Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Birinci hissə burada
Yazının ilk hissəsində də bildiridiyimiz kimi, son illər Azərbaycanda yetişən bir çox oyunçu karyerasını ölkə xaricində davam etdirmək istəsə də, məqsədinə nail ola bilməyib. Xarici ölkələrin klublarına transfer olunan, lakin bir müddət sonra vətənə qayıdan xeyli sayda futbolçumuz var. Ən yaxın tarix üçün bu siyahıda Emil Balayev, Namik Ələsgərov, Vüsal İsgəndərli və digərlərinin adlarını çəkmək olar. Hələ ki, karyerasını xaricdə davam etdirməyi bacaran Azərbaycan futbolunun cəmi bir yetirməsi var. Bu da fəaliyyətini dayandıran "Bakı" Futbol Akademiyasının yetirməsi, uzun müddət "Qarabağ"da çıxış etmiş Mahir Emrelidir.
Digər legionerlərimiz üçün xarici futbol məktəblərinin yetirməsidir. Yeri gəlmişkən, xaricdə əvvəlcə Polşa "Legiya"sına transfer olunan Mahir hazırda Zaqreb "Dinamo"sunda (Xorvatiya) oynayır.
Bəs, futbolçularımızın xarici klublarda möhkəmlənə bilməməsinin səbəbləri nələrdir? Yazının ilk hissəsində olduğu kimi, futbol meneceri Səbuhi Səfiyarlı mövzu ilə bağlı digər sualları da cavablandırıb.
O qeyd edib ki, yerli futbolçularımızın əksəriyyəti xarici ölkələrə getdikdən sonra mentalitetə uyğunlaşa bilmirlər və Azərbaycan üçün darıxırlar: "Futbolçular üçün digər maneələr Azərbaycandakı ailəsi üçün darıxmaq, mentalitetə uyğunlaşa bilməməkdir. Məsələn, biz özümüz o səviyyədə futbolçu yetişdirə bilmiriksə, uşaq futbolu üçün yaxşı mütəxəssislərimiz yoxdursa, istedadlı gənc futbolçuları xaricə göndərə bilərik. Belə olan halda futbolçular xaricdə yetişə və o mentalitetə daha tez alışa bilərlər. Biz görürük ki, xarici klublara gedən gənc futbolçuların çoxu vaxtından tez qayıdır. Bu da daha çox onların həmin ölkələrə uyğunlaşa bilməməsi ilə əlaqədardır. Dil bilikləri kifayət qədər deyil. Buna görə də getdikləri ölkəyə adaptasiya olunmağda çətinlik çəkirlər. Nəticədə bu, onların Azərbaycan üçün darıxmasına, sosial həyata sahib ola bilməməsinə gətirib çıxarır".
Səbuhi Səfiyarlı gənc futbolçularımızın Avropaya adaptasiya olunması üçün onların 14-15 yaşlarından xarici ölkədə yaşamalı olduğunu deyir: "Çünki bizim burada yaşadığımız həyat, onların Azərbaycandakı gündəlik əyləncələri, yaşam tərzləri Avropadakından fərqlənir. Əsasən, futbolçuları 17-18, 20 yaşlardan sonra xaricə göndərməyə çalışırlar. Mənim şəxsi fikrimə görə, bizim 17-21 yaşlardakı gəncərimizin formalaşması bir az başqa istiqamətdə davam edir. Hətta bizim özümüzdə belə bu yaşda olan gənclərə "beyni qandır" deyirlər. O yaşda olan uşaqlar hər sözü götürmürlər. Onlara xüsusi münasibət lazım olur. Avropada isə belə şeylərə baxmırlar. 17-21 yaşlarındakı gənclər komanda yoldaşlarına, məşqçilərə fərqli reaksiyalar verə bilərlər. Avropada bunu qəbul etmirlər. Mənim fikrimcə, futbolçularımızın xaricə getməyi 15 yaşında baş verməlidir ki, o, mühitə adaptasiya olsun. Görsün ki, futbolçular, onun yaşında gənclər özlərini necə aparırlar. Yaxud da xaricə 21 yaşdan sonra getməlidirlər. Çünki artıq bu vaxt xarakter olaraq yetkinlik dövrünə qədəm qoyurlar. Ondan sonra baş verən hadisələrə daha real baxa, analiz edə bilərlər. Amma bəzən 17-21 yaş aralığında gənclər hadisələrə düzgün reaksiya vermirlər. Nəticədə futbolçuların bir çoxu xaricdən qalmaqalla geri qayıdır. Hərdən məşqçi ilə, komanda yoldaşları ilə mübahisə edirlər. Mən çox şahidi olmuşam ki, Azərbaycanan qayıdan gənclərin buraya gəlməsinin əsas səbəbi təkcə futbol səviyyəsi ilə bağlı deyil. Əsasən belə şeylər sosial və məişət problemləri ilə bağlı olur. O yaşlarda olan gəncin sevgilisi, nişanlısı varsa, darıxır. Avropadan fərqli olaraq bu gənclər nişanlısını yanına apara da bilmir. Mentalitet məsələsi var. Ona görə də darıxmaq prosesi daha sürətli baş verir. Xaricdə oynamaq üçün təbii ki, əvvəlcə bu məsələlər həll olunmalıdır. Övladın xaricdə çıxış etməsini istəyən, potensialı hiss edən valideynlər 14-15 yaşdan uşağını o atmosferdə böyüməyə, o cür tərbiyələndirməyə başlamalıdır. Bu evdə yediyi qidalara, gündəlik yaşayış tərzinə də aiddir. Ancaq bundan sonra Azərbaycan futbolunda yetişən gənclər xaricdə oynaya bilərlər. Biz hələ problemin səviyyə tərəfinə heç vaxt gedib çata bilməmişik.
Bilirik ki, bizim futbol məktəbimiz Avropadakı yaşıdlarından bir baş üstün olan futbolçu yetişdirməyə hazır deyil. Ona görə də belə xırda problemlər olanda xarici klublar güzəştə getmək istəmirlər. Yəni, istedadlı oyunçudur, üstün keyfiyyətləri var, bəlkə nəyəsə göz yumaq deyə düşünmürlər. Bizim futblçular da tam yaxşı səviyyəyə çatmadıqları üçün Avropa klubları onları saxlamaq istəmir. İlk məsələ qeyd etdiyim kimi, gənclərimizin Avropada yaşamağa alışmasıdır. Onlar buna çalışmalıdırlar. Niyə dünya klublarında oynayan futbolçuların əksəriyyəti Braziliyadan, Serbiyadan çıxır? Çünki bu futbolçular düşdükləri atmosferə çox tez adaptasiya olurlar. Onlar bilirlər ki, pul qazanmaq, nəyə nasil olmaq üçün çalışmaq lazımdır. Bizim gənclərdə belə ambissiyalar yoxdur" - deyə Səfiyarlı bildirib.
Futbol meneceri yerli çempionatımızın səviyyəsinin aşağı olmağının futbolçuların xarici klublara transferinə maneə yaratdığını deyib: "Maraqlanan bir çox futbolçular, menecerlər var. Amma bizim çempionatın səviyyəsi onları qane etmir. Əcnəbilər yerli futbolçularımızın biri ilə maraqlananda onun beynəlxalq oyunlarda çıxış edib-etmədiyini soruşurlar. Çünki vurğulayırlar ki, çempionatımızın tempi o qədər də yüksək deyil deyə biz həmin futbolçunun sürətini yoxlaya bilmirik. Belə hallarla rastlaşmışıq. Ona görə də çempionatın səviyyəsinin aşağı olmağı da bir az bu məsələlərə təsir göstərir".
S.Səfiyarlı gənc futbolçularımızla maraqlanan xarici klublar olduğunu, lakin onların konkret təkliflər göndərmədiklərini bildirib: "Qeyd etdiyim kimi, bizim futbolçularla maraqlananlar var. Amma bu, konkret təklif səviyyəsinə gəlib çıxmayıb. Bildiyiniz kimi, "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə ilə ərəb klubu maraqlanırdı. Digər futbolçularla da maraqlanırlar. Lakin sırf təklif səviyyəsinə gəlib çıxmır. Amma mən inanıram ki, yeni gələn nəsil buna nail olacaq. Onlar daha çox qazanmağa can atırlar. Ümid edirəm ki, belə futbolçuların arasından hansınınsa xarici kluba transferini tezliklə görəcəyik".
Sonda Səfiyarlı Mahir Emrelinin Avropada bir klubdan digərinə transfer oluna bilməsi ilə bağlı bunları söyləyib: "Mahirin yetişdiyi mühit onun daha sərbəst böyüməsinə, inkişaf etməsinə səbəb olub. Bu da Mahirin Avropaya tez adaptasiya olunmasına şərait yaradıb. Onun dil biliyi kifayət qədərdir. Mahir buna görə də adaptasiya problemi yaşamır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi