Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Ölkəmizdə bir çox idman növündə qadınlarımız kişilərdən geri qalmayaraq uğurlu çıxışı ilə seçilirlər. Azərbaycanda qadınlar arasında inkişafda olan idman növlərindən biri də şahmatdır. Bu idman növü üzrə Avropa çempionatlarında son medal qazanan komanda da qadınlardan ibarət Azərbaycan millisidir.
Zərif cinsin nümayəndələri 2019-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında sonuncu turda prinsipial görüşdə Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edərək 3-cü yerə çıxıblar. Qadın şahmatçılarımız 27 ildən sonra yenidən bu uğura imza atıblar.
Son olaraq qadın şahmatçılarımızdan Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva fərdi Avropa çempionatında müvafiq olaraq 2 və 3-cü yerlərə çıxaraq ölkəmiz üçün növbəti tarix yazdılar. Azərbaycan tarixində ilk dəfə bu turnirdə medalçılar sırasına düşdü və bir yox, düz iki medalla.
Bəs, ardıcıl gələn bu uğurlar təsadüfidir, yoxsa keçmişdən gələn ənənənin davamıdır?
Şahmat tarixinə nəzər salsaq, görərik ki, türk dünyasının ilk qadın şahmatçılardan biri Azərbaycandan olub. Bu, görkəmli şairəmiz Məhsəti Gəncəvidir. Onun həm də şahmatçı olmasına dair fakt Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan 13-cü əsrə aid, müəllifinin Abdulla Cövhəri Zərgər Təbrizi olduğu güman edilən “Məhsəti və Əmir Əhməd” dastanında yer alıb. Şahmatla tanışlığı məclislərdən başlayan M.Gəncəvi Gəncə şahı kimi tanınan şəhər hakimi Sultan Məhəmmədlə saraydakı görüşlərin birində şahmat oynayıb və onu məğlub edib. Məhsətinin ilk qadın şahmatçılarından biri kimi tanınmasında da bu oyunun müstəsna rolu olub. Şahmatçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxan Məhsətinin oyunlarının birində şah nədənsə qəzəblənib və onu öküz dərisinə bükdürüb yeddi günlüyə zindana atdırıb. Həbsdən çıxdıqdan sonra Bəlx şəhərinə qaçan şairə saraydakı şahmat ustalarına qalib gəlib.
Peşəkar səviyyədə Azərbaycan şahmat tarixində iz qoymuş şahmatçılardan biri, daha doğrusu elə birincisi isə Aynur Sofiyevadır. BDU-nun jurnalistika (1991) və hüquq fakultəsini (2001) fərqlənmə ilə bitirən A.Sofiyeva 1990-cu ildə qrossmeyster adını alıb. O, müsəlman şahmatçıları arasında ilk qadın qrossmeyster kimi tarixə düşüb. Sofiyeva üç qat Azərbaycan çempionu (1984, 1985, 1986) olmaqla yanaşı, 1988-ci ildə qadınlar arasında SSRİ birinciliyini 2-ci, 1990-ci ildə qadınlar arasında dünya çempionatının seçmə turnirini 1-ci, tələbələr arasında dünya çempionatını 1-ci pillədə başa vurub. O, 20 yaşadək qızlar arasında dünya çempionatında gümüş medal qazanmaqla yanaşı, 1993-cü ildə dünya çempionatının (komanda tərkibində) gümüş mükafatçısı olub.
A.Sofiyeva 1998-cı il Azərbaycan ilk dəfə qızlar üçün qiyabi şahmat məktəbini açıb. O, 2000-ci ildə Milli Məclusa deputat və 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilib. 2007-ci ildən "Ailə, uşaq, qadın" problemləri üzrə komitə sədrinin müavini vəzifəsində işləyir.
Qadın şahmatında iz qoyan xanımlarımızdan biri də Firuzə Vəlixanlıdır. O, 1985-ci ildə Azərbaycan yığma komandasının təkibində spartakiadanın, 1986-cı ildə qadınlar arasında SSRİ çempionatının yarımfinalının, Minskdə qadınlar arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin qalibi olub. Milli ilə olimpiadada (1992) və Avropa çempionatında (1994) iştirak etmiş Vəlixanlı 1998-cı ildə kişilər arasında sürətli şahmat turnirində 1-ci yerə çıxıb.
Şahmat millimizin sabiq üzvlərindən biri olan İlahə Qədimova 1991-ci ildə SSRİ çempionu, 1991 və 1993-cü illərdə SSRİ çempionatının gümüş mükafatçısı, 1992 və 1993-cü illərdə isə 18 yaşlı qızlar arasında dünya çempionatının qalibi, 1993-cü ildə 20 yaşlı qızlar arasında dünya çempionatının 3-cüsü, 1994-cü ildə tələbələr arasında dünya çempionu olub.
Müstəqillik dövrümüzün ən qabaqcıl qadın şahmatçısı isə şübhəsiz ki, Zeynəb Məmmədyarovadır. Kişi şahmat millimizin üzvü Şəhriyar Məmmədyarovun və qadın qrossmeysterimiz Türkan Məmmədyarovanın bacısı olan Z.Məmmədyarovunun uğurlarında şahmatçı ailəsində böyüməsi müstəsna rol oynayıb. Z.Məmmədyarova 2000-ci ildə İspaniyada keçirilən 18 yaşlı qızlar arasında dünya çempionatının qalibi olub. Elə həmin il o, şahmat olimpiadasının gümüş medalını qazanıb. Şahmatçımız 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa çempionatında və şahmat olimpiadasında öz lövhəsində 1-ci yeri tutub. Dəfərlərlə qadınlar arasında Azərbaycan çempionatının qalibi olan Zeynəb ölkəmizi çox sayda Avropa, dünya çempionatlarında, olimpiadalarda təmsil edib.
O, 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib. Z.Məmmədyarova bu ilin iyununda Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub və hazırda bu vəzifəni icra edir.
Müstəqillik dövrümüzün uğurlu çıxış edən qadın şahmatçıları sırasına Türkan Məmmədyarova, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və digərlərini də əlavə etmək olar.
Avropa çempionatında medalçılar siyahısına daxil olan millimizin 1 nömrəsi Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın bu nailiyyəti qadın şahmatçılarımızın bundan əvvəlki zəfərlərinin təsadüfi olmadığını sübut etdi. Belə ki, bu il avqustun 10-u başa çatan şahmat olimpiadasında 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülmüşdü. Bir ayda qadın şahmatçılarımızın əldə etdiyi bu uğurlar ölkəmizdə qadına şahmatının ildən-ilə inkişaf etdiyini göstərir. Onu da nəzərə çatdırım ki, bu il keçirilən şahmat olimpiadasında qadın millimiz son turda məğlub olaraq medalçılar sırasından kənarda qaldı.
Son keçirilən Avropa çempionatında medalçılar sırasına düşməklə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva dünya kubokuna vəsiqə qazandı. Bundan əvvəl Gülnar Məmmədova bu turnirdə iştirakı təmin etmişdi. Qadınlarımıza dünya kubokunda da inanır, onlardan yeni tarix yazmağı gözləyirik.
Dövlətimizin şahmata olan xüsusi qayğısı isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlayıb. Respublikada şahmat məktəbləri tikilməyə başlamış, bir sıra vacib işlər görülmüşdü. Daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu idman növünün inkifaşının yeni mərhələsi oldu. Görülən işlər nəticəsində xanım şahmatçılarımıza da xüsusi diqqət ayrıldı.
Ümid edirik ki, qadınlarımızın qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq üçün lazım olan şərait yaradılmağa davam edəcək və onlar şahmat tariximizə yeni-yeni uğurlar yazmağa davam edəcəklər.
Aysel Adıgözəlli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi