Elvin Məmmədov: “57 yaşlı kişi bizim əvəzimizə futbol oynayası deyil ki?”

Elvin Məmmədov: “57 yaşlı kişi bizim əvəzimizə futbol oynayası deyil ki?”
MÜSAHİBƏ 17 Fevral 2012 / 16:56 3165
-  A +

“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi

- Komandanızın doğma meydanında “Qarabağ”a 0:3 hesablı məğlubiyyəti hələ də müzakirə olunur. “Bakı”da nə baş verir?

- Deməyə söz tapmıram. Həmin gün komanda çox pis oynadı. Rəqibimiz qapımıza üç top vuraraq layiqli qələbə qazandı. “Qarabağ”ı təbrik edirəm.


- Belə hesabla məğlub olacağınızı gözləyirdin?

- Bu cür biabırçılığı ağlıma belə gətirməzdim. Həmin oyuna çox yaxşı hazırlaşmışdıq. Hər bir futbolçu üç xalın vacib olduğunu yaxşı anlayırdı. Sadəcə olaraq, qapımızdan erkən qol buraxdıq. Bundan sonra elə bil ki, komanda “sındı”.

- Güclü hücumçularınız olsa da, irəlidə dişsiz görünürdünüz.

- Hücumçulara normal ötürmələr verildi. Sadəcə, həm hücumçular həm də, cinah yarımmüdafiəçilər ələ düşən imkanları yaxşı dəyərləndirə bilmədilər. Bunlar hamısı bir-birinə bağlıdır. Bütün komanda müdafiədən tutmuş hücuma kimi, hər kəs zəif oynadı. Oyuna çox yaxşı başlasaq da, erkən vurulan qol məğlubiyyətimizə səbəb oldu. Xətlərarası əlaqələrin də qaydasında olmadığı görünürdü. Topu yetərincə özümüzdə saxlaya bilmirdik.

- Məğlubiyyətdən sonra klub rəhbərliyi sizə nə dedi?

- Düzdü, baş məşqçi məğlubiyyəti öz üzərinə götürsə də, hər şeyə düzgün qiymət vermək lazımdır. Rəhbərliyin də töhmətini anlamaq olar. Axı, onlar da klubun inkişaf etməsi, komandanın çempion olması üçün küllü miqdarda maliyə xərcləyib. Komandamızda bütün futbolçuların səviyyəsi yaxşıdır. Ancaq bir-iki matçda yaxşı oynasaq da, sonradan qırılma baş verir.

- Razısanmı ki, “Bakı” komanda şəklində oynaya bilmir?

- Futbol komanda oyunudur. Ola bilər ki, bu amil də məğlubiyyətimizdə təsirsiz ötüşməyib.


- Əksəriyyət “Bakı”nın uğur qazana bilməməsində baş məşqçi Aleksandr Starkovu günahlandırır. Sən necə düşünürsən?

- Baş məşqçimiz də məsuliyyəti öz üzərinə götürdü. Ancaq əgər futbolçu meydanda qaçmırsa, buna baş məşqçi neyləsin? Bu fikir içi mən qarışıq bütün komanda yoldaşlarıma aiddir. 57 yaşlı kişi bizim əvəzimizə futbol oynayası deyil ki? Ən azı mübarizə aparmalıyıq. Uduzmaq olar. “Barselona” “Mançester Yunayted “ kimi komandalar da məğlub olurlar. Lakin uduzsalar da, axıra kimi döyüşürlər.

- Artıq bu gedişlə “Bakı” ilk “altılıq”da yerini itirə bilər.

- Biz də bunu yaxşı başa düşürük. Bir də ki, əgər liderlə xal fərqimiz 15 -ə bərabər olacaqsa, onda biz ilk “altılıq”da niyə oynayırıq.  Düşünürəm ki, qarşıdakı üç oyundan maksimum xal götürməsək, vəziyyətimiz yaxşı olmayacaq. İnanıram ki, komanda özünü toparlayıb növbəti qarşılaşmalarda qələbələr qazanacaq.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi