“Ad dəyişmək yox, komanda sayını çoxaltmaq lazımdır” – Müsahibə

“Ad dəyişmək yox, komanda sayını çoxaltmaq lazımdır” – Müsahibə
MÜSAHİBƏ 11 Noyabr 2021 / 16:28 4511
-  A +

Azərbaycan millisinin veteran futbolçusu Bəxtiyar Musayevin Qol.az saytına müsahibəsi

-  Bu gün millimiz DÇ-2022-də son oyununu keçirəcək. Komandamız Lüksemburqla qarşılaşacaq. Ümumiyyətlə, yığmamızın DÇ-2022-dəki bugünə qədərki çıxışına münasibətiniz necədir?

-  Çox təəssüf ki, Azərbaycan millisi indiyə qədər seçmə mərhələlərdəki ən zəif çıxışını nümayiş etdirdi. Buna heç nə ilə bəraət qazandırmaq olmaz. Turnir cədvəlində də sonuncuyuq. Yığmanın oyununda heç ümidverici bir şey də görmədik. Yəni qığılcım görünmürdü. Bu dəfə həddindən artıq pis çıxış etdilər. 

-  Bu ay baş məşqçi Canni de Byazinin AFFA ilə müqaviləsi başa çatır. Millimizin sabiq oyunçusu kimi sizin fikriniz necədir? Bundan sonra komandaya hansı mütəxəssis rəhbərlik etməlidir? Yenə də De Byazi, yerli, yoxsa başqa bir əcnəbi məşqçi?

-  Ötən il Millətlər Liqasında da göründü ki, De Byazi yığmada heç nəyə nail ola bilməyəcək. O, hər hansı bir yenilik etmədi. De Byazi ilə yeni müqavilə imzalamaq heç bir məntiqə sığmaz. Millətlər Liqasında Kiprə qalib gələndən sonra bir az əhval-ruhiyyə yüksəlmişdi. Amma diqqət yetirmək lazım idi ki, Kipr millisi həmin vaxt həddindən artıq zəif idi. Kiprin bir sıra aparıcı futbolçuları oynamırdı. O zamanlar bəzi insanlar bu qələbəni Kiprin çox zəif olması ilə yox, Azərbaycan millisinin yaxşı oynaması ilə əlaqələndirdilər. Futbolu bilən insanlar belə düşünməz. 

-  Yerli məşqçilərin milliyə gətirilməsi ilıə bağlı fikirlər daha çoxdur. Bir mütəxəssis kimi siz kimi millidə görmək istərdiniz?

-  Mən yalnız bir nəfərin adını çəkə bilərəm, o da Qurban Qurbanovdur. Təəssüflər olsun ki, 2018-ci ildə yığmanın Millətlər Liqasındakı çıxışından sonra onunla müqaviləyə xitam verdilər. Mənə görə Qurban Qurbanov adı çəkiləsi yeganə şəxsdir. Çünki o, illərdir ki, futbolda hansı işlər görmək lazım olduğunu göstərir. Əgər milliyə Nikola Yurçeviç, Canni de Byazi kimi məşqçiləri gətirəcəklərsə, ondansa elə püşk atıb, bizim istənilən bir mütəxəssisimizi baş məşqçi qoysunlar. Bu, daha yaxşıdır. Berti Foqts, Yurçeviç, De Byazi kimi məşqçilərə pul  xərcləməyin mənası yoxdur. 

-  Amma mətbuatda Türkiyəli mütəxəssislərlə danışıqların aparıldığına dair məlumatlar var. Onlar özləri də Türkiyə mətbuatına açıqlamalarında belə danışıqların olğunu təsdiqləyiblər. Sizin fikrinizcə, bu gün millimizin türkiyəli məşqçiyə tapşırılması nə dərəcədə uğurlu qərar olar?

-  Bəli, mən də mətbuatı oxuyuram. Bu xəbərləri görmüşəm. Mənə elə gəlir ki, od olmayan yerdən tüstü çıxmaz. Yəqin danışıqlar gedir ki, belə xəbərlər yayılır. Düzü, kadr yoxdur. Futbolumuzda görüləsi çox iş var. Bizim milliyə nəinki türkiyəli mütəxəssis Qvardiola da, Konte də gəlsə, heç bir uğur qazana bilməz. Birdən-birə futbolumuzu inkişaf etdirmək olmaz. De Byazi kimi məşqçilərlə də irəliyə heç bir addım atılmayacaq. Əsas uşaq futboluna ciddi diqqət yetirmək lazımdır. Klublarda da futbolu bilən, düzgün çalışan mütəxəssislər olmalıdır. 

-  “Keşlə” klubunun adı “Şamaxı” ilə əvəzləndi və komanda gələn ildən həmim rayona köçürülür. Sizcə, bu, bölgə futbolunun inkişafına nə dərəcədə kömək edəcək?

-  Şamaxıda, Masallıda, Lənkəranda, Zaqatalada, Tovuzda, Gəncədə klublarımız olmalıdır. Bu bölgələr futbol ənənələri olan yerlərdir. Həmin yerlərdə klublar olanda valideynlər də uşaqlarını sevə-sevə futbola yönləndirər. Amma ad dəyişdirməklə komanda sayı artmır. Yəni süni şəkildə bölgələrə futbol daşımaq olmaz. Qoy Şamaxıda da komanda olsun. Oradakı insanlar oyunları izləsinlər. Bəlkə neçə-neçə uşaq oyunlara baxacaq və onlarda futbola həvəs yaranacaq. Amma komanda sayını çoxaltmaq lazımdır. Futbol idmanın şahıdır. Ona görə də ikişaf etməlidir. Hazırda Azərbaycanda uşaq futbolu bərbad səviyyədədir. Biz oynadığımız dövlərdə 17-18 yaşlı futbolçular əsas liqada çıxış edirdi. Amma 21-22-23 yaşlı futbolçularda perpektiv axtarırlar. Mən özüm elə 17-18 yaşlarımda “Neftçi”nin heyətində SSRİ çempionatında oynayırdım. 

-  Biz sizi həm də təcrübəli skaut kimi tanıyırıq. Hazırda Azərbaycan futbolunda diqqətinizi çəkən yeni, gənc futbolçular varmı? 

-  Əslində siz bu sualı verəndə avtomatik ağlıma bir neçə futbolunun adı gəlməli idi. Amma elə deyil. Deməli, o qədər də güclü futbolçular yoxdur. Müəyyən qədər “Sumqayıt”dan Səbuhi Abdullazadə və Rüfət Abdullazadənin, “Qarabağ”dan isə Musa Qurbanlı və Toral Bayramovun adını çəkə bilərəm. Onların potensialı həqiqətən yaxşıdır. Amma Toralın özünün də 20 yaşı var. Bizə isə artıq 17-18 yaşında perspektivli oyunçular lazımdır.

-  Sabiq klubunuz “Neftçi”nin transfer siyasəti tez-yez tənqid olunur. Buna münasibətiniz necədir?

-  “Neftçi” bu yay transferlər etməkdə gecikdi. Bununla da onlar həm Çempionlar Liqası, həm Avropa Liqası, həm də Konfrans Liqası ilə vidalaşdılar. “Qarabağ”la son oyunlarını  izlədim. Gördüm ki, ehtiyat oyunçular skamyasında oturan futbolçuların əksəriyyəti bu yay transfer olunanlardır. Yəni hələlik özlərini tam doğrultmayıblar. Mən istərdim ki, “Neftçi” kimi bir komanda “Qarabağ”la layiqli mübarizə aparsın. Ötən mövsüm son turadək mübarizə getdi. Biz də keyfiyyətli oyunlar, futbolçular görmək istəyirik. Yaxşı futbolçular olsa, bizim gənclər və digər yerli oyunçularımız onlardan nəsə öyrənə bilərlər. Mübarizə, rəqabət olmasa, nə “Qarabağ” inkişaf edəcək, nə də “Neftçi”. 

Nur ZEYNALOVA

Daha çox


Son xəbərlər