Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
O, “Qarabağ”ın rəmzi, sadiqlik simvoludur. Futbolçu karyerasına o vaxt “Şəfəq” adlanan Ağdam təmsilçisində başlayan veteran yarımmüdafiəçi indiyə kimi doğulduğu rayonun klubundan ayrılmayıb.
Budəfəki müsahibimiz 21 il “Qarabağ”ın futbolçusu olmuş, hazırda isə klubun əvəzedici komandasında məşqçi kimi çalışan Yaşar Hüseynovdur.
Həmsöhbətimiz 1993-cü ildə "Qarabağ"a ilk çempionluq qazandıran qolun, eləcə də Ağdamda, “İmarət” stadionunda vurulan sonuncu qolun müəllifidir.
- Gəlin, əvvəldən – futbola gəlişinizdən başlayaq.
- Uşaqlıqdan idman yarışlarında iştirak edirdim. Məşqçim Adil Nadirov məni 1980-ci ildə komandaya gətirdi. 17 yaşım var idi. O vaxt komanda “Şəfəq” adlanırdı. Rəhmətlik Allahverdi (Azərbaycanın milli qəhramanı – red.) və Eldar Bağırov qardaşları ilə birlikdə oynamışam. Hamıdan balaca mən idim. Topu həmişə mən daşıyırdım. Ancaq uşaq olsam da, mənə uşaq kimi baxmırdılar. Komandaya xeyir verirdim. 1981-ci ildə Respublika çempionatında 3-cü yeri tutduq. O vaxt çox maraqlı idi.
- Oyun üslubunuz nə ilə fərqlənirdi?
- Cərimə zərbələrini adətən mən yerinə yetirirdim. Qol ötürmələrini də mən verirdim. Əsas bu iki iş mənlik idi. Qolların çoxunu cərimə zərbəsindən vururdum. Hamı məndən ötürmə gözləyirdi. Amma çox mübarizə aparan deyildim.
“Müşfiq dedi, səni yıxan futbolçuya bir sillə vurdum...”
- Qardaşınız Müşfiq Hüseynovla uzun illər bir komandada oynamısınız. İki qardaşın bir komandada çıxış etməsinin nə kimi müsbət və mənfi tərəfləri var?
- Müşfiq hücumçu idi. Ona qol ötürmələrinin çoxunu mən verirdim (gülür). Müşfiqlə 15 il bir yerdə oynamışıq. Demək olar ki, bir yerdə oynamağımızın ancaq müsbət tərəfləri var idi. 
Şəkildə solda Müşfiq Hüseynov, sağda Yaşar Hüseynov
- Meydanda da bir-birinizə qardaşlıq edirdiniz?
- Hərdən olurdu. Bu barədə bir hadisəni danışım. 1991-ci ildə SSRİ çempionatının zona yarışlarında Ukrayna komandası ilə oynayırdıq. Yağışlı hava idi. Oyun çox sərt gedirdi. Hücumların birində rəqib müdafiəçisi mənə qarşı çox kobud oynadı. Ağrıdan huşumu itirdim. Paltardəyişmə otağında ayıldım. Ayılanda gördüm ki, Müşfiq başımın üstündədir. Dedim sən burda nə gəzirsən, oyun qurtarıb ki? Dedi yox, səni yıxan futbolçuya bir sillə vurdum, “qırmızı” aldım (gülür). Bunu heç bir komanda yoldaşı eləməz. İki qardaşın bir komandada oynamasının belə məqamları da olur.
- İki qardaş hər ikiniz oyunu tərk etmisiniz. Bunun hesaba təsiri oldu?
- Oyunda qol vurulmadı. Yaxşı ki, uduzmadıq.
"Vidadi Rzayev dedi ki, “İmarət”in meydançasına ayaqqabılı girməyin"
- “Qarabağ” deyiləndə ilk öncə “İmarət” yada düşür. Ordakı oyunları necə xatırlayırsınız?
- “İmarət”i heç vaxt unuda bilmərəm. Ora bizim evimiz idi. 1980-ci illərdə stadiona axın başlamışdı. Ancaq əsas axın 1988-ci ildə - biz ölkə çempionu olanda başladı. Əvvəllər “İmarət”in oturacaqları az idi. 1989-cu ildə stadionu yanında bizə üçmərtəbəli baza tikdilər. Oturacaqların sayı artırıldı. Demək olar ki, hamı bazada qalırdı. Evə getmirdik. Meydançaya da söz ola bilməzdi. Bu vaxtlar ot örtüyü çox gözəl olurdu. Bir maraqlı faktı sizə danışım. 1993-çü ildə “Turan”la kubokun yarımfinal mərhələsinin ilk oyunu idi. O vaxt “Turan”da oynayan Vidadi Rzayev oyundan əvvəl komanda yoldaşlarına dedi ki, meydançaya ayaqqablı girməyin. Ot örtüyü o qədər gözəl idi ki, tapdalamağa heyfləri gəlirdi. 
- Həmin oyunda vurduğunuz qolla “Qarabağ” qələbə qazandı. Bu, həm də “İmarət”də vurulan sonuncu qol oldu.
- Bəli, mayın 12-i idi. Müharibənin qızğın vaxtları olsa da, stadion dolu idi. Əsgərlərimiz də oyuna baxırdı. Sağ tərəfdən ötürülən topu saxlamadan qapıya göndərdim. İstəməzdim ki, bu, “İmarət”də sonuncu qol olsun.
- Ağlınıza gələrdi ki, bu, “İmarət”də son oyundur?
- Heç vaxt. Ümumiyyətlə, Ağdamın işğal olunacağını kimsə ağlına gətirməzdi.
- “Qarabağ”ın ilk dəfə çempion olduğu oyunda da qələbə qolunu siz vurmusunuz.
- O vaxt çempionatın formatı başqa cür idi. Yarımfinalda “Turan”la oynadıq. Həmin görüşdə də yeganə qolu mən vurdum. Bu qələbəbən sonra finala çıxdıq. Finalda isə Sumqayıtın “Xəzər” komandası ilə qarşıladıq. Oyun “Tofiq Bəhramov”da oldu. Həmin görüşdə də bir qol vurdum və komandamız çempion oldu. Əlbəttə ki, komandana ilk çempionluğu qazandırmaq böyük xoşbəxtlikdir. Həmin il ölkə kubokunu da qazandıq. Kubokun finalında qolu qardaşım Müşfiq vurdu.
- O vaxt “Qarabağ”da maaşlar necə verilirdi?
- 1988-ci ilə qədər maaşı klubdan almırdıq. Adımızı hansısa idarəyə yazırdılar. Adımız bir neçə işdə gedirdi. Sabit maaş yox idi.
- Siz nə qədər maaş alırdınız?
- Adımı “Məhsul” cəmiyyəti və quşçuluq fabrikinə yazmışdılar. Hərəsindən 70-80 manat alırdım. Sonra “Şampan zavod”un direktoru Siyavuş Fərzəliyev bizə maddi dəstək verdi. Artıq maaşlarımızı “Şampan zavod”dan alırdıq. Ağdam işğal olunana qədər Siyavuş müəllim bizə köməklik göstərdi.
"Biz həssas məqamlara fikir verirdik. İndiki uşaqlar kimi deyildik"
- Karyeranızı yalnız “Qarabağ”a həsr etmisiniz. Müharibə dövründə, pulsuz-parasız oynayanda ağılınızdan başqa kluba getmək keçməyib?
- Mən bunu edə bilməzdim. Ağdam işğal olunandan sonra biz Mingəçevirdə qalırdıq. O vaxt Mingəçevirin “Kür Nur” komandası var idi. Həmin klubdan məni çağırdılar və dedilər ki, Müşfiqi də götür gəl. Bizə ev və maşın təklif etdilər. Həmin vaxt yenicə ailə qurmuşdum. Dedilər ailə vəziyyətini başa düşürük. Sənə hər şərait yaradarıq. Ancaq biz heç cür o təklfi qəbul edə bilməzdik. Çünki Ağdam işğal olunmuşdu. Komandanın dağılmasını istəmirdik. Biz belə həssas məqamlara fikir verirdik. İndiki uşaqlar kimi deyildik. 21 il "Qarabağ"da oynamışam, 16 ildi məşqçi işləyirəm. Bura mənim doğma evimdir.
- Ağdamın işğalından sonra “Qarabağ”da vəziyyət necə oldu?
- Komandanın çətin günləri idi. Cəmi 5 futbolçu qalmışdı - mən, Müşfiq, Səttar Əliyev, Məmməd Məmməsov və Elçin Xudadatov. Mingəçevirdə qalırdıq. “Kür Nur” komandası məşq edəndə biz də gedib qıraqda qaçırdıq. Sonra Adil Nadirov klubu dağılmağa qoymadı. Bizi də inandırdı ki, komandada hər şey düzələcək, darıxmayın. Biz də heç yerə getmədik. Ancaq sonradan Müşfiq iki il İranda oynadı. Göndərdik ki, gedib maddi durumunu düzəltsin. Mən isə 2001-ci ilə qədər “Qarabağ”da oynadım. O vaxtkı heyətdən sona qədər “Qarabağ”da qalan yalnız mən oldum. Bunu bilənlər də var, bilməyənlər də. Mən ən çox “Qarabağ”ın yaşamasına sevinirəm.
- Məşqçilik karyeranızdan razısınız?
- Futbolçunun son işi məşqçilik olur. Mən də əvəzedici komandada çalışıram. Narazılığım yoxdur. Əsas odur ki, “Qarabağ”dayam.
"Gördüm mən deyən futbolçu olmayacaq, furboldan uzaqlaşdırdım"
- Futbolda davamçınız var?
- Oğlum uşaq vaxtı 2 il “Qarabağ”ın aşağı yaş qruplarında oynadı. Sonra gördüm ki, ürəyim istəyən kimi deyil. Futbol elə bir idman növüdür ki, ya gərək yaxşı oyanayasan, ya da heç oynamayasan. Başa düşdüm ki, mən deyən futbolçu olmayacaq. Ona görə də futboldan uzaqlaşdırdım. Sonra dərsləri ilə məşğul oldu. Hazırda hərbi xidmətdədir.
Ramiq AĞAMƏMMƏDOV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq