Vaqif Cavadov: “Mətbuatdan küskün idim”

Vaqif Cavadov: “Mətbuatdan küskün idim”
MÜSAHİBƏ 22 May 2012 / 15:59 3112
-  A +

“Qarabağ” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi

- Çempionatın gedişatında sənin mətbuatla əlaqələrin tamamilə kəsilmişdi. Buna səbəb nə idi?

- Müxtəlif səbəblərim vardı. Bir çoxları məni haqsız yerə günahlandırırdı. Düzdü, hər zaman demişəm ki, sağlam tənqid olmalıdır. Amma qərəzli yanaşmanı qəbul etmirəm. Ona görə də bir az küskün idim. Həmçinin Qurban müəllimlə məsləhətləşərək qərara gəldik ki, mətbuatla əlaqəni bir müddətlik kəsək.

- Komandanın Avroliqaya çıxa bilməməsi sənə necə təsir etdi?

- Əlbəttə, başda baş məşqçimiz Qurban Qurbanov olmaqla yanaşı bütün komanda buna çox üzüldü. Düzdü, bir neçə il biz Avropada uğurlu nəticələr əldə etmişdik. Lakin bu mövsüm istəyimizi reallaşdıra bilmədik. Bu da ondan irəli gəlir ki, mövsüm ərzində sabit çıxış etmədik. Bundan əlavə, heyətimizdə zədəli futbolçuların olması da uğursuzluqda sözünü dedi. Bir çox oyuna optimal heyətlə çıxa bilmədik. Ancaq mən arzu edərdim ki, avrokuboklara çıxan digər klublarımız, heç olmasa, “Qarabağ”ın nəticəsini təkrarlaya bilsinlər.

- İndi “Qarabağ”a qayıtdığına peşman deyilsən ki? Nəzərə alaq ki, komanda bu il titulsuz qaldı, Avropa yarışlarına çıxa bilmədi.

- Mən “Qarabağ”da oynadığım üçün heç bir zaman peşmançılıq hissi keçirməmişəm. Çünki bu, mənim üçün doğma bir komandadır. Mənim ən yaxşı illərim “Qarabağ”da olub. Hətta başqa yerli və Avropa klublarında çıxış edən zaman da ürəyim “Qarabağ”ın yanında idi.  Bu gün də çox şadam ki, bu komandanın şərəfini qoruyuram. Müqaviləmin sonuna qədər bu komandama xidmət etməyə hazıram.

- Necə fikirləşirsən, Georgi Adamiyanın, Rəşad Sadiqovun, Nderim Nedzipinin gedişi “Qarabağ”ı zəiflədə bilərmi?

- Mənim onların hər biriylə dostluq münasibətim var. Həmçinin də xeyli müddətdir ki, komanda yoldaşlarım idi. Əlbəttə, klubdan getmək hər bir futbolçunun öz şəxsi işidir. Yəqin ki, burada baş məşqçinin də qərarları olub. Çünki  baş məşqçi daha yaxşı bilər ki, kimi heyətində saxlamaq lazımdır, kimi yox. Birdə ki, hər bir futbolçu müqaviləsi başa çatdıqdan sonra istənilən klubda çıxış edə bilər.

- Səncə, gedən futbolçuların yerini layiqincə doldurmaq olacaq?

- Etiraf edək ki, Adamiya və Rəşad Sadiqov əla futbolçular idi və komandanın aparıcı fiqurlarından hesab edilirdilər. Onların “Qarabağ”dan getməsi məni də təəssüfləndirdi. Ancaq hər halda Qurban müəllim daha yaxşı bilir ki, kimlərin yerinə hansı futbolçuları gətirmək lazımdır. İnanıram ki, gələn futbolçular da komandanın vacib fiqurlarından olacaq.

- Sabah milli komandamız Asiya təmsilçilərindən olan Yaponiyayla yoldaşlıq görüşünə çıxacaq. Millimizin bu qarşılaşmada şanslarını necə dəyərləndirirsən?

- Bu oyunda komandamıza uğurlar arzulayıram. Arzu edirəm ki, yaxşı nəticə əldə etsinlər.Ən əsası ölkəmizi layiqincə təmsil etsinlər. O ki qaldı nəticəyə, çox çətin bir oyun olacaq.  Nəzərə almaq lazımdır ki, Yaponiya millisi çox güclüdür. Lakin inanıram ki, uşaqlar meydanda əsl xarakter nümayiş etdirə biləcəklər.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi