“Həmin veteranlar komandadan narazılıq yaratmağa çalışırlar” – "Kəpəz"in rəhbəri

“Həmin veteranlar komandadan narazılıq yaratmağa çalışırlar” – "Kəpəz"in rəhbəri
MÜSAHİBƏ 7 Fevral 2023 / 09:24 2878
-  A +

"Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri Qol.az saytının suallarını cavablandırıb

- Əvvəlcə “Kəpəz”in Misli Premyer Liqasında “Qarabağ”dan xal almasından (1:1) danışaq. Bu nəticə komandada özünəinamı artıra bilər?

- Çempionatın lideri olan “Qarabağ”dan xal almaq istənilən komanda üçün yaxşı nəticə sayılır. Bizim kimi uzun illərdən sonra Premyer Liqaya qayıdan komandanın futbolçularında isə təbii ki, özgüvən yaradır.

- Mövsümün ikinci yarısında “Kəpəz”dən hansı nəticəni gözləyirsiniz?

- Qış fasiləsindən sonra çempionatda ilk və ikinci beşlik uğrunda mübarizə gedir. Bizim hədəfimiz odur ki, mövsümün sonunda ikinci beşliyin birincisi, yəni 6-cı pillədə olaq. İkinci beşlikdə mübarizə aparan digər komandaların da hər biri 6-cı yeri tutmağa çalışacaq. Bunun bağlı baş məşqçimiz Tərlan Əhmədovla təlim-məşq toplanışında söhbətimiz olub.

- Köklü klublarımızdan olan “Kəpəz” bu gün sonuncu pillələrdədir. Bu yer sizi qane etmir, yoxsa mövcud şəraiti nəzərə alırsınız?

- “Kəpəz” yaxın 20 ildə ilk üçlükdə olmayıb. Bu məqam da var. Futbol getdikcə dəyişir, inkişaf edir. Bir neçə il bundan qabaq çempionluğa oynayan komandalar da başqa idi, onların səviyyəsi də fərqli idi. Hansı ki, bu gün onların çoxu heç Premyer Liqada yoxdur. Bu gün klubun imkanlarının geniş olması, maddi durumu komandanın çıxışına bilavasitə təsir edir. “Kəpəz” Premyer Liqaya yeni çıxıb. Mövsümün əvvəlində də fikrimiz var idi ki, komanda elitada möhkəmlənsin. Uğurlu çıxış etməkdən ötrü işlər kompleks şəkildə görülməlidir. Komandanın şəraiti, məşq bazası, sponsoru buna imkan verməlidir. Bunların hamısı bir-birinə bağlıdır. Hansısa olmayanda komandadan qeyri-adi uğur gözləmək doğru olmaz.

- Tərlan Əhmədovun baş məşqçi təyin olunması komandada canlanma yaratdı, amma nəticələrdə sabitlik çatışmır.

- Birinci sabitliyi özümüz yaratmalıyıq. Bunu yarada bilmiriksə, işimizə mane olur. Mənim əsas çalışdığım odur ki, klubda hər şey yerində olsun. Klubda da, əsas komandada da hər kəs öz işi ilə məşğul olsun. Hər kəs öz işinə görə cavab verməli, məsuliyyət daşımalıdır. Gəncədə bu mövzuda məsələ bir az daha fərqli və daha çətindir. Bilirsiniz ki, “Kəpəz”in tarixi, böyük azarkeş kütləsi var. Hansı ki, klubun hər bir addımı ilə - məşqi, uğuru, uğursuzluğu ilə çox yaxından maraqlanırlar. Gəncədə vaxtilə komandanın şərəfini qorumuş veteranlar var. Onlar da klubla yaxından maraqlanır, fikir bildirirlər. Bunlar hər biri əlavə fikirlər formalışdırır. Ona görə də, bəzən kluba aidiyyatı olmayan lazımsız söz-söhbətlər yaranır.

- Bu söz-söhbətlərin yaranmaması üçün nə etmək lazımdır?

- Biz klubun daxilində olan əməkdaşlara həmişə bildiririk ki, peşəkar müqaviləniz varsa, mətbuata fikir bildirməkdən uzaq olun. Bu kimi hallara yol verməmək üçün çalışırıq ki, həm futbolçular, həm də klubun əməkdaşları bir qədər mətbuata danışmasınlar. Amma gözləmədiyimiz yerlərdən elə söhbətlər çıxır ki, biz də nə edəcəyimizi bilmirik.

- Yəni komandada vəziyyətin düzəlməsi üçün birinci klubda intizam yaratmaq lazımdır?

- Deməzdim ki, klubda nizam-intizam yoxdur. Hər kəs öz işi ilə məşğul olur. Tərlan Əhmədov əsas, ikinci komandanın baş məşqçisi öz kollektivi ilə məşğuldur. Koordinator aşağı yaş qrupları üzrə komandalarla çalışır. Klubla maraqlanan müəyyən insanlar var ki, onların fikir bildirməkləri əlavə söz-söhbətlər yaradır.

- Sizcə, onlar kluba olan sevgilərindən tənqid edirlər, yoxsa əksinə, aranı qızışdırmaq istəyirlər?

- Burada fikirlər fərqlidir. Elə insanlar ki, klubu həqiqətən istəyir, elələri var ki, şəxsi maraqları üçün fikir formalaşdırmağa çalışır. Elələri də var ki, klubda işlə təmin olunmadıqlarına görə müəyyən narazılıq yaratmağa çalışırlar. Yəni yanaşmalar fərqlidir. Biz də bunların hamısını görürük. Ən əsası komandanın adıdır. Yəni komandanı şəxlərə görə formalaşdırmırıq. “Kəpəz”in adı hər bir şəxsdən üstün tutulmalıdır.

- “Səbail”lə oyundan sonra baş məşqçi Tərlan Əhmədov da gileyləndi. Komandanın içi, çölü, hər tərəfi söz-söhbət olduğunu, buna görə də kollektiv formalaşdırmaqda çətinlik çəkdiyini dedi.

- Bizim hər oyundan sonra Tərlan müəllimlə söhbətimiz olur. Oyunları müzakirə edir, çatışmazlıqlardan danışırıq. Komandaya dəvət olunanda Tərlan müəllimə demişdim ki, Gəncə, “Kəpəz” qıraqdan görünəndən də çətin, ağır yerdir və istənilən halda problemlərlə üzləşəcəksiniz. Özü də bu problemləri gördü. Hər oyundan, söz-söhbətlərdən sonra mən Tərlan müəllimə məsləhət görürəm ki, səbirli olmaq, ancaq komandadakı işlə məşğul olmaq lazımdır, bu söz-söhbətlərə baş qoşmağa ehtiyac yoxdur.

- “Kəpəz”də lazım olan şəraitin olmadığını dediniz. Kluba sponsorluq etmək istəyən yoxdur?

- Biz də bununla bağlı çalışırıq. Şəhər rəhbərliyinə fikrimizi bildiririk. İdarə heyətinin üzvü olan millət vəkili Müşfiq Cəfərov klubla yaxından maraqlanır. İdarə heyətinin üzvlərinə bildiririk ki, komandanın davamlı olaraq inkişaf etməsi üçün maliyyə ehtiyatlarımız geniş olmalıdır. Amma qısa müddətdə sponsor tapılması, hər hansı bir sahibkarın klubu öhdəsinə götürməsi nəinki “Kəpəz”, digər klublar üçün də o qədər asan məsələ deyil. Bunun üçün komanda davamlı olaraq Premyer Liqada uğurlu çıxış etməlidir. Şərait, stadion yaxşı olmalıdır ki, sponsorda maraq daha çox olsun. Bu məsələ ilə Futbolun İnkişafı Fondu ciddi məşğul olur. Biz onlarla tez-tez görüşlər keçiririk. Onlar da çalışırlar ki, region komandalarına dəstək olsunlar.

- Futbolun İnkişafı Fondu kluba hansı dəstəyi verir?

- Onlar kluba maddi dəstək olacaq şəxsi tapmağa vasitəçilik edirlər. Onların bizə bu işdə kömək etməsi sevindirici haldır. Çünki onlar daha peşəkar şəkildə böyük şirkətlərlə, müəsisələrlə danışıqlar aparırlar. Danışıqlar kompleks şəkildə gedir. Çalışırıq ki, Gəncədən olan iş adamları ilə görüşlər təşkil edək. Onları oyunlarımıza dəvət edirik, komandanın gələcəyi üçün hansısa sponsor tapaq.

- Hazırda “Kəpəz”ə yalnız AFFA vəsait ayırır?

- Bəli, dövlətin ayırdığı vəsait klublara bərabər şəkildə verilir. Bu vəsait çərçivəsində klubun fəaliyyəti formalaşıdırılıb.

- Ayrılan vəsaitlə klubun idarə olunması nə dərəcədə mümkün olur?

- Hazırda durum göz qabağındadır. O vəsaitlə ən yaxşı halda bu şəkildə komanda formalaşdırmaq olar. Bundan əskik olar ki, artıq olmaz. Bu gün o vəsaitlə başqa nəsə etmək reallığı əks etdirmir.

- Bir müddət əvvəl qəzalı vəziyyətdə olan Gəncə şəhər stadionun yerində başqa arenanın tikiləcəyi deyilirdi. Stadion məsələsi ilə bağlı yenilik var?

- Bu sarıdan vəziyyət bir az acınacaqlıdır. Fikirləşirik ki, bu məsələ hansı şəkildə həll oluna bilər. Stadionun sökülməsi, yaxud da kənarda tikilməsi ola bilər. Yəni stadion məsələsi hələ ki, açıq qalıb. Hələ bilinmir ki, stadion tikiləcək, ya yox. Dövlət tərəfindən tikilməsi mümkündür. Klubun da elə çox büdcəsi yoxdur ki, özünə yeni stadion tiksin.

- İndiki stadionun bərbası mümkünür?

- Bunun nə qədər reallığa yaxın olmasını deyə bilmərəm. Hər halda bunu layihəçilər qiymətləndirməlidirlər.

- Qəzalı vəziyyətdə olan Gəncə şəhər stadionuna 3 mindən artıq azarkeşin buraxılmasına icazə verilmir. Bu sarıdan problemlə üzləşmirsiniz?

- Bu mövsüm Premyer Liqa oyunlarımızda iki dəfə azarkeş sayı çox olub. Biri “Neftçi”, o biri isə “Qarabağ”la matçlarda. Bizdə bilet satışı var. Onunla azarkeşlərin sayına nəzarət olunur. Yəni bilet satışında limit keçilmir.

- Bu qış başqa transfer gözlənilir?

- Qış fasiləsində heyətə 5 yeni oyunçu cəlb edildi. Bu gün transfer çalışmalarından ən aktiv komanda bizim klubdur. Çünki komandadan gedən 6 futbolçunun yerinə 5 oyunçu gətirilib. Hansı ki, vacib olan mövqelər doldurulub. Düzdür, bizim kimi komandalara bundan sonra daha beş futbolçu ehtiyacdır, amma bu gün vacib olan, baş məşqçinin əvvəlcədən müəyyənləşdirdiyi mövqelərə oyunçular gətirə bildik.

- Milli komandamızın sabiq üzvləri Rauf Əliyevlə Əfran İsmayılov “Kəpəz”dən qalmaqallı şəkildə ayrıldılar və karyeralarını başa vurdular. Bu durumla bağlı fikirlərinizi bilmək istərdik.

- Raufla Əfran millimizin şərəfini qoruyublar, uğurlu karyeraları olub. İstəməzdik ki, hansısa narazılıq olsun. Onlarla hallaşdıq və xoş şəkildə ayrıldıq. Ümid edirəm ki, futbolçu olaraq uğurlu olduqları kimi bundan sonrakı futbol fəaliyyətləri də yaxşı olar. Onlarla görüşdüm. Komandadakı və ümumiyyətlə futboldakı fəaliyyətlərinə görə şəxsən təşəkkür etdim. Mənim fikrimi, komandanın mövqeyini başa düşdüklərinə görə də təşəkkür etdim. Sağ olsunlar ki, onlar da məni anladılar və fikirlərindən döndülər, komandadan ayrılmağa qərar verdilər.

- Əvəzedici heyətə göndərilən digər futbolçu Elvin Yunuszadənin aqibəti necə olacaq?

- Elvin komandadan vaxt istəyib. Hansısa başqa komandaya keçməsi gözlənilir. Bizdən vaxt istədi ki, formada qalmaq üçün məşqlərimi davam etdirməyə şərait yaradaq. Biz də hələ ki, bu imkanı ona veririk. Amma özünə bildirilib ki, baş məşqçinin planlarında deyil. İnanırıq ki, bu məsələ də çox uzun çəkməz.

- Gəncədə inşa olunan futbol akademiyasının nə vaxt istifadəyə veriləcəyi gözlənilir?

- Bunun dəqiq vaxtını deyə bilmərəm. Amma tikinti işləri ilin birinci rübündə yekunlaşacaq. Artıq son tamamlanma işləri gedir. Havaların bir az soyuq keçməsi iş prosedurunu ləngitdi. Amma istənilən halda işlər yekunlaşmaq üzrədir.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı