"Qurban Qurbanov oğlu Musadan istifadə etməlidir" – Mircavadov

"Qurban Qurbanov oğlu Musadan istifadə etməlidir" – Mircavadov
MÜSAHİBƏ 23 İyul 2019 / 17:16 7487
-  A +

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az-a müsahibə verib. Klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirən futbol mütəxəssisi maraqlı fikirlər səsləndirib.

- Əvvəlcə klublarımızın avrokubokların 1-ci təsnifat mərhələsindəki çıxışı barədə fikirlərinizi bilmək maraqlı olardı. "Qarabağ" Çempionlar Liqasında Albaniya "Partizani"sini, "Neftçi" Moldova "Sperantsa"sını mübarizədən kənarlaşdırdı. "Səbail" isə Rumıniyanın "Universitatya" klubuna hər iki oyunda eyni hesabla (2:3) uduzaraq, mübarizəni dayandırdı...

- Öncə "Səbail"dən başlayaq. Bu komanda öz meydanında zəif oynadı. Burada qələbə qazansaydılar, səfərdəki nəticə tam fərqli olacaqdı. Ümumiyyətlə, avrokuboklarda əsas amillərdən biri həm evdə, həm rəqib meydanında qol vurmaqdır. "Səbail" 2 oyuna 4 top vurdu. Belə götürəndə, bu çoxdur. Amma 6 top buraxdı, bu da çoxdur. "Səbail" mövsümün sonunda heyətlə bağlı xeyli dəyişiklik etdi. Düşünürəm ki, bunun əziyyətini çəkdilər. "Neftçi"yə gəlincə, "Sperantsa" çox zəif idi. Digər tərəfdən, "Neftçi" heyətini Azərbaycanda oynayan əcnəbi futbolçularla gücləndirdi. Həmin legionerlər bizim futbolu yaxşı bilirlər. "Qarabağ" isə "Partizani"ni mübarizədən kənarlaşdırdı. Bununla belə, deyərdim ki, komanda hələ tam hazır deyil. Müdafiədə, xüsusilə hücumda problemlər var. Məncə, imkanı varsa, klub yaxşı futbolçular almalıdır. Düzdür, bəzi oyunçular bura gəlmək istəmirlər. Amma səviyyəli legioner tapmalıdırlar ki, avrokuboklarda uğur qazansınlar. Klublarımız hər il avrokubokların qrup mərhələsində oynamalıdır. Həm yerli futbolçularımızın, həm məşqçilərimizin inkişafı baxımından bu, çox önəmlidir. Həm də avrokuboklar sanki bazardır. Bir klub hansısa oyunçunu görür, onu transfer edir.

- "Qarabağ" sabah ÇL-in 2-ci təsnifat mərhələsində səfərdə İrlandiya çempionu "Dundalk"ın qonağı olacaq. Ağdam təmsilçisinin şanslarını necə qiymətləndirirsiniz?

- Çoxdandır İrlandiya futbolunu izləmirəm. Onlar nadir hallarda avrokuboklarda mərhələ keçirlər. "Dundalk" iki oyunda "Riqa"ya qol vura bilmədi. Yalnız penaltilər seriyasının hesabına mərhələni keçdilər. Bu, ondan irəli gəlir ki, komanda o qədər də hazır deyil, yaxud da heyətində ciddi dəyişikliklər olub. "Qarabağ" "Partizani" ilə Bakıdakı matçın ikinci hissəsində sərgilədiyi oyunu oynaya bilsə, çətin olmayacaq. Məncə, bu mərhələni də özünə layiq şəkildə adlamalıdır. "Dundalk"ı keçsələr, Kipr və Monteneqro klublarından hansı ilə düşməsindən asılı olmayaraq, cütün favoriti olacaq. Ola bilər ki, zəif deyillər, amma güclü də deyillər. Ağdam klubunun şansları daha çoxdur.

- "Qarabağ" yay transfer pəncərəsində artıq heyətini 4 futbolçu - Xayme Romero, Ailton Silva, Rerrars Faysal və Maqaye Qeye ilə gücləndirib. Onlardan Ailton və Romero artıq "Qarabağ"ın heyətində debüt ediblər. Həmin futbolçuların çıxışı sizdə hansı təəssüratı oyatdı?

- Ailton 3 il əvvəl "Neftçi"də oynayıb. Bakılılar onu bəyənməyiblər. Ancaq "Qarabağ"dakı debüt oyununda çox yaxşı təsir bağışladı. Düzdür, futbolçuya bir oyunla qiymət vermək istəmirəm. 2-3 matçdan sonra onun qabiliyyəti, kluba uyğunlaşması bilinir. Amma Ozobiçə verdiyi qol ötürməsindən hiss olunur ki, bacarığı var. Romero haqda hələlik bu sözləri deyə bilməyəcəyəm. Çünki Kintana meydana çıxdı, qolunu vurdu. Burada söhbət qoldan yox, onun cərimə meydançasına açılmağından gedir. Hücumameylli yarımmüdafiəçi ildırım sürəti ilə rəqibin cərimə meydançasına şığımalıdır. Ancaq Daniyə ötürmə verən Miçelə də "sağ ol" deyirəm ki, pası qabağa atdı. "Qarabağ"ın futbolçuları adətən topu yana, arxaya ötürürlər. Miçel isə həmin epizodda çox əla ötürmə etdi. Bu isə onun ustalığını göstərir.

- Bayaq qeyd etdiniz ki, "Qarabağ"ın hücum və müdafiə xəttində problemlər var. Artıq bir hücumçu alınıb. Söhbət fransalı forvard Maqaye Qeyedən gedir. Sizcə, bu mövqeyə daha bir oyunçunun alınmasına ehtiyac varmı?

- Məncə, bundan sonra yeni hücumçuya o qədər də ehtiyac yoxdur. Çünki Mahir var, Qurban Qurbanovun oğlu Musa var. Ondan da istifadə etmək olar. O uşağın oyununu görmüşəm. Öz üzərində işləsə, oynasa, tez artıra bilər. Əgər belə bir şey mümkündürsə, niyə əlavə pul xərcləyib əcnəbi hücumçu alsınlar? Ümumiyyətlə, biz yerli hücumçuları itiririk. Müdafiəçini, yarımmüdafiəçini müəyyən səviyyəyə gətirib, oynada bilirik. Hücumçular isə itib-batırlar. Bunlara ciddi fikir vermək lazımdır.

- Dediniz ki, "Qarabağ"ın yeni hücumçu almasına o qədər də ehtiyac yoxdur. Bəs müdafiəçi?

- Mütləq, yaxşı müdafiəçi alınmalıdır. Bir-birilərini əvəz edə bilsinlər. Çünki 2 cəbhədə mübarizə aparmaq, həftədə 2 oyun keçirmək ağırdır.

- İyulun 25-də Avroliqadakı təmsilçimiz "Neftçi" 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Tula "Arsenal"ı ilə oynayacaq. Bu qarşılaşma haqda nə düşünürsünüz?

- "Neftçi" iyulun 25-də imtahan verəcək. Bu qədər oyunçu transfer ediblər. Pis futbolçular deyil. Onlardan gözəl bir kollektiv düzəlməlidir. Bu da baş məşqçinin səlahiyyətindədir. Mən Rusiya çempionatının oyunlarına çox baxıram. "Arsenal" son turda "Krılya Sovetov"la görüşünü izlədim. Çox əla oynadılar və 3:2 hesablı qələbə qazandılar. "Arsenal"ın əsas gücü hücumdur. Rəqibin cərimə meydançasının yaxınlığında çox yaxşı, ağıllı pressinq edirlər. Adətən rus klublarının əksəriyyəti hava ötürmələrindən istifadə edir. "Arsenal" isə yerlə və sürətli oynayır. Düzdür, oyun oyuna bənzəmir. Əgər rəqib "Neftçi"ni saymasa, bizimkilərin şansı olacaq. Çünki "Neftçi"nin də hücum xətti yaxşıdır.

- Avroliqada mübarizəyə 2-ci təsnifat mərhələsindən start verən "Qəbələ" isə bu raundda Tbilisi "Dinamo"su ilə üz-üzə gələcək. İlk oyun Qəbələdə olacaq. Əyalət təmsilçisindən gözləntiləriniz nədir?

- "Qəbələ"də gənc futbolçular var. Düzdür, onların strategiyasını mən anlamadım. Çünki oyunçuları buraxırlar, sonra ölkə xaricindən yeni futbolçu alırlar. Bəlkə də büdcəyə uyğun, az ödənişli oyunçular transfer edirlər. Bununla belə, "Qəbələ"nin adı, imici, ən əsası isə əvvəlki rəhbərliyi qalıb. Buna görə oynamaq lazımdır. Futbolçuların beyninə hansı kluba gəldiklərini yeritmək lazımdır. Gürcü klublarını son vaxtlar avrokubokların qrup mərhələsində görmürəm. Düşünürəm ki, maraqlı oyun olacaq. "Qəbələ" "Dinamo"nu keçməyə layiqdir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır