Qurban Qurbanovun narazı mesajı, AFFA və PFL-in reaksiyası...

Qurban Qurbanovun narazı mesajı, AFFA və PFL-in reaksiyası...
ÖLKƏ FUTBOLU 10 Noyabr 2022 / 13:51 8378
-  A +

Azərbaycan futbolunda süni meydanlarla bağlı məsələ yenidən gündəmə gəlib.

Zaman-zaman bu məsələni məşqçilər, mütəxəssislər və jurnalistlər tez-tez qaldırıblar. Onların fikrincə, süni meydanlar futbolçuların zədələnməsinə gətirib çıxarır. Azərbaycanın iqliminin Rusiya və Skandinaviya ölkələrindəki kimi çox soyuq olmadığını deyən mütəxəssislərə görə, bütün meydanlar təbii örtüklə əvəz olunmalıdır. Özü də təkcə böyük yox, həm də uşaq futbolunda. Lakin bununla bağlı məşqçilərlə AFFA arasında fikir ayrılıqları var. Təsadüfi deyil ki, problemin mövcudluğu barədə illərdir danışılsa da, federasiyanın xətti və dəstəyi ilə ən son üç meydanda (Tovuz, Bayıl və Şamaxı stadionlarında) quraşdırılan qazonun örtüyü süni olub. 

Həmçinin oxuyun: "Bu vəziyyətdən birdəfəlik çıxış yolu tapmaq lazımdır" - Qurban Qurbanov

Ölkəmizdə süni meydanların salınması ilə əsasən AFFA məşğuldur. Qurumdan bildirirlər ki, onların dəstəyi ilə salınan bütün süni örtüklər ən yüksək beynəlxalq standartlara uyğundur.

Qurban Qurbanov: "Birdəfəlik bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır"

Lakin o da qeyd edilməlidir ki, futbol federasiyasının bu mövqeyi süni meydanlarla bağlı narazılıqları zərrə qədər də azaltmır. Bir müddət əvvəl "Sabah"ın baş məşqçisi Murad Musayev bunun futbolçulara problem yaratdığını dilə gətirmişdi. Dünən isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da mətbuat konfransında şikayətlənib. "Turan Tovuz"la səfərdə süni örtüklü meydanda keçirilən matçdan sonra Ağdam klubunun baş məşqçisi deyib: "Tovuz şəhər stadionunun qazonu yeni olsa da, dəfələrlə demişəm ki, süni örtüyün tərəfdarı deyiləm. “Turan Tovuz”un 7 futbolçusu zədəlidir. Bu gün bizim heyətdə Marko Veşoviç ağrılar yaşadı. Birdəfəlik bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu cür meydanda oyundan sonra futbolçular yalnız 5-6 gündən sonra özünə gəlir. Mikrozədələr həddindən artıq çoxalır. Məncə, gələcəkdə bu məsələ ilə bağlı tədbir görülməlidir. Mən bütün stadionların qazonunun təbii olmasının tərəfdarıyam".

Ayxan Abbasov: "Komandanın heç olmamağındansa..."

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov isə hesab edir ki, hazırkı durumda komandanın heç olmamağındansa, süni meydanda oynayıb mövcud olması daha yaxşıdır. A.Abbasov həmkarı Qurban Qurbanovun bununla bağlı dediklərinə belə münasibət bildirib: "Təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Amma təbii ot örtüyü olub, komanda olmamağındansa, süni ot örtüyündə oynayan komandanın olması daha yaxşıdır. Bəzi legionerlər bura gələnə qədər heç vaxt süni meydançada oynamayıblar. Bütün bunlar maliyyəyə bağlı məsələdir. Təəssüf ki, indiki durumda rəhbərlikdən bunu tələb edə bilmərik. İnanıram ki, gələcəkdə tezliklə bu problem də yoluna qoyulacaq". 

Firuz Abdulla: "Süni örtüklər ən yüksək beynəlxalq standartlara uyğundur"

Bəs, ən son Qurban Qurbanovun qaldırdığı problemə futbol qurumlarının münasibəti necədir? Görünən odur ki, bu məsələdə tərəflər məsuliyyəti tam olaraq öz üzərinə götürmür. Məsələn, AFFA-dan bildirirlər ki, bəli, bəzi meydanları bu qurum salır, amma qərarı klublar və Peşəkar Futbol Liqası verir.

AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az saytının bununla bağlı sorğusuna cavab olaraq deyir ki, Premyer Liqada oyunlarını keçirəcəyi stadionları klublar özü təqdim edir, PFL tərəfindən də qəbul olunur: "Odur ki, klublar və PFL-dən mövqe öyrənsəniz, daha yaxşı olar". Qurum rəsmisi süni örtüklü meydanların durumundan isə razıdır. Onun sözlərinə görə, hazırda Premyer Liqada oyunların keçirildiyi bütün süni örtüklər ən yüksək beynəlxalq standartlara uyğundur və müvafiq sertifikatlara malikdir. 

Bəs, süni örtüklü meydanların yaxın gələcəkdə təbii otla əvəzlənməsi gözlənilirmi? AFFA rəsmisi bununla əlaqədar isə deyib: "Gələcəkdə bu məsələ ilə bağlı hər hansı yeniliklərin olub-olmayacağını indidən deyə bilmərəm". 

Aslan Şahgəldiyev: "Əsəs meydanı təbii örtük etməklə məsələ həll olunmur"

Peşəkar Futbol Liqası isə Qurban Qurbanovun fikirlərinə hörmətlə yanaşdığını bildirir, lakin problemin həlli üçün zamanın vacib olduğunu qeyd edir. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında deyir ki, süni meydanlarla bağlı məsələni izləyir və müzakirə edirlər: 

"Hər iki baş məşqçinin səsləndirdiyi fikirlərə hörmətlə yanaşırıq. Əlbəttə ki, bütün oyunların daha yaxşı, keyfiyyətli, təbii olan meydanlarda keçirilməsini biz də istərdik. Amma bütün bunlar ciddi maliyyə və zaman tələb edən məsələlərdir. Misal üçün bir neçə il əvvələ qayıtsaq, görərik ki, Zirə İdman Kompleksinin stadionu, “Kapital Bank Arena” süni örtüklü idi, eləcə də infrastrukturla bağlı ciddi problemlər vardı. Lakin illər keçdikcə çatışmazlıqlar aradan qaldırıldı. Bu gün Tovuz şəhər stadionu, Şamaxı şəhər stadionu, “ASCO Arena”nın ot örtüyü süni olsa da, yeni quraşdırılıb". 

Aslan Şahgəldiyevin fikrincə, zədələrin hamısını süni örtüklə əlaqələndirmək olmur: "Bu gün həm məşqlərini, həm də oyunlarını təbii meydana keçirən komandaların heyətində də zədəlilər var. Mövsüm uzun, qrafik sıxdır, zədələrin olması qaçılmazdır. Təbii ki, zədələrdə süni örtük amili də var və süni örtükdəki matçlardan sonra futbolçuların bərpası daha çox zaman alır. Bir məsələni də vurğulayım, təkcə oyunların keçirildiyi stadionun əsas meydanını təbii örtük etməklə məsələ həll olunmur. Əsas meydançadan əlavə, məşq meydanı da təbii örtüklü olmalıdır ki, futbolçular hər gün məşq edə bilsinlər. Çünki qarşılaşmaların keçirildiyi meydanda məşqlər keçirilsə, o meydanı yüksək səviyyədə saxlamaq mümkün olmaz.  Bilirsiniz ki, Şamaxı şəhər stadionunda 2-ci mövsümdür ki, Premyer Liqa oyunları keçirilir, “Turan Tovuz” isə uzun fasilədən sonra geridönüş edib". 

PFL-in vitse-prezidenti bildirir ki, süni örtük olan stadionlarda təkcə qazonlar yox, işıqlandırma və çəkiliş platformaları, eləcə də infrastrukturla bağlı digər məqamlar da diqqət mərkəzindədir. Onun sözlərinə görə, çatışmazlıqları aradan qaldırmaq üçün vaxta və planlı işə ehtiyacı var.

Nur Zeynalova,
Qol.az

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq