"Bu, təhqir deyil" - "Neftçi" rəsmisi

"Bu, təhqir deyil" - "Neftçi" rəsmisi
GÜNDƏM 6 Aprel 2015 / 16:47 4375
-  A +

"Neftçi"nin futbolçusu Julius Vobayın Premyer Liqanın 27-ci turunda "Simurq"la oyundan sonra rəqib azarkeşlərinə ədəbsiz jest göstərməyi ilə bağlı məlumat yayılıb.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Klub rəsmisi futbolçunun jestinin azarkeşlər tərəfindən düzgün başa düşülmədiyini bildirib:

"Əslində, bu iddialara münasibət daha tez verilə bilərdi. Sadəcə məsələnin aydınlığa çıxması üçün faktlar əldə etmək vaxtımızı aldı. Julius Vobay oyundan sonra qələbəni özünə məxsus tərzdə qeyd edir. Bu jest “Simurq” azarkeşlərinə deyil, qələbə qolunun vurulmasında əməyi olan Əziz Quliyevə və Nikolas Kanalesə, həmçinin qapısını toxunulmaz sağlamağı bacaran Aqil Məmmədova yönəlir. Bu təhqir deyil, Vobaya məxsus qələbə sevincidir. Bu barədə futbolçumuz Julius Vobayla da söhbətimiz oldu. O, illərdir ölkəmizdə yaşadığını və bir müsəlman kimi Azərbaycan xalqının inancına, adət-ənənəsinə az-çox bələd olduğunu söylədi. Vobay mənə bildirdi ki, həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. O, qeyd etdi ki, azarkeş bu hərəkəti qeyri-etik jest kimi başa düşübsə, həmin insanlardan üzr istəməyə hazırdır".
 
“Neftçi” PFK olaraq bildirmək istəyirik ki, əgər Julius Vobay belə bir hərəkət etmiş olsaydı, ilk növbədə klubumuz onu cəzalandırardı.



Daha çox


Son xəbərlər