“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev

“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev
MÜSAHİBƏ 4 İyun 2020 / 13:51 4366
-  A +

Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti, “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev Qol.az-ın suallarını cavablandırıb

- “Turan Tovuz”un Premyer Liqaya yüksələcəyi bu il daha çox danışılırdı. Ancaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov aşağı dəstədən elitaya yüksələn klubun olmayacağını açıqladı. Buna münasibətiniz necədir?

- Məlumatımız o oldu ki, nəticələrin saxlanılmasına qərar verildi, komanda çempion elan olundu. Biz də gözləyirdik ki, Premyer Liqaya buraxılarıq, çempionatda 10 komanda olar. Olan məlumatımız budur. Bizə hələ heç nə deyilməyib. Məlum məsələdir, futbolçular neçə aydır buraxılıb. Ancaq telefon, internet vasitəsi ilə bir-birimizlə əlaqə saxlayıb, məlumat veririk.

- Komandada elitaya yüksələcəyinə inam var idi? Klubda buna hazırlıq gedirdi?

- Sözün düzü, əvvəllər də Premyer Liqanı istəyirdik, ancaq bizdə vəziyyət, şərait o qədər də yaxşı deyildi. İstər infrastruktur, istər lisenziyalaşdırma, istər bazanın ümumi halı olsun. Amma bu gün belə yüksək səviyyədə akademiyanın olması bizdə ümid yaratmışdı ki, komanda yer tutarsa, hər halda Premyer Liqaya çıxarıq. Hazırda pandemiya bizi ümidsizliyə qapadıb.

- Komandanın yenə Premyer Liqada kənarda qalması oradakı azarkeşlərə necə təsir edir?

-  Onların məlumat ala biləcəyi insanlar bizik. Bizdən məlumat alırlar. Zəng edirlər, gəlib görüşürlər, soruşurlar.  Deyirik ki, biz də sizin kimi məlumat gözləyirik. Rəsmi olaraq bizə heç kim komandanın çempion olub, yer tutub, Premyer Liqaya çıxmırsız, maliyyə haqda sənədi təqdim edin, gəlin, Premyer Liqada oynayın deyə heç nə deməyib. Yəqin ki, yaxın vaxtlarda məlumat verilər.

- Bölgə klublarının elitaya buraxılmaması o bölgələrdə futbolun populyarlığını nə dərəcədə azaldır?

- Premyer Liqa olanda istər valideynlərdə, istər uşaqlarda, istərsə də azarkeşlərdə həvəs olur. İndiki halda komanda çempion olur, Premyer Liqaya qatılmırsa, insanları başa salmaq olmur. Anlayanlar da var. Amma başa düşməyənlər də var. Sual verirlər ki, niyə çempion olursuz, amma yüksək liqaya çıxmırsız. Azarkeş nə istəyir? Komandanı Premyer Liqada görmək. Maliyyə var, yoxdur deyə fikirləşmirlər. Bircə düşünürlər ki, mən istəyirəm, "Turan" Premyer Liqada olsun. Düzdür, belə məsələlər uşaq futboluna, valideynlərə təsir edir. Bu, bizim gözümüzün qabağında olan bir şeydir.

- Ümumiyyətlə, birinci divizionda mövsümün ləğvi olunmasında bölgə klublarında infrastrukturun olmaması göstərilir. Yəni klubda sponsor məsələsi ən vacib şərtdir. “Turan Tovuz”un yüksək liqaya çıxması üçün birinci növbədə sponsora ehtiyacı var.

- Bu gün mətbuat, azarkeş və hər kəs istəyir ki, "Turan Touz" Premyer Liqaya qatılsın. Amma siz dediyiniz kimi, sponsor məsələsi var. Yəni, imkanlı şəxslərdən kimsə qabağa durub, komandanı götürməlidir. Hamı düşünür ki, AFFA kömək etsin, komanda Premyer Liqaya çıxsın. Amma müəyyən imkanlı şəxslər olmalıdır ki, komanda çıxsın oynasın. Biz hamımız deyirik ki, AFFA filan komandalara kömək edir, bizə də baxsın. Belə bir şey yoxdur. Gərək, komandanın sabit bir gəliri olsun, özü özünü maliyyələşdirə bilsin.

- Kluba kömək etmək istəyən yoxdur?

- Soruşan olur. Amma inanın ki, heç kim gəlib, demir ki, mən komandaya kömək edim, sponsorluq edim. Belə bir şey yoxdur.

- Bu, futbola sevginin olmaması ilə bağlı ola bilər? Yəni klub maliyyə gətirmirsə, ora yatırım etmək istəmirlər.

- Bəli. Bir neçə il bundan əvvəl də maliyyə götürmürdülər. Sponsor öz şəxsi hesabına pul verirdi. Belə deyim, ciblərinin pulunu xərcləyirdilər. Mənə elə gəlir ki, burada gəlir götürmək məsələsi yox, sırf maraq var. Yəni, futbola marağı olan insanlar yoxdur.

- Deməli, futbola əvvəlki sevgi yoxdur?

- Yoxdur. Əvvəlki sevgi nə azarkeşlərdə, nə də imkanlı şəxslərdə var. Mən futbola olan əvvəlki maraq, istəyi heç futbolçularda da görmürəm. Getdikcə çox azalır.

- Bayaq qeyd etdiniz ki, pandemiyaya görə futbolçular neçə aydır buraxılıb, məşq etmirlər. Yəqin siz də birinci divizionda mövsümün dayandırılmasının tərəfdarıydız.

- Mən özümüzdən götürürəm. Biz məşqi meydançada edirdik. Məlum məsələdir ki, orada təmir gedirdi. Çimmək üçün komandanı başqa yerə aparırdıq, oyun üçün Şəmkirə gedirdik. Futbolçular başqa-başqa evlərdə qalırdı. Yeməyi də başqa bir yerdə yeyirdi. Bizim üçün çox çətin idi. Üstəlik yayın qızmar çağı, xəstəliyin yayılan bir vaxtında komandanı məşq etdirmək, oyuna hazırlamaq çox çətin olacaqdı. Bu gün kimsə deyə bilər ki, "Turan Tovuz" 1-ci yerdədir, ona görə belə fikirləşirəm. Xeyr. İnsan sağlamlığı öndə dayandığına görə, mən futbolu ikinci plana qoyuram. Bu səbəbdən belə deyirəm ki, çox çətin olardı. İsti havaya görə Premyer Liqa komandaları axşam oynaya bilərdilər, projektorlar var. Amma divizionda heç bir komandada elə bir şərait yoxdur. "Turan Tovuz"da ümumiyyətlə, yoxdur. Məlum məsələdir ki, biz ev oyunlarını Şəmkirdə oynayırdıq. Meydançanın vəziyyəti elə idi ki, orada heç normal futbol oynamaq olmurdu.

- “Turan Tovuz” divizionun çempionu elan edildi. Bu, Tovuzda necə qarşılandı?

- Biz bir neçə il öncə çempion olanda bütün rayonda bayram idi. İndi həm təbrik edən azdır, həm də azarkeşlərdə əvvəlki sevgini görə bilmirik. Futbolçularımızda belə görə bilmirik. Sözün düzü, əvvəlki qədər yoxdur. Sevindik, amma o qədər də yox.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər