Azərbaycanlıların şahmat sevgisi

Azərbaycanlıların şahmat sevgisi
MEDİA 7 Avqust 2021 / 14:41 2243
-  A +

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ailələrinin əksəriyyəti övladlarının erkən yaşlarından hər hansı bir idmana qoymağa maraqlı olur. Azyaşlı uşaqlar üçün idman növü seçimini daha çox valideynlər edir. Bu seçim zamanı ana və atalar arasında fikirayrılıqlarının yaranması isə mümkündür. Çünki kişilər daha çox oğlanlarını döyüş idman növlərinə, qadınlar isə qızlarını gimnastika, voleybola getməsinin tərəfdarı olurlar. Ancaq bir idman növü vardır ki, burada hər iki cinsin nümayəndəsinin fikirləri çox vaxt üst-üstə düşür. Söhbət ən qədim idman növlərindən biri sayılan şahmatdan gedir.

Şahmat idman növləri arasında fiziki təmasın olmadığı, beyinin ön planda yer aldığı oyundur. Məhz bu səbəbdəndir ki, valideynlər ortaq qərarla övladlarını şahmat kurslarına yazdırırlar. Təsadüfi deyil ki, son illər ölkəmizdə şahmat sürətlə inkişaf edir, yayılır. Bunun da səbəblərindən biri də məhz yuxarıda göstərdiklərimdir. Hazırda ölkəmizdə demək olar ki, özəl kurslar, bağçalarda da şahmatın  tədris olunur.

Bəs, hər iki valideynin çox vaxt mübahisəsiz övladlarını qoyduğu şahmatın uşaqların inkişafına təsiri nədən ibarətdir?

Araşdırmalara əsasən, qədim idman növlərindən sayılan şahmat beynin hər iki yarımkürəsinin fəaliyyətini aktivləşdirir.

Şahmat eyni zamanda yaradıcılıq qabiliyyətini, diqqəti cəmləməyi, tənqidi düşüncə tərzini və oxumaq vərdişlərini təkmilləşdirir.

Şahmat insanın xarakterinə yaxşı mənada təsir edir, planlı hərəkət etməyin vacibliyinin öyrənməsinə səbəb olur, öyrənmə sürətini artırır, uğursuzluqlar qarşısında təslim olmayaraq daha çox çalışmaq vərdişini yaradır.

Bu idman növü mübarizə aparmaq bacarağını inkişaf etdirir, insanın sosiallaşmasına və düzgün münasibətlər qurmasına kömək olur.

Psixologiyada şahmat yaddaşı gücləndirmək üçün əla bir vasitə hesab edilir. Məhz buna görə də Alzeymer xəstələrinə ona qarşı mübarizə metodu kimi şahmat oynamağı tövsiyə edirlər.

Şahmat həmçinin, obyektiv olmağı öyrədir. Şahmat üzrə iki dəfə dünya çempionu olmuş Emmanuel Lasker şahmatın bu rolu ilə bağlı deyib: “Şahmat lövhəsində riyakarlığa yer yoxdur. Şahmat tərtibatının gözəlliyi ondadır ki, o, həmişə gerçəkliyi əks etdirir".

Şahmat üzrə üçüncü dünya çempionu Xose Raul Kapablanka (19 noyabr 1888 - 8 mart 1942) isə şahmatın təkcə oyun yox, intellektual vaxt keçirmək olduğunu bildirib.

Şahmatçıların problemləri həll etmək qabiliyyətinin daha yüksəkdir. Şahmat eyni zamanda sakit olmağımıza kömək olur.

Qadın şahmatçılardan ibarət millimizin kapitanı Zeynəb Məmmədyarova Qol.az saytına bu idman növünün faydalarından danışıb. Onun sözlərinə görə, şahmat yeganə idman növüdür ki, oyun zamanı beynin hər iki yarımkürəsi eyni zamanda işləyir: "Şahmat beynin gimnastikasıdır. Şahmat  fikri bir yerə cəmləməyi inkişaf etdirir. Hətta mənim yerində otura bilməyən tələbələrim olub. Bir-iki ay şahmata gəldikdən sonra onlarda böyük irəliləyiş baş verib.

Şahmat güclü xarakterin formalaşmasında insana təsir edir. Əzmkarlığı, yaddaşı gücləndirir. Əməyə və əziyyətə inanmağa sövq edir. Həyatımızda hər şeyi əmək və əziyyətin qarşılığında qazanırıq. Bu baxımdan şahmatın yaxşı mənada təsiri danılmazdır. Özüm müəyyən uğurlar qazanmış idmançı olaraq öz övladlarımı da idmana yönləndirmişəm".

O, cəmiyyətimizdə azyaşlı uşaqların idmana yönləndirilməsinin tərəfdarı olduğunu söyləyib:  "Valideynlər fikrimi soruşan vaxt hər zaman onları çalışıram, həvəsləndirim, ruhlandırım ki, övladlarını idmana yönləndirsinlər. Şahmat təkcə əqli idman növü deyil. Masa arxasında sağlam otura bilmək, qan dövranının yaxşı olması üçün peşəkar şahmatçı gün ərzində ən azı 2 saat idmanla məşğul olmalıdır. Məsələn, 6 saat şahmata vaxt ayıranda 3 saat da idmanla məşğul olmaq lazımdır. Bu cür kompensasiya etmək vacibdir. Çünki şahmat oynayan zaman bədən çox yorulur. Bir sözlə, şahmat həm fiziki, həm əqli idmandır".

Məmmədyarovanın sözlərinə görə, uzun illər şahmatla məşğul olan şəxs tez zamanda daha düzgün qərar verir: "Çünki şahmat tez və düzgün qərar verməyə böyük kömək edir. Şahmat insanları dərindən düşünməyə vadar etdiyi üçün belə insanlar narkomaniya və cinayətdən çox uzaq olurlar. Bu da şahmatın çox böyük təsiridir. Şahmatçıların beynin inkişafı, əqli düşüncəsi digər idmançılardan tamamən fərqlənir.

Cənab prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi  şahmatçılarımızın üçqat Avropa çempionu olması Azərbaycan xalqının intellektual səviyyəsinin bariz nümunəsidir.Bu nailiyyət göstərir ki, Azərbaycan xalqının intellekti hansı səviyyədədir".

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə baş məşqçisi Raul Quliyev isə deyir ki, şahmat idman növü uşaqlara həm intellektual, həm də şəxsi müstəvidə böyük təkan verir: "Şahmat uşaqlara sevinc bəxş edən oyun olmaqla yanaşı, onların əqli inkişafı üçün effektiv vasitədir. Şahmat oyunu uşaqlarda məntiqi təfəkkür, fikir konsentrasiyası, təhlil, müqayisə, ümumiləşdirmə, uzaqgörənlik və s. kimi bacarıqları inkişaf etdirir. Bundan başqa, şahmat – yaddaşı möhkəmlədir, eyni zamanda həm emosional, həm iradəvi möhkəmlik, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri aktiv formalaşdırır.

Təcrübə onu göstərir ki, şahmatla məşğul olan yeniyetmələr təhsillərində də uğurlu olurlar. Xüsusilə test tapşırıqlarının həllində fərqli üstünlüyə sahib olurlar.

Şahmat məhz bu səbəblərdən övladının gələcək inkişafını düşünən valideynlər üçün ciddi maraq göstərilən idman növlərindəndir. Bu bacarıqların erkən yaşlardan formalaşması daha arzuolunandır. Şahmatla məşğul olmağa başlamaq üçün 5-6 yaş uğurlu hesab olunur".


R.Quliyev bildirir ki, son on illiklərdə dünya şahmatında ciddi gəncləşmə müşahidə olunur: Təqribən 20 il əvvələdək şahmat yarışlarında ən gənc şahmatçı 8-10 yaşlarında olurdusa, hazırda bu rəqəm 5-6 kimi müşahidə olunur.

Hazırda təhsil sistemində fəaliyyət göstərən 58 idman-şahmat məktəbində şahmat bölməsi mövcuddur və demək olar ki, bütün ölkəni əhatə edir".

Şahmatın faydaları haqda Azərbaycanın gənc şahmatçısı Uğur İlyaslı da fikirlərini bölüşüb. Uğur təkcə şahmatda yox, təhsildəki nailliyətləri ilə də fərqlənir. Ölkəmizi dünya və Avropa çempionatlarında təmsil edən şahmatçı təhsildə də müxtəlif fənnlər üzrə Olimpiadada dəfələrlə qaliblər sırasında yer alıb. Son olaraq bu il Respublika Fənn Olimpiadasında tarix fənni üzrə yuxarı yaş qrupunda 1-ci yeri tutan Uğur daha əvvəl də tarix, biologiya, riyaziyyət fənni üzrə olimpiadalarda da qalib olub.

Uğur təhsildəki nailliyətlərində şahmatın böyük rolu olduğunu söyləyir: "4-cu sinifdən şahmatla məşğul olmaqla yanaşı, Olimpiadada iştirak etmişəm. Təhsillə bağlı uşaqlıqdan böyük həvəsim yox idi, şahmata daha ciddi yanaşırdım. Buna baxmayaraq, həm müxtəlif fənnlər üzrə iştirak etdiyim olimpiadalarda, həm də şahmat turnirlərində qaliblər sırasında yer aldım. 7-ci sinifə qədər şahmatın təhsilə təsirini hiss etməmişdim. Ancaq 8-ci sinifə çatanda şahmatın faydasını gördüm. Şahmat mənə zamanı düzgün qiymətləndirməyi öyrətdi. Şahmatla məşğul olduğum üçün artıq qısa zamanın belə nə qədər dəyərli olduğunu başa düşdüm. Məsələn, 8-ci sinifdə özümü tarix fənnindən Olimpiadada sınamaq istədiyim vaxt cəmi 4 günüm var idi  və 10 kitab oxumalı idim. Ancaq şahmat mənə vaxt az olanda nələr etməli olduğumu öyrətmişdi. 4 gündən tam istifadə edərək faydalandım və Olimpiadada mərhələni keçə bildim".

U.İlyaslı şahmatın ona eyni zamanda  ehtimalları hesablamağı çox yaxşı öyrətdiyini vurğulayır: "Bu, mənə test tapşırıqlarını işləyəndə də çox kömək olur. Çünki testləri bir növ şahmatdakı rəqibə oxşadıram. Şahmatdakı rəqiblərin testlərlə oxşarlığı ondan ibarətdir ki, hər ikisi tələlərdən ibarətdir. Şahmatda rəqib tələlər qurur. Testlər də müəyyən baxımdan tələlərə oxşayır. Əgər diqqətsizlik etsən, həmin tələyə düşərsən. Ancaq bir az diqqətli yanaşsan, doğru cavabı tapassan. Digər tərəfdən şahmat sayəsində testlərdə hansı variantın səhv olacağını əvvəlcədən anlamağa başladım. Şahmatda hesablama ağacında budaqların bir-bir sıradan çıxarılması mövzusu var. Bu mövzu testləri yerinə yetirən zaman mənə çox böyük yardımçı olur. Digər tərəfdən şahmatın mənim təhsilimdəki müsbət cəhətlərindən biri də odur ki,  şahmatla məşğul olduqdan sonra  dünyagörüşüm artdı,  bunun sayəsində də daha yaxşı çalışmağa başladım. Artıq anlayırdım ki, çox çalışsam, daha çox uğur qazanmaq mümkün olacaq.

Şahmat mənə həm də məğlub olduqdan sonra həvəsdən düşməməyi öyrədib. Buna görə  təhsildə müəyyən qədər aşağı nəticələr göstərəndə belə həvəsdən düşmədim.  Bəziləri deyir ki, idmanla təhsili birgə davam etdirmək çox çətindir, ancaq mən bununla razı deyiləm. Çünki hər şahmatda, həm də təhsildə uğur qazanmışam".

Aysel BƏXTİYARLI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub


Daha çox


Son xəbərlər