Klublarımızın Avrokuboklarda ilkləri: “Turan”dan “Qarabağ”a kimi

Klublarımızın Avrokuboklarda ilkləri: “Turan”dan “Qarabağ”a kimi
FUTBOLUN TARİXİ 26 İyun 2016 / 20:53 14513
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

İki gündən sonra klublarımız avrokuboklarda növbəti sınaqlarına çıxacaq. Bu, bizimkilərin Avropada 21-ci sınağı olacaq. Əslində 23-cü olmalı idi. Lakin 2002-ci ildə o vaxtkı AFFA rəhbərliyi ilə klublar arasında yaşanan qalmaqal nəticəsində ölkədə çempionat keçirilmədiyi üçün klublarımız da avrokuboklarda iştirak etməmişdi. Aradan keçən 21 illik tarixdə klublarımız bir çox oyunlar keçirdiblər, müsbət və mənfi mənada tarix yazıblar. Təbii ki, ilk illərdə nəticələr ürəkaçan olmayıb. Beynəlxalq oyun təcrübəsinin yoxluğu, bugünkü dövrlə müqayisədə klublarımızın büdcəsinin aşağı olması, heyətdə legioner futbolçuların olmaması oyunlarda da sözünü deyirdi.  Futbolumuza maliyə axınının başladığı 2004-cü ildən etibarən isə nəticələrdə də müsbətə doğru dəyişikliklər başladı. Tədricən qapazaltı olmaqdan qurtulduq, müəyyən tarix yazmağa da nail olduq. Bu yazımızda sizə 1994-cü ildən bu günə qədər klublarımızın avrokuboklarda imza atdıqları ilkləri təqdim edəcəyik, çalışacayıq ki, bütün tarixi məqamları əhatə edək. Düşünürük ki, növbəti Avrokubok mövsümü öncəsi  bu yazı yerinə düşər. Beləliklə:

Avrokuboklarda ilk çıxış

9 avqust  1994-cü il


Bu tarixdə Azərbaycan futbolu avrokuboklarda debüt elədi. Bu tarixi hadisənin altında isə Tovuzun “Turan” komandasının imzası var. 1993-94-cü il mövsümündə ölkə çempionu adını qazanan “Turan” ilk dəfə UEFA kubokunda oynamaq şansı qazandı. Həmin vaxt Avropada reytinqimiz də çox aşağı idi. Klub reytinqimiz demək olar, yox idi.  Bundan başqa, UEFA-nın o dövr üçün mövcud olan qaydasına görə, klubların nəticələrinə görə hazırlanan ölkələrin reytinq cədvəlində yalnız ilk 24 yeri tutan ölkənin çempionları Çempionlar Liqasında iştirak edə bilərdi. Məhz buna görə də çempion olmağına baxmayaraq, “Turan”ı birbaşa Çempionlar Liqasına buraxmadılar və təmsilçimiz UEFA kubokunda mübarizəyə qoşuldu. Rəqib isə Türkiyənin “Fənərbağça” klubu oldu. Təbii ki, debüt ili, beynəlxalq təcrübənin olmaması  yekun nəticədə də özünü göstərdi. İlk oyun 9 avqust 1994-cü il tarixində İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirildi və matç “Fənərbağça”nın 5:0-lıq qələbəsi ilə yekunlaşdı.  Avqustun 23-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən cavab matçında da türklər qələbə qazandı-2:0.  Həmin vaxt “Turan”ın baş məşqçisi Kazbek Tuayev idi.

Avrokuboklarda ilk xal

24 avqust 1995-ci il

Avrokuboklardakı ilk xalımızı “Neftçi” qazanıb.  Bu oyun 1995-ci ilin 24 avqustuna təsadüf edib. Həmin vaxt Çempionlar Liqası və UEFA kuboku ilə paralel olaraq Kuboklar Kuboku yarışı da keçirildi və həmin yarışda öz ölkəsinin kubokunu qazanan komandalar mübarizə aparırdı. Azərbaycanda da 1994-95-ci il mövsümünün ölkə kubokunu “Neftçi” qazandığından Kuboklar Kubokunda ölkəmizi bu komanda təmsil edirdi. Yeri gəlmişkən, 1994-cü ildən fərqli olaraq, 1995-ci ildə ilk dəfə 2 klubumuz avrokuboklarda mübarizəyə qoşuldu.  Çempion “Kəpəz” UEFA, kubokun sahibi “Neftçi” isə dediyimiz kimi, Kuboklar Kubokunda iştirak edirdi. “Kəpəz” hər iki oyunda Avstriyanın “Austriya” klubuna böyük hesabla uduzdu (0:4, 1:5). “Neftçi” isə Cənubi Kiprin APOEL klubuna avqustun 8-də Nikosiyadakı ilk matçda məğlub oldu – 0:3. Avqustun 24-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadiondakı cavab matçında isə hesab açılmadı. Həmin 0:0-lıq heç-heçə klublarımızın avrokuboklarda qazandığı ilk xal oldu. Həmin vaxt “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov idi.

Avrokuboklarda ilk qol

22 avqust 1995-ci il

Avrokuboklarda ilk qolumuzun altında isə “Kəpəz” imzası var. 1994-95-ci il mövsümündə Azərbaycan çempionu adını Gəncə klubu qazandı. “Turan” kimi, Gəncə təmsilçisi də gücünü UEFA kubokunda sınamalı oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, Avstriyanın “Austriya” klubu ilə üz-üzə gələn gəncəlilər hər iki oyunda böyük hesabla uduzdular. Lakin Avstriyadakı cavab matçında Yadigar Süleymanovun 27-ci dəqiqədə vurduğu qol klublarımızın avrokuboklarda vurduğu ilk qol kimi tarixə düşdü.  Maraq üçün deyək ki, həmin qola qədər avstriyalılar hesabda 2:0 öndə idi. Süleymanov fərqi minimuma endirsə də təəssüf ki, sonradan təmsilçimiz daha 3 qol buraxaraq 1:5 məğlub oldu.

Avrokuboklarda ilk qələbə

17 iyul 1996-cı il


Avrokuboklarda ilk xalımızı qazanan “Neftçi” elə avrokuboklardakı ilk qələbəmizin də müəllifidir. Paytaxt təmsilçisi bu uğura 1996-cı ildə UEFA kubokunun ilkin təsnifat mərhələsində Bolqarıstan “Lokomotiv”i ilə oyunda imza atıb. 1995-96-cı il Azərbaycan çempionu adını qazanan “ağ qaralar” 1996-cı il iyulun 17-də Bakıda ilk oyununa çıxdı. Yeri gəlmişkən, bu oyun Tofiq Bəhramov adına Respublika stadionunun qəbul etdiyi ilk avrokubok matçı oldu. Buna qədər klublarımız ev oyunlarını Sumqayıtda keçirirdi. Matçda bolqarlar erkən qol vursa da fasilədən sonra böyük üstünlüyə malik “Neftçi” iki qol vurmağı bacardı. Öncə 57-ci dəqiqədə Vidadi Rzayev hesabı bərabərləşdirdi. 90-cı dəqiqədə isə Yaşar Vahabzadə qələbə qolunu vurdu. Lakin təəssüflə qeyd etməliyik ki, Bakıda 2:1 qələbə qazanan bakılılar cavab oyununda bu uğurun davamını gətirə bilmədilər və Sofiyadan 0:6-lıq məğlubiyyətlə döndülər.

Avrokuboklarda ilk səfər xalı

22 avqust 1996

Avrokuboklarda ilk səfər xalımızı “Qarabağ” qazanıb. Həmin olay 1996-cı ilin 22 avqustunda təsadüf edir. Həmin vaxt Kuboklar Kubokunda mübarizə aparan Ağdam klubu püşkə əsasən ilk mərhələdə Finaldniyanın “MüPa-47” klubu ilə üz-üzə gəldi. İlk matç avqustun 8-də Bakıda baş tutdu.  85-ci dəqiqədə Tərlan Əhmədovun bais olduğu penalti səbəbindən “Qarabağ” oyunu 0:1 uduzdu. Çoxları təmsilçimizdən əlini üzsə də “Qarabağ” səfərdə daha yaxşı oynadı və Bəxtiyar Musayevin 30-cu dəqiqədə vurduğu qolla əsas vaxtı 1:0 öz xeyrinə bitirdi. Komandamız mərhələ keçməyə də yaxın idi. Çünki 119-cu dəqiqəyə kimi hesab dəyişməmişdi. Əgər “Qarabağ” 1 dəqiqə də dözsəydi qalib oyunsonrası penaltilərlə müəyyənləşəcəkdi ki, burada da psixoloji üstünlük bizim tərəfimizdə olacaqdı. Lakin təəssüf ki, fillandlar 119-cu dəqiqədə bərabərlik qolunu vurub növbəti mərhələyə adladı. Amma bu xal avrokuboklarda qazandığımız ilk səfər xalı kimi tarixə düşdü. Komandanın baş məşqçisi isə Elbrus Abbasov idi.

Avrokuboklarda ilk mərhələ sevinci

26 iyun 1999

Avrokuboklarda ilk mərhələ adlayan klubumuz “Qarabağ” olub. Ağdam klubu bu uğura 1999-cu ildə nail olub. Həmin vaxt İntertoto kubokunda mübarizəyə qoşulan Ağdam klubunun bəxtinə bir il öncə Kuboklar Kubokunda 1/4  final oynamış İsrailin “Makkabi” (Hayfa) klubu düşdü. Çoxları ağdamlıların şansını sıfıra bərabərs saysa da təmsilçimiz iyunun 19-da İsraildə keçirilən ilk matçdan 2:1-lik sensasiyalı qələbə ilə dönməyi bacardı. İyunun 26-da Bakıda keçirilən cavab matçında “Qarabağ” 0:1 məğlub olsa da iki oyunun nəticəsinə görə Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda mərhələ adlamağı bacardı. Həmin vaxt komandanın baş məşqçisi Böyükağa Ağayev idi.

Çempionlar Liqasındakı ilk təmsilçimiz

23 iyul 1997

Yazının əvvəlində qeyd etdiyimiz kimi, əvvəllər Çempionlar Liqasında yalnız UEFA reytinqində ilk 24 pilləni tutan ölkələrin çempionları oynaya bilərdi. 1997-ci ildə isə UEFA bu qadağanı aradan götürdü və bütün Avropa ölkələri üçün “yaşıl işıq” yandırıldı. 1997-ci ildən etibarən Azərbaycan çempionu da Çempionlar Liqasında mübarizəyə qoşuldu. Ölkəmizi Avropanın ən güclü turnirində ilk olaraq “Neftçi” təmsil edib. Amma təəssüf ki, rüsvayçı şəkildə. O illər klubda daxili çəkişmə gedirdi. Klubu faktiki iki yerə parçalamışdılar. Bütün bunların acı nəticəsini isə Polşa “Vidzev”i ilə oyunda çəkdik.  1997-ci il iyulun 27-də Bakıdakı ilk oyunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gələn Polşa çempionu cavab matçında “ağ qaralar”ı rüsvay elədi – 8:0. Beləliklə, Çemepionlar Liqasındakı debütümüz rüsvayçı oldu.

Çempionlar Liqasında ilk qol

22 iyul 1998-ci il

Çempionlar Liqasında ilk qolumuzun müəllifi isə “Kəpəz” olub. İlkin təsnifat mərhələsində Polşanın LKS-Lodz klubu ilə qarşılaşan gəncəlilər səfərdəki ilk oyunda 1:4 hesabı ilə uduzdular. Həmin matçın 88-ci dəqiqəsində İmamyar Süleymanovun vurduğu qol Azərbaycan klublarının Çempionlar Liqasındakı ilk qolu oldu. Yeri gəlmişkən, həmin cütlüyün cavab oyunu Gəncə stadionunda keçirilən ilk avrokuboklar matçı oldu. Cavab oyununda da polşalılar 3:1 qələbə qazanmışdı"

Çempionlar Liqasında ilk qələbə

21 iyul 1999-cu il


Çempionlar Liqasında ilk qələbəmizin altında da “Kəpəz”in imzası var. 1999-cu ildə sözügedən turnirə qatılan gəncəlilər ilk mərhələdə Makedoniya çempionu “Sloqa Yuqamaqnat” klubu ilə üz-üzə gəldi. Makedoniyadakı ilk oyunda meydan sahibləri 1:0 qələbə qazandı. İyulun 21-də Bakıdakı cavab matçında isə “Kəpəz” 2:1 hesabı ilə qələbə qazandı. Qolları 20-ci dəqiqədə Ramiz Məmmədov, 90-cı dəqiqədə isə penaltidən Vidadi Rzayev vurdu. Lakin təəssüf ki, tarixi qələbə mərhələ keçmək üçün bəs eləmədi.

Çempionlar Liqasında ilk mərhələ sevinci

19 iyul 2000


Çempionlar Liqasında ilk mərhələ keçən klubumuz “Şəmkir” olub. 2000-ci ildə ilk mərhələdə o dövrün parlayan klublarından olan “Skonto” ilə düşən “Şəmkir” səfərdəki ilk matçda 1:2 uduzsa da 19 iyulda Bakıda keçirilən cavab matçında rəqibini darmadağın edərək Azərbaycan kluları arasında ilk dəfə Çempionlar Liqasında mərhələ keçdi.  Qolları isə 3,90 və 100-cü dəqiqədə badri Kvarastxeliya, 110-cu dəqiqədə isə Viktor Kulikov vurmuşdu. 

UEFA kubokunda ilk mərhələ sevinci

27 iyul 2006

Artıq tarixin yaddaşına qovuşan UEFA kubokunda klublarımız arasında ilk və yeganə mərhələ sevincini “Karvan” yaşayıb. Yevlax təmsilçisi 2006-cı ildə Slovakiyanın “Spartak” (Trnava) klubunu mübarizədən kənarlaşdırmaqla bu uğura imza atıb. İyulun 13-də Bakıdakı “Şəfa” stadionunda keçirilən ilk matçda təmsilçimiz Xaliq Muradovun qolu ilə 1:0 qələbə qazandı. Slovakiyadakı cavab matçında da “Karvan” eyni hesabla qalib gəldi və qolu 12-ci dəqiqədə Süleyman Kamara vurdu. Beləliklə də “Karvan” Azərbaycan klubları arasında ilk dəfə UEFA kubokunda mərhələ adladı. Təəssüf ki, növbəti mərhələdə Çexiya “Slaviya”sına uduzan “Karvan” mübarizəni II mərhələdə dayandırdı (0:2, 0:0)

Avropa Liqasında ilk qrup sevinci

2012-ci il


Avropa Liqasında qrupa düşən ilk klubumuz “Neftçi” olub. 2012-ci ildə Çempionlar Liqasında mübarizəyə qoşulan bakılılar ilk mərhələdə Gürcüstan “Zestafoni”sini keçsə də ikinci mərhələdə İsrailin “Hapoel” Kiryat Şmona klubuna uduzaraq mübarizəni dayandırdı. Lakin Avropa Liqasında yoluna davam etmək hüququ qazanan “Neftçi” Cənubi Kiprin güclü APOEL klubuna qalib gələrək Azərbaycan klubları tarixində ilk dəfə Avropa Liqasının qrupunda oynamaq hüququ qazandı.  Avqustun 23-də Bakıdakı ilk oyun 1:1 başa çatmışdı. Lakin “Neftçi” avqustun 30-da Kiprdə möcüzəni gerçəkləşdirdi – 3:1. Qolları isə 22-ci dəqiqədə Cavid İmamverdiyev, 30-da Julius Vobay və 60-da Flavinyo vurmuşdu.

Avropa Liqasının qrupunda ilk xal

20 sentyabr 2012


Avropa Liqasının qrupunda ilk xalımızı da “Neftçi” qazanıb. “Ağ qaralar” 2012-ci ilin sentyabrın 20-də qrupdakı ilk matçında səfərdə Serbiya “Partizan”ı ilə 0:0 oynamaqla bu uğura imza atıb.

Avropa Liqasının qrupunda ilk qol

10 oktaybr 2012-ci il

Avropa Liqasının qrup mərhələsindəki ilk qolumuzu da “Neftçi” vurub. 2012-ci il oktyabrın 10-da Bakıda İtaliya “İnter”i ilə matçın 53-cü dəqiqəsində Nikolas Kanales fərqlənib. Matçdan isə “İnter” 3:1 qalib ayrılmışdı.

Avropa Liqasının qrupundakı ilk qələbə

23 oktyabr 2014


Avropa Liqasının qrupundakı ilk qələbəmizi “Qarabağ” qazanıb. Ağdam klubu 2014-cü ilin 10 oktyabrında səfərdə Ukraynanın “Dnepr” klubuna 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu isə 21-ci dəqiqədə Muarrem Muarrem vurmuşdu. Bu qol həm də klublarımızın Avropa Liqasının qrupunda qazandığı ilk səfər qələbəsidir.

ELNUR

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər