“Uşaq futbolundakı vəziyyət nə super, nə də bərbaddır”

“Uşaq futbolundakı vəziyyət nə super, nə də bərbaddır”
MEDİA 22 İyul 2021 / 12:04 2959
-  A +

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Samir Əbdürrəhmanov “Sabah” Futbol Klubunun  “U-14” komandasının baş məşqçisidir. Keçmiş futbolçu uzun illərdir ki, uşaq futbol sahəsində çalışır. O, bu sahədə təcrübəsini artırmaq üçün bir sıra məşhur klublarda təcrübə keçib.

Onunla söhbətimiz Azərbaycan idmanında problemli sahələrdən biri sayılan uşaq futbolu ilə bağlı oldu. Bir mütəxəssis kimi, o hesab edir ki, ölkədə bu sahədəki durumu nə super, nə də bərbad adlandırmaq olar: “Təbii ki, uşaq futbolunda çatışmazlıqlar çoxdur. Bunu bir-bir sadalamaq çətindir. Ümid edirəm ki, yaxın gələcəkdə bütün futbol klublarımızın aşağı yaş qrupları biri-birindən yaxşı mənada seçiləcək. Məşqçilərin işi ondan ibarətdir ki, gələcək nəsli yetişdirib milli komandaya hazırlasın. Bizim üçün fərqi yoxdur, həm mənəvi, həm də fiziki cəhətdən uşaqları hazırlamalıyıq ki, onlar futbolumuza, eyni zamanda cəmiyyətimizə yararlı gənclər olsunlar. Mən hazırda “Sabah” Futbol Akademiyasında çalışıram. Uşaq futbolunun inkişadı üçün klub tərəfindən lazım olan bütün dəstək  göstərilir. Hər bir məşqçiyə şərait yaradılıb ki, Avropa klublarına gedib orada təcrübə qazansınlar. Mən “Real” Madrid, “Valensiya”, “Lokomotiv” (Moskva) kimi klubların uşaq akademiyalarında təcrübədə olmuşam”.

“Sabah”da uşaq futbolu ilə bağlı işlər necə qurulub?

Samir Əbdürrəhmanov bildirir ki, akademiyada böyük işlər görülüb: “Rəhbərlik tərəfindən hər bir şərait yaradılıb. İşlər uğurla və qaydasında gedir. Respublika üzrə seleksiya işləri aparılır. Hər bir bölgədə filiallarımız var. Eyni zamanda "Vətən" futbol klubu ilə birgə iş aparırıq. "Vətən" futbol məktəbi Təhsil Nazirliyinin balansındadır. Bu gün 72 uşaq var ki, bölgələrimizdən akademiyamıza cəlb olunub. Akademiya səviyyəsində nə lazımdırsa hər bir şeylə təmin edirik. Hər şey mükəmməldir. Təhsil, qidalanma, məşq prosesini akademiya təmin edir. Bundan başqa məşqçilərin dil biliyinin artırılması üçün 2 aydır ki, ingilis dili kursları təşkil olunur. Xaricdən "Zoom" proqramı vasitəsilə gündə 2 saat olmaqla xarici müəllimlər bizə dərs keçir. Xorvatiyanın "Dinamo” Zaqreb klubu ilə də əməkdaşlığımız var. Düzdür, pandemiya şəraitinə görə işlər yubandı, amma planlı şəkildə işlər davam edəcək. Yetirmələrimiz "Dinamo”un düşərgəsinə yollanacaqdı, onlar isə bizim akademiyaya gələcəkdi. Klub bizə yüksək etimad bəsləyir, biz də öz növbəmizdə həmin etimadı doğrultmaq istəyirik. Gənc məşqçi kimi öyrənib, inkişaf etmək istəyirəm. Məqsəd də odur ki, uşaqlara Avropa futbolunun sirlərini öyrədək. İnanın, uşaqlar nə qədər çox beynəlxalq yarışlarda iştirak etsə, uğur bizə daha yaxın olacaq. Mən də futbolçu olmuşam, uşaq vaxtı qurduğumuz xəyalları akademiyamızın futbolçuları canlı olaraq görür. Şəxsən mən 11 yaşımda təyyarə nədir bilmirdim. Amma indi bizim akademiyamızın bütün yaş qrupları, eləcə də mənim yaş qrupum Madrid, Varşava, Zaqreb, İstanbul kimi şəhərlərdə beynəlxalq turnirlərdə iştirak edib. Pandemiya düşəndən sonra gedə bilmədik. Bütün klublar bu cür fəaliyyət göstərsə, futbolumuza, çempionatımıza, eləcə də milli komandamıza da böyük faydası olacaq”.

“Dəfələrlə olub ki, valideynlər hakimi təhqir edib, məşqçinin işinə qarışıb”

Uşaq futbolumuzdakı problemlərdən biri bəzən valideynlərin məşqçilərin və hakimlərin işlərinə yersiz müdaxilələr etməsidir. S.Əbdürrəhmanov deyir ki, bu, onların yaralı yeridir: “Hər bir kəsə tövsiyə edirəm ki, tək uşaqlarla yox, həm də valideynlərlə maarifləndirmə işi aparsınlar. Bunu özümdən yox, şahidi olduğum xarici futbol akademiyalarında gördüklərimə əsasən deyirəm. Hər bir akademiyanın nəzdində valideynlərlə iş şöbəsi var ki, uşaqlar məşq edən zaman, mütəxəssislər də valideynlərlə söhbətlər edir. Valideynlərin üzərinə düşən məsuliyyətləri onlar başa salınır. Qeyd olunur ki, valideynin işi uşağı məşqə aparıb, gətirmək, qidalanmasına və rejiminə fikr verməkdir. Həmin seminarlarda özüm iştirak etmişəm. Amma bizdə bu məsələ problemlidir. Valideynlər məşqçinin işinə qarışır. Şükürlər olsun ki, bizim akademiyada belə bir hadisələr baş vermir. Bizim rəhbərliyimiz, məşqçilərimiz valideynlərlə doğru iş aparır. Amma bu hadisələri yarışlarda, digər yerlərdə çox görürük. Dəfələrlə olub ki, valideynlər hakimi təhqir edib, məşqçinin işinə qarışıb, qeyri-etik ifadələr işlədib. Hesab edin ki, valideyn məşqçinin fikirlərini heçə sayıb öz bildiyini deyir. Təbii ki, uşaq valideynin sözünə qulaq asır. Sonda da o, futbolsuz qalır. Bu məsələdə bəzi valideynlər çox ifrata varır. Klubun, məşqçinin, hakimin işinə həddən artıq müdaxilə edirlər. Belə olan halda uşaq uğursuzluqla qarşılaşır. O qədər potensiallı uşaq var ki, sırf bu səbəbdən futboldan uzaq düşüb. Heç bir kluba problemli valideyn lazım deyil. Ona görə hər bir klubumuz mütamadi olaraq valideynlərlə iş aparsın ki, sonda potensiallı uşaqların kənarda qalması ilə nəticələnməsin. Bu gün valideyn gəlib deyir ki, mənim uşağım Messidir. Başa düşürük, hər bir uşaq atası, anası üçün əzizdir. Ancaq reallıq var. Şəxsən bizim komandada mənim heç bir tanışım, heç bir qohumum yoxdur. Kim güclüdürsə ona şans verirəm. Mən heç vaxt kiminsə haqqına girmərəm, güclü olan meydanda olacaq prinsipləri mənim üçün öndədir. Özümüz də futbolçu olmuşuq. "Valensiya" futbol akademiyasında olan zaman bir ispan valideyn uşağını gətirib futbola yazdırmaq istədi. Deməli, məşqçinin koordinatoru, onun da baş koordinatoru var. Onlar uşağı yazdırmaq üçün baş koordinatora yaxınlaşmalıdırlar. Amma məsələ budur ki, sözün, sualın olanda baş məşqçidən deyil, baş koordinatordan məlumat alamalısan. Uşaq necə çıxış etdi, komandaya yararlıdır, yoxsa əksinə. Hər bir şeyi baş koordinator deyir. Həmin məşqlərdə iştirak edirdim,  uşağa baxdılar, yoxladılar, sonda baş məşqçi öz rəyini yazdı, ardınca koordinator rəyini yazıb, baş koordinatora verdi O da gətirib valideynə təqdim etdi. Yəni sistemli işdir deyə hər kəs çox rahat, keyfiyyətli iş aparır. Bizim də bu yöndə çatışmazlıqlarımız var. Yəni tək "Sabah"la, tək Samirlə bütün problemləri aradan qaldırmaq olmaz. Əlavə olaraq onu deyim ki, təbii meydançalar olmalıdır, infrastruktur daha çox inkişaf etməlidir. AFFA eyni zamanda özəl futbol məktəblərinin fəaliyyəti ilə maraqlanansa, yaxşı olar. Gərək elə klubların məqsədləri, istəkləri, strategiyaları nədir onları öyrənsin. Ordaki məşqçilərin ali təhsil varmı? Futbolçu olublarmı? Yəni çatışmazlıqları aradan qaldırmaq üçün onlara tövsiyələr verə bilər. Bizim akademiyada hər bir uşağa fərdi yanaşma, yüksək diqqət var. İstəyirəm ki, hər bir yerdə belə olsun. Bu halda hər şey uğura doğru gedəcək”.

Gənc məşqçilərimiz haqda…


Bəs, bizdə gənc uşaq futbol məşqçilərinin peşəkarlıq durumu necədir? Məlumdur ki, mediada tez-tez bununla bağlı tənqidi fikirlər səslənir. S.Əbdürrəhmanov bildirir: “Hamımız həmkarıq, heç kimin xətrinə dəymək istəmirəm. Bizim akademiyada PRO, A və B kateqoriyalı məşqçilər çalışır. Hər biri məsuliyyətlə işinin öhdəsindən gəlir. Bu gün uşaqların püxtələşməsi üçün hər bir şey edir. Təsəvvür edin ki, biz 1-5 ci günlər investor dərsləri keçirik. "Zoom" şəkilində imtahanlar keçirik. Avropaya gedəndə onlarla əlaqə qururuq, müzakirələr aparırıq, təlimlərdə iştirak edirik. Bizim akademiyada çalışanlar ali təhsilli, kateqoriyalı məşqçilərdir. Amma ümumi danışmaq mənim üçün deyil. Düzgün saymıram. Təbii ki, çatışmazlıqlar var. Ona görə bayaq dedim ki, baxsalar, müşahidə etsələr, futboldan kənar adamları görüb ölçü götürə bilərlər”.

“Gənclər arasında uşaq futbol məktəblərində, akademiyalarda məşqçi olmaq istəyənlər çoxdurmu? Yoxsa, prioritet daha çox peşəkar klublardır?” Müsahibimiz bu suala belə cavab verib: “Təbii ki, hər kəs istəyər ki, akademiyada fəaliyyət göstərsin. Bizim klubda işlər görülür, bir məşqçi iki ildən artıq aşağı yaş qrupunu idarə edə bilməz. Məşqçilər yerlərini dəyişir. Misal üçün U-13-dan gedirlər U-16-a, U-17-dən gəlir U-12-yə. Bunun da xeyri odur ki, inkişaf gedir. Təbii ki, hər kəs istəyər ki, böyük komandanın baş məşqçisi olsun. Amma dünyaca məşhur futbolçu olmuş Ruud Van Nisterloy hazırda "Ayaks"ın aşağı yaş qrupunda işləyir. Aşağıda öyrənib yuxarı qalxmaq ən doğru variantdır”.

Ağa Dadaşzadə

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər