“Futbolda vətən sevgisi olmasa, böyük qələbələr qazanıla bilməz!”

“Futbolda vətən sevgisi olmasa, böyük qələbələr qazanıla bilməz!”
MEDİA 5 İyun 2022 / 15:26 2252
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bugünkü mövzumuz Azərbaycanda uşaq futbolu və bu sahə üçün görülmüş işlərdir. Mövzumuzla əlaqədar “Neftçi”nin sabiq vitse-prezidenti,  beynəlxalq dərəcəli hakim Tahir Süleymanovla söhbətləşdik. 

Süleymanovlar ailəsi - Tahir Süleymanov, qardaşları, Mahir Süleymanov və mərhum Məzahir Süleymanzadə bir vaxtlar “Sabahın ulduzları” adı altında yarışlar keçirməklə Azərbaycan uşaq futboluna töhfə veriblər. Tahir Süleymanovla “Sabahın ulduzları” layihəsi, həmin vaxt kəşf edilən oyunçular və yarışın dayandırılma səbəbləri barədə danışdıq. 

- Bir vaxtlar Azərbaycanda uşaqlar arasında “Sabahın ulduzları" adlı yarış keçirilirdi. Əvvəlcə bilmək istərdik ki, bu yarış nə vaxt, necə və kimin təşəbbüsü ilə yaranmışdı? 

- Yarışın keçirilməsi səbəblərindən öncə zəruri qeydə ehtiyac var. Azərbaycan futbolunda uzun mübarizələrdən sonra nəhayət ki, 2004-cü ildən AFFA-da köklü dəyişiklər baş verdi. Məqsəd ölkə futboluna dövlət qayğısının artması, imkanlı sponsorların klubları himayəyə götürməsi, inkişafın yeni mərhələyə qədəm qoyması idi. Təəssüf ki, illərlə sözünü deyən, liderlik edən bir çox yaradıcı insanlar federasiyada təmsil olunmadı. Köhnə təfəkkürlülər keçmiş qayda ilə futbolu idarə edirdilər. Baxmayaraq ki, dövlət proqramı qəbul edildi, imkanlı şəxslər, şirkətlər futbola milyonlarla vəsait yatırmağa başladılar. Futbolun təməli olan uşaq futbolu yenidən yaddan çıxmışdı. Təsəvvür edin, nəinki ciddi işlərin görülməsi, uşaq futbolu ilə bağlı adi  yarışların keçirilməsi yox dərəcəsində idi. Səviyyədən, planlı işlərdən isə danışmağa dəyməz. Belə davam edə bilməzdi. AFFA-da bir gün belə təmsil olunmasam da, illərdir,  futboldayıq və uşaq futbolu ilə bağlı yenidən əsaslı araşdırmaya başladıq.
Məzahir Süleymanov futbola çox yaxın insan olub. Hələ uzaq 1970-ci illərdə "İdman" qəzetində çalışıb, futbol təhlillərini aparıb, müstəqillik illərimizdə AFFA İcraiyyə Komitəsinin üzvü olub, "Səhər" superkubokunu təsis edib, təşkilatı, maliyyə təminatını öz üzərinə götürüb, Azərbaycan klub futbolunda ilk dəfə olaraq "Neftçi"də mətbuat departamentini yaradıb. Digər qardaşım Mahir müəllim "İnter" klubunda mətbuat xidmətinin rəhbəri olub. Özüm isə illərdir ki, peşəkar futboldayam. Evdə qardaşlarla məsləhətləşdik, futbolda yanlış addımların atıldığını bir daha müzakirə etdik və qərara gəldik ki, özümüz uşaq futbolu ilə bağlı əsaslı layihə hazırlayıb həyata keçirməliyik. Məzahir müəllim Bakı Futbol Federasiyasının rəhbəri kimi təşkilatı məsələləri öz üzərinə götürdü, sırf peşəkar idman analizlərini mən etdim. Bakıda məskunlaşan klublarla, uşaq məşqçiləri ilə geniş görüşlər, müzakirələr apardıq və artıq 2005-ci ilin sonunda  "Sabahın ulduzları" layihəsi tam olaraq hazır idi. Heç bir şəraitimiz yox idi. Təsəvvür edin, turnirin dizayn, loqo işlərini ev mühitində Məzahir müəllimin oğlu Samir hazırlayırdı. "Sabahın ulduzları" Süleymanovlar ailəsinin təmənnasız olaraq Azərbaycan futboluna bəxş etdiyi uşaq futbol layihəsidir.

- Tahir bəy, yarışın keçirilməsində məqsəd nə idi? Hansı yaş qrupları üzrə komandalar iştirak edirdi? 

- Layihə hər bir incəliyi nəzərə almaqla əsaslı şəkildə hazırlanmışdı. Azərbaycan futbolunda peşəkarlıqla həvəskar futbol arasında sədd aradan götürülüb. Bu, faciədir! Eyni zamanda elə təfəkkür formalaşıb ki, hər futbolla məşğul olan uşaq mütləq peşəkar futbolçu olmalıdır. Kökündən yanlış düşüncədir. Böyük futbolu mindən, 10 mindən bir futbolçu oynayır. Peşəkar futbol milyonların sevdiyi istedadların oyunudur. Ölkə futbol təsərrüfatını göz önünə gətirdikdə, bərbad sistemlə bir çox istedadlar da itib-batır, şəraitsizlikdən ümumiyyətlə, futbolla məşğul ola bilmirlər. Digər tərəfdən futbol sistemi konveyer kimi çalışmalı, inkişafa aparacaq işlək mexanizm təmin edilməli, son məhsul-futbolçu müasir futbolun tələblərinə cavab verən keyfiyyətləri ilə seçilməlidir. Uşaq futbolu ümumi  sisteminin təməl prinsiplərindən biridir, amma son deyil, infrastrukturla birgə başlanğıcdır. Davamını klublar, peşəkar liqalar, yaş qrupları üzrə yığmalar, milli komanda gətirməlidir. Uşaq futbolunda layihələr o səviyyədə hazırlanmalıdır ki, peşəkar tələblər, maarifləndirmə, inkişafla birgə, yarışlar uşaqlar üçün xal arxasınca qaçmaq yox, bayrama çevrilməli və  balacaların hafizəsində ömürlük həkk olunmalıdır. Futbol təhsili, təşkili, peşəkar vərdişlər, qələbə ruhu təbii baş verməlidir. Belə olduqda, gələcəkdə peşəkar futbolçu olmayan uşaqlarda futbola sevgi hissi ömürlük yaranır, hansı sahədə çalışmaqlarından asılı olmayaraq futbolla bir nəfəs alırlar.  Bütün bunları və mövcud şəraiti nəzərə alaraq klubları, mütəxəssisləri, veteranları, medianı, jurnalistləri, valideynləri bu prosesə cəlb etdik. "Neftçi", "Bakı", "İnter", "Qarabağ" klubları, "Vətən", "Neftçi İSM" cəmiyyətləri layihəyə çox böyük dəstək verdilər. Yarışların mərkəzləşdirilmiş qaydada keçirilməsi mütləq şərtlərimizdən biri idi. Bir çox klub, komandaların şəraiti, yarış meydanları yox idi. "İnter" klubunun rəhbərliyi təmənnasız olaraq arenalarını ixtiyarımıza verdilər, heç bir klub icarə haqqı ödəmirdi. İmkansız komandalara hər mövsüm komplekt formalar, uyğun ölçülü toplar hədiyyə edilirdi. Layihənin hazırlanması bir, onun praktikada həyata keçirilməsi bir başqadır. O dövrdə U-15 yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşlərimizdən sonra "Sabahın ulduzları" ilə paralel xüsusi olaraq "Ümid" adlı daha bir çempionat təşkil etdik və U-15 daimi olaraq yarışda  mübarizə aparır, istedadlar axtarılır, yığmaya cəlb edilirdi. Çoxlarına qəribə gələr, bu yarışların ilk qalibləri sırasında "Qarabağ"ın heyətində Maksim Medvedyev, Rauf Əliyev, Əfran İsmayılov da çıxış edirdi. U-15-də isə Səlahət Ağayev, Qara Qarayev, Mirhüseyn Seyidov kimi futbolçular gələcəyə ümidlə baxırdılar. "Sabahın ulduzları" layihəsi kompleks olaraq ən aşağıdan başlayaraq  peşəkar futbol, 18 yaşa kimi 5-6 yaş qrupunu özündə əhatə etməli idi. İmkanlarımız son dərəcə məhdud idi. 2006-cı ildən 2 yaş qrupunda yarışlara start verərək hər mövsüm keyfiyyəti qoruyub saxlamaqla sayı artırırdıq. Tədricən 4 yaş qrupunda yarışlar müntəzəm keçirilirdi və artıq turnirin coğrafiyası Bakı, Abşeronu aşmışdı. Sumqayıt, İmişlinin "MKT-Araz"ı, Şirvan, Siyəzən təmsilçiləri "Sabahın ulduzları"nda çıxış edirdilər. Planda tək Bakı futbolu deyildi, dəstək veriləcəyi, şərait yaradılacağı halda, "Sabahın ulduzları" yarışlarının bölgələrimizi, bütün ölkəni əhatə etməsi nəzərdə tutulmuşdu. Məqsəd, istedadların üzə çıxarılması, yetişməsi, Azərbaycan futbolunun irəliləməsi idi...

- Sizə görə bu tipli yarışlar uşaqların fiziki və mənəvi inkişafında hansı rolu oynayır? 

- Uşaq futbolu bacarıqlı futbolçuların yetişditilməsi ilə yanaşı, eyni zamanda sosial məsələdir. Qeyd olunanlar bir-birini tamamlamalıdır. "Sabahın ulduzları"nda balaca futbolçular hər oyuna yarışlar üçün yazılmış xüsusi himn sədaları ilə çıxırdılar. Meydana üçrəngli müqəddəs bayrağımız, klub, "Feyr-pley", bayraqları gətirilirdi. Milli himnimiz bütün stadiona səslənirdi, balaca futbolçular qürurla, əllərini sinələrinə qoyaraq hamılıqla himni oxuyurdular. Futbol yarışının təşkili, uşaqların inkişafı ilə yanaşı damarlarda axan qanda milli ruh formalaşırdı, möhkəmlənirdi. Yüzlərlə valideyn, azarkeşlər möhtəşəm atmosferi hər həftə seyr edir, uşaqlarla birgə yaşayırdılar. Balacalar özlərini böyük bir yarışdakı kimi hiss edirdilər. Matçlarlarda heyətlər diktor vasitəsi ilə elan edilirdi, uşaqlarda klub təssübkeyliyi, mübarizlik, barışmazlıq təbii olaraq formalaşırdı. "Oyunun ən yaxşıları", "Turun ulduzu" mükafatları xüsusi münsiflər heyəti ilə seçilirdi, balaca futbolçularda əlavə motivasiya yaradırdı. Adlı-sanlı veteranlarımız, futbol adamları dəvətlərimizi sevə-sevə qəbul edir, hər tura gəlir, mükafatları təqdim edir, uşaqlara nəvaziş göstərirdilər. Onların qarşısında hər bir uşaq özünü meydanda Ələkbər Məmmədov, İsgəndər Cavadov, Nazim Süleymanov kimi görmək istəyirdilər. 
"Keçmişə ehtiramla - gələcəyə inamla" devizi altında gələcək futbolçularla veteranlar arasında bir körpü, vəhdət, səmimiyyət qurulmuşdu. "Sabahın ulduzları" yarışında Azərbaycan futbolunda ilk dəfə məşqçilər texniki zonada boyunlarından asılmış xüsusi buraxılışlarla çıxıblar, protokollar elektronlaşdırılıb, mərkəzləşdirilib. Uşaq futbolu olmasına baxmayaraq, peşəkar futbolun tələblərinə uyğun hər xırda detal nəzərə alınırdı. Bu da balaca futbolçuların böyüməsində, formalaşmasında xüsusi rol oynayırdı. Maarifləndirmə, təbliğat işlərinə mütləq diqqət edilirdi. "Sabahın ulduzları" turnirinə aid televiziyada həftəlik proqram hazırlanırdı, təsis etdiyimiz "Top" jurnalı işıq üzü görürdü. 

"Çempion" qəzetinin, "Футол без границ" jurnalının rəhbərləri Urfan Məmmədli, Teymur Vahabov "Sabahın ulduzları" Təşkilat Komitəsinin aparıcı üzləri idilər. Ümumilikdə medianın yarışlara xüsusi diqqəti, qayğısı var idi. Ən önəmlisi, bunlar yarışların mahiyyətini bilərək, görərək, təmənnasız, Azərbaycan futbolu adına edilirdi. Futbol eyni zamanda bir mədəniyyətdir. "Sabahın ulduzları" yarışlarının mükafatlandırma mərasimləri böyük mədəniyyət ocaqlarında keçirilirdi. Rəşid Behbudov adına Saraydan təqdimetmə tədbiri televiziya vasitəsi ilə canlı yayımlanırdı. Məqsəd, futbolçuların yetişməsi ilə yanaşı uşaqlara milli çalarlarla dolu mədəniyyətin aşılanması, vətənə, torpağa sevgi idi. Futbolda vətən sevgisi olmasa, böyük qələbələr qazanıla bilməz! "Sabahın ulduzları"nda çıxış etmiş neçə-neçə futbolçu torpaqlarımızın azad olunmasında iştirak edib, şəhidlik zirvəsinə ucalıblar. 

Belə yarışların tək futbol adına deyil, Azərbaycan cəmiyyəti, gələcək nəsillər həm fiziki, həm də sağlam ruhda böyüməsində əvəzsiz rolu var.

- “Sabahın ulduzları" yarışından çıxan hansı istedadlı futbolçuları, hakimləri qeyd edə bilərsiniz ki, sonradan onlar həqiqətən də klubları və futbolumuz üçün fayda verdilər? 

- Bu gün Azərbaycan futbolunda üzdə olan futbolçuların əksəriyyəti "Sabahın ulduzları" yarışlarından çıxıb. Bunlar tək təşkilatçıların deyil, "Sabahın ulduzları"na müstəsna münasibət göstərmiş klubların, uşaq məşqçilərinin, medianın, veteranların, jurnalistlər ordusunun dəstəyi, birgə əməyinin sayəsində baş verib. Azərbaycan futbolunda çox mənfi tendensiya hökm sürür. Bir qədər üzdə olan, parlayan futbolçuları bölüşdürə bilmirlər. Yuxarıda qeyd etdim, futbol sistemi konveyer kimi çalışanda, ardıcıllıq təmin ediləndə futbolçular yetişir və müəyyən səviyyəyə gəlib çıxa bilirlər. Futbolçuların hər yaş dövründə inkişafını təmin etmiş təşkilat, klub, mütəxəssis, məşqçilərin əməyi danılmazdır. Sadəcə, müxtəlif vaxtlara, zaman kəsiyinə təsadüf edir. Təəssüf ki, futbolçuların "özəlləşdirilməsi" oyunçuların özlərinə, psixoloogiyalarına da mənfi təsir edir, gündəmə uyğun yetişdikləri klubların belə adlarını çəkmirlər. Xoşagəlməz haldır. Futbolçular ümumi sistemdə birgə əməyin sayəsində üzə çıxır, püxtələşirlər. Kriştiano Ronaldonu böyük futbola qazandıran Aleks Ferqyusson olubsa, futbolçu Portuqaliyada yetişib, üzə çıxıb. Məhəmməd Salah Misirdə məşqlərə getmək üçün saatlarla yol qət edib, sonralar, İtaliya, İngiltərə yolunu keçib, bu günlərə gəlib. Onlar vaxtilə öz ölkələrində, klublarında futbolun sirlərini öyrənməsəydilər, "Mançester Yunayted”, "Real", "Liverpul", "Yuventus" səviyyəsinə gəlib çata bilməz, onları heç kim görüb seçə bilməzdi.
Eynilə, bu gün "Qarabağ", "Neftçi", "Qəbələ", "Zirə", "Sabah"da çıxış edən futbolçuların bir çoxu fərqli komandalarda oynayıb, üzə çıxıb, perspektivini görüb akademiyalara, digər klublara dəvət alıblar. Ardıcıllıq çox önəmlidir. Toral  Bayramov "Xəzər Lənkəran"ın yetirməsidir, yeniyetmə yaşlarında Rəşad Sadıqovun iti seleksiya gözü sayəsində "Qarabağ"a gətirilib, Qurban Qurbanov isə əsas heyətdə futbolçunun potensialını açıb, inkişaf etdirib. Azərbaycan futbolunda bu konveyer daimi çalışmalıdır. Çalışması üçünsə mütləq səviyyəli uşaq yarışları keçirilməli, futbolçular yetişməlidir. Yetişməsə, futbolçu olmasa, heç kim seçim edə bilməz. Olmayan yerdə nə seçilə bilər ki?! "Sabahın ulduzları" bu baxımdan bir yarmarkaya çevrilmişdi. "Bakı" Mahir Emrelini görüb kluba cəlb edirdi, "Qəbələ" Bəhlul Mustafazadəni, Rövlan Muradovu və digərlərini seçib akademiyalarına götürür, növbəti inkişaflarını təmin edirdilər. Eynilə "Neftçi", "İnter", digər klublar. "Sabahın ulduzları" bir çox uşaq məşqçilərinin yolunu açdı. "Olimpik", AZAL klubu vaxtilə "Sabahın ulduzları"nda çıxış edən himayəsiz komandaları tam tərkibdə sıralarına qatdı, məşqçiləri işlə təmin edildi. Veteranlarla yanaşı klub rəhbərləri, rəsmiləri G.Nikolov, R.Musayev, Y.Seyidov, Ə.Çəlikəl, A.Alıyev, məşqçilər Xodukin, Hacıyevski, Kara, N.Şensoy və digərləri "Sabahın ulduzları"ı yarışlarını daimi diqqətdə saxlayır, yarışlarda, tədbirlərdə iştirak edirdilər. "Bakı" klubunun uşaq futboluna, akademiyasına məsul Yüksəl Kepoğlu hər həftə yarışlarda olarkən heyranlığını gizlətmirdi, Türkiyədə belə səviyyədə uşaq yarışlarının olmadığını dilə gətirirdi. 
"Sabahın ulduzları"nda müsbət aura, səmimiyyət hökm sürürdü. Hər kəs bu yarışı özününkü bilirdi. Birgə əmək sayəsində qısa zamanda onlarla istedadlı futbolçu üzə çıxdı.
Mahir Emreli, Namiq Ələsgərov, Emil Balayev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Coşqun Diniyev, Elşən Abdullayev, Adil Nağıyev, Rahil Məmmədov, Məqsəd İsayev, Mirabdulla Abbasov, Sərhat Taşkın, Musa Qurbanlı, Fəhmin Muradbəyli, Rövlan Muradov, Şakir Seyidov, Ehtiram Şahverdiyev, Ceyhun Nuriyev, Nicat Mehbalıyev, Bahadur Həziyev, İbrahim Aslanlı.. Bu siyahını artırmaq da olar. Hər biri "Sabahın ulduzları" şinelindən çıxıb və sonrakı karyeralarında, müxtəlif klublarda inkişaf yolunu davam etdiriblər. Hazırda bir çoxu klublarının liderləri, milli komandanın aparıcı üzvləridirlər.
Eynilə "Sabahın ulduzları" hakimlərin yetişməsində də müstəsna rol oynayıb. Əliyar Ağayev ilk fərqlənmə mükafatını bu yarışda alıb, Səbail Qurbanova, Rəhim Həsənov və digər hakimlər "Sabahın ulduzları"nda dəfələrlə komandaları meydana dəvət ediblər. Hərtərəfli yanaşma sayəsində kompleks inkişaf təmin edilirdi. Bunun nəticəsində ardıcıl olaraq "Sabahın ulduzları" layihəsi UEFA-nın xüsusi diplomları ilə təltif edildi.

- Bəs, o vaxtlar AFFA ilə əlaqələr hansı səviyyədə idi? 

- AFFA-nın bəzi nümayəndələri dəvətimizə uyğun mükafatlandırma tədbirlərində qatılıblar. O vaxt yüksək münasibət yalnız Xaqani Məmmədovun rəhbərlik etdiyi Hakimlər Komitəsi ilə olub. Təyinatlara həssas yanaşılır, diqqət yetirilirdi. Təcrübəli, illərini futbola, bu sənətə həsr etmiş dəyərli hakimimiz Rüstəm Rəhimov, Ceyhun Haşımov, digər həmkarlarımız davamlı olaraq "Sabahın ulduzları" yarışlarına baş çəkib, hakimlərin yetişməsində, nəzarətdə xidmətləri olub. Beynəlxalq dərəcəli hakim kimi təkliflərimə heç vaxt yox deyilməyib, tələbələrimiz və o dövrün digər FİFA referiləri Vüsal Əliyev, Fariz Yusifov, Babək Quliyev, Anar Salmanov, İnanxan Sultani, başqa təcrübəli hakimlərimiz "Sabahın ulduzları"nda oyunlar idarə ediblər, qayğı göstəriblər. Bu da yarışların çəkisini artırır, balaca futbolçularda intizamın formalaşmasında kömək edirdi.

- “Sabahın ulduzları" yarışının dayanmasının səbəbi nə oldu? 

- “Sabahın ulduzları" yarışı dayanmadı, daha da inkişaf etməyə, layihəni genişləndirməyə imkan verilmədi, şərait yaradılmadı. Bu layihəyə görə bir manat da olsun maaş, mükafat almamışıq. Fədakarlıq edirdik və uşaq futbolunun inkişaf yollarını sözdə yox, əməldə göstərirdik.

- Tahir bəy, bir futbol mütəxəssisi kimi fikriniz necədir, belə yarışlar Azərbaycan futboluna nə verir və yenidən bərpa olunması üçün nə edilməlidir? 

- "Sabahın ulduzları" kimi özünü doğrultmuş layihələr Azərbaycan futbolunun sabahını düşünürdü, klublarımızla, məşqçilərimizlə birgə gələcək nəsil keyfiyyətli futbolçuların yetişməsini təmin edirdi. Son 5-6 ildə AFFA rəhbərliyi ilə söhbətlərimdə dəfələrlə "Sabahın ulduzları" layihəsinin tam bərpası, bütün ölkəyə yayılması ilə bağlı məsələ qaldırmışam, təkliflər etmişəm. Ən vacibi, şərait yaradılacağı halda, Azərbaycanda uşaq-gənclər futbolunun dirçəlməsini, inkişafını tam məsuliyyətlə öz üzərimizə götürməyə hazır olduğumuzu bildirmişik. Biz heç vaxt sadəlöhv insanlar olmamışıq və futbolu tənəzzülə uğradan insanların təklifimizə müsbət cavab verməyəcəklərini öncədən bilirdik. Hələ ki, xəbər yoxdur. Əgər "Sabahın ulduzları" layihəsi heç bir ciddi dəstək olmadan bu işləri görübsə, şərait yaradılarsa, minlərlə futbolçu üzə çıxar, klublarda yerli futbolçu qıtlığı yaşanmaz, onların da arasından 15-20 ən  istedadlılar Azərbaycan millisini dünya və Avropa çempionatlarının finallarına daşıyar. Buna heç kimin şübhəsi olmasın! Eyni zamanda "Sabahın ulduzları" yarışlarının ərsəyə gəlməsində əmək sərf etmiş və sıralarımızda olmayan insanların ruhu şad olar...

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər