İşğaldan azad olunmuş bölgələrimizdə idmanın inkişafı - 1-ci hissə

İşğaldan azad olunmuş bölgələrimizdə idmanın inkişafı - 1-ci hissə
MEDİA 6 Sentyabr 2022 / 12:10 1595
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1-ci yazı

Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə 30 illik həsrətdən sonra Qarabağ erməni işğalından azad edilib.   Ölkə prezidenti İlham Əliyevin idmana qayğısının nəticəsidir ki, qısa müddət ərzində işğaldan azad olunan bölgələrimizdə infrastruktur yaradılmağa başlayıb və idman yarışları təşkil edilir. 

Təsadüfi deyil ki, Novruz bayramı ərəfəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan Suqovuşanda ilk genişmiqyaslı təlim məşq toplanışı keçirdi. Bu toplanışı cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəxsən izləməsi işğaldan azad edilmiş bölgələrdə idmanın inkişafına böyük diqqətin göstəricisi idi. Təbii ki, bu fərhləndirici və qürurverici haldır. Həmçinin, 6-7 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Prezident Kuboku” beynəlxalq reqatasının ilk günü də Suqovuşan su anbarında keçirildi. Turnirə Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq idmançı qatılıb. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kaoedə isə Türkiyə idmançıları birinci olublar. Dünya təcrübəsində idman yarışları adətən sülhün və sabitliyin də simvoludur. Belə bir turnirin təşkil edilməsi işğaldan azad edilən torpaqlara həm də sülhün və sabitliyin qayıtdığının nümayişi idi.

Qarabağda idmanı inkişaf etdirmək üçün “Qarabağ”ın vaxtilə ev oyunlarını keçirdiyi, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərindəki “İmarət” stadionunun yenidən qurulması da planlaşdırılır. Ermənilərin barbarcasına dağıdıb-tökdüyü, yerlə yeksan etdiyi “İmarət”in bir neçə il sonra ölkənin ən baxımlı, gözəl stadionlarından birinə çevriləcəyi gözlənilir. Elə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da öz açıqlamasında bildirmişdi ki, “İmarət”in bərpası ilə yanaşı, bölgədə yeni idman qurğularının, Olimpiya kompleksinin tikintisi planlaşdırılır: “Bu stadion 1952-ci ildə inşa edilib. Stadionun inşa edildiyi ərazi vaxtilə Pənahəli xanının atlarını gəzdirdiyi, nümayiş etdirdiyi bir ərazi idi. Pənahəli xan qonaqları gələndə orada özünün Qarabağ atlarını onlara göstərirdi. Biz şəhərin Baş Planında həmin ərazinin məhz cıdır, yəni at meydançası kimi bərpa olunmasını nəzərdə tuturuq. Stadionun isə müasir, idman məhəlləsi adlandırdığımız ayrı bir yerdə inşa edilməsini planlaşdırırıq. İlkin olaraq 15 min nəfərlik stadionunun inşası planlaşdırılır. Sırf futbol idman növü üçün nəzərdə tutulan stadionla yanaşı məhəllədə həm Olimpiya kompleksi, həm də Yay İdman Məktəbi və futbolçuların təlim məşq toplantı bazası kimi infrastruktur obyektlərinin tikilməsi nəzərdə tutulub. Layihə böyükdür və çox vacib layihələrdən biridir. Bu, təkcə Ağdam sakinləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün mühüm layihələrdəndir və buna görə də bu layihəyə çox diqqətlə yanaşırıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyinin böyük təşəbbüsü var. Nazirliyə əməkdaşlığa görə minnətdarıq. Hazırda onlar tərəfindən bir neçə variantda konsepsiya təqdim olunub və konsepsiyanın dəqiqləşdirilməsi üzərində iş gedir. Növbəti mərhələdə yəqin ki, işçi layihəsi hazırlanacaq. Bu elə məsələdir ki, burada dövlətlə yanaşı, həm klubun rəhbərliyi, həm klubun məxsus olduğu şirkət, eyni zamanda digər özəl sektor nümayəndələri də tərəfdaş kimi iştirak edə bilərlər. Bu, təkcə dövlət tərəfindən həyata keçiriləcək bir layihə olmamalıdır. Ona görə də özəl sektoru da bu işə cəlb etmək üçün artıq onlarla müzakirələrə başlamışıq. Yaxın dövr ərzində - birinci mərhələdə ən vacib layihələr sırasında bu layihə də icra olunacaq”.

Sözsüz ki, “İmarət” stadionunun bərpası bölgədə idmana marağı daha da artıracaq, inkişafı sürətləndirəcək, kiçikdən böyüyə hər kəsi idmanla məşğul olmağa həvəsləndirəcək. 

Qarabağda idmanın inkişafı ilə bağlı görülən və gələcək üçün planlaşdırılan işlər barədə Millət Vəkili Aqil Abbasın fikirlərini öyrəndik:

“Hələlik işğaldan azad olunmuş ərazilərimizdə tikinti və bərpa işləri gedir. Hazırda o bölgələrimizdə polislər və tikinti işlərini görənlərdən başqa heç kim yaşamır. Ağdamda “İmarət” stadionunun bərpası, 15 min nəfər tutumuna malik arena tikilməsi gözlənilir. Bu işlər Fizulidə də, Zəngilanda da olacaq. Lakin hazırda orada insan yaşamadığı üçün idman yarışlarının keçirilməsi də demək olar ki, mümkün deyil. Yəqin ki, Zəngilan rayonunun Ağalı kəndində idman obyekti inşa ediləcək. Artıq yavaş-yavaş oraya əhali köçməyə başlayıb. Əgər əhali köçürsə, artıq orada idman sahəsi inkişaf etdirilməlidir. Şuşaya da əhali köçürüləcək. Orada futbol yarışları üçün stadion yoxdur. Amma Şuşada voleybol, basketbol, güləş zalları açıla bilər. Yəqin ki, Gənclər və İdman Nazirliyi bu işləri planlaşdırır. Möhtərəm prezidentimiz İlham Əliyevin də idmana münasibəti yaxşıdır. Yəqin ki, onun da planında bu işlərin görülməsi var”. 

Tezliklə Qarabağda daha çox irimiqyaslı beynəlxalq turnirlərin, ölkə çempionatlarının, müxtəlif idman növlərinə uyğun yarışların təşkil ediləcəyinə inanırıq. 30 illik həsrətdən sonra Qarabağdan gələn qələbələrin, uğurların sədası və sevinci də böyük olacaq. 

Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər