"Yurçeviçə siqnal verəcəyəm ki, oynamaq istəyirəm”

"Yurçeviçə siqnal verəcəyəm ki, oynamaq istəyirəm”
MÜSAHİBƏ 8 Noyabr 2019 / 13:13 4226
-  A +

“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli Qol.az saytına müsahibə verib. İlk dəfə milli komandaya dəvət olunan 24 yaşlı hücumçu təəssüratlarından, yığmamızın qarşıdakı oyunlarından, komandasının Premyer Liqadakı şanslarından danışıb.

- İlk dəfə milli komandaya çağırıldın. Təəssüratların necədir?

- Çox xoş oldu mənim üçün. Bildiyiniz kimi, aşağı yaş qruplarında da yığmaya çağırılmamışdın. Yəni, bu, ilkdir. Həm qürurverici hissdir, həm də insan həyəcanlanır. Çünki birinci dəfə bu hissi yaşayacağam. Aşağı yaş qruplarında millidə oynayanda ən azından, bu hissə öyrəşirsən. Amma birdən-birə əsas yığmaya çağırılanda həyəcanlanırsan, üzərində məsuliyyət olur. Ümid edirəm, məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Dəvət gözləyirdinmi, yoxsa sənin üçün gözlənilməz oldu?

- 50 faiz gözləyirdim. Çağırılacağıma ümidim var idi. Bilirdim ki, ən azından, mənim əziyyətimi dəyərləndirərlər. Sadəcə, klubda məşqlərimi edib, oyunlara çıxırdım. Oyunlarda da əlimdən gələni edirdim. Bu da öz bəhərsin verdi. Çox sağ olsunlar ki, əziyyətimi yerdə qoymadılar.

- Yığmamız  ilk olaraq evdə Uelslə qarşılaşacaq. Uels kimi yığmaya qarşı debüt etmək  şansın var. Düşünürsən ki, baş məşqçi sənə debüt şansı verəcək?

- Baş məşqçinin mənə güvənib-güvənməyəcəyini heç kim bilməz. Yenə deyirəm, əsas məşqlərdir. Baş məşqçi yəqin ki, ilə məni məşqlərdə yaxından görmək istəyər. Mən də özümü məşqlərdə yaxşı tərəfdən göstərmək istəyirəm. Əsas odur ki, baş məşqçiyə "siqnal" verəcəyəm ki, mən oynamaq istəyirəm, hazıram. Amma onu deyim ki, istər Uels olsun, istərsə də başqa yığma, debüt oyunu hər insan üçün bir az çətindir. Həm də həyəcan olur. Milli komandada çıxış etmək tam başqa hisslərdir. İnanıram ki, komanda yığışandan sonra özümü oyuna daha da hazır edəcəyəm. Ümid edirəm, baş məşqçi şans verər, mən də oynayaram. Şans verməsə də daha çox məşq edib, öz üzərimdə işləməliyəm.

- Baş məşqçi Nikola Yurçeviçlə görüşün olubmu?

- Xeyr, hələ görüşüm olmayıb. Sadəcə, bu gün səhər zəng edib, təbrik elədilər ki, yığmaya dəvət almısan. İnşallah, məşqlərə başlayanda görüşəcəyəm.

- Millimiz bu seçmə mərhələdə keçirdiyi 6 oyunda cəmi 1 xal toplayıb və sonuncu pillədədir. Yəqin ki, indiyə qədər keçirilən oyunları izləmisən.

- Bütün oyunları izləmişəm. Amma evdəki iki oyunu – Slovakiya və Macarıstanla qarşılaşmanı tribunadan canlı izləmişəm. Məsələn, Macarıstanla səfərdəki oyunda təmiz qolumuz sayılmadı. Yəni, əsas odur ki, istəkli olub, əziyyət çəkmək lazımdır.

- Uelslə oyundan sonra Slovakiya millisi ilə görüş var. Ümumiyyətlə, qarşıdakı oyunlar haqda nə düşünürsən?

- Qarşıdakı bu iki oyunda xal və xallar qazanmaq olar. Ancaq hər iki oyun çətin olacaq. Ən azından, istəkli olmaq lazımdır. Milli komanda oynamaq tam başqa bir şərəfdir. Bunu nəzərə alıb, elə oynamaq lazımdır.

- Bir az da Premyer Liqadan danışaq. Hazırda 16 xalla 3-cü pillədəsiniz və əsas rəqibiniz 2-ci yerdə olan “Neftçi”dən cəmi 2 xal geridəsiniz. Komandanız "Neftçi" ilə mübarizəyə hazırdırmı?

- Mən hər dəfə deyirəm, bizim kollektiv çox yaxşıdır. İstər legionerlər, istərsə də yerli futbolçular olsun, hər kəs bir-biri ilə xoş rəftar edir. Əsas da kollektivdə bu olmalıdır. İkincilik, ya da üçüncülük haqda nəsə deyə bilmərəm. Ən azından, qışa kimi xallar qazanmalıyıq. Baş məşqçimiz deyib ki, qışda yeni transferlər olacaq. Ondan sonra daha yaxşı “Keşlə” görəcəyinizə ümid edirəm.

- Komandanın qarşısına hansı hədəf qoyulub?

- Biz ötən mövsüm Premyer Liqanı sonuncu yerdə bitirmişdik. Bu il çempionat başlayanda həm klubumuzun prezidenti, həm də baş məşqçimiz Tərlan Əhmədovun istəyi kollektivi düzəltmək idi. Kollektiv düzəldikdən sonra nəticələr qazandıqca məqsəd də bilinir. Amma hazırda baş məşqçimiz qarşımıza məqsəd qoymayıb ki, 2-ci, ya 3-cü yerdə olmalıyıq. Sadəcə, maksimum xallar qazanmaq və yuxarı pillələr üçün mübarizə aparmaq istəyirik. Amma bu çempionatda oynayırsansa, məqsədin Avrokuboklardır. Bu açıq olan bir şeydir ki, məqsəd budur.

- Özün də qeyd etdin ki, ötən mövsümü uğursuz başa vurdunuz. Bəlkə də, buna görə çoxları “Keşlə”nin belə uğurlu başlanğıc etməsini gözləmirdi. 

- Düzdür. Əlbəttə, bir klubun sonuncu pilləni tutub, gələn mövsüm 2-ci yer uğrunda mübarizə aparmasını heç kim gözləmir. Amma biz uğura inanırıq, bir-birimizə güvənib, dəstək oluruq.

- Növbəti turda “Neftçi”ylə vacib oyununuz var. Qələbə qazansanız, 2-ci pilləyə yüksələcəksiniz. Bu, sizə əlavə bir motivasiya verirmi?

- Əlbəttə, düz vurğuladınız. Hər oyundan öncə məşqçilərimiz, futbolçular bir-birinə motivasiya verir. Amma bu elə bir oyundur ki, heç kim heç nə deməsə də, sənin oyuna motivasiyan olur. Çünki udsaq, 2-ci yerə yüksələcəyik. Bu oyunun özü, “Neftçi”nin adı elə özü motvasiyadır. Amma biz bütün rəqiblərə qarşı oyuna eyni formada hazırlaşırıq. İstər “Neftçi” olsun, istər “Qarabağ” və digər klublar. Bizə rəqibimizin hansı mövqedə olması fərq etmir. Əsas odur ki, meydana 3 xal üçün çıxacağıq. Rəqibimiz güclüdür, yaxşı kollektivi var. Amma biz də öz oyunumuzu göstərməyə çalışacağıq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər