“İran şahı 125 milyon təklif etdi, dedim, Ağdamda bir gün yaşamaq bəsimdir”

“İran şahı 125 milyon təklif etdi, dedim, Ağdamda bir gün yaşamaq bəsimdir”
MÜSAHİBƏ 31 Dekabr 2019 / 16:45 6447
-  A +

“Qarabağ”ın sabiq futbolçusu və baş məqşçisi, “Neftçi”nin keçmiş oyunçusu Elbrus Abbasovun sabah – yanvarın 1-də 70 illik yubileyidir. Bu münasibətlə Qol.az saytı veteran hücumçu ilə müsahibə edib.


- Əvvəlcə sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirik.

- Çox sağ olun, minnətdaram. Fürsətdən istifadə edib demək istəyirəm ki, yubileyim “Kolizey”də olacaq. Bütün jurnalistlər dəvətlidir. 70 yaş böyük yaşdır.

- Mətbuatda çox nadir hallarda gorünürsünüz. Nə işlə məşğul olursunuz?

- Hazırda AFFA nümayəndəsiyəm, oyunlara təyinat alıram. Baxaq görək, 2020-ci ildə nə olacaq? (gülür) Oyunlarda təhlükəsizlik, stadionun oyunlara hazırlığı baxımından nəzarət edirəm.

7 il Ağdamda yaşadım. 2009-cu ildə orada işləməyə başladım. Ağdamda uşaq futbolu yaratdım. AFFA-nın baş katibi Elxan Məmmədovdan bunun üçün xahiş etdim və o, razılıq verdi. Oradakı stadionu da mən öz vəsaitimlə tikmişəm. Gözəl, böyük bir stadiondur. Həmin stadionda indi ölkə çempionatının 14,15 və 16 yaşlılardan ibarət komandaları çıxış edir. Bu komandalar hər il ilk 3 yeri tutur və pley-off oynayırlar. Hazırda bizim komandadan 6 futbolçu millinin aşağı yaş qruplarına dəvət alıb. “Qəbələ”də, “Ağsu”da, “İmişli”də, “Vətən”də, “Səbail”də ağdamlı yetirmələrimiz çıxış edirlər. Məktəb yaranıb və məhsul verməyə başlayıb. Çox istedadlı futbolçular çıxır. 

- 70 illik ömrünüzün neçə ilini futbola həsr etmisiniz?

- 1967-ci ildə Ağdamın “Məhsul” komandasında oynamağa başlamışam. 1970-ci ildə məni Kirovabad “Dinamo”suna götürdülər. O vaxt “Kəpəz” belə adlanırdı və SSRİ birinciliyində çıxış edirdi. 1970-74-cü illərdə bu komandada oynamışam. 1974-cü ildə məni “Neftçi”yə dəvət etdilər. 1980-ci ilə qədər bu klubda çıxış etmişəm. Bu mənim futbolçu kimi karyeramdır. 1974-cü ildə “Neftçi”yə gələndə komanda birinci dəstədə idi. Mən gələndən sonra hər il komandada 20-25 qol vururdum. 1976-ci ildə “Neftçi”nin heyətində 28 qol vurmuşam. Bundan sonra “Neftçi” yüksək liqaya vəsiqə qazandı. “Neftçi”də iki dəfə ağır zədə almışam. Bunlardan biri İrəvanda olub, butulka atıblar, ayağımı kəsib. Bu zədəyə görə 1 ay oynamamışam. Bir də Donetskdə “Şaxtyor”a qarşı oyunda müdafiəçi Varnavski ayağımı zədələdi. 1980-ci ildə futbolçu karyeramı bitirib məşqçilik fəaliyyətinə başlamışam. O vaxtı Bakının “Gənclik” komandası var idi. Sonradan adı dəyişib “Xəzri Buzovna” oldu. Bu komandanı  mən yaratmışam. 1987-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda hər bir vətənpərvər azərbaycanlı kimi Ağdama getdim. Çünki ata-baba yurdumdur, qohum-əqrəba, atam, anam hamısı orda yaşayıb. Orada uşaqlıq dostum -  Azərbaycanın milli qəhramanı Allahverdi Bağırov məni stadiona futbola baxmağa dəvət etdi. O dövrdə Ağdamın komandası “Kooperator” adlanırdı. “İnşaatçı Sabirabad”a qarşı oyunda “Kooperator” 1:2 hesabı ilə məğlub oldu. Doğrudan da həmin an çox pis oldum. Çünki bu komanda Ağdamda oynadığı oyunlarda uduzmurdu. Tək-tük hallarda heç-heçə ola bilərdi, heç bu hal da yadıma gəlmir. O vaxt birinci katib Sadıq Murtuzayevin yanına gəldim və ondan xahiş etdim ki, göstəriş verin, rayon rəhbərliyi bu komandaya kömək etsinlər. Sadıq Murtuzayev tapşırıq verdi və rayonun bütün vəzifəli işçiləri komandaya kömək etdilər. 1987-ci ildə biz “Qarabağ”ı yaratdıq. Bu komandanın adı bildiyiniz kimi, əvvəl “Kooperator” idi. Onun adını ilk dəfə dəyişib “Qarabağ” edən mən olmuşam. Komandanın adını dəyişəndə böyük çətinliklə üzləşdim, məni qınayırdılar ki, buna nə ehtiyac var ki? Onsuz da Xankəndində “Qarabağ” adında komanda var. Görürsünüz, ermənilər hələ o vaxtdan işlərini ehtiyatlı tutublar. Komandalarının adı belə “Qarabağ” olub.  Ağdamlı uşaqlardan Yusif Əsədov, Cavanşir Novruzov, Şaiq Həsənov, Vasif Haqverdiyev, Elçin Xudatovu yığdıq, Yevlaxdan Elşad Əhmədovu götürdük. Komandanı yaratdıq və həmin il - 1987-ci ildə çempion olduq. 1988-ci ildə komanda həm kubokun, həm də çempionatın qalibi oldu. Artıq komanda düzəlmişdi və 1-2 nəfər əlavə futbolçu da almışdıq.

İndiki “Qarabağ” həmin hadisədən sonra əvvəl Ağcabədidə, Şirvanda sonda isə Sumqayıtda məskunlaşdı. Komanda oyunlarını “İnşaatçı” stadionunda keçirir, “Dalğa” pansiyonatında qalırdı. 1997-cı ildə Azərbaycan çempionu olduq. UEFA-da isə Finlandiya komandası ilə düşdük.

- Və Azərbaycan futbolunun tarixinə düşən bir oyun keçirildi...

- Bəli, “MüPa-47” ilə səfər oyununda qazanılan xal  çox əhəmiyyətli idi. Bu xal avrokuboklarda qazandığımız ilk səfər xalı kimi tarixə düşdü. Bizim çox yaxşı heyətimiz vardı. Həmin futbolçuların əksəriyyəti bu gün məşqçilik edir. Tərlan Əhmədov, Aslan Kərimov, Müşfiq Hüseynov, Təbriz Həsənov, Elmir Xankişiyev, Vadar Nuriyev, Mirbağır İsayev, Bəxtiyar Musayev kimi futbolçularla çıxış edirdik. O heyət milli komanda səviyyəsində idi. Heç milli komanda da “Qarabağ” kimi oynaya bilmirdi. Ancaq futbolçuların müəyyən çətinlikləri vardı. Hər gün məşq üçün Sumqayıta gedirdilər. Bəzən “Dalğa” mehmanxanasında qalırdılar. Bunun hamısı xərc idi. Hər gün evdən 100 dollar götürüb, futbolçulara xərcləyirdim.

Bakıda rəqibə uduzduq. Səfər oyununda 1:1 oynadıq. O dövr komandaya məni yenidən dəvət etmişdilər. Kluba baxan yox idi, baş məşqçi kimi əvvəl Ağasəlim Mircavadov, sonra Rəşid Özbəyov işləyib.

Finlandiya komandası ilə oyunda son dəqiqəyə qədər 1:0 hesabı ilə qalib gəlirdik. 90 dəqiqədən sonra əlavə 30 dəqiqə verilən vaxtın 15-ci dəqiqəsində 5-6 metr oyundan kənar vəziyyətdən bizə qol vurdular və hesab 1:1 oldu. Bununla belə, Azərbaycana ilk xalı gətirən komanda  mənim rəhbərliyim altında “Qarabağ” oldu.



- Ağdamlı günlərinizi necə xatırlayırsınız?

- Ağdam Qarabağın ürəyidir. Şuşa baş tacımızdır. Bütün rayonlarımız – Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl, Xocalı, Xocavənd bizim canımız, qanımızdır. Uşaqlığım, cavanlıq illərim oralarda keçib. Həmişə Şuşaya, Turşsuya gedirdik. Orada balaca meydança tapan kimi dostlarımızla futbol oynayırdıq. Bildiyiniz kimi, Ağdam sakinləri hər yay Şuşaya, Turşsuya, İsa bulağına gedirdilər. Yaylaqlarımız ora idi.  İnanıram ki, Ali Baş Komandanımız cənab İlham Əliyev bir gün əmr verəcək və Azərbaycan ordusu hamılıqla Qarabağı işğaldan azad edəcək. Mən buna inanıram, çünki başqa cür ola bilməz.

- Bildiyimizə görə, Qarabagdakı məlum hadisələr zamanı çətin vəziyyətdə olan camaatı ərzaqla təmin etmisiz.

- 1988-ci ildə müharibə qızışırdı, ermənilər avtobusların şüşələrini sındırırdılar, Xankəndi Pedaqoji Universitetində təhsil alan tələbələr var idi. Kamazlarda Xankəndi ətrafında yerləşən Azərbaycan kəndlərinə - Cəmilli, Meşəbəyli, Kərkicahana  ərzaq aparırdım. Həmçinin Şuşa və Xocalıya da ərzaq daşıyırdım. Hamısı ona görə idi ki, camaat qidalansın. Yağ, ət talonları mövcud idi, adama 400 qram ət verirdilər. Amma həmin dövrdə onların hamısını kəsmişdilər. Adamlar çörək belə ala bilmirdilər. Əsgərlik dostum, gitara ifaçısı Rəmişin qardaşı Sabir Hüseynovla həmin ərazilərə ərzaq aparırdıq. Daha sonra Ağdamda olan dost-tanışlar, üzdə olan oğulların hamısı onlara kömək etmək üçün gedib-gəlməyə başladılar. Ondan sonra bacarığımı görüb məni Şəhər Pərakəndə Ticarət Birliyinə sədr təyin etdilər. Mən də köhnə əlaqələrimdən istifadə edərək keçmiş SSRİ ölkələrindən 20 tonluq maşınlarla bu ərazilərə ərzaq gətirirdim. Bu elə məhsullar idi ki, onları respublikada həmin dövr üçün tapmaq mümkün deyildi. Rayonumuzda 12 batalyon var idi. Bu ərzaqları batalyonlara, imkansız ailələrə paylayırdım. Ağdamın son gününə kimi orada qalmışıq. Ağdama top mərmiləri düşəndə orada Uzundərə adlanan yolla piyada çıxmışıq. Axırıncı şəhid general ləqəbli Ərşad Nadirovu Uzundərə təpəsində dəfn etdik. Müharibə başlayandan sonra odun-alovun içindən keçib Xankəndi ətrafında yerləşən 50 Azərbaycan kəndinə ərzaq aparmışam. Onlar dədə-babadan orada yaşayıblar, ermənilər sonradan oraya gəliblər. Onlara yazığımız gəlib və millətimiz imkan verib ki, orada yaşasınlar. Ermənilər bu torpaqlarda ancaq kartof əkməklə, odun qırıb satmaqla, Ağdamda fəhləlik etməklə məşğul idilər. Onların başqa işi olmayıb. 1988-ci ildən 1993-cü ilin ortalarına qədər həmin kəndləri ərzaqla təmin etmişəm, ərzaq aparmışam. Sizi inandırım ki, orada çox böyük çətinliklər var idi. Uşaqlar ancaq meyvə ilə qidalanırdılar. Vəziyyət belə idi.

- Xaricdə oynamaq imkanınız olub?

- Bəli, olub. Çox maraqlı tarixçəsi var. 1974-cü ildən başlayaraq “Neftçi” ilə 7-8 dəfə İranda olmuşam. İranda bəzi komandalar var idi: “Persopolis”,  “Traktor”, “Bəhmən” və bir də “Tac”.  “Tac” birbaşa olaraq şahın özünün komandası idi. Bu komandada varlı, milyonçu futbolçular var idi. Onlar oyuna gələndə görürdük, hər biri xarici maşınlardan düşürlər. Üzərlərində bəlkə də 2 kiloya yaxın qızıl qolbaq, üzük, saat olardı. O vaxt İranda qızıl çox ucuz idi. Şahın komandasını Tehranda 120 minlik stadionda 2:1 məğlub etdik. Həmin dövr üçün “Tac” ən güclü komanda idi. Heyətində İran millisinin 1 üzvü var idi və adı da Həsən Ruşən idi. Axşam otelə gəldik. Şahın bir nəfər adamı bütün günü bizimlə gəzirdi, bütün xərcləri özü ödəyirdi, sanballı kişi idi, həmişə kostyum geyinərdi, adı Ağayi Hüseyn idi. Bu şəxs gecə saat 12-də bizim qaldığımız otelə gəldi. İçəri girib “salam axşamınız xeyir, necəsiniz, nə var nə yox?” dedi, biraz zarafat etdi ki, “niyə belə tez yatmısınız, çıxın bir Tehranı gəzin”. Mənə dedi ki, Ağayi Abbasov, məni şah göndərib. O, sənə öz komandasında oynamaq üçün 125 milyon pul təklif edir.  O vaxt vəziyyət elə idi ki, Sovet rejiminə görə İranda qalmaq olmazdı. Dedim ki, Ağa, yox, mən qala bilmərəm, atam-anam, qohum-əqrəba hamısı Ağdamdadır. İmtina etdim. Mənə dedi ki, sən bilirsən, bu pul həyatını dəyişə bilər,  bununla sən ömrünün axırına qədər yaşayarsan? Cavab verdim ki, mənə Azərbaycanda, Ağdamda bir gün yaşamaq bəs edər, nəinki burada min il yaşamaq. Bu sözümə görə məndən bir qədər də incidi. 

- Futbolçu karyeranızı erkən başa vurmusunuz. Tez-tez zədələnməyiniz buna səbəb oldu?

- Əsas səbəb zədələr idi. Amma başqa bir amil də var idi. Əhməd Ələsgərov Naxçıvandan “Neftçi”yə baş məşqçi gələndə özü ilə Odessadan futbolçular gətirmişdi. Xaçur, Pavlenko, Sapojnikov, Mustafa Bilalov kimi oyunçular gətiriləndə onların heyətdə yerləşdirilmələri lazım idi. Biz də baş məşqçinin fikrinin nə olduğunu gördük, ərizələrimizi yazıb komandadan getdik.

- Bilirik ki, dövlət tərəfindən sizə diqqət ayrılıb.  Bəs AFFA, keçmiş klublarınız sizə necə diqqət ayırır?

- Hələlik heç nə. Nə “Qarabağ”dan yada salan var, nə AFFA-dan nəsə edən var. Sağlıq olsun, nəsə edərlər. Mən heç kimdən incimirəm.

- “Ararat”a Bakıda ve Ermənistanda qol vurmusunuz. Bunun da maraqlı tarixçəsi var. 

- Bəli, Bakıda da, İrəvanda da onlara qol vurmuşam. 1977-ci ildə Ermənistanda keçirdiyimiz oyunda “Ararat” ən güclü heyəti ilə meydana çıxmışdı. Çempion heyətlə İrəvanda yerləşən “Razdan” stadionunda çoxsaylı azarkeşin qarşısında oynadıq. Stadionda azarkeşlərin səsindən qulaq tutulurdu. Yanında olan komanda yoldaşına nəsə demək mümkün deyildi. 5-ci dəqiqədə Füzuli Cavadovun ötürməsindən sonra sol ayağımla qol vurdum. Sol ayağımla vurduğum zərbələr, əyri getməsə, mütləq qol olurdu. Bu zərbələrimi tutmaq qeyri-mümkün idi. Qolu vurandan sonra azarkeşlərdən biri mənə su ilə dolu butulka atdı və topuğuma dəyərək sındı. Topuğum kəsildi, həmin dəqiqə həkimimiz Boris Xetaqurov xəstəxanaya apardı, topuğuma 17 tikiş vuruldu. Bu zədədən sonra 1 ay oynamadım. 1 ay sonra “Ararat” Bakıya gəldi. Matçı o vaxt Azərbaycan SSR-in birinci katibi olan Heydər Əliyev və Ermənistanın birinci katibi Karen Dəmirçiyan yanaşı oturub oyunu seyr edirdilər. Ulu öndərimiz həmişə onları meydana dəvət edirdi ki, bu meydan, bu şeytan. Həmin oyunda da “Ararat”a 2:0 qalib gəldik.  Rəqibin ucaboy, enlikürək Beyrut ermənisi olan bir qapıçısı var idi. 2-ci hissədə 11 metrlik nöqtənin üzərindən Səməd Qurbanovun qaldırdığı topa güllə kimi bir zərbə vurdum. Top qapıçının sinəsinə dəydi. Həmin an o, səndələyərək 5-6 metr geri gedərək qapının içinə yıxıldı. Azarkeşlərin 2 dəqiqə ərzində uğultusu eşidildi. Ulu öndərimiz Heydər Əliyev ayaq üstə durub alqışlayırdı, Karen Dəmirçiyan isə başını aşağı salmışdı.


Nəvəsi Elbrus Abbasovun yolunu davam etdirir

- O vaxt məşhur “Futbol Xokkey” qəzetində “Elbrus protiv Elbrusa” başlıqlı yazı dərc olunub. Bu haqda da danışsanız, oxuculara maraqlı olar.

- Bəli, 1976-cı ildə baş verib. Bu yazı dərc olunanda çempionatın yekunlaşmasına 3-4 oyun qalmışdı. “Elbrus protiv Elbrusa” başlıqlı məqalə çap olunanda mən 25 qol vurmuşdum. Həmin qəzeti hazırda evimdə saxlayıram. Qəzetin üz qabığında mənim ayaq üstə topla şəklim var. Həmin yazıda qeyd olunan “Elbrus” Nalçik komandası idi. Yazılmışdı ki, bu komanda birinci dəstədə ümumən 18 qol, mən isə təkbaşına 25 qol vurmuşam. Növbəti oyunlarda daha 3 qol vurdum.  Bizim birinci dəstədə ən maraqlı oyunumuz “Spartak”a qarşı olub. O oyunda biz ancaq qalib gəlməli idik. Buradakı 4-5 komanda: “Paxtakor”, “Kayrat”, “Simferopol”, “Skarasno” yüksək liqaya real namizədlər idi. Bu komandalar arasında prinsipial oyunlar gedirdi. Komandamıza isə “Spartak”la oyunda yalnız qələbə lazım idi, heç-heçə də etmək olmazdı. Oyuna getməmişdən qabaq ulu öndərimiz Heydər Əliyev bizi komitəyə çağırdı və 1 saat ciddi söhbət etdi. Bu oyunu nəyin bahasına olursa olsun, udmalı olduğumuzu, bizi bütün Azərbaycan xalqının izləyəcəyini bildirdi. O, bizi çox ruhlandırdı. Desəydi ki, əli avtomatlıların qabağına çıxacaqsınız, biz gedəcəkdik. Oyun çox çətin keçdi. İlk qolu biz vurduq, daha sonra onlar 2 qol vurdular,  hesabı 2:2 edə bildik. Hesabda önə də keçə bildik. Oyunun qurtarmasına 1 dəqiqə qalmışdı. O vaxtı elektron tablo olmadığından hakimlər vaxtın yekunlaşmasını barmağı ilə göstərirdilər. Oyunun son dəqiqələrində heçnədən qol buraxdıq. Rəqib futbolçu cərimə meydançası üzərindən ayağının ucu ilə topu düz doqquzluğa göndərdi. Qapıçımız isə Sergey Kramarenko idi, ona qol vurmaq hər oyunçuya nəsib olmurdu. Hesab 3:3 oldu, təsəvvür edin, biz nə hala düşmüşük. Bir illik fəaliyyətimiz hədər olurdu. Səməd Qurbanov topu dərhal mərkəzə gətirdi. O vaxtı mənə “qaqa” deyirdilər. Heç kim nə baş verəcəyini bilmirdi. Səməd Qurbanov sağa baxıb sola ötürən futbolçu idi, bir qədər “bic” oyunçu olub. Topu mənə ötürəndə gördüm ki, qapıçı topu götürmək üçün mənə tərəf tullanır. Top havaya qalxan anda güllə kimi zərbə vurdum. Top zərbənin təsirindən dəmirlə torun arasında qaldı. Bəlkə top dəmirə dəyib çıxsaydı, hakim bu qolu hesaba almayacaqdı. Yəni o qədər sürətli getmişdi. İnandırım sizi, hakim bunu gözləmirdi. O, qalib gəlməyimizi istəmirdi. Bu zərbənin qol olacağını bilsəydi, bəlkə də 20 saniyə əvvəlcədən final fitini səsləndirərdi. 4:3 qələbə qazandıq, bütün Azərbaycan sevinirdi. Televiziyadan canlı yayım həmin illərdə mövcud deyildi. Çingiz İsmayılov radioda oyunu şərh edirdi. Bakıya qayıdanda ulu öndərimiz bütün nazirlərlə birlikdə “Neftçi”nin bazasına gəldi. 5-6 il idi ki, rayondan gəlmiş futbolçular olaraq, Səməd Qurbanov, Asəf Namazov, Elbrus Abbasov, Bəxtiyar Qulamov bu bazada yaşayırdıq. Heç birimizin heç nəyi yox idi. Heydər Əliyev hər birimizə ev, avtomobil və mebel verilməsini göstəriş verdi. Səhəri gün saat 7-dən etibarən bazada bir canlanma əmələ gəldi. Hamımıza ev, maşın və mebellər təqdim olundu.



- Azərbaycan futbolunun hazırkı mənzərəsi haqda nə deyə bilərsiniz? 

- Futbolumuzda ciddi dəyişikliklər lazımdır. Bizə hələ ki, legioner məşqçilər lazım deyil. Bizim kifayət qədər yaxşı məşqçilərimiz var. Öz məşqçilərimizin vaxtında milli 7-8 xal yığa bildiyi halda, indi gəlib 1 xal toplayırıq. Bu nə deməkdir? Millimizi dünyanın ən güclü futbolçuları və məşqçiləri olmuş- Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki çalışdırıb. Dünya çempionu olmuş 3 şəxs millimizdə baş məşqçi olublar, amma nəticə nə olub? Heç bir şey. Axırıncı baş məşqçi olmasa, ondan yaxşı idi. İlk növbədə legionerlərin sayını azaltmaq lazımdır. Uşaq futbolumuz demək olar ki, inkişaf edir. Bütün bölgələrdə uşaq futbolu var. İstedadlı uşaqların sayı həddindən artıqdır. Amma biz gedib 18 legioner alıb, onlara 20-30 milyon pul vermək istəyirik. İndi bəzi klublarımız bunu edir. Tez çempion olmaq istəyirlər, nədir-nədir desinlər ki, “filan komanda çempion oldu”. Əsas futbolu inkişaf etdirmək lazımdır. Öz futbolumuz olmalıdır. Vaxtilə “Neftçi”də 8 hücumçu var idi və mən əsas heyətə düşə bilmirdim. Anatoli Banişevski, Kazbek Tuayev, Markarov, Smolnikov, Stekolnikov, Şevçenko. Bəs indi nə olub, yoxdur? Öz uşaqlarımız oynamalıdır. Qoy çempionat 1-2 il zəif olsun, amma onlar oynasınlar. Bizim bəzi yetirmələrimiz hazırda əsas heyətdə oynayırlar. Onlar “Neftçi”, “Bakı”, “Qarabağ” klublarının yetirmələridir. Sadəcə, bunun üzərində işləmək lazımdır. Məsələn, Quzanlıda 100 futbolçu var. Onlardan 6 futbolçunun milliyə getməsi işin olmasını göstərir. Qalan oyunçuları da digər komandalar versin. Futbol belə olur. Biz nə vaxta kimi gedib legioner oyunçu, legioner məşqçi gətirəcəyik? Burada yoxdur ki? Bölgələrdə çıxış edən uşaqların oyununa baxanda görürəm ki, onların etdiyi hərəkətləri ən yaxşı oyunçularımız o yaşda olanda edə bilməyiblər. Bizim vaxtımızda heç nə yox idi. İndi İnternet var, uşaqlar televiziyaya baxırlar, dünya futboluna, Messiyə, Ronaldoya baxırlar. Əsas məsələ bölgələrdə futbolun inkişaf etdirilməsidir. Hazırda Premyer Liqada Gəncəni təmsil edən komanda yoxdur. Niyə? Hər oyunda 15-20 min azarkeşi olan “Xəzər Lənkəran” yoxdur, “Bakı” yoxdur. Nə olsun ki, rəhbərlik dəyişib? Başqa rəhbər adamlar yoxdur? Cənab Prezidentə futbol mütəxəssisləri, SSRİ çempionatında çıxış edən futbolçularla görüş keçirilməsi üçün müraciət etmişəm. O dövrdən onsuz da 4-5 nəfər qalmışıq. Necə ki, incəsənət nümayəndələri ilə görüş keçirildi və bundan sonra böyük işlər görüldü, bu görüş də baş tutmalıdır. Bizim bədənimizə baxan, qorxar. Hamısı  “şram”dır, zədələrdir, dəfələrlə neçə yerdən əməliyyat olunmuşuq. Keçmiş futbolçularımız Asim Xudiyev, Asif Əliyev axsaya-axsaya hərəkət edirlər, normal yeriyə bilmirlər, 3 dəfə əməliyyat keçiriblər. Futbol mütəxəssisləri, futbolçular dəvət edilməlidir ki, biz də öz fikirlərimizi, arzularımızı deyək. Bu gün cənab prezident futbolumuz üçün çoxsaylı işlər görür. Dünyanın heç bir ölkəsində 3000 idmançı evlə təmin olunmayıb. İdmançılarımıza 100-200 min manatlıq mənzillər, avtomobillər, təqaüdlər verilir. Bəs biz nə edirik? Bizə sözümüzü deməyə imkan vermirlər. Bir-iki dəfə danışdım, məni heç futbola yaxın qoymadılar (gülür). Həqiqətləri deyirəm. Mütəxəssislərimiz var, icazə verin, onlar danışsınlar, öz fikirlərini, məsləhətlərini bildirsinlər, bir fikrə, ortaq məxrəcə gələk.  Cənab prezidentin Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı var idi.  Biz nə etdik? Nə etdiyimizi görə bilmirəm. Zaqatalada, İmişlidə, Şəmkirdə, Tovuzda, Mingəçevirdə o boyda stadionlar olsa da, futbol yoxdur. Eybi yox, qoy zəif olsun, amma özümüzün olsun. Yavaş-yavaş olacaq. Keçmişdə biz oynayanda o qədər də güclü komandalar yox idi. Amma biz oynadıq, inkişaf etdik. Bizdə həvəs var idi. Cənab Prezident Olimpiya komplekslərinin, stadionların açılışında həmişə bu stadionların gənclərimizin, uşaqlarımızın pis əməllərlə yox, idmanla məşğul olmaları üçün tikildiyini qeyd edir. “Qisas qiyamətə qalmaz” deyirlər. Bizim hələ o boyda Qarabağ dərdimiz var. Bizə güclü ordu, idmançı cavanlarımız lazımdır. Bunu da ancaq idmanla əldə etmək olar. 2-3 gün əvvəl futbolçumuz Səməd Qurbanov mənzillə təmin olundu. Bir neçə futbolçumuza prezident təqaüdü verildi. Cənab prezident tərəfindən hər bir dəstək olunur, amma biz də kömək etməliyik. Necə olur ki, qonşu dövlətlərin 200 futbolçusu xarici ölkələrdə oynayır, bizdən isə 1 nəfər də çıxış etmir. Vaxtilə Azərbaycan futbolçuları SSRİ-nin bütün klublarında oynayırdılar, məşqçilərimiz xarici klublarda işləyirdi.

- Çempionatda hansı komandaya azarkeşlik edirsiniz?

- “Qarabağ” və “Neftçi”yə azarkeşlik edirəm. Çünki “Neftçi”də çıxış etmişəm, “Qarabağ”də isə həm oyunçu, həm də baş məşqçi kimi fəaliyyətim olub. Bütün komandalar mənimçün əzizdir. Məsələn, dostum Fariz Nəcəfov “Qəbələ”də çalışır. “Qəbələ” yaxşı klubdur. Düzdür, maliyyə cəhətdən bir qədər zəifləsələr də, inanıram ki, hər şey qaydasına düşəcək.

- Müsahibələrininiz birində “demək olar ki,bütün komandaların qapısına qol vurmuşam” demişdiniz. Hazırda futbolçu kimi çıxış etsəydiniz, hansı xarici komandanın qapısına qol vurmaq istərdiniz? Hansı qapıçını məyus edərdiniz?

- Futbolçu olduğum dövrdə “Dinamo Moskva”nın qapıçısı Pilquy, “Spartak”da Çanov, “Dinamo Kiyev”də Rudakov və Yuri Romenski, “Dinamo Tbilisi”də Otar Qabeliya, “Ararat”da Alyoşa Abramyan, “Zenit”də Biryukovun qapısına qollar vurmuşam. Hansısa qapıçıya qol vura bilmədiyim yadıma gəlmir. Hazırda hərdən “Neftçi”nin bazasında və Quzanlıda oynayıram. Oradakı balaca qapılara qol vururam, amma böyüklərə yox. (gülür) Müasir dövrdə Avropada çox güclü qapıçılar var. Amma mən Lev Yaşini, Anzor Kavazaşvilini görmüşəm. Bunlar nəhəng qapıçılar olublar. Bu gün də xarici klublara baxanda “Barselona”, “Real”ın heyətində çıxış edən güclü qapıçılar görmək olur. Bizim çempionatda da gənc qapıçılar var. “Neftçi”də oynadığım dövrdə heyətdə 5-6 qapıçı çıxış edirdi. Həmin illərdə Elxan Rəsulov “Neftçi”də ən yaxşı qapıçılardan idi. Bununla belə “Neftçi”nin əsas qapıçıları Kramarenko və Romenski idi. Azərbaycanda həmişə yaxşı qapıçılar olub, indi də var.

Azad NURİYEV

 

Daha çox


Son xəbərlər