fikirləşməliyik, sonra həmin istiqamətdə addımlar atmalıyıq. Heyətdə 10 legioner həyatı yaşayan futbolçunun olması millini uğura daşıyarmı, bu, bir az mübahisəli mövzudur".

S.Səfiyarlı vurğulayıb ki, legioner həyatı yaşayan oyunçuların sayının artması müsbət hal olsa da, bu, milli komandanı dərhal uğura aparmayacaq: "Son seçmə mərhələlərdə bir-birindən səhv addımlar atılıb. Əcnəbi məşqçilər gəlirlər, demək olar ki, seçmə mərhələləri yola verirlər. Onsuz da heç nə dəyişmir. Bəlkə də 15 ildir ki, davamlı olaraq baş məşqçilər dəyişir, amma yığmanın nəticələri dəyişmir. Artıq başa düşmək lazımdır ki, biz milli komanda ilə bağlı düzgün yolda deyilik.

Öz məqsədimizi, sonra da ona gedən yolu müəyyənləşdirməliyik. Millidə xaricdə çıxış edən azərbaycanlıların sayının artması sevindirici, yaxşı haldır. Amma bu millini dərhal uğura aparacaq səbəb olmayacaq. Çünki milli komanda səviyyəsində çox şey dəyişməlidir. Struktur, iş prinsipləri... Müzakirə edilməli çox şey var. 10 legionerin olması uğura aparacaq səbəblərdən, meyarlardan biridir. Bu istiqamətdə işlər qaydasındadır. Amma bu, işin hamısı deyil".

S.Səfiyarlı onu da qeyd edib ki, oyunçular Avropada, xarici komandalarda çıxış edərək, işə peşəkar yanaşmanı öyrənirlər: "Sözsüz ki, legioner həyatı yaşayan futbolçular Azərbaycanı təmsil edirlər, milliyə dəvət alırlar. Bu, təkcə millinin yox, ümumilikdə Azərbaycan futbolunun tanınmasına gətirib çıxaracaq bir amildir. Çünki indiyədək başqa ölkələrdə bizi tanıdan oyunçularımız az olub. Nəsə təkan lazım idi ki, yerli oyunçularımız xaricə getsinlər. Legioner həyatı yaşayan futbolçumuz nə qədər çox olsa, peşəkarlaşma da o qədər yaxşı, sürətli gedəcək. Futbolçular xaricdə öz işlərinə daha peşəkar yanaşacaqlar. Onlar bunu Avropada öyrənməlidirlər. Avropada belə şeyləri daha gənc yaşlarda öyrənirlər. Amma yenə də deyək ki, eybi yox, heç olmamaqdansa, 20, 21, 22 yaşdan sonra da olsa, nəsə öyrənəcəyik. Əsas odur ki, bu proses davam etsin, dayanmasın. Çünki dayansa, biz yenə də 0-dan başlamalı olacağıq. Belə futbolçular xaricə getdikcə,oradakı peşəkarlığı gördükcə, buradakı dostları, tanışları, milli komandadakı futbolçuları da inkişaf etdirəcəklər. Məsələn, millidə yerli komandada oynayan bir futbolçu xaricdə oynayan bir futbolçudan nəsə götürür. O baxımdan bu proses nə qədər davamlı olsa, futbolumuza da bir o qədər fayda verəcək. Milli komandanı legioner həyatı yaşayan futbolçuların sayını artırmaq üzrə qurmaq bəlkə də uğura gedən yolun başlanğıcıdır. Lakin təkcə bununla nəsə uğur qazanacağımızı demək düzgün olmaz".

Veteran futbolçu Rauf Əliyev isə sözügedən oyunçuların milli komandada canla-başla oynamalı və yığmaya fayda vermək üçün əllərindən gələni etməli olduqlarını deyib: "Millidə legioner həyatı yaşayan futbolçuların sayının artması sevindirici haldır. Amma hələ ki, ürəkaçan nəticələr yoxdur.

İnanıram ki, bunların millimizə faydası olacaq. Futbolçularımız Avropada çıxış etdikcə daha çox inkişaf edirlər, peşəkarlaşırlar. Həm oyun baxımından, həm də şəxsi baxımdan təcrübə qazanırlar. Lakin öyrəndiyini, həmin təcrübəni milli komandada da göstərmək lazımdır. Yoxsa elə mən çağırıldım, gəlim 3-4 gün vaxt keçirim, belə olmamalıdır. Həmin futbolçular millidə canla-başla çıxış etməlidirlər. Əsas odur ki, Azərbaycan yığması yaxşı nəticələr qazansın".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər