“Qarabağ” bizimlə fəxr edir, biz də onlarla” – Zeynəb Məmmədyarova

“Qarabağ” bizimlə fəxr edir, biz də onlarla” – Zeynəb Məmmədyarova
MÜSAHİBƏ 16 Yanvar 2020 / 16:15 4921
-  A +

Qadın şahmatçılardan ibarət millimizin üzvü,  Sumqayıt  bələdiyyəsinin  sabiq sədr müavini Zeynəb Məmmədyarova Qol.az-a müsahibə verib.

- Son Avropa çempionatında əsas milli ilə oyunlarda iştirak etməsəniz də, komanda ilə Gürcüstana getdiniz.  Bu barədə fikirlərini bilmək istəyərdik.

- Komandanın  heyəti mənimlə məsləhətləşdikdən sonra müəyyənləşdi. Bu dəfə yığmada oynamamağa razılıq verdim. Millinin məşqçisi, kapitanı kimi Fikrət Sdeifzadə ilə köməkləşərək bu komandanın uğurlu nəticə əldə etməsi üçün bu yarışa getdim . Gənc şahmatçılarımıza güvənim çoxdur, ona görə də razılaşdım. Bilirdim ki, mən oynamasam da, komanda uğurlu çıxış edəcək. İnanıram ki, qızlar da razılaşar ki, mənim ora getməyim, onlara dəstək olmağım,  milli üçün yaxşı oldu. Şahmatçılarımız da Avropa çempionatında bürünc medal qazandılar.

- Siz oynasaydınız, millimiz eyni uğuru və ya daha artığını əldə edə bilərdi?

- İllərdir qadın şahmatımızın bir nömrəli şahmatçısı olaraq mübarizə aparmışam. Komandamızda qızlarımızın şahmatçı kimi  yüksək səviyyəyə çatması üçün zaman lazım idi və bu, gəlib çatdı. Mən deyərdim ki, qızlarımız artıq yüksək səviyyədə oynayan şahmatçılardır. İnanıram ki, növbəti 1 ildə onlar çox yüksək reytinqlərə sahib olacaqlar. Çünki artıq rəqabət var və bunun nəticəsində də daha güclü nəticələr əldə etməyə başlayacaqlar.

- Bacınız Türkan Məmmədyarova qardaşınız Səhriyar Məmmədyarovla şahmat oynamağı sevmir. Bəs siz?

- Mən də Şəhriyarla şahmat oynamağı çox sevmirəm. Ancaq onunla yarışlara hazırlaşırıq. Şəhriyarla oynamaq ona görə xoşumuza gəlmir ki, bizi udur, insaf eləmir (gülür). Ona görə qardaşımla oynamaq çox da xoş deyil.

- Yaxın vaxtlarda Səhriyara qalib gəldiyiniz oyun olub?

- Xeyr. Amma heç-heçələr etmişik.

- Ötən ilin dekabrına kimi Sumqayıt şəhər bələdiyyəsində sədr müavini işləmisiniz. Oradakı işinizi necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, şahmatçı və ölkədə hər hansı bir vəzifədə olmaq çox şərəfli işdir. Çünki məni dünyada şahmatçı kimi tanıyırlar. Bu, mənə əlavə bir üstünlük qazandırır. Azərbaycanda şahmatçılar  yüksək, gözəl işlərdə işləyə, insanlara xidmət edə bilirlər. Sumqayıt bələdiyyəsi demək olar ki, ilin ən yaxşı bələdiyyəsidir. Biz son seçimlərdə sakinlərimiz üçün 2 milyon 600 min manata yaxın işlər görmüşük.  Bu, çox gözəl nəticədir. Təbii ki Sumqayıt bələdiyyəsi tək məndən ibarət deyil. Görülən işlər yüksək səviyyədədir. Mən də müavin olaraq buna sevinirəm. İşimi qənaətbəxş hesab edirəm.

- Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürmüsünüz...

- Sumqayıt şəhərində deputatlığa namizədliyi irəli sürmüşəm.  Sumqayıtda məni yaxşı tanıyırlar, sevirlər, hörmət edirlər. Mən bunu görürəm. Məsələn, şəhərdə  gəzəndə mənə yaxınlaşırlar.  Çox sevindirici haldır ki, ancaq müsbət rəylər görürəm. Sevinirəm ki,  Sumqayıtda şahmata böyük həvəs var və şahmatçıları sevirlər. Mən də həm sevilən bir şəxs olaraq, həm də xalqımı sevən biri olaraq xalqım üçün çox gözəl səviyyədə çalışa bilərəm, çalışıram da. Şahmat başlayandan bu günə kimi elə bunu edirəm.

- Seçicilər nə üçün sizi seçməlidir?

- Seçicilərə güvənim sonsuzdur. Onlar özlərinə yaxın bir insanı seçməlidirlər.  Seçicilər bilirlər ki, Zeynəb Məmmədyarova insanları sevən , onlara qayğı göstərən bir insandır. Ona görə də mənə elə gəlir ki, məni seçməklə xeyir görəcəklər.

- Deputat seçilsəniz, şahmatçı karyeranız necə olacaq?

- Dünyada siyasətlə məşğul olan bir neçə şahmatçı var. Onlar demək olar ki, mənim rəqiblərimdir, hal-hazırda da şahmat oynayırlar. Serbiyadan Melis Alisa idman naziridir. Latviyadan  Dana Rezniça 2016-cı ildə maliyyə naziri idi. Hazırda isə ölkəsinin iqtisadiyyat nazirdir. Litvadan Vitoriya əvvəl deputat idi, indi isə parlamentlərində siyasi partiyanın sədridir. Onlar həm şahmat oynayıb, həm də ölkələrinə xidmət edirlər. Həmin şahmatçıların dünyanın bütün ölkələri ilə onların əlaqəsi var. Mən də onlardan örnək götürürəm. Şahmat karyerama mütləq davam edəcəyəm. Çünki şahmat Azərbaycan üçün çox önəmlidir.

- Millinin üzvlərinə verilən məvacib digər ölkələrlə müqayisədə necədir?

- Bizim ölkəmizdə idmana göstərilən qayğı, mükafatlar digər ölkələrlə müqayisədə daha irəlidədir.  Ölkəmiz dünyada özünü istər iqtisadi, istər elmi, istərsə də idman cəhətdən müsbət mənada təbliğ etməkdə çox uğurla irəliləyir. Şahmatımızın təbliği də yüksək səviyədə gedir.  Son nəticələr göstərir ki, qadınlarımızda zərif cinsin nümayəndələrinin intellektual səviyyəsini  dünyada çox yüksək səviyyədə  göstərə bilərlər. Ona görə də qadınların məvacibinin kişilərdən fərqli olmasının tərəfdarı deyiləm. Qadın və kişi bərabərdir. Onlar eyni yeməyi yeyir, eyni geyimi geyinirlər. Onlarının hamısının övladları var. Ona görə də məvacib fərqli olmalı deyil. Qadınların məvacibinin artmasının tərəfdarıyam. Bu, onlara öz işlərini daha əlverişli şəkildə görməsinə kömək  edəcək. Milli komandaların üzvləri əlavə işlərlə məşğul olmasının tərəfdarı deyiləm. Onlar şahmatla məşğul olmaldırlar və peşakar şahmatdan uzaqlaşdıqdan sonra məşqçi kimi fəaliyyət göstərməlidirlər.Milli komadanın üzvləri əlavə şagirdlər hazırlayırlar. Bu da onların  karyeralarına mənfi təsir edir. Ancaq qadın şahmatçıların məcavibinin artması yüksək hal ola bilər.

- 2012-ci ildə Məmmədyarovlar şahmat məktəbi açdınız. Lakin sonradan məktəb fəaliyyətini dayandırdı. Yenidən bu cür məktəb yaratmaq planı varmı?

- Hal-hazırda əsas görəcəyim işlər Milli Məclislə bağlıdır. Şahmatın insanlara  yüksək səviyyədə təsiri var.  İdman növlərindən hansının uşaqların gələcəyi  üçün xeyirli olması ilə bağlı sınaq keçirilmişdi. Bunun üçün 1000 şahmatçı və 1000 digər idman növlərinin idmançının gələcəyi araşdırılmışdı. Görmüşdülər ki, 100 şahmatçıdan gələcəyi  pis olan heç bir insan olmayıb. Ancaq yüksək səviyyəli şəxslər olublar, içlərində cinayətkar olmayıb. Ona görə də mən şahmatın ölkəmizdə yayılmasının çox tərəfdarıyam.  İnsanlar gözəl, mehriban, başqalarına ziyan vurmamaıldır, ağıllı, şüurlu, intellektual olmalıdır. Hamı gözəl dolanmalıdır. İnsanlar ac, susuz qalmamalı, müharibələr olmamalıdır. Ona görə də  dünyada nə qədər çox şahmat təbliğ olunsa, o qədər insanların xeyirinə olar. Bu səbəbdən mən də şahmat məktəbi açmışdım,  ancaq təəssüf ki, sonra bağladım. Bu isə ondan irəli gəldi ki, uşaqlar ancaq mənimlə işləmək istəyirdilər. Mən yarışlarda olanda onlar dərslərə gəlmirdilər. Bu da sıxıntı yaradırdı. Başa düşdüm ki, bu çətin bir şeydir. Ona görə də məktəbi bağlamaq məcburiyyətində qaldım. Gələcəkdə sözsüz ki, yenidən şahmat məktəbi açmağı düşünürəm. Məmmyarovların adı ilə bağlı bir mərkəzin olmasını çox arzulayaram.

- Zeynəb real həyatda necə gələcəkdə ola biləcəkləri əvvəlcədən hesablayırmı, yoxsa hissləri ilə hərəkət edir?

- Gələcəkdə  ola biləcəkləri yəqin ki, hesablaya bilirəm. Ancaq bu günlə yaşamağı xoşlayıram. Çünki hər gün bizim üçün son gün ola bilər. Ona görə insan kimi yaşamağı üstün bilirəm. Bu gün yaşayıramsa, insanlara yaxın olmalıyam. Görəcəyim işləri gələcəyə saxlasam, qismət olmaya bilər.

- Piyadanın vəzir olması üçün nə etmək lazımdır?

- Piyada yaxşı ki vəzir olur (gülür). Ancaq piyada ağıllı piyada olsa, sonuncu mərhələyə gələndə vəzirə çevrilməyi bilməlidir. Piyadanı idarə edən bunu bilərsə, uğur qazanacaq.

- Atanız sizin bu səviyyəyə gəlməyinizin əsas səbabkarlarından biridir. Maraqlıdır, nəvələrinin də şahmatçı olmasını istəyir? Bununla bağlı nəvələrinə kömək edir?

- Atamız əsas səbəbkarlardan biri deyil, elə səbəbkarın özüdür. O,  şahmata başladığımızdan gündən indiyə kimi bizim məşqçimizdir və bunun ancaq xeyirini görür. Bir valideyn, azərbaycanlı olaraq istədiyinə nail oldu. Şahmat vasitəsi ilə Azərbaycanı yüksək səviyyədə təbliğ və təmsil edə bilirik. Onun nəvələrinin demək olar ki,  hamısı şahmat oynaya bilir, çünki hamısına şahmat öyrədib. Hazırda böyük oğlum Elton da gündə 2 saat şahmatla məşğul olur. Peşəkar səviyyədə şahmatçı olacaq, ya yox, bunu zaman göstərəcək.

- Güclü qadın olmaq üçün nə etmək lazımdır?

- Çox əfsuslar olsun ki, insanlar güclü olmaq üçün bəzən gecikirlər. Müəyyən yaş dövrünə qədər əldə olunan xarakter var, bu formalaşmalıdır. Mən düşünürəm ki, güclü insan, qadın olmaq üçün valideynin rolu böyükdür. Valideyn yaxşıdırsa, övlad güclü olacaq. Valideyn zəifdirsə, övladın güclü insan olmağı çox çətindir. Bəzi şərtlərdə ola bilər, amma gərək insanda nifrət hissi olsun. Həyat şərtləri o qədər çətin olur və bu şərtlərdən çox az insan uğurla çıxa bilər. Həyatda bizi güclü insan edən valideynlərimizdir. Valideyn savadsız və zəifdirsə, övladına da özü kimi olmağı öyrədəcək. Güclü qadın olmaq isə çox önəmlidir. Çünki güclü qadın, güclü ana, güclü övladlar deməkdir. Güclü övladlar isə ölkənin uğurudur. Mütləq  qadın güclü olmalıdır. Çünki xanımlar gələcəyimizdir, övladlarımızın tərbiyəçisidir. Mümkün qədər qadının güclü olmasına çox şərait yaratmaq lazımdır.

- Qarşıdakı məqsədiniz nədir?

- Qeyd etdiyim kimi, qarşıdakı məqsədim Milli Məclisə deputat seçilməkdir. Bunun üçün  mübarizə aparacağam. İnşallah, seçicilərlə görüşəcəyəm. Həyatımın növbəti mərhələsinə bu seçkilərdən sonra qərar verəcəyəm. Arzu edirəm ki,  bu seçkilərdə seçicilərin qayğısına qalacaq, onlara yaxından kömək edəcək və millətini, xalqını sevən namizədlər qalib gələcək.

- Sizin üçün şahmat karyeranızın ən uğurlu hadisəsi hansı olub?

- Şahmat karyeramda  uğurlu hadisə, nəticə çox olub. Hamısını yüksək səviyyədə qiymətləndirirəm. 2010-cu ildə Xantamansesdə keçirilən olimpiadadakı uğurumu və yaxud Bakıda keçirilən yarışda Avropa çempionu olmağımı, ilk böyük uğurum gənclər arasında Dünya çempionu olmağımı- bunları bir-birindən ayıra bilmərəm. Çünki hamısı yüksək səviyyədədir.

- Şahmatda ilk pul mükafatınızı nəyə xərclədiyiniz yadınızdadır?

- Yadımdadır ki, gənclər arasında Avropa çempionu olduqdan sonra cənab prezidentimiz bizi qəbul etdi, pul mükafatı verdi. 2003-cü ildə isə Naxçıvanda yüksək səviyyədə dünya çempionatı keçirildi. İlk pul mükafatımız prezidentimiz İlham Əliyev və Vasif Talıbov tərəfindən verilib. Bu mükafatları hər zaman olduğu kimi şahmata, yarışlara getmək üçün  xərclədik. Kitablar, şahmatlar aldıq. Çox gözəl vaxtlar idi. İlk qazandığımız pullar çox şirin idi. Bütün idman növlərində əsasən sponsorlardan qazanırlar. Bizim də ilk mükafatımız İlham Əliyevdən olub. Çox gözəl hiss idi.

- Bacınız Türkan Məmmədyarova ilə yarışlarda rəqib olanda necə edirsiniz? Heç-heçə daha çox  olur, yoxsa...?

- Əlbəttə, Türkanla son illər oynamırıq. Hətta, bilsək ki, birimizin uduşu daha yaxşı nəticə verə bilər, bir-birimizə xal vermirik, heç-heçəyə razılaşırıq. Əsas haqq-ədalət olsun.

- Qadın şahmatçılardan ibarət millimiz Gənclər və İdman Nazirliyi və İdman Araşdırmalar Mərkəzi tərəfindən ilin komandası seçildi. Bu barədə fikirlərinizi bilmək istəyərdik.

- Avropa çempionatında bürünc medal əldə etdiyimiz üçün bu mükafata layiq görüldük.  Azərbaycan qadının intellektinə yüksək dəyər verildiyi üçün çox təşəkkür edirəm.  Üçüncü yer tutmaq və bu qədər çox rəğbət görmək böyük fəxr hissidir.  Bu, bizi həvəsləndirir. Bundan sonra daha da böyük nəticələr üçün hamımız çalışacağıq.

- “Qarabağ” futbol klubu tərəfindən qadın şahmat millimizin üzvlərində adlarının yazılı olduğu forma hədiyyə olundu. Bu haqda nə demək istəyərdiniz?

- “Qarabağ” futbol klubuna və baş məşqçi Qurban Qurbanova formaya görə xüsusi təşəkkür edirəm. Ağdam klubu sosial şəbəkələrində bizim formada olan şəklimizi paylaşaraq çox gözəl cümlə işlətmişdi: “Meydanda biz, masada siz”.  Bu, çox yerində vurğulanmış cümlədi. “Qarabağ” bizimlə fəxr edir, biz də onlarla.

- “Qarabağ”ın oyunlarını izləyirsənmi?

- Düzünü desəm, televizora çox baxmıram. Amma futbolu sevirəm. Sadəcə axşam 10-da yatdığım üçün futbol oyunlarını çox izləyə bilmirəm. Ancaq “Qarabağ”ın adı bəs edir ki, ona dəyər verək və bu komandaya pərəstişkarlıq edək. “Qaraba” futbol klubu mən deyərdim ki, müasir Azərbaycan futbolu tarixinə adini qızıl hərflərlə yazdırmış, daim qururla adını böyük hərflərlə yazacağımız , adın böyük şərəf hissi ilə çəkəcəyimiz  futbol klubumuzdur . Uzun muddətdir Avropada bizi təmsil etməsi , Avroliqanın qrup mərhələsində dəfələrlə iştirakı , ən əsası isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, top klublarla mübarizə aparması buna bir daha sübutdur. “Çelsi”, “İnter, “ Atletiko” kimi klubların ölkəmizə təşrif buyurmasinda əsas səbəbkar olan “Qarabağ”a  yaralı yerimiz  Qarabağımızın adını dünyaya bir daha duyurmasına görə təşəkkür edir, onlara uğurlar arzulayıram.

Aysel BƏXTİYARLI

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı