“Milliyə dəvət olunmamağımda günahı özümdə axtarıram” – Vüsal İsgəndərli

“Milliyə dəvət olunmamağımda günahı özümdə axtarıram” – Vüsal İsgəndərli
MÜSAHİBƏ 6 Oktyabr 2021 / 14:53 2074
-  A +

Türkiyə 1-ci liqasında çıxış edən “Keçiörengücü” klubunun azərbaycanlı oyunçusu Vüsal İsgəndərlinin Qol.az saytına müsahibəsi 

- İşlərin necə gedir, komandaya tam uyğunlaşmısan?

- Şükür Allaha, hər şey yaxşıdır. Bircə problem nəticə, sonuncu yerdə olmağımızdır. Onun da üzərində işləyirik. Əslində nəticələr də pis olmalı deyildi. Sadəcə, şanssızlıq oldu, qol imkanlarından yararlana bilmədik. Komandaya tam uyğunlaşmışam. İnanıram ki, milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra daha yaxşı olacam.

- Türkiyə həyatı necədir?

- Burada da hər şey bizdəki kimidir. Yeməkləri, həyat tərzi eynidir. Klub mənə ayrıca ev tutub. Gələn gündən orada qalıram, rahatdır. Məşqə gedirəm, oradan evə qayıdıram. Əlavə məşqlərə də gedirəm. Hər şey qaydasındadır. Demək olar ki, Türkiyə ilə Azərbaycanda eyni ölkə kimidir. Hər şey eyni olduğuna görə çətinlik çəkmədim.

- Bizim futbolcularda legioner həyatı yaşayanda müəyyən çətinliklər çəkirlər. Darıxmaq kimi. Səndə vəziyyət necədir?

 - Mən Türkiyəyə gəlməmişdən əvvəl də bilirdim ki, ailəmdən aylarla uzaq qalacam. Hələ ki, darıxmaq yoxdur. Bu, bizim işimizdir. Ailəmlə demək olar ki, hər gün görüntülü danışıram. Əsas odur ki, yaxşıdırlar. Mənim üçün əsas onların sağlamlığı, yaxşı olmağıdır. Onlar da təbii ki, məndən ötrü darıxırlar. Amma bilirlər ki, bu, mənim işimdir. Mən də burada ölkəmi layiqincə təmsil etməyə çalışıram.

- Türkiyə 1-ci liqasının səviyyəsi necədir?

- Həqiqətən bu çempionatın səviyyəsi yaxşıdır. İstər stadionlar, azarkeşlər, istərsə də burada oynayan futbolçular baxımından səviyyə çox yüksəkdir. Bizə yaxşı mənada təzyiq var. Böyük azarkeş təzyiqi hiss edirik. Bunlar hamısı müsbət hallardır.

- Çoxlu azarkeş qarşısında oynamaq necə hissdir?

- Azarkeşlər önündə oynamaq çox maraqlıdır. Hələ tribunaların 50 faizinin doldurulmasına icazə var, ancaq oyunumuza xeyli azarkeş gəlir. “Samsunspor”la oyunumuzu 15 min azarkeş izləyirdi. 

- Oranı bizim çempionatla fərqləndirən bir məqam da oyunlar zamanı uzun səfərlərdir.

- Bəli, Boludan başqa bütün oyunlarımıza təyyarə ilə gedib gəlirik. Burada özünü futbolçu kimi hiss edirsən. Bir fərq də ondadır ki, burada hamı futbolla yaşayır. Bir misal deyim. “Balıkesirspor”la oyunda penaltini vura bilməmişdim, oyundan 2 gün sonra da küçəyə çıxanda azarkeşlər mənə birtəhər baxırdı. Hiss edirsən ki, hamısı futbolu izləyir. 

- Bəzən bizim futbolçular Türkiyə 1-ci liqasından təklif alarkən tərəddüd edir. Onlara nə məsləhət görərdin?

- Burada 1-ci liqada 19 klub var. Demək olar ki, çoxu maaşı vaxtında verir. Bəziləri vaxtında verməsə də, sonradan tam ödəyir. Problemli klublar da var. Amma futbol oynamaq üçün mən deyərdim ki, tərəddüd etməyə dəyməz. Normal klub olduğu təqdirdə gəlmək lazımdır.

- Namiq Ələsgərovun “Bursaspor”a gedişi də birmənalı qarşılanmadı.

- Namiqdə məsələ bir az fərqli idi. Çempion oldular, ən yaxşı mövsümünü keçirdi, çempionatın bombardiri oldu. Avrokuboklarda oynayırdılar. Bunlar Namiqə bir az təzyiq yaratdı. Əslində gəldiyi klub adlı-sanlı bir klubdur.

- Türkiyədə bizim Premyer Liqa haqda nəsə bilirlər?

- Burada oynayan futbolçular daha çox məndən “Qarabağ” və “Neftçi” haqqında maraqlanırlar.

- Bu komandalarda oynamaq istəyirlər?

- Bizim komandada bir futbolçu bu il Azərbaycan klubundan təklif almışdı. Klubun adını deməyim düzgün olmaz. Həmin oyunçu məndən soruşdu ki, getmək olardı Azərbaycana? Mən də dedim ki, o məşqçi ilə işləmək üçün gedə bilərdin.

- Türkiyəli oyunçu idi?

- Bəli.

- “Bursaspor”da çıxış edən Namiq Ələsgərovla əlaqən var?

- Əlbəttə var. Namiq çox istədiyim dostumdur. Oyununu da çox bəyənirəm. Bakıda Bakıxanov qəsəbəsində eyni yerdə yaşayırdıq. İndi də əlaqəmiz var. Sadəcə, həm bizim, həm də onların komandası turnir cədvəlinin yaxşı yerində qərarlaşmadığına görə işlər yaxşı getmir. Ona görə də o qədər əlaqə saxlaya bilmirik. Başımız öz işimizə qarışıb. 11-ci turda “Bursasspor”la oyunumuz var. İnşallah, onda görüşərik. 

- Namiqin oradı çıxışını necə dəyərləndirirsən?

- Yaxşı dəyərləndirərdim. “Samsunspor”la oyunlarına tam baxdım. İki qol ötürməsi etdi. Digər oyunlarının da icmallarına baxmışam. Tam uyğunlaşanda sonra daha yaxşı olacaq. Əlbəttə ki, bizim üçün də çətindir. Liqa dəyişdirmək, bu qədər fərqli futbolçularla oynamaq asan deyil. Əvvəl bizim kluba uzağı 5-6 fərqli futbolçu gəlirdi, amma indi bu qədər fərqli oyunçunun içinə gəlmişik. Çempionat, ölkə dəyişmək oyuna təsir edir. İnanıram ki, buraya tam uyğunlaşandan sonra ikimiz də ölkəmizi layiqincə təmsil edəcəyik.

- Bəzən Türkiyə 1-ci liqasını bizim Premyer Liqa ilə müqayisə edirlər. Sən bu çempionatları necə müqayisə edərdin?

 - Məncə, “Qarabağ”la “Neftçi”ni çıxmaq şərtilə çempionatlar müqayisə oluna bilər. Hətta burada daha çətindir. Çünki rəqabət elədir ki, hansı klubun hansı pillədə olacağı bilinmir. İndi bizim vəziyyətimz bir az kritikdir, amma bilirik ki, 3 xal qazansaq, yuxarı pillələrə qalxacağıq. Yəni klubların əksəriyyəti bir-biri ilə eyni gücdədir. O baxımdan da təzyiq var.

- Milli komandamızın baş məşqçisi Canni De Byazidən dəvət gözləyirdin?

- Təbii ki, ölkə xaricində çıxış edirsənsə, hər zaman millidən dəvət gözləyirsən. Amma heç bir problem yoxdur. Bilirəm ki, əlimə düşən qol imkanlarını dəyərləndirsəydim, indi başqa cür ola bilərdi. Ona görə də günahı özümdə axtarıram. Əlimdən gələni edib, həm komandama xeyir vermək, həm də qollarımı sıralamaq istəyirəm. Ondan sonra əminəm ki, millimizin baş məşqçisi mənə dəvət göndərəcək.

- De Byazi son müsahibəsində bildirib ki, azərbaycanlı futbolçuların çox azı legioner həyatı yaşayır və buna görə heyət quranda çətinlik çəkir. Bu mənada sənə dəvət göndərib yoxlamaq olardı?

- Mənim bu haqda nəsə deməyim düzgün çıxmaz. Bilirəm ki, üzərimdə işləməliyəm. Qollar vursam, assistlər etsəm, təbii ki, milliyə dəvət alacam. Əminəm ki, millimizin toplanışına dəvət olunacağam. Buna çox inanıram.
 
Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər