Medianın İnkişaf Agentliyinin layihəsi
Bu gün Azərbaycan millisinin keçmiş üzvü, futbol mütəxəssisi Bəxtiyar Musayevin 50 yaşı tamam olur.
Futbolçu karyerası ərzində "Termist Bakı", "Dinamo" (Bakı), "Neftçi", "Turan Tovuz", "Qarabağ", "Xəzər Lənkəran", MOİK, "Şəmkir", "Şəfa" komandalarının formasını geyinmiş sabiq yarımmüdafiəçi 1997-2001-ci illərdə Azərbacan yığmasının şərəfini qoruyub.
- Əvvəlcə sizi 50 yaşınızın tamam olması münasibəti ilə təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm.
- Futbolçular adətən formada olurlar. Siz özünüzü 50 yaşda hiss edirsinizmi?
- Şükürlər olsun, özümü normal hiss edirəm. Tez-tez olmasa da, hərdən bir keçmiş futbolçu dostlarımızla bir araya gəlib futbol oynayırıq. Çalışıram ki, çox passiv həyat tərzi sürməyim.
- Millimizin keçmiş üzvü, bir çox yerli komandalarda çıxış etmiş sabiq futbolçusunuz. Futbola gəlişinizdən danışaq. Necə oldu ki, futbolçu olmağa qərar verdiniz?
- 3-4 yaşımda məhəlləmizdə futbol oynayırdım. Bizdən yaşda böyük olan uşaqlarda futbola həvəs çox idi. Yəqin ki, futbola sevgim elə bundan yaranıb. Futbola erkən yaşlarımda yazılmamışam. Çünki məktəbdə çox yaxşı oxuyurdum. Valideynlərim futbola getməyimə də razı deyildilər. Məni dərsə, təhsilə yönəltmişdilər. Nəhayət ki, çox xahiş etməyimdən sonra 12 yaşımda futbola yazılmağıma razılıq verdilər. Ancaq şərt qoydular ki, gündəliyində ancaq "5" olmalıdır. Bir dənə də "4" olsa, səni futboldan xaric edəcəyik.
- Futbolçu olmaq yolunda hansı çətinlikləri yaşamısınız?
- Elə ən böyük çətinliyim futbola yazılmağımla bağlı idi. İcazə vermirdilər. Futbol çətin sahədir. Qışın soyuğunda, yayın istisində məşqlərə dözmək asan deyil. Fiziki cəhətdən ağır məşqlər olurdu. Bunların hamısı təsir edirdi. Amma futbola sevgimiz o qədər böyük idi ki, bu əngəllər bizə problem yaratmırdı. Lakin dediyim kimi, futbol çox çətin sahədir. Ona görə də minlərlə uşaq futbola yazılır, amma müəyyən yaş dövrünə çatanda cəmi 3-5-i futbolla professional səviyyədə məşğul olur.
- Hazırda skaut sistemində çalışırsınız. Bu iş nə dərəcədə sizin ürəyinizcədir?
- Skaut sistemində işləməyim bir az gözlənilməz oldu. Futbolçu karyeramı başa vurduqdan sonra dərhal məşqçilik kurslarına yazılmışdım. "Xəzər Lənkəran"dan dəvət gəldi. Həmin vaxt Ağasəlim Mircavadov komandanın baş məşqçisi idi. "Xəzər Lənkəran"da işlədim. Braziliyaya səfər var idi. Ağasəlim müəllim məni çoxdan tanıyırdı, futbol biliyimə bələd idi. Ona görə də mənə səfərə yollanmağı tövsiyə etdi. Dedi ki, sənin futbol biliyin məni qane edir, bu, oyunçu seçiminə böyük fayda verə bilərsən. Beləliklə, skaut sistemində işləməyə başladım. Bu sahəni sevirəm, çox xoşuma gəlir. Çalışıram ki, uğurlu olum. Nə dərəcədə alınıb, onu futbol camiəsi bilər.
- Karyeranızın ən unudulmaz anlarını yəqin ki, "Neftçi"də yaşamısınız.
- Bəli. Futbolçu olmağımda "Neftçi"nin böyük rolu var. Ən yaddaqalan, unudulmaz günləri bu komandada yaşamışam.
- Bəs, "Neftçi"yə necə dəvət aldınız?
- "Neftçi"yə gələndə 17 yaşım var idi. Həmin vaxt "Neftçi" SSRİ çempionatının 1-ci dəstəsində çıxış edirdi. "Neftçi"nin gənclərdən ibarət komandasını Rəşid Özbəyov çalışdırırdı. O, mənə dedi ki, "Neftçi"dən sənə dəvət gəlib, Ruslan Abdullayev səni məşqlərə cəlb etmək istəyir. Bu, mənim üçün gözlənilməz oldu. 1 həftədən sonra "Neftçi" mənimlə müqavilə imzaladı. Bununla da "Neftçi"də oynamağa başladım.
- Müxtəlif illərdə "Neftçi"dən niyə ayrılmışdınız?
- İlk ayrılığım əsgərlik dövrümə təsadüf etmişdi. Bir müddət "Ordu" İdman Klubunda çıxış etdim. Daha sonra isə geri qayıdıb klub ilə müqavilə imzalamağım ərəfəsində şərtlər məni qane etmədi. "Qarabağ"dan dəvət aldım. Onlar da çempionluğa oynayan, iddialı komanda qurmaq istəyirdilər. Təklifi qəbul etdim. Əslində özüm də o vaxt "Neftçi"də qalmaq istəyirdim, amma şərtlər məni qane etmirdi. Nəticədə "Qarabağ"la 2 illik müqavilə imzaladım.
- Sonradan "Neftçi"nin əzəli rəqibinə çevrilən "Xəzər Lənkəran"nın da formasını geyinmisiniz.
- Elə "Neftçi"dən növbəti ayrılığım da "Xəzər Lənkəran"la bağlı idi. Rəhbərliklə görüşdüm, onların çox iddialı komanda yaratmağının şahidi oldum. Buna görə də keçidə razılıq verdim. Amma həmin zaman "Xəzər Lənkəran" yeni komanda olduğu üçün "Neftçi" ilə hələ əzəli rəqib deyildi. Ondan sonra "Xəzər Lənkəran" iddialı komanda oldu, "Neftçi"nin əzəli rəqibinə çevrildi.
- Milli karyeranızdan danışaq. Milli sizin üçün nə ifadə edirdi?
- Milli komandada çıxış etmək hər bir futbolçunun ən böyük arzusudur. Bütün oyunçular öz ölkəsinin yığma komadasında çıxış etməyi istəyir. Şükürlər olsun ki, bu, mənə də qismət olub.
- 1999-cu ildə Bakıda keçirilən Azərbaycan - Portuqaliya matçında siz də iştirak etmişdiniz və qol ötürməsi ilə yadda qalmışdınız...
- Bu, ən unudulmaz oyunlarımdan biri olmuşdu. O vaxt heyətdə Portuqaliya millisi çox güclü idi. Luiş Fiqu, Joao Pintu, Rui Koşta kimi futbolçuları var idi. Onları "dövrün qızıl oğlanları" adlandırırdılar. Şükürlər olsun ki, Portuqaliya ilə görüşdə qənaətbəxş nəticə alındı.
- Portuqaliya ilə oyundan əvvəl baş məşqçi Əhməd Ələsgərov komandanı necə motivasiya etmişdi?
- Hamı onu motivator kimi tanıyır. Əhməd Ələsgərov gözəl məşqçi idi. Komandanı psixoloji cəhətdən yaxşı hazırlayırdı. Əhməd Ələsgərov Portuqaliya ilə oyun öcəsi bizdə ruh yüksəkliyi yaratmaq üçün əlindən gələni edirdi. Yaxşı sözləri var idi. Dəfələrdə deyirdi ki, biz Portuqaliyadan geri qalmırıq.
- Azərbaycan futbolunda hansı mütəxəssislərin karyeranızda, həyatınızda böyük əhəmiyyəti olub?
- Futbolçu karyeramda məşqçilər baxımından bəxtim həmişə gətirib. Elə uşaqlıqdan çox yaxşı mütəxəssislərin rəhbərliyi altında çıxış etmişəm. Şamil Heydərov, Fazil müəllim... Onlar uşaq futbolunda çox güclü məşqçilər sayılırdılar. Sonra da Ruslan Abdullayev, Əhməd Ələsgərov, Ağasəlim Mircavadov, Kazbek Tuayev kimi məşqçilərlə çalışmışam. Şükürlər olsun ki, onların hər biri iz qoyublar. Amma mənim üçün dönüş nöqtəsi Ruslan Abdullayev tərəfindən mənə "Neftçi" üçün dəvət göndərilməsi idi. Həmin o dədət mənim futbolçu karyeramın başlanğıcı oldu.
- Məşqçi kimi də "Neftçi"də çalışmısınız və həmin dövrdə komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı...
- Çox şükür, bu arzum da yerinə yetib. "Neftçi"də çalışdığım dövrdə yaxşı komanda formalaşdırmışdıq. Əgər komandanın uğurunda mənim də bir az payım varsa, nə xoş mənə. Məni stadionlarda da, küçədə də görəndə həmişə "Neftçi"də həm futbolçu, həm məşqçi kimi yaxşı mənada iz buraxdığımı deyirlər. Bu da mənə xoş olur.
- Geriyə baxanda yaxşı ki, futbolçu, futbol mütəxəssisi olmuşam deyirsinizmi?
- Bəli. Çox xoşbəxtəm ki, futbolu seçmişəm, həm futbolçu, həm də məşqçilik karyeram olub. İdman ilə yaşamışam. İndi də futbolda çalışmağımdan zövq alıram. Heç vaxt da peşman olmamışam. Şükürlər olsun, sevdiyim işdəyəm. Bu, mənim üçün çox xoşdur.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi