Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən həftə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı Azərbaycan üçün uğurlu oldu. Yarışda sərbəst güləşçilərimiz 2 qızıl, 2 gümüş, 2 bürünc, qadın güləşçilərimiz 1 qızıl 1 gümüş, yunan-Roma güləşçilərimiz isə 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər.
Avropa çempionu olan təmsilçilərimizdən biri də Əliabbas Rzazadədir. 25 yaşlı sərbəst güləşçimiz karyerası ərzində bir çox turnirdə uğur qazansa da, ilk dəfə Avropa çempionu olub. Elə ona görə də bu dəfə məhz Əliabbas Rzazadə ilə həmsöhbət olduq.
- Avropa çempionu olduqdan sonra daha çox diqqət mərkəzindəsiniz. Oxucularımıza da sizin güləş yolunuz maraqlıdır. Necə oldu ki, güləşçi olmağa qərar verdiniz?
- Mən 8 yaşımdan güləşlə məşğul olmağa başlamışam. Həmin vaxt Astara rayonunda yaşayırdım. Mən Cəbrayıl Həsənovla eyni kənddənəm. O, dünya çempionatında yaxşı çıxış edirdi. Mənim güləşə başlamağım da elə həmin ərəfələrə təsadüf edirdi. Mən də Cəbrayıl Həsənov kimi güləşmək, çempion olmaq istəyirdim. Bundan sonra həvəslənərək güləşə getmişəm.
- Bu gün bu yerə gəlib çıxmağınızda kimlərin əməyi olub?
- Bu gün indiki yerdə olmağım bir çox səbəbkarı var. 5-ci sinifə qədər rayonumuzdakı məşqçilərin rəhbərliyi altında güləşlə məşğul olmuşam. Sonra idmanla Respublika Olimpiya İdman Liseyində davam etdirmişəm. Orada mənə Allahverdi Vəliyevin rəhbərliyi altında məşq edirdim. Onun mənim üzərimdə əziyyəti çox böyükdür. Orta məktəbi bitirdikdən sonra hazırkı şəxsi məşqçim Aslan Ağayevin rəhbərliyi altında yoluma davam etdim. Onun da üzərimdə əməyi böyükdür.
- Uğur yolunuzda hansı çətinlikləri görmüsünüz?
- Təbii ki, çox çətinliklərdən keçmişəm. Çünki 4-cü sinifi bitirdikdən sonra Respublika Olimpiya İdman Liseyinə gəlmişəm. Ailəmdən uzaqda yaşamışam. O çətinliklər nəyə desəniz, dəyər. Hələ bu gün də ailəmi istədiyim qədər görə bilmirəm. İdman yolu çox çətindir. Amma həm də şərəfli bir peşədir. Təsəvvür edin ki, 10 yaşlı uşaq ailəsindən uzaq düşür, ev yeməyi yox, ata, ana qayğısı yox. Bu, həyatımın ən çətin anlarından biri idi.
- Bəs, sizə ən çox kim dəstək olub?
- Əlbəttə ki, mənə ən böyük dəstəyi hər mənada ailəm göstərib. Müəllimlərim də yanımda olublar. Sağ olsunlar, sayələrində mən də onların ümidlərini doğrultmuşam.
- Avropa çempionatından danışaq. Heç təsəvvür edirdiniz ki, bu yarışda çempion olacaqsınız?
- Güclü olduğumu bilirdim. Amma başa düşürdüm ki, rəqiblərimdən çox güclüyəm. Yarışı udacağımı bilirdim. Lakin yalnız finalda qalib gələndən sonra dərk etdim ki, mən artıq Avropa çempionuyam.
- Sizi ilk kim təbrik etdi?
- Əvvəlcə ailəm təbrik etdi. Bu, çox gözəl bir hissdir. Həqiqətən də böyüklər arasında Avropa çempionu olmaq hər insana qismət olmur. Allaha çox şükür ki, mənə qismət oldu. Çox qürurlu, şərəfli bir işin öhdəsindən gəldiyimi düşünürəm. Amma bununla kifayətlənmək olmaz. Qarşıda bizi daha mötəbər yarışlar gözləyir.
- Ümumilikdə karyeranızın ən yaddaqalan, xüsusi görüşləri hansılardır? Bu barədə danışa bilərsinizmi?
- Karyeramda çətin görüşlərim çox olub. Bir dəfə Bakıda gənclər arasında Qızıl qran-pri turniri keçirilirdi. Finalda iranlı idmançı ilə güləşirdim. Tribunalar tam dolu idi, hər kəs mənə dəstək olurdu. Həmin iranlı idmançı o vaxtlarda bizim çəkinin lideri idi, dünya çempionu olmuşdu. Ona 13:11 hesabı ilə qalib gəldim. Görüş çox gərgin keçmişdi. Qarşılaşma başa çatandan sonra ikimiz üçün də həkim gəldi. İkimiz də bir neçə dəqiqədən sonra özümüzə gəldik. Çünki var gücümüzlə mübarizə apardıq. Çox yorulduq.
- Güləşdən başqa hansı sahəyə marağınız var? Hansı bacarıqlarınız var?
- İdmandan başqa əlimdən heç nə gəlmir (gülür). Güləşdən başqa idman dedikdə, futbol oynamağı sevirəm. Sözün açığı, indiyədək idmandan başqa hansısa bacarığımı yoxlamamışam. Mənim həyatım idmandır. Həyatımı idmana həsr etmişəm. Ona görə də düşünürəm ki, idmandan başqa heç bir bacarığım yoxdur.
- İdman dünyasından kimlərlə dostluq edirsiniz?
- Güləşçilərimizin əksəriyyəti ilə dostam. Çox idman növləri ilə məşğul olan insanlardan dostlarım var. İstər cüdo, istər karate. Güləşdə bir ailə kimiyik. Hər bir kəslə dostam, yaxınam. Onlar mənim qardaşımdır. Ailəmdən çox güləşçilərimizin üzünü görürəm.
- Formada qalmağınıza, qidalanmanıza necə diqqət edirsiniz? Bir idmançı nələrə nəzarət etməlidir?
- Biz çox vaxt təlim-məşq toplanışında oluruq. Daim intensiv və ciddi məşqlər keçirik. Rejimimizə, qidalanmamıza diqqət yetiririk. Sən idmançısansa, gecə həyatından, pis vərdişlərdən uzaq qalmalısan. Peşəkar idmançısansa, ümumiyyətlə, yuxuna, enerjinə nəzarət etməlisən, məşqlərə ciddi yanaşmalısan, verilən tapşırıqlara əməl etməlisən. Başqa yollarla ancaq müəyyən bir yaşa qədər gələ bilərsən. Ondan sonra bədən ciddi təzyiqlərə dözməyəcək və idmandan tədricən uzaqlaşacaq.
- Sizcə, bu gün Azərbaycanda idmanın, güləşin inkişafı üçün hər bir şərait yaradılıb? Hansı problemləri görürsünüz?
- Yığma komandada bizim üçün hər bir şərait yaradılıb. Amma bölgələrə nəzər saldıqda, şərait bir az zəifdir. Elə öz rayonumu misal gətirə bilərəm. Astara Olimpiya İdman Kompleksinin zalı digərlərinə baxanda bir az normaldır. Amma yenə də istədiyimiz kimi deyil. Dağıstan məktəbinə baxanda bizimkilər çox zəifdir. Astarada əvvəllər mənim məşq etdiyim yer indi bərbad haldadır. Əgər bölgələrimizdə Dağıstandakı kimi zallar tikilərsə, həqiqətən də çox yaxşı nəticələr əldə edərik. Düzdür, hər idmana başlayan peşəkar idmançı ola bilməz. Amma ən azından gəncləri pis vərdişlərdən uzaqlaşdıra bilərik. Sözümü bütün idman ictimaiyyətinə çatdırmaq istəyirəm ki, bölgələrdə idmana, zalların qurulmasına diqqət göstərsinlər. Uşaqlar üçün hamama, trenajor zallarına, gigyenik qaydalarına nəzər yetirsinlər ki, onlar xəstəliyə yoluxmasınlar, məşqlərdən qalmasınlar. Mən çox görmüşəm ki, uşaqlar məşq edirlər və dəri xəstəliyinə yoluxurlar. Bundan sonra da ailəsi o uşağı idmana qoymur. Bəlkə də həmin uşağın potensialı var. Amma ailəsinin gözü qorxub deyə mane olur. Bunlara diqqət göstərsələr, yaxşı olar.
- İdmana yeni başlayanlara və ya güləşlə məşğul olan gənclərə hansı məsləhətləri verərdiniz?
- İdmançı olmaq çox şərəflidir. Amma bir o qədər də pərdənin arxa tərəfi var. Bəlkə də gənclər bunu görsələr, idmana başlamazlar. Lakin idmanla məşğul olsalar, pis vərdişlərdən uzaq olarlar, sağlam olarlar. Tək güləşlə yox, gimnastika, üzgüçülük və digər idman növləri ilə məşğul olsunlar. Hər idmana başlayan Olimpiya dünya və ya Avropa çempionu olmur. Sadəcə ən azından pis vərdişlərdən uzaqda qalacaqlar, orqanizmləri sağlam formalaşacaq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi