"Çox əziyyət çəkdik" - Qurban Qurbanov

"Çox əziyyət çəkdik" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 20 Avqust 2023 / 21:18 5725
-  A +

"Çox gərgin oyun oldu, vacib üç xal qazandıq. Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki futbolçuların hazırlığında bir az qeyri-stabillik var. Bu da başadüşüləndir".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: "Bir qrup oyunçular avrokuboklarda, digərləri çempionatda oynayır, bəziləri zədəlidir. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini görürəm. Onların daha da böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Qalib olmasaq belə. Çox əziyyət çəkdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə təşəkkür edirəm. Azər müəllimə, "Araz-Naxçıvan"a uğurlar arzulayıram".

Q.Qurbanov rusiyalı qapıçı Andrey Lunyovun transferi ilə bağlı da danışıb: "Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması özlərindən asılı olacaq. Ona ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik. Bir neçə gün vaxtımız var. Oyunqabağı məşqimiz oldu. Sabah və birigün məşqimiz olacaq. Məşqlərdə baxacağıq. Oyun təcrübəsi son vaxtlar olmasa da, təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə danışacağıq. Get-gedə qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik".

Q.Qurbanov çox güc sərf etdikləri bugünkü matçın "Olimpiya" ilə oyunqabağı səmərəli hazırlıq olduğunu bildirib: "Faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq, sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, iki gün əvvəl qayıtmışıq Bakıya. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də 6-da oyun oldu. Üç sutka keçməyib HİK-lə matçdan. Bizim borcumuzdur oynamaq. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördünüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədavi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də, komandaya da böyük təcrübə verir".

Baş məşqçi beş il əvvəl "Olimpiya" ilə oynamaları ilə bağlı isə deyib: "Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, xeyli sayda legioner Portuqaliyadandır. Portuqaliya və İspaniya futboluna dah yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, iki oyun maraqlı olacaq".

Q.Qurbanov "Sabah" və "Neftçi" avrokuboklarda mübarizəni dayandırdı, yoluna davam edən tək komanda sizsiz, əlavə məsuliyyət varmı" sualını belə cavablandırıb: "Bizdə məsuliyyətin olmadığı vaxt yoxdur. "Qarabağ"ın elə adı var ki, burada mütləq məsuliyyət olmalıdır. Bunu rəhbərlik də bizə bildirir, məndə və futbolçularda məsuliyyət çoxdur. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Oyunlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşdü. "Partizan"ın illərdir təcrübəsi var. İkinci hissəyə tam baxdım. Uduzsalar da, yaxşı oynadılar. Bu amil ola bilər ki, bizim məsuliyyətimizi daha da artırsın. Stimul həmişə var. Hamı "Qarabağ"lı olacaq. Biz də çalışacağıq ki, maksimum güc sərf edək ki, onları sevindirək".

Təvrübəli mütəxəssis daha bir transfer etmək istədiklərini bildirib: "Ola bilər ki, transfer olsun. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Əgər düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik".

Qurban Qurbanov Qaspar Panadero ilə yolları ayıracaqlarını qeyd edib: "Ayrılmaq qərarına gəlmişik. Əvəzedici komandadır. Sadəcə komanda taptıqda, buraxa bilərik. Yoxdursa, onun hüquqları var. Sona qədər məcburuq ki, müqaviləsinə əməl edək. Amma özünə bildirilib ki, komanda tapsa buraxacağıq".

Q.Qurbanov ardıcıl iki oyunda qol vuran Adama Diakabinin idman formasından razı olmadığını deyib: "Belə oyunlar futbolçuya da mənə də ümid verir. Baxmayaraq ki, iki oyunda qol vurub, bu gün də onun idman formasından razı deyiləm. Böyük potensiala malikdir, böyük liqalarda oyanyıb. Bu, davamlı olacaqsa, niyə də ondan istifadə etməyək? İnsanın özündən, peşəkarlığından da çox şey asılıdır. Daim çalışmalıyıq ki, stabilliyi qoruyub saxlayaq. Üç matçda qalib gəliriksə, 4-5-ci oyunda uduzmalı deyilik. Stabilliyi saxlasa, avrokuboklarda da oynamaq ehtimalı var". 


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner