“Qarabağdakı müharibə vaxtı çox stress keçirdim” - Xayme Romero

“Qarabağdakı müharibə vaxtı çox stress keçirdim” - Xayme Romero
MÜSAHİBƏ 9 Aprel 2022 / 10:45 3840
-  A +

“Qarabağ”ın futbolçusu Xayme Romero ölkəmizdə baxımlı oyun nümayiş etdirən legionerlərdən biridir. Ötən il sentyabr ayında Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Bazel”lə görüşdə (0:0) sıradan çıxan 31 yaşlı yarımmüdafiəçi uzun müddət vətəni İspaniyada müalicə olunurdu. Bugünlərdə Bakıya qayıdaraq yenidən komandasının düşərgəsinə qoşulan futbolçu Qol.az saytının suallarını cavablandırıb.

- Bilirik ki, zədənizi yeni sağaltmısınız. Hazırda özünüzü necə hiss edirsiniz? 

- Həqiqətən də zədəm çox ciddi idi. Belə zədələrin sağalması üçün uzun müddət lazım olur. Amma artıq işin çətin hissəsi geridə qalıb. İndi yaxşıyam. Gün keçdikcə özümü daha yaxşı hiss edirəm. 

- Bəs, uzun müddət sonra meydana çıxmağa hazırsınızmı? 

- Bəli. Məncə, artıq qısa müddət sonra meydana çıxa bilərəm. Amma burada əsas söz sahibi baş məşqçimiz Qurban Qurbanovdur. Nə vaxt uyğun görsə, o zaman oynamağa şans verəcək. 

- “Qarabağ"da vacib avrokuboklar oyunları ərəfəsində zədə almağınız ilk dəfə deyildi. Bundan əvvəl də belə bir hal baş vermişdi. Belə tez-tez ciddi zədələnməyinizin səbəbini nədə görürsünüz? Burda fiziki hazırlıqla bağlı hansısa məqam ola bilərmi?

- Ümumiyyətlə, “Qarabağ”a gəldiyim vaxtdan bəri ilk dəfədir ki, bu cür ağır zədə alırdım. Bundan əvvəl nisbətən ciddi zədəm topuğumda idi. Amma buna baxmayaraq, mövsümün qalan hissəsində normal şərtlərdə meydana çıxmaq imkanı əldə etmişdim. Heç bir oyunçu dizindən, topuğundan və ya başqa nayihəsindən zədə almayacağından sığortalanmayıb. Belə şeylər səndən asılı deyil, nəzarət etmək olmur. 

- Mövsümün başa çatmasına 7 tur qalıb. Ən yaxın rəqibinizdən - son çempion “Neftçi”dən 11 xal öndəsiniz. Ehtiyatda da 1 oyununuz var. Çempionluğu hiss edirsiniz? 

- İstər-istəməz turnir cədvəlinə baxanda, ümumi vəziyyəti analiz edəndə hamı belə düşünə bilər ki, artıq Premyer Liqanın taleyi həll olunub, “Qarabağ” artıq çempiondur. Amma bu, futboldur. İdmanda sona qədər mübarizə aparmaq lazımdır. Qətiyyən arxayınlaşmaq olmaz. Həqiqətən də çempion olmaq üçün böyük üstünlüyümüz var. Komanda yaxşı formadadır. Lakin vəziyyət riyazi cəhətdən həllini tapmayanadək qətiyyən arxayınlaşmaq olmaz. 

- Ümumiyyətlə, Azərbaycan Premyer Liqasının səviyyəsi haqqında nə düşünürsünüz? 

- Bunu deyə bilərəm ki, hələ Azərbaycana yeni gəldiyim vaxtlardan Premyer Liqa məni yaxşı mənada təəccübləndirmişdi. Buradakı komandaları məğlub etmək heç də asan deyil. Rəqiblər fiziki cəhətdən güclü və aqressivdirlər. 

- "Qarabağ"da uğurlu oyunlarınız az olmayıb. Ümumən Azərbaycandakı karyeranızı uğurlu sayırsınız, yoxsa sizcə, daha yaxşı ola bilərdi?

- “Qarabağ”a transfer olunmağımla bağlı həmişə özümə demişəm ki, yaxşı ki, bu komandaya gəldim. Heç vaxt bu haqda təəssüf hissi keçirməmişəm. Baş məşqçidən tutmuş klubda çalışan hər kəs daim mənə yaxşı münasibət göstərib. Ona görə də çox razıyam. Hər kəsə öz minnətdarlığımı bildirirəm. Amma bu klubda çətin dönəmlərim oldu. Bu, əsasən, koronavirus pandemiyası zamanı karantin qaydaları tətbiq edilən dövrə təsadüf edir. Hər kəs evə qapanmışdı. Ondan sonra isə Qarabağda müharibə başladı. Həmin vaxtlarda burada tək yaşayırdım. Ola bilər ki, yerli əhali bunu o qədər də hiss etməsin. Amma mənim üçün bu dövr çox çətin oldum. Çox stress keçirdim. Bəlkə də bu da mənim oyunuma öz təsirini göstərib. İstər-istəməz belə vəziyyətlər mənim futbola tam köklənməyimə mane olurdu. 

- Mövsümün sonunda “Qarabağ”la yolları ayıracağınıza dair xəbərlər dolaşır.  Bu haqda nə deyə bilərsiniz? 

- Belə məlumatların yayılması başadüşüləndir. Çünki mövsümün sonunda “Qarabağ”la müqaviləm başa çatacaq. Ona görə də bu cür xəbərlər yazılması normaldır. Yəni mənim getmək ehtimalım olduğu üçün belə məlumatlar yayılır. 

- Ümumiyyətlə, klub daxilində yeni müqavilə və ya yolları ayırmağla bağlı danışıqlar aparmısız? Sizin və klubun mövqeyi necədir? 

- “Qarabağ”da qalmağım yalnız məndən asılı deyil. Buna mən qərar vermirəm. Mövsümün sonuna qədər nə olacağını bilmirəm. İstənilən halda komandada keçirdiyim vaxt üçün kluba, baş məşqçimiz Qurban Qurbanova təşəkkür edirəm. 

- Özünüz də qeyd etdiniz ki, mövsümün sonunda müqaviləniz başa çatır. Hansısa klubdan təklif almısınızmı? 

- Xeyr. Heç bir təklif almamışam. 

- Qarşıdan Azərbaycan kubokunun yarımfinal oyunları gəlir. Bu mərhələdə “Qəbələ” ilə qarşılaşacaqsınız. Rəqiblər və yarış haqda nə deyə bilərsiniz?

- Premyer Liqanın matçları kimi ölkə kubokunun oyunları da bizim üçün vacibdir. Məqsədimiz Azərbaycan kubokunu qazanmaqdır. Komandadakı hər kəs Premyer Liqada olduğu kimi bu turnirə də ciddiyyətlə yanaşır. Kubok oyunları mənim üçün əlavə bir stimuldur. Çünki ağır zədədən yeni sağalmışam. Çempionatın başa çatmasına da az qalıb. Belə zədələrdən sonra oynamaq imkanı əldə etmək sanki tanrının sənə bir hədiyyəsidir. Kaş ki, mövsümün sonuna qədər daha çox oyun olardı, mən də meydana çıxmaq şansı qazanardım. 

- “Qarabağ”ın bu mövsüm həm Konfrans Liqasındakı, həm də Premyer Liqadakı çıxışını necə qiymətləndirirsiniz? 

- Bu mövsümü “Qarabağ” üçün uğurlu hesab etmək olar. Düzdür, hələ hər şey tam başa çatmayıb. Amma indiki vaxta qədər komandamız üçün hər şey yaxşıdır. Digər tərəfdən də Konfrans Liqasında uğurlu mövsüm keçirdik. Komanda çox yaxşı təsir bağışladı. Mən bu cəhətdən “Marsel”lə pley-off matçlarını xüsusi qeyd edərdim. Təbii ki, oyunu izləməyən hansısa azarkeş hesaba baxanda rəqibin asanlıqla qələbə qazandığını düşünə bilər. Amma bu, belə deyil. “Marsel” bir Avropa nəhəngidir. Düşünürəm ki, “Qarabağ” bu rəqiblə başabaş mübarizə apara bildi. 

- Gələcək planlarınız nədən ibarətdir? Hədəfləriniz nədir?

- Futbol oynamağa davam edəcəyəm. Hədəfim əvvəlkindən də daha güclü halda qayıtmaqdır. Ötən 6 ay ərzində çoxlu işləmək imkanı əldə etdim. Düşünürəm ki, əvvəlkindən daha güclü olacağam. Bu yolda səylə çalışıram. 

Nur Zeynalova

Daha çox


Son xəbərlər