"Bu gün 0:6 hesabı ilə uduzuruqsa..." - Arif Əsədov
"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibəsində milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya ilə keçirdiyi oyunlar haqda danışıb.
- Əvvəlcə milli komandamızın İtaliya (1:2) və Xorvatiya (0:6) ilə qarşılaşdığı oyunlar haqda fikirlərinizi bilmək istərdik.
- İtaliya ilə oyunda millimizdə istək var idi, mübarizə aparırdılar. Bunun nəticəsində də rəqibi məcbur etdilər ki öz qapısına qol vursun. Ancaq Xorvatiya ilə oyun haqda heç bir xoş söz bunu deyə bilmərik. Sanki meydanda başqa bir komanda var idi. Millimiz həyəcanlı idi. Bu da sonda arzuolunmaz məğlubiyyətlə nəticələndi.
- Komandamız son oyunlarda ürəkaçan çıxış etmir. Bu səbəbdən Xorvatiyaya belə hesabla uduzacağımızı əvvəlcədən gözləmək olardı?
- Hamı yaxşı başa düşür ki, İtaliya və Xorvatiya ilə başabaş mübarizə aparmağa hazır deyilik. Bu iki rəqibimizindən hər hansından bir xal alsaydıq, sensasiya sayılardı. Yəni komandamızın uduzacağı gözlənilən idi. Ancaq bu hesabla məğlub olacağımızı gözləmirdim. Futbolumuzun son illərdəki inkişafından danışırıqsa, belə məğlubiyyət olmamalıdır. Əgər 7-8 il bundan əvvəl belə uduzardıqsa, bunu başa düşmək olardı. Çünki o dövrdə futbola bugünki kimi qayğı göstərilmirdi.
- Əvvəlki illərdən söz düşmüşkən, Foqts hər iki görüşdən sonra bildirib ki, komandamız 5-6 il əvvəl bu komandalara 0:10 hesabı ilə uduzardı. Razısınız bu fikirlə?
- Foqts İtaliya ilə oyundan sonra səsləndirdiyi bu fikrə Xorvatiyaya məğlubiyyətdən sonra özü cavab verdi. Yəni bu gün də 0:6 hesabı ilə uduzuruqsa, deməli, hələ də millidə problem var, heç də ötən illərlə müqayisədə inkişaf hiss olunmur.
- Millimizin son uğursuz çıxışlarının səbəbini nədə görürsünüz?
- Əslində biz çox söz deyə bilərik. Müxtəlif problemlərdən danışmaq olar. Ancaq ən yaxşısını baş məşqçi Berti Foqts bilər. O, millinin potensialını daha yaxşı bilir. Bir məsələni deyə bilərəm ki, heyət seçimi bir qədər maraqlıdır. Yəni öz klubunda meydana çıxa bilməyən futbolçu bu gün milli komandada əsas heyət oyunçusudur. "Neftçi"nin əsas futbolçularından olan Elvin Yunuszadəyə isə şans verilmir. Bu seçim mənə qaranlıq qaldı. Əsas heyət üzvünü milli komandaya göndəririk. Foqts isə ona oynamaq imkanı yaratmır. Bu da futbolçunun oyun təcrübəsinin azalmasına səbəb olur.
- Foqts bu uğursuz nəticələri futbolçularımızın fiziki hazırlıqlarının aşağı olması ilə və tez-tez oyun keçirməməklə bağlayır.
- Bu problem 6-7 ilə həll olunmalı idi. Artıq millimiz tez-tez oyunlar keçirməyə öyrənməli idi. Yəni uğursuzluqda bunu əsas gətirmək düzgün deyil. Bütün dünya bu sistemlə oynayır. Əslində bizdə də sıx qrafikli oyunlar olur. Görürük ki, "Qarabağ" son vaxtlar Avroliqa oyunları ilə əlaqədar sıx qrafiklə çıxış edir və yaxşı nəticələr qazanır.
- Deməli, heyət seçimi düzgün deyil?
- Bəli, reallıq budur. Adətən öz klubunda daima oynayanlara millidə şans verilməlidir. Amma nədənsə bizdə əksinədir. Foqtsun bu seçiminə hörmətlə yanaşıram. Onun futbola öz baxışı var.
- Çempionatda yaranan fasilədən "Neftçi" necə istifadə etdi?
- Fasilə zamanı bir sıra oyunlar keçirdik. Əvəzedici komandadan bir neçə futbolçunu əsas heyətə cəlb etdik ki, ab-havaya uyğunlaşsınlar. Artıq onlardan ikisini əsas komandada saxlamağa qərar vermişik. Bunlar Rail Məmmədov və Fəhmin Muradbəylidir. Fəhmin U-19 millimizin düşərgəsindədir. Rail isə hazırda komanda ilə məşqlərdə iştirak edir. Bu prosesi davam etdirəcəyik.
- "Sumqayıt"la oyun hazırlıq necə gedir?
- Bir neçə zədəli futbolçumuz var. Milli komandadan gələnlər dünən bizə qoşulublar. Elnur Allahverdiyev millidən zədəli qayıdıb. Flavinyonun zədəsi da sağalmayıb. Erik Ramos sırağagün keçirilən məşqdə zədələndi. Buna görə də o, dünənki hazırlıqda iştirak etmədi. Julius Vobay isə milli komandanın heyətindən sabah qayıdacaq.
Ramiq AĞAMƏMMƏDOV