Futbol mütəxəssisi Aslan Kərimov “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində dünən Polşada “Lex”lə keçirdiyi ilk matç (0:1) barədə Qol.az saytına müsahibə verib.
- “Qarabağ” dünənki oyunda necə təsir bağışladı?
- Ümumilikdə maraqlı və sürətli bir oyun izlədik. Matçdan öncə də bilirdik ki, “Lex” çətin rəqibdir. Bu komanda düşə biləcək ən çətin rəqiblərdən biri idi. Həm “Qarabağ”, həm də “Lex” püşkdən şikayətlənirdi. Belə deyək, qrupa düşmək üçün 2 fovarit komanda var idi, onlar da bir-birləri ilə üz-üzə gəlir. Amma buna baxmayaraq, “Qarabağ”ın “Lex”ə qarşı daha dominant oynayacağını demişdim. “Lex” də seçə biləcəyi ən doğru yolu seçdi. Sözsüz ki, komanda yaxşı texniki heyətə malikdir. İlk hissədə kompakt müdafiə olundular. Çox arxa xətdə oturdular. Amma yenə də “Qarabağ”ın qol imkanları var idi. Sadəcə olaraq əllərinə düşən şansları boşa verdilər. Vurduqları zərbələr qapıdan yan keçirdi. Həm Kadi Borgesin, həm də Abdullah Zubirin belə situasiyalarda çoxlu qollarını görmüşük. Bəlkə də mövsümün başlanğıcı olduğu üçün optimal formalarından bir az uzaqdadırlar. Mən bununla əlaqələndirərdim. Çünki bu cür şeylərə başqa cür səbəb tapa bilmirəm.
- Sanki komandada bir az anlaşmaq problemi də var idi...
- Belə baxanda ilk hissədə o qədər də anlaşmaq problemi yox idi. Sadəcə sonluğu gətirə bilmirdilər. “Qarabağ”ın oyun üslubuna baxsaq, deyə bilərik ki, topu tez bir zamanda cinahlara çatdırıb, sonra da Zubir və ya Kadi ilə ortaya istiqamətlənib, uzaq küncə ötürmə edirlər. Əslində bunun öhdəsindən gəlirdilər. Sadəcə olaraq, ilk hissədə vurduqları zərbələr qapıdan yan keçirdi. Zubir cərimə meydançasından çölə zərbə vurdu. Kadi ilk hissədə 3 zərbə vurdu, 3-ü də əyri getdi. Sən bir məşqçi kimi bu situasiyaları yaratmaq məcburiyyətindəsən. Amma onu icra edənlər yalnız oyunçulardır. İndi qol vura bilməməklərinin səbəbini mövsümün əvvəli ilə əlaqələndirirəm. Əslində bu, “Lex”in oyun səviyyəsini aşağı salmalı deyil. Çünki matçın ilk 15-20 dəqiqəsindən sonra artıq topu istədikləri kimi saxlaya bilirdilər. Çox soyuqqanlı davranırdılar. Öz cərimə meydançalarının içində belə sərbəst oynayırdılar. Belə vəziyyətlərdən biri sonda qolla nəticələndi. Bu, təkcə “Qarabağ”ın səhv oynaması ilə yox, rəqibin əla oyun nümayiş etdirməsi ilə əlaqədardır. İkinci hissədəki dəyişikliklər təhlükəli epizodlarımızı bir az azaltdı. Fikrimcə, Filip Ozobiç də formada deyildi. Mən onu ilk “11-lik”də görürdüm. Normalda da “Qarabağ” məsuliyyətli oyunlarına daha çox bu heyətlə çıxır. Amma Riçard Almeydanın start heyətdə meydana çıxması Ozobiçin optimal formada olmamasını göstərir. Biz bilmirik ki, təlim-məşq toplanışı necə keçib, kimlər hansı formadadır. Həm də ikinci hissədə meydana yeni transfer Marko Yankoviç də çıxmışdı. Onun hələ komandayla tam anlaşa bilməməsini açıq-aşkar görürdük.
- İkinci hissədə Ramil Şeydayev də meydana daxil oldu. Necə təsir bağışladı?
- İbrahima Vadji ilə Ramil Şeydayev eyni tipli futbolçulardır. İkisi də çox qaçır. Görünən odur ki, komandanın hələ də qol vuran futbolçuya ehtiyacı var. Çünki belə bir futbolçu çox az imkanlardan belə yararlanıb öz komandasını xilas edə bilər.
- Razısınızmı ki, Reynaldo Silvanın, Dino Ndlovunun gedişindən sonra “Qarabağ” hücumun son nöqtəsini qoyan forvard tapmaqda çox çətinlik çəkir?
- Tamamilə razıyam. Amma klubu buna görə günahlandıra bilmərik. Çünki tapdıqları futbolçular da “Qarabağ”a gəlməzdən əvvəl heç bir yerdə parlamamışdılar. Deyə bilmərik ki, biz hansısa ulduz oyunçunu transfer etmişik. Yəni, heç nədən qol vuran bir futbolçu lazımdır. Elə bir oyunçu da Azərbaycan çempionatına yox, Niderland, Almaniya liqasında çıxış edən komandalara getmək istəyir. Çünki həmin futbolçular orada daha çox inkişaf edə bilərlər. Buraya zədədən yeni qayıdan, ötən mövsümü yaxşı keçirməyən və ya yaşı çox olan futbolçular gəlmək istəyir. Ona görə klubu qınamaq da olmur. Amma əgər “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirsə, qol vura bilən futbolçu transfer etməlidir.
- Bəs, cavab oyununda “Qarabağ”dan nə gözləyə bilərik?
- Mənə görə, 1:0 hesabı hələ heç nə demək deyil. Fikirləşirəm ki, bu mərhələni keçən tərəf “Qarabağ” olacaq. Çünki Bakıda bizim azarkeşlər dəstək nümayiş etdirəcəklər. Hava amili də öz rolunu oynaya bilər. Poznanda hava mülayim idi. Hesab edirəm ki, Bakıda güclü isti olacaq. Bu istinin özü də “Lex” üçün bir az çətinlik yarada bilər. Ən başlıcası elə azarkeş amilidir. Bu psixoloji basqı “Qarabağ”ın potensialını daha da genişləndirə bilər. İlk hissədə gördük ki, “Qarabağ” “Lex”dən daha dominant oynamağı bacarır. Düşünürəm ki, cavab matçında vəziyyətlərdən yararlanıb qol vuracağıq. Məncə, qalib tərəf biz olacağıq.
- Yəqin ki, siz də Patrik Andradenin yoxluğunu hiss etdiniz.
- Bəli. Andrade komandaya gəldiyi vaxtdan etibarən yarımmüdafiə xəttində o aqressivlik açıq-aşkar görünürdü. Bu oyunda Qara Qarayev müdafiəyəmeyilli oynayırdı. Patrik isə ingilislərin dediyi kimi, “box to box” futbolçudur. Yəni bir cərimə meydançasından o birinə qədər qaçırdı. Faydalı iş əmsalı çox idi. Həm də hücuma dəstəkçi kimi oynayırdı. Bu baxımdan təbii ki, Patrikin yoxluğu görünürdü.
- Riçard onun yerini nə dərəcədə doldura bildi? Əvvəllər Riçardın driblinqini, uzaqdan zərbələrini daha çox görürdük.
- Əslində uzaqdan zərbə vurdu. Sadəcə çox yuxarı vurdu (gülür). Onun statistik göstəricilərinə baxsaq, görərik ki, Riçard uzaq məsafəyə qaçış cəhətdən yaxşıdır. O, “Qarabağ”ın oyun tərzinə yaxın futbolçudur. Arxada topu özündə saxlayıb sonra irəli aparmağı yaxşı bacarır. Sadəcə olaraq, artıq yaş amili özünü göstərir. Partlayıcı işlərin sayı aşağı düşür. Əslində Riçard matç ərzində 10-11 kilometr məsafə qaçır. Sadəcə partlayıcılıq aşağı düşür deyə, oyun keyfiyyəti də aşağı olur. Yəqin ki, Qurban Qurbanov Riçardın təcrübəsinə görə onu meydana buraxıb. Çünki belə bir matçda daha çox təcrübəli futbolçular lazım olur.
- Siz də düşünürsünüzmü ki, “Qarabağ”ın Rəşad Sadıqov kimi lider oyunçuya ehtiyacı var?
- Bəli. Rəşad Sadıqovdan sonra bunu Maksim Medvedev öz üzərinə götürüb. Rəşadın yerini doldurmaq çətin məsələdir. Lider futbolçular adətən həlledici mövqelərdə olurlar. Bunu özlərinin bacarıqları, oyunları ilə göstərə bilirlər. Kevin Medina bu cəhətdən çox yaxşı təsir bağışladı. Çünki əks-hücumların qarşısını yüksək səviyyədə kəsirdi. Sadəcə olaraq o da əcnəbi futbolçudur. Liderlik, danışmaq, futbolçuları həvəsləndirmək baxımından problemlər yaşayır. Yerli futbolçunun liderlik etməsi vacibdir. Qara Qarayevə, Maksim Medvedevə deyə bilmərik ki, sən Rəşad Sadıqov kimi olmalısan. Qara sakit təbiətli futbolçudur. Kiminsə üstünə qışqırmaq, tempi qaldırmaq və ya salmaq xüsusiyyətlərinə malik oyunçu deyil. Onun özəllikləri başqadır. Liderlik təkcə futbolçu olmaqla bağlı bir şey deyil. Bu, xarakterlə bağlıdır. Məsələn, Serxio Ramos, Karles Puyol aşağı yaşlarından etibarən komandalarının liderləri olublar. Rəşad elə 17-18 yaşında milliyə cəlb olunanda kapitanlığı ona vermişdilər. Belə bir şeyləri futbolçulardan sonradan tələb etmək düzgün deyil.
- Qol epizodundan da görünür ki, Şahruddin Məhəmmədəliyevin buraxılan qolda səhvi yox idi.
- Bəli. Pis oyun keçirmədi. Amma elə rəqib də o qədər çox təhlükəli vəziyyətlər yaratmamışdı. Onların 3-4 qol imkanı oldu, 1-ni qola çevirdilər. O biri epizodlarda da Şahruddin qol buraxsaydı, deyəcək söz qalmazdı.
- Özünüz də gördünüz, oyunun sonlarına yaxın Şahruddin xəsarət almışdı. Buna görə cavab oyununda Şahruddinin əvəzinə Luka Quqeşaşvili meydana çıxsa, “Qarabağ”ın çıxışına necə təsir edə bilər?
- Özü özünü vurdu də (gülür). Mən baxdım, oyunçunun üstünə gedirdi, rus dilində söyüş söyürdü. Amma özü öz ayağına vurmuşdu. Görünür ki, Qurban Qurbanov Şahruddinə daha çox inanır. Komanda da ona arxayın olur. Quqeşaşvilinin yeni gəldiyi vaxtda qeyri-stabil oynaması, soyuqqanlılığının aşağı olması futbolçularda tədirginlik yaradırdı. Ümid edirəm ki, Şahruddin ciddi zədə almayıb. Amma əks-halda Quqeşaşvilinin oynaması matça təsir edə bilər. Böyük bir dəyişiklik olası deyil. Amma futbolçular üçün bir az mane yarada bilər. Çünki düşünürlər ki, bəlkə, topu əlindən buraxar, tuta bilməz. Amma inanıram ki, problem olmayacaq.
- Bəs, sizcə, cavab matçına da bu start heyətlə çıxmaq lazımdır?
- Əslində mən kənardan baxıb, bunu deyə bilmərəm. Amma sözsüz ki, dəyişikliklər olacaq. İnanmıram ki, cavab oyununa bu heyətlə çıxacaqlar. Lakin böyük dəyişiklik də gözləmirəm. Onsuz da “Qarabağ”ın ehtiyat oyunçular skamyasına baxsaq, görərik ki, əksəriyyəti yerli gənc futbolçulardır. Bu, daxili çempionat üçün yetərlidir. Amma avrokuboklarda meydana çıxıb, oyunun taleyini həll edən futbolçular lazım olur. Məncə, oyun üslubu bir az dəyişəcək. Ola bilər ki, “Qarabağ” daha aqressiv çıxış etsin. Çünki ilk matçda gördük ki, rəqib öz cərimə meydançasında ötürmələr edir. Bu, yəqin ki, bizim üçün bir siqnaldır. Yəni, “Lex” tam irəliyə oynayan bir komanda deyil. Qol vurmaq üçün yaxşı yollardan biri irəliyə pressinq etməkdir. “Qarabağ” matç başlar-başlamaz rəqibi öz cərimə meydançasında sıxacaq. Bunun öhdəsindən gələ bilsələr, tez bir zamanda qol vura bilərik.
- Ümumiyyətlə, bu “Qarabağ”la nə qədər irəliləmək mümkündür?
- Çempionlar Liqasının qrup mərhələsinə düşmək çətin görünür. “Lex” bu qədər güclüdürsə, ondan sonrakı rəqiblər daha çətin olacaq. Amma Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız var. Məncə, Avropa Liqasının pley-off mərhələsində “Lex”dən daha güclü komanda ilə qarşılaşmazlar. Buna görə də hazırkı heyət Avroliqanın qrup mərhələsi üçün kifayət edər. Əslində çox irəli zamanı fikirləşirik (gülür). Amma “Qarabağ” bu heyətlə Avropa Liqasının qrupundan çıxa bilərmi, bu, sual doğurur. “Qarabağ”ın daha güclü heyətə ehtiyacı var. Əgər “Marsel” kimi komandalarla qarşılaşsalar, təbii ki, bu heyət kifayət etməyəcək. Amma ortabab rəqiblərlə qarşılaşsalar, nəsə etmək olar.
- Mövsüm başlamazdan əvvəl “Qarabağ”ın hazırkı heyətini 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində oynadıqları tərkiblə müqayisə edirdilər. Bu nə dərəcədə düzgündür?
- Mən belə düşünmürəm. Tam fərqlidir. “Qarabağ” o vaxt başqa, indi başqa cür oynayır. Onda heyətdə Pedro Enrike, Donald Gerye, Yakub Jezniçak, Rəşad Sadıqov, Dino Ndlovu var idi. Pedro özü də Yunanıstandan gələn yaxşı futbolçulardan biri idi. Ümumiyyətlə, “Qarabağ”ın oyun tərzi də bir az fərqli idi. Güclü komandalara qarşı müdafiədə oynayırdıq. Həmin “Qarabağ” vaxt Çempionlar Liqasının pley-offunda “Kopenhagen”lə qarşılaşmışdı. Çox ağır oyunlar keçmişdi. Yaxşı müdafiə olunurduq. Heç nədən də 1 qol vururduq. Elə Dinonun “Kopenhagen”ə vurduğu qolu yada sala bilərik. Əks-hücumda tək başına qol vurmuşdu. Yenə deyirəm, iki komandanı müqayisə etmək düzgün olmaz. Mənim üçün futbolçular dəyişdikcə komandalar da, oyun keyfiyyəti də dəyişir. İstər yaxşı, istərsə də pis tərəfə.
Nur Zeynalova
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi