Medianın İnkişafı Agentliyinin layihəsi
Oktyabrın 19-da 47 yaşında koronavirusdan dünyasını dəyişən Elnur Əşrəfoğlu Azərbaycan idman jurnalsitikasının formalaşmasında ən çox əməyi keçən şəxslərdən, parlaq simalardan biri idi. 29 il jurnalist kimi fəaliyyət göstərən Elnur Əşrəfoğlu layihələri, gördüyü işləri ilə insanları televiziya qarşısına cəlb etməyi bacarıb. O, apardığı verilişlər, şərhçilik qabiliyyəti, intelektuallığı sayəsində yeniyetmələrdə jurnalistikaya həvəs, idmana maraq yaratmağı bacaran azsaylı insanlardan biri kimi yadda qalıb.
Bakı Dövlət Universietinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirən Elnur Əşrəfoğlu “525-ci Qəzet”, “7 Gün”, “Azərbaycan” kimi qəzetlərdə çalışıb. O, 1993-2009-cu illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Elnur bu 16 il ərzində müxbirlikdən idman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksəlib. Həmçinin o, “Olimpiya” İnformasiya Agentliyinin və olimpiya.az portalının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olub. Elnur “Space TV”nin İdman Departamentinin rəhbəri vəzifəsində işləyib. Elnur Əşrəfoğlunun AzTV kanalında yayımlanan “Sport digest” əyləncəli idman proqramı minlərlə insanın rəğbətini qazanıb. O, tarixə Azərbaycanın xarici ölkədən futbol reportajı aparan ilk şərhçisi kimi də düşüb. Elnur Əşrəfoğlu 1996-cı ildən etibarən bütün Yay Olimpiya Oyunlarında idman jurnalsiti kimi fəaliyyət göstərib. Həmçinin o, 3 dəfə Qış Olimpuya Oyunlarını canlı izləyib və orada öz işini yerinə yetirib. Elnur Əşrəfoğlu 2009-cu ildən funksioner kimi də çalışıb. O, “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olub. Elnur Əşrəfoğlunun son iş yeri isə Azərbaycan Cüdo Federasiyası olub. O, burada Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edib və son 3 ildə isə baş katibin müavini vəzifəsini icra edib.
Elnur Əşrəfoğlu haqqında onun həmkarlarının da fikirlərini öyrəndik. ATV kanalının İdman Departamentinin rəhbəri İlkin Xəlilov Elnur Əşrəfoğlunun onun xatirəsində şən və zarafatcıl bir insan kimi qalacağını deyib:
“Bir çoxları kimi mən də Elnur Əşrəfoğlunu televiziyadan tanımışam. O, bizim hər birimizdən əvvəl televiziyaya, jurnalistikaya gəlib. Elnur 1995-ci ildə AzTV-də “Sport digest” verilişini apararkən mən hələ orta məktəbin sonuncu sinifində oxuyurdum. Yəni, mən Elnuru efirdən tanımışam. O dövr üçün “Sport digest” teleməkanda böyük bir mədəni inqilab etmişdi. Həqiqətən həmin vaxt bu cür formatda veriliş hazırlamaq böyük bir cəsarət tələb edirdi. Elnur isə vur-tut 20-21 yaşlarında bunu bacarmışdı. Sonradan 1999-cu ildə artıq mən də jurnalistikaya gəldim və Elnurla münasibətlərimiz daha da yaxınlaşmağa başladı. 2005-2006-cı illərdən isə sıx münasibətimiz oldu və artıq dostluq müstəvisinə keçdi. Mənim Elnurla təxminən 15 illik yoldaşlıq, dostluq münasibətim var idi.
İlkin Xəlilov
Bizim bir yerdə çox xatirələrimiz olub. Həm pis, həm yaxşı günlər keçirmişik. Bizim jurnalist komandamız var idi. Həmin komanda ilə birgə çoxlu səfərlərimiz olub. Bu səfərləri də özümüz təşkil edirdik. Bəzi dostların, təşkilatların köməyi ilə Ukraynada, Moldovada, Belarusda, Rusiyada olmuşuq. Hər səfərimiz özü bir aləm, xatirə idi. Bizə film kimi gəlirdi. Elnur Əşrəfoğlu çox pozitiv insan idi. Onun adını eşidəndə ilk ağlıma gələn zarafatları olur. Bəzən bizim zarafatlarımız bütün müstəviləri keçirdi. Onunla mənim düşüncələrim üst-üstə düşürdü deyə birlikdə dostlarımızla ağlasığmaz zarafatlar edirdik. Təbii ki, bunlar xoşniyyətli, intelektual olurdu. Bəzən həmin adam düşünürdü, 2-3 gün sonra bilirdi ki, biz onunla zarafat etmişik. Elnur çox dostcanlı, yoldaşcanlı, liderlik xüsusiyyətlərinə malik bir şəxsiyyət idi. O, dostlarını bir araya yığmağı, məclisləri çox sevirdi. Hərdən saatlarla oturub, deyib-gülürdük. Elnurun gedişi nəinki idman jurnalistikası, ümumilikdə Azərbaycan jurnalistikası üçün çox böyük itkidir. O, təxminən 20 il televiziyada şərhçi kimi fəaliyyət göstərib. Böyük bir nəsil onun şərhlərini dinləyib. İnsanların əksəriyyəti də onu bəyənib, sevib. İndi hamı onu xoş xatirələrlə anır. Hamının Elnurun ölümünə necə məyus olduğu açıq-aşkar görünür. Allah rəhmət etsin. Biz bir dost, qardaş itirdik. Elnurun yeri hər zaman görünəcək. Azərbaycan jurnalistikasında uzun illər onun yerini dolduracaq bir şərhçi olmayacaq”.
ATV kanalında idman xəbərlərinin aparıcısı, tanınmış jurnalist Sənan Şəfizadə də Elnur Əşrəfoğlu ilə görüşlərini və söhbətlərini yada salıb:
“Elnur Əşrəfoğlu xatirəmdə hər zaman şən, zarafatcıl, işinin peşəkarı olan bir insan kimi qalacaq. Elnur nadir insanlardan idi ki, onunla bütün mövzularda söhbət etmək olurdu. Yəni bu insanla italiyan musiqisindən tutmuş, Azərbaycan, dünya idmanına, Maradonanın karyerasına, Pelenin qollarına, Anatoli Banişevskinin karyerasınadək danışmaq mümkün idi. Elə bir sual olmurdu ki, Elnur onun cavabını bilməsin. Hərdən elə olurdu ki, çətinliyə düşəndə Elnura yazırdıq ki, bu şəkildəki hansı oyunda vurulan qoldur? Biz Elnurla son aylarda çox söhbət edirdik, tez-tez görüşürdük, dərdləşirdik. Elnurun çox fikri, planları var idi. Deyirdi ki, imkan olsa, Parisdəki Yay Olimpiya Oyunlarına birlikdə gedək. Onunla xatirələrim çoxdur. Həm də Elnur müstəqil Azərbaycanın idman jurnalistikasının əsas simalarından biridir. O, ilklərdəndir. Elnur Azərbaycan idman jurnalistikasının inkişafı adına çox böyük işlər görüb. Onun ölkədə ilk idman kanalının - “İdman Azərbaycan”ın (hazırkı İdman TV - red.) formalaşmasında, yüksəlməsində çox böyük əməyi var. Elnur hafizəmdə daha çox gülüş və zarafatla qalıb. Onun ölüm xəbərini alanda da inanmırdım. Mənə elə gəlirdi ki, bu, bir zarafatdır. Çox istəyərdim ki, Elnurun xəbəri elə onun bizə etdiyi zarafat olsun. Elnur xəstəxanada müalicə alarkən qan vermək lazım olanda biz dostlarımızla birgə gedib, qan verdik. Mən və daha bir şəxsdən qan götürmədilər. Çünki bizim allergiyamız var idi. Ancaq zarafatlaşırdıq ki, Elnur sağalıb, qayıdanda deyəcək ki, Sənan mənə qanını vermədi e. Yəni, o, bu dərəcədə zarafatcıl bir insan olub. Elnur həyat dolu, ailəsevər bir şəxsiyyət idi. O, dostlarına çox qayğı göstərirdi”.
Şəfizadə bildirib ki, Elnur Əşrəfoğlu jurnalistikada bir çox insan kimi onun da kumiri olub: “Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycan jurnalistikasında bəzi insanlar var ki, onlar hamının kumiri olub. Elnur da onlardan biri idi. Mən 2000-ci ildə jurnalistikaya gələndə artıq Elnur Əşrəfoğlu tanınırdı. O, Azərbaycanın media çapında bir imza idi. Bir şeyi danışmaq istəyərdim. 2012-ci ildə ATV kanalında İspaniya Superkuboku oyununu yayımlanmışdı. O görüşdə “Real” və “Barselona” qarşılaşırdı. Həmin matçın canlı yayımını da Elnur Əşrəfoğlu təşkil etmişdi. Yəni, ATV kanalı İspaniya Superkubokunu heç bir pul ödəmədən yayımlayırdı. Bu, Elnurun şəxsi əlaqələri sayəsində həll olunmuşdu. Elnur mənə dedi ki, matçı birlikdə şərh edək. Mən isə ehtiyac yoxdur cavabını vermişdim. Çünki Elnur tanınırdı, mən yox. Amma o, dedi ki, birlikdə şərh edək. Nəticədə oyunu ikimiz şərh etdik. Təbii ki, şərhimiz ATV-nin studiyasından idi. 32-ci dəqiqədə hesab 0:0 olarkən monitor söndü. Mən özümü itirdim. Amma gördüm ki, Elnur danışır. 1 dəqiqə sonra monitorumuz bərpa edildi. Elnur elə rahat danışırdı ki, elə bil ATV-nin studiasında deyil, oyunu stadiondan şərh edir. Onun bu cür peşəkarlığı var idi. Onun adı gələndə Bakıda keçirilən Azərbaycan - İtaliya matçı da yadıma düşür. Elnur həmin oyunun şərhçisi idi. O oyunda demişdi ki, Del Pyero cərimə zərbəsi zamanı usta davranan futbolçudur və onun zərbələrinin onundan doqquzu qol olur. Həmin matçda elə Del Pyero cərimə zərbəsindən sonra qol vurmuşdu”.
Sənan Şəfizadə Elnur Əşrəfoğlunun dostlarına tez-tez surprizlər etdiyini də vurğulayıb: “Elnur bilirdi ki, mən bizim teatr səhnəmizin ustad sənətkarlarından biri İlham Namiq Kamala çox böyük hörmət bəsləyirəm. Mən onun tamaşalarını çox sevirdim. Bir dəfə Elnur bizi məclisə dəvət etdi. Mən soruşdum ki, orada kimlər olacaq? O, ad çəkmədi. Amma məclisə daxil olanda gördüm ki, məni İlham Namiq Kamal salamlayır. Bu, çox xoş bir surpriz idi. Elnur belə surprizlər etməyi çox sevirdi. Mən İlham Namiq Kamalla onun sayəsində tanış oldum. Elnurun İlham bəylə çox yaxın dostluğu var idi. Ümumiyyətlə, o, həm mədəniyyət, həm də idman sahəsindən olan çox insanla dostluq edirdi.
Elnurla bizim son görüşümüz avqustun 28-i olub. Sonra mən MDB oyunlarına görə Kazana ezam olundum. Görüş zamanı Azərbaycan televiziyasının görkəmli rejissorlarından İsfəndiyar müəllim gecikmişdi. Elnur da zarafatla dedi ki, mən öləndə də İsfəndiyar mənimlə vidaya gecikəcək. Elnurun dəfn mərasiminə İsfəndiyar müəllim hamıdan əvvəl gəlmişdi…
Elnur Əşrəfoğlu deyəndə çox hadisə yadıma düşür. O, fenomenal yaddaşa malik idi. Elnur Azərbaycan millisinin, həmçinin klublarımızın bütün oyunlarının hansı hesabla bitdiyini, qolların müəlliflərini xatırlayırdı. Onun Banişevski ilə bağlı xatirələri var idi. Elnur müstəqil Azərbaycanımızda bütün Olimpiya Oyunları zamanı səfər etmiş yeganə jurnalist idi. O, həmişə fəxrlə söyləyirdi ki, işi ilə əlaqədar 102 ölkədə olub. Biz bir dəfə İlkin Xəlilovla birgə Elnurla zarafatlaşırdıq ki, ola bilməz ki, 102 ölkəyə səfər edəsən. O da dedi ki, siz mənim 102 ölkədə olmağıma inanmırsınız? Biz də cavab vermişdik ki, dünyada elə 200 ölkə var. Necə olur, sən 102-sinə səyahət edirsən? Bizim məclisimiz bitəndən sonra o, gecə saat 2-nin yarısında mənə mesaj yazdı ki, 102 ölkəyə getməyimə inanmırsınız, amma indi xahiş edirəm, sayın. O, xarici pasportunda olan möhürlərin sayını göndərirdi. Elnur dedi ki, bu vəziyyət düzəlsin, pandemiya başa çatsın, mən həmin sayı 110-a çatdıracağam”.
Sənan Şəfizadə
Şəfizadə mərhum jurnalistin övladlarına çox qayğı göstərdiyini, onlara vaxt ayırdığını, həmçinin futbol oynamağı sevdiyini bildirib: “Elnur idman yarışlarına baxmağı çox sevirdi. İmkan olduqca canlı, imkan olmayanda isə evdə televiziyadan izləyirdi. O, müxtəlif kanallara baxırdı. İtaliya, İspaniya, Almaniya televiziyalarını izləyirdi. Elnurla çoxlu müzakirələr edirdik. Xarici televiziyalarda bəzi proqramlara baxıb, deyirdik ki, bu veriliş niyə bizdə olmasın? Müəyyən proqramlarla da bağlı tənqidi fikirlərimiz olurdu. Son zamanlar tənqidlərimizi öz aramızda deyirdik, sosial şəbəkələrdə yazmırdıq. Çünki həmkarlarımızdan kimsə inciyə bilərdi. Elnurun çox böyük fikirləri var idi.
Elnurun 1 qız və 1 oğlan övladı var. Adları Zöhrə və Mətindir. Onunla ən çox oğlundan danışırdıq. Bakıdakı idman yarışlarının əksəriyyətinə oğlu Mətini aparırdı. O, Mətinin yaxşı qapıçı olmasını istəyirdi. Bir dəfə də uşaqları futbola aparmışdıq ki, məşq etsinlər. Məşq başa çatandan sonra hətta özü zərbə vururdu ki, Mətin topları qaytarsın. Elnurun özünün də yaxşı futbol oynamaq qabiliyyəti var idi. Həftənin 2 və 5-ci günləri Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında yerləşən stadionda dostları ilə futbol oynayırdı. O, çox vaxt hücumçu mövqeyində çıxış edirdi və qollar vuraraq bombardir olurdu. Elnur uduzmağı heç sevmirdi. Təsəvvür edin ki, oyun başa çatmışdısa və onun komandası uduzmuşdusa, o komanda evə gedə bilməzdi. Paltardəyişmə otağında Elnur dostlarını danlayırdı ki, burada səhvə yol verdik. Hətta adi oyunda belə qalib gəlməyi sevirdi. O, məğlubiyyəti qəbul etmirdi. Uduzanda bir neçə gün həmin matçın təsiri altında olurdu”.
Aparıcı Elnurun onunla etdiyi zarafatları da yada salıb: “Məni tanıyanlar bilir ki, piyada gəzməyi çox sevirəm. Bu, həm qan dövranına kömək edir, həm də idman etmiş oluram. Elnur da gəzməyi sevdiyimi bilirdi. O, həmişə mənlə zarafat edirdi ki, məclis quranda, görüşəndə səni 1 saat əvvəl çağırım, ya 30 dəqiqə əvvəl? Sən nə vaxta çatacaqsan? Bir dəfə mənə görüş saatını yarım saat əvvəl hesablayaraq demişdi, mən isə hələ 1 saat da gecikdim. Mənimlə zarafatlaşırdı ki, piyada gəzərək guya nə etmək istəyirsən? Məndən bir neçə il çox yaşayacaqsan? Özünə yazığın gəlmirsə, heç olmasa ayaqqabılarına yazığın gəlsin, sən Useyn Bolt deyilsən. Yəni, Elnur mənimlə çox zarafat edirdi. İnsanı çox vaxt yolda tanımaq olur. Elnur əsl yol yoldaşı idi. Dəfələrlə səfərlər etmişik və bizimlə birgə gedən insanların çətinliklə üzləşdikləri hallar olub. Belə olanda Elnur hər kəsə kömək edirdi. Onun itkisini qəbul etmək çox çətindir. Dəfndən sonra da düşünürəm ki, axı necə ola bilər ki, Elnur gedər. Elnur özü haqqında deyirdi ki, mən heç olmasa, 65-70 yaşadək yaşayacam, sən də məndən 1 il çox yaşayacaqsan. Çünki məndən çox piyada gəzmisən. 47 yaş heç nə idi. Azərbaycan idman jurnalistikası sütunlarından birini itirdi”.
Nuriyə ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi