Xəbər verdiyimiz kimi, AFFA dövlətdən klublara ayrılan 3 milyon manatla legioner transferinə qadağa qoymaq istəyir.
Bu haqda məlumat dünən Klublar Komitəsinin bəyanatından sonra üzə çıxdı. Qol.az-a daxil olan xəbərə görə, Klublar Komitəsinin aprelin 12-də keçirilən iclasında bununla bağlı gərgin müzakirələr keçib. Xüsusən komitənin sədri, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov bu ideyaya sərt müsasibət bildirib. Həmin toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da iştirak ediblər.
Sərxan Hacıyev və Elxan Səmədov
Klublar Komitəsinin yaydığı bəyanatdan da açıq hiss olunur ki, AFFA-dan bir mövsüm üçün 3 milyon alan klubların əksəriyyəti bu ideyadan narazıdır. Əvvəlcə rəsmi bəyanata diqqət edək. Sənəddə qeyd edilir ki, klublar Azərbaycanda yerli futbolçu qıtlığını nəzərə alaraq, əcnəbi futbolçuların xidmətlərindən istifadə etmək məcburiyyətindədir. Onlar qeyd edir ki, klublar yerli futbolçuların yetişdirilməsi ilə AFFA-nın və onun İcraiyyə Komitəsinin narahatlığını yaxşı başa düşür: "Lakin ani, yetərli qədər müzakirə predmeti olmayan və klubların həm daxili, həm də xarici arenalarda uğurlu çıxışını və hətta, mövcudiyyətini böyük təhdidlərlə üz-üzə qoyan qərarların qəbul edilmə imkanları qətiyyən qəbul edilə bilməz.
KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol “ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcək: "Bir daha, KK AFFA İK-dən klublar üçün həyati əhəmiyyət kəsb edən legioner futbolçularla bağlı məsələlərin və qərarların istər hazırlanması, istərsə də qəbulu məsələsində daha ciddi və dərin müzakirələrin aparılmasını xahiş edir".
Bəyanatda sərt tonlar var. İndi isə gəlin, onun açmasına baş vuraq. "KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol “ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcək". Bu cümlə onu deməyə əsas verir ki, həmin planı AFFA-nın rəhbərliyi klubların rəyini nəzərə almadan qəbul etdirmək istəyir. Yəni AFFA ağır iqtisadi durumda olan klubların fikrinə önəm vermədən, onları eşitmədən qərar qəbul etməyə hazırlaşır. Onlar fikirləşir ki, ayrılan 3 milyon manat pulla legionerlər alınmasa, klubların, çempionatın səviyyəsi qalxacaq.
Yəni gedin yerli kadrlardan istifadə edin. Problem də elə budur. Ölkədə yerli futbolçu sarıdan qıtlıq var. Klubların, mütəxəssislərin, medianın illərdir qaldırdığı bu problemi AFFA rəhbərliyinin eşitməməsi, ya da bilməməsi, təəccüb doğurur.
İkinci məsələ. Bəzi klublar ("Qəbələ", "Turan Tovuz", "Kəpəz" və s.) dövlətin ayırdığı 3 milyon manata güvənərək legionerlərlə müqavilə bağlayıb (aralarında 2 illik olanı var). İndi AFFA istəyir ki, növbəti mövsümdən 3 milyon manatdan legionerə pul ayrılmasın. Müzakirə edilmədən ortaya atılan bu düşüncəsiz ideyanın bir adı var: ağır durumda olan klublara arxadan zərbə vurmaq. O 3 milyondan asılı olan klub sabah müqaviləsi ilə olan legioner futbolçusuna borclu qalacaq, nəticədə iş FİFA-ya şikayətə və kluba sanksiya gətirib çıxaracaq. Çünki bu gün klubların çoxunun ümid yeri məhz o 3 milyondur, kənarda gələn cüzi məbləğlə klubu ayaqda saxlamaq mümkün deyil.
Üçüncü məsələ. Klub legioneri bura onun göz-qaşına aşiq olduğu üçün gətirmir. Hamı kimi onlar da nəticə qazanıb, Avropaya getmək, müəyyən gəlir əldə etmək istəyir. Amma bu nəticəni Premyer Liqada təcrübəsiz gənc yerli futbolçularla əldə etmək olarmı? Həmin oyunçulara güvənib Avropada uğur qazanmaq mümkündürmü? Bu anormal ideyanı ortaya atan AFFA rəhbərliyinin bu gerçəklikdən xəbəri yoxdurmu?
Bu planı bəlkə də 2-3 il sonra tətbiq etmək olar. Yoxsa, yuxuda nəsə görüb, səhər də qəfil radikal qərar vermək onsuz da çətin durumda olan klubları ağır vəziyyətə salar. Əlbəttə, söhbət hazırda yüksək maddi imkanlara malik "Qarabağ", "Neftçi", "Sabah" kimi klublardan getmir... O 3 milyon olmasa belə bu klublar istədiyi oyunçunu alıb klubu da saxlayacaqlar. Amma "Qəbələ", "Turan Tovuz", "Kəpəz" və sair. buna gücü yoxdur.
AFFA-nın uşaq futbolu, xaricə futbolçu satmayan klublara ayrılan puldan 150 min manat kəsilməsi ilə bağlı da fikri var. Bununla bağlı məsələlərə növbəti yazılarımızda toxunmağa çalışacağıq. Amma ümid edirik, federasiya tezliklə bu məntiqsiz ideyadan daşınar, klubların da indiki haqlı narahatlığı aradan qalxar.
ELNUR
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol