"Qarabağ"ın uğuruna kölgə salmasınlar"
"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayev Premyer Liqamızın son turunda "İnter"lə oyundan (0:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Qarşılaşmada qol imkanlarınızın sayı az oldu...
- Son vaxtlar ağır oyunlarımız olur. "İnter"lə görüş də çətin keçdi. Ancaq ənənəmizə sadiq qalıb, baxımlı oyun göstərə bildik. Sadəcə qol çatışmadı. Səfərdə oynayırdığımız üçün bu bərabərliyi yaxşı nəticə kimi qiymətləndirmək olar.
- Qol vura bilməməyiniz "İnter"in güclü müdafiə xətti ilə bağlıdır, yoxsa bir qədər ehtiyatlı oynamağınızla?
- "İnter" çempionatda ən yaxşı və düzgün müdafiə olunan komandadır. Hücumçularımızı zərərsizləşdirməyi bacardılar. Belə komanda ilə oyunda qol imkanı yaratmaq da çətin olur. Gərək əlinə düşən imkandan yararlanasan. Çox çalışdıq, ancaq bu dəfə qol vurmaq alınmadı. Üzülmürük, növbəti oyunlarda qələbələrimizi sıralayarıq.
- Son zamanlar "Qarabağ"da geriyə ötürmələrin sayı artıb.
- Hər zaman qabağa oynasaq, gücüm tez tükənər. Bəli, bir qədər gücümüzü qoruyuruq. Gördüyünüz kimi, üç gündən bir meydana çıxırıq. Buna görə də bir qədər ehtiyatlı oyuna üstünlük veririk. Yeri gələndə belə oynamalıyıq.
- "Qarabağ" belə sıx qrafiklə oynamağı nə dərəcədə bacarır?
- Bizim üçün belə daha yaxşıdır. Ancaq tədricən uyğunlaşırıq. Matçların sıx qrafiklə keçirilməsi tələb edir ki, kollektiv oyun nümayiş etdirəsən. Bizdə də bu sarıdan problem yoxdur. Futbolçularımz rejiminə yaxşı fikir versələr, qidalanmaya düzgün əməl etsələr, bizim üçün hər şey yaxşı olacaq. Əslində çoxdan bu qrafiklə oynamaq lazım idi ki, indi buna hazır olaq.
- Premyer Liqada növbəti oyununuz "Araz Naxçıvan"la olacaq.
- Bu mövsüm yeganə qarşılaşmadığımız komanda "Araz Naxçıvan"dır. Bu rəqibimizi tanımırıq, oyunlarına yaxşı bələd deyilik. Evdə oynayacağımız üçün üstünlüyümüz var. Onu deyə bilərəm ki, rəqibimiz zəif komanda deyil. Bizə qarşı isə bütün komandalar ikiqat gücü ilə mübarizə aparır. Yəqin ki, "Araz Naxçıvan"da belə edəcək.
- Rəqibinizin autsayder, sizin isə lider olmağınız motivasiya problemi yaratmayacaq ki?
- Biz kağız üzərində favorit sayılırıq. Bilirik ki, bizi tam analiz ediblər, yaxşı hazırlaşıblar. Hər cür nəticəyə hazır olmaq lazımdır. Rəqib bizi öz meydanımızda da məğlub edə bilər.
- Avropa Liqasının qrup mərhələsində növbəti oyununuz səfərdə məğlub etdiyiniz "Dnepr" olacaq. Bu görüş haqda nə düşünürsən?
- Məncə, bizi səfərdəkindən daha çətin oyun gözləyir. Çünki "Denpr" artıq "Qarabağ"ı tanıyır. Təbii ki, biz də onların oyununa bələd olduq. Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Bu da bizə əlavə güc verəcək. İlk oyundan sonra "Dnepr"in yaxşı komanda olduğunu gördük. Hər halda qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün bu görüşdən də qələbə ilə ayrılmalıyıq.
- "Dnepr"in səfərdə daha yaxşı nəticələr qazandığını bilirsən?
- Bəli, bunun fərqindəyik. Ancaq nəzərə almaq lazımdır ki, biz də doğma meydanda daha inamlı oluruq.
- "Dnepr" futbolçuları açıqlamalarında "Qarabağ"a məğlubiyyəti təsadüfi adlandırıb. Bununla bağlı nə deyə bilərsən?
- Bizim qələbəmizi təsadüf adlandıranlar doğru fikirləşmirlər. "Zalsburq"a qalib gəldik, səfərdə "Tvente" ilə bərabərə qaldıq, "Sent Etyen"dən xal aldıq. Yəni bu qədər təsadüflər olmaz. Bizim komandanın gücünü kiçiltmək lazım deyil. Bizim uğurumuza kölgə salmaq mənə xoş deyil.
- Cavab matçında hər şeyi "Dnepr"ə sübut etmək olar.
- Əlbəttə. Bu halda daha məsuliyyətli olmalıyıq. Heç kim söz verə bilməz ki, "Dnepr"ə qalib gələcəyik. Gördüyünüz kimi, son vaxtlar futbolda istənilən nəticələr qeydə alınır. Bizim üçün önəmli olan odur ki, "Dnepr"i düzgün analiz edək, azarkeşlərimizin qarşısında layiqli oyun göstərək. İnanıram ki, məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirməyimiz kifayət edəcək ki, növbəti qələbəmizi qazanaq.
Ramiq AĞAMƏMMƏDOV