“2 ildir bu qərarı gözləyirdik” - “İmişli”nin icraçı direktoru

“2 ildir bu qərarı gözləyirdik” - “İmişli”nin icraçı direktoru
MÜSAHİBƏ 20 Fevral 2025 / 15:15 3915
-  A +

Birinci liqa təmsilçisi “İmişli” klubunun icraçı direktoru Aqşin Mürsəlovun QOL.az saytına müsahibəsi

- “İmişli” 1-ci liqanın son turunda əsas rəqiblərindən biri sayılan “Zaqatala”ya qalib gəldi ki, (1:0) bu da komandanın ilk 3-lükdəki yerini möhkəmləndirdi. Əvvəlcə bu haqda fikirlərinizi öyrənək.

- “Zaqatala”dan əvvəl “Qəbələ” ilə çox çətin oyunumuz oldu. Futbolçular bu oyuna çox köklənmişdilər. Düzdür, ilk 3-lükdə olmaq yaxşıdır, amma daha yuxarı yerdə qərarlaşmağı hamı istəyər. “Zaqatala” da çox yaxşı komandadır. “Qəbələ”dən də xal almışdılar. Ancaq bizim futbolçular daha yaxşı çıxış etdilər. Çox çətin oyun oldu. Azlıqda qalsalar da, son dəqiqəyə qədər rəqib vuruşdu. Onların 10 nəfərlə qalması bizim işimizi daha da çətinə saldı. Bir az futbolçularda oyuna yanaşma pozuldu. Ancaa şükür ki, vacib 3 xalı qazandıq.

- “Qəbələ”dən danışdınız, bu komandanın 1-ci liqada oynaması sizə və digər rəqiblərə müsbət mənada nə verir?

- Doğrudan da biz “Qəbələ”dən çox şey öyrənirik. Komanda quruculuğu, daha güclü rəqabət, futbolçu seçmək, oyuna hazırlaşmaq baxımından bu mövsüm çox fərq var. “Səbail”ə “Qarabağ”la oynamaq necə təsir edirsə, bizdə də “Qəbələ” ilə oyunlar bu cür effekt verir. Məcbursan ki, “Qəbələ” ilə ayaqlaşasan. Bu gün bütün komandalar “Qəbələ”ni aşkar favorit görsə də, həm də “İmişli”yə qarşı çox güclü motivasiya olurlar. Məsələn, MOİK-lə oyunumuzda rəqib elə oynayırdı ki, elə bil Avropa çempionatıdır. Qol vuranda sevinclərini elə şəkildə qeyd edirlər ki… Görürsən ki, tamam başqa mübarizədir.

- AFFA İcraiyyə Komitəsinin son qərarına əsasən yeni mövsümdə 1-ci liqadan 3 komanda Premyer Liqaya yüksələcək. Bu, və digər qərarlarla bağlı nə deyə bilərsiniz?

- Bu qərarlar, əsasən də bu il pley-off oyunlarının olmaması bizi çox sevindirdi. Biz iki ildir belə bir qərarı gözləyirdik. Çünki Peşəkar Futbol Liqasının əsasnaməsində də belə qeyd olunmuşdu. Düşürəm ki, ən doğru zamanda qərar verildi. Komanda sayının artırılması da futbolu daha maraqlı edəcək. Çünki futbol regionlarda maraqlı olur. Həmin regionlar həm futbol, həm iqtisadi, həm də uşaq futbolu baxımından inkişaf edəcək. Oyunların təşkilinə gələndə, biz iki ildir ki, 1-ci liqada 3 dövrəli sistemlə mübarizə aparırıq. Bu, kifayət qədər uğurludur. Premyer Liqada 33 oyun olacaq. Məncə, normaldır. 3-cü turda ev sahibinin püşkatma ilə müəyyənləşdirilməsi də başqa bir maraq qatacaq. Bu gün üçün hələ ki, hər şey ideal görünür.

- Bu qərarlardan sonra 1-ci liqada ilk 3-lük uğrunda mübarizəni necə görürsünüz?

- Açığı, ilk 3-lük üçün çox komanda mübarizə aparacaq. Bildiyimə görə, Premyer Liqaya lisenziya üçün 1-ci liqada çox komanda müraciət edib. Əslində bu da sevindirici haldır. Yəni komanda aşağı yerdə olsa da, mübarizliyini göstərir. Yəni sona qədər mübarizə gedəcək. MOİK-in də potensialı var. İlk 3-lükdəki komandalarla xal fərqi də çox deyil. Qarşıda 12 tur var. Hər şey ola bilər. “Qəbələ” artıq ən yaxın izləyiciləri ilə xal fərqi yaradıb. Amma 2-ci və 3-cü yer üçün gərgin mübarizə gedəcək.

- Belə məlum olur ki, siz çempionluq şansınızın az olduğunu düşünürsünüz.

- Hədəfimiz Premyer Liqadır. Amma bütün komanda çempionluğa oynayır. Çünki çempion olmaq tam başqadır. Heyətimizi çempionluğa görə formalaşdırmışıq. Bizim heyətimiz zəngindir. Ehtiyatda oturan futbolçumuz əsas heyətdə çıxış edənlərdən zəif deyil. Xal fərqimiz çox olsa da, bu futboldur, möcüzə olar, biz də çempion olarıq.

- Çempionluğu möcüzəyə bağlayırsınız?

- Real danışsaq, bəli. Qarşımızda 14 turdan sonra top buraxmayan bir komanda var.

- Yeri gəlmişkən, “Qəbələ”yə 14 turdan sonra ilk qolu da sizin komanda vurdu.

- Bəli, bu da bizim komandamızın potensialından xəbər verir. Oyunu uduzsaq da, çempionatda top buraxmayan bir komandaya qol vurduq. Amma inanın ki, mübaliğəsiz deyirəm, “Qəbələ” çempionatın sonuna qədər yəqin ki, qol buraxmayacaq.

- Bəlkə, “İmişli” daha bir qol vurdu?

- (Gülür) Bəli, son oyunumuz var. O vaxta qədər inanmıram ki, kimsə “Qəbələ”yə qol vursun. Çünki çox yaxşı komplektləşmiş komandadır. Premyer Liqa komandası bax budur. “Şamaxı” ötən mövsüm 1-ci liqada çıxış edəndə belə deyildi. Onlar komanda formalaşdırmaqda bir az çətinlik çəkdilər, sona qədər “Qaradağ-Lökbatan”la mübarizə apardılar. Belə olanda komandalar da püxtələşir. Mən düşünürəm ki, gələn il çempionatımız çox maraqlı olacaq. Yəni 12-ci komandanın aşağı liqaya düşməsi və 11-ci yerdə olanın pley-off oynaması çox maraq qatacaq.

- Sizin Premyer Liqaya həvəsiniz və bunun üçün potensialınız necədir?

- Həvəsimiz çox böyükdür. Komandanı yaradandan hədəfimiz Premyer Liqadır. Artıq buna yaxınıq. “Qəbələ”dən sonra ölkədə infrastrukturu normal olan klub bizik. Bizim meydançamızın ot örtüyü normal olsa, inanın ki, “Qəbələ”dən də yaxşı stadionumuz olar. Onlarda tribunalar ikitərəflidir, üstü örtülü deyil. Bizdə isə tam standartlara uyğundur. Yəni ən gözəl stadion bizimkidir.

- Bəs çatışmayan tərəflər hansılardır?

- Bəzi xırda problemlər var. Tribunalarda VIP lojalar, çəkiliş üçün yerlər olmalıdır. Bunun üçün də vəsait lazımdır. Birinci liqa klubunun büdcəsi ilə o işləri görmək çox çətindir. İnşallah baş sponsorumuz da dəstək olacaq.

- Stadionun ot örtüyü olduğu kimi qalacaq, yoxsa dəyişdiriləcək?

- Ot örtüyünü dəyişmək üçün xeyli xərc çəkmişik. Amma orda oynamağa bir az tez başladıq. Bir az gözləmək lazım idi. Yəqin ki, may ayına qədər bu işə yenidən baxacağıq. Ola bilər ki, ot örtüyünü tam dəyişək. Yəni yeni toxum səpməyi nəzərdə tuturam. Süni meydançamızı da dəyişmək fikrimiz var. Məşq üçün əlavə 3 meydançamız olmalıdır. Bunun üçün yer də var. Sadəcə bir az baxt lazımdır ki, onları həll edək.

- Klubun maliyyə çətinliyi olur?

- Hansısa problem yoxdur. Bilirsiniz ki, AFFA-nın dəstəyi ilə bu qədər işləri görmək mümkün deyil. Baş sponsorumuz və İdarə Heyətinin sədri Kamran Eyyubov sağ olsun, futboldan başı çıxan adamdır. Bilir ki, Premyer Liqa üçün hansı işlər görülməlidir, xərclər çəkilməlidir. Məşqçi heyətimizi də bir az zəngiləşdirdik. Daha potensiallı köməkçi məşqçilər gətirmişik. Heç bir çətinliyimiz yoxdur. Düşünürəm ki, bundan sonra da olmayacaq. Həm 1-ci liqa, həm də Premyer Liqada maraqlı bir komanda ola bilərik.

- Yəni Premyer Liqaya yüksəlsəniz, güclü heyət formalaşdırmaqda heç bir problem olmayacaq?

- Olmayacaq. Hazırda 5 legionerimiz, heyətimizdə Premyer Liq təcrübəsi olan futbolçular var. Region komandası olaraq çox rəqibə başağrısı olacağıq.

- İmişlidə futbola maraq necədir? Oyunlarınıza gözlədiyiniz sayda azarkeş gəlir?

- Əslində gözləntimiz daha artıqdır. “Qəbələ” ilə oyunda 2500-ə yaxın azarkeş gəlmişdi. Çox maraqlı idi. Amma nəzərə alaq ki, həftə içi idi. Oyun iş saatına düşürdü. Həm də bizim stadiona giriş biletlədir. Bu baxımdan yeganə 1-ci liqa komandasıyıq. Məsələn, “Karvan”ın da azarkeşi çoxdur, amma bilet satmırlar. Bizdə azarkeş potensial çox yüksəkdir. Hər halda Premyer Liqada oynasaq, daha güclü rəqiblər gələcək və stadionumuzda tam başqa bir mənzərə olacaq. Planımızda var ki, stadionda işıq sistemi quraşdıraq. Bununla da oyunlarımızı axşam saatlarına da sala bilərik. Çünki azarkeşlərin axşam saatlarında vaxtı daha çox olur. Azarkeş toplamaq baxımından da müəyyən işlər görürük.

- İşıq dirəklərinin qurulması nə vaxta planlaşdırılır?

- Premyer Liqaya vəsiqə qazanandan sonra bu işə baxacağıq. Stadionumuzda bəzi məsələlər var ki, həll olunmalıdır. Tablo və işıqlandırma məsələsi də onlardandır. İnfrastrukdur baxımından sadəcə bir az təmirə ehtiyac var. Bu, bir az vaxtımızı alacaq. Əslində biz iki ildir stadiona vəsait qoymuşuq. Komandanın qaldığı bazanı daha da yaxşılaşdırmaq üçün xərclər çəkilir. Amma daha yüksək səviyyədə olması üçün əsaslı təmirə ehtiyac var. Uzun bir estafet üçün tam hazır olmalıyıq.

- Komandanın hazırkı baş məşqçisi Fərid Namazovla yola davam edəcəksiniz?

- Çempionatı başa vurandan sonra bu haqda danışmaq yaxşı olar. Fərid müəllim çox potensiallıdır, gəncdir. Bizim onunla uzunmüddətli müqaviləmiz var. Onun potensialından tam istifadə edəcəyik.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər