“Qarabağ”ın qrupdan çıxacağına inanıram” – Azərbaycanlı qrossmeyster

“Qarabağ”ın qrupdan çıxacağına inanıram” – <b style="color:red">Azərbaycanlı qrossmeyster </b>
MÜSAHİBƏ 31 Oktyabr 2019 / 14:49 2573
-  A +

Azərbaycanlı qrossmeyster Nicat Abasov Qol.az-a müsahibə verib. Son zamanlar uğurlu çıxışı ilə seçilən və dəfələrlə yığmamızda oynamış şahmatçımız milli komandalar arası Avropa çempionatında oynamaqdan imtina etməyinin səbəbi, o cümlədən bir sıra mövzular barədə danışıb.

- Yüksək nailiyyətlər əldə etmək üçün gün ərzində saatlarla şahmatla məşğul olmalısan. Maraqlıdır, şahmat ali təhsil almağına mane olmayıb?

-2010-2011-ci illərdə çətin dönəm yaşadım və bunun nəticəsində reytinqim 2525-dən 2460-a qədər düşdü. 2012-ci ildə imtahanlara hazırlaşmağım səbəbindən şahmata 1 illik fasilə vermək məcburiyyətində qaldım. Ancaq sonra qısa müddətdə hazırlıqsız şəkildə itirdiklərimi bərpa etdim. 2013-cü il yeniyetmələr arasında dünya çempionatında klassik şahmat üzrə 2-ci yeri böldükdən, blitz üzrə 1-ci yerə çıxdıqdan sonra şahmata daha peşəkar şəkildə yanaşmaq istədim. Oxuduğum Memarlıq və İnşaat Universitetində  istəyimə çatmaq üçün mənə güzəşt etdilər. Davamiyyətim yüksək olmadığı halda imtahanlara girmək şansı yaratdılar ki, bunun da sayəsində şahmata vaxt ayırmaq imkanım çoxaldı.

- Bu ay Men adasında keçirilən “Grand Swiss 2019” superturnirini 15-ci pillədə başa vurdun. Bu turnirdəki çıxışın haqda fikirlərini bilmək istəyərdik.

- Qısaca deyə bilərəm ki, güclü turnirlərdə iştirak etmək daha maraqlı olur, “Grand Swiss” indiyədək iştirak etdiyim ən güclü turnirdir.

- Son zamanlar ölkəmizdə ən yaxşı formada olan şahmatçılardan birisən. Bu uğurlu çıxışını nəyə borclusan?

- Ümumiyyətlə, son illər şahmatçılarımızın hər biri ayrı-ayrılıqda yeni uğurlar qazanmağa müvəffəq olub. Şəhriyar Məmmədyarov 2800, Rauf Məmmədov 2700 reytinqini adlamağı bacarıb. Xüsusilə Teymurun möhtəşəm geridönüşünü vurğulamaq istərdim. Hər kəsin karyerasında çətin dönəmlər olur və inanıram ki, bizim şahmatçılar üçün o dönəm geridə qalıb. Son yarışlarım üçünsə hazırlıqda hər hansı bir ciddi dəyişiklik etməmişəm.

- Hazırda kiminlə məşğul olursan?

  Artıq bir neçə ildir ki, məşqçim yoxdur.

- Bəs bunun səbəbi nədir?

- 11-12 ildir ki, mütəmadi məşğul olduğum məşqçi yoxdur. Bu dönəmdə bir neçə qısamüddətli təlim-məşq toplanışı keçirmişəm. Ancaq azı 4 ildir ki, bunu da etmirəm.  Düşünürəm ki, buna əsas səbəb, Azərbaycanda çox az qrossmeysterin digər qrossmeysterlə məşğul olmaq təcrübəsinin olmasıdır. Bu da əsasən şahmatçıların gənc olması və karyeralarını davam etdirməsindən qaynaqlanır. Məsələn, Rusiyada Nayer, Motılev və digər güclü şahmatçılar var ki, onlar artıq müəllimlik fəaliyyətinə başlayaraq gənc nəsilə güclü məktəb olurlar.  Bizdə isə belə təcrübə olmadığından məcburi şəkildən xarici mütəxəssis dəvət etmək lazımdır ki, bu da asan olmur. İndi daha çox özüm məşğul oluram. Bəzən isə şahmatçı yoldaşlarımla sparrinq keçirdirik.

- Ötən il Şəhriyar Məmmədyarov şahmatçıların sponsoru olmamağından gileyləndi. Hazırda bununla bağlı vəziyyət necədir? Sənin sponsoru varmı?

-  Xeyr, sponsorum olmayıb və hazırda da yoxdur. Şahmatda çox az adamın - Maqnus Karlsen, Karyakin və başqalarının, o cümlədən Hindistanda müəyyən oyunçuların sponsorları var. Yəni bu sahədə elə bir təcrübə yoxdur ki, şahmatçıların mütləq sponsoru olsun. Düşünürəm ki, bunun əsas səbəbi şahmat turnirlərinin televiziyada yayımlanmamasıdır.

- Son vaxtlar ölkə xaricində yaşayan yerli şahmatçıların sayı artıb. Hətta onların çoxunun iş məqsədilə ölkəni tərk etdiyi hamıya məlumdur. Buna münasibətin necədir?  Ümumiyyətlə, sənin necə, Azərbaycandan kənarda yaşamaq fikrin varmı?

- Doğrudur, məsələn 82 milyondan çox əhalisi olan Türkiyədə şahmat məşqçisinə daha çox tələb var. Ümumiyyətlə, hazırda Türkiyədə şahmat cərəyanı baş verir, valideynlər övladlarını həvəslə şahmata gətirir. Bu səbəbdən də əksər peşəkar şahmatçılarımız fəaliyyətini məşqçi kimi Türkiyədə davam etdirir. Mən də təklif almışam, lakin bu barədə hələ düşünmürəm.

- Avropa çempionatı üçün Teymur Rəcəbovun əvəzinə milliyə çağrılsan da, oynamaqdan imtina etdin. Şəhriyar yorğunluq səbəbindən bu addımı atdığını sosial şəbəkədə yazmışdı. Sənin özündən də bu haqda eşitmək istərdim.

-  Milli komandanın şərəfini qorumaq hər bir idmançının arzusudur. Artıq uzun illərdir ki, yığma reytinq durumuna əsaslanaraq seçilir və bu göstəricilərə görə 2 ay öncə - yeni yığma komandanın üzvləri dəqiqləşdiriləndə milliyə dəvət almamışdım. Bu səbəbdən yarış qrafikimdə müəyyən dəyişikliklər olmuşdu. "Grand Swiss" başlamazdan 2 gün öncə güclü İspan liqasında çıxışımı başa vurmuşdum. 21 gün ərzində yüksək reytinqli şahmatçılarla 18 oyun oynamaq  çox enerji apardı. Lakin çıxış edə bilməməyimin səbəbi təbii ki, təkcə yorğunluq  deyildi. Sosial şəbəkələrdə yazılanlar tez-tez həqiqətə uyğun olmur.

- Şahmatda hədəfin nədir?

- Mümkün qədər biliyə sahib olub, oyunlarımda onları tətbiq etmək. Nəticə nisbidir, yaxşı da ola bilər, pis də.

- Bəyəndiyin şahmatçı kimdir ?

- Sırf elə birisi yoxdur. Bir çox şahmatçının -  Alyoxin, Botvinnik, Karpov, Kramnik və başqalarının oyunlarına baxaraq öyrənməyə çalışmışam.

- Başqa hansı idman növlərinə marağın var?

- Futbol və stolüstü tennisi  xüsusilə vurğulamaq istəyərdim.

-  Ölkə futbolunu izləyirsən, yoxsa...

-  Ölkə çempionatını yox, ancaq avrokuboklarda "Qarabağ"ın çıxışını maraqla izləyirəm. Ümid edirəm  ki, bu il ilk dəfə qrup mərhələsini adlayacağıq!

- Azarkeşi olduğun futbol klubu var?

-  “Real” Madrid.

- Messi, yoxsa Ronaldo?

-  Hər ikisi möhtəşəm oyunçudur, seçim məcburiyyəti olduğu təqdirdə - uzun illər  “Real”ın formasını geyindiyi üçün Kriştiano deyərdim.

- Şahmatın Messi və Ronaldosu hesab etdiyin kimlərsə varmı?

- Günümüzdə ikisini də eyni şəxs təmsil edir – Maqnus Karslen. Lakin düşünürəm müqayisə üçün Kasparov - Karpovu nümunə gətirmək olar. Kasparov, Ronaldo əzmkar, aqressiv oyunçular olduğu təqdirdə, Karpov, Messi istedad və sahə duyumuna malikdir.

-  Teymur dünya kubokunu qazandıqdan sonra Şəhriyar  ölkəmizin qazanmadığı turnirlər haqda “Feysbuk” hesabında yazdı. Bəs sən, bu turnirlərdən hansında qalib ola biləcəyini düşünürsən?

- Bəlkə nə vaxtsa bu, reallaşa bilər. Xüsusilə, millinin  tərkibində dünya çempionatı və olimpiadanın qalibi olmağı istəyərdim.

-Şahmat millilərimiz  Avropa çempionatında çıxışını davam etdirir. 6 turdan sonra kişilərdən ibarət millimiz gözlənilmədən 10-cu pillədə qərarlaşıb, qadınlarımız isə 3-cüdür. Səncə, son Avropa çempionu olan kişi şahmatçılarımızın uğursuz çıxışının səbəbi nədir?

- Belə yarışlarda bir qədər bəxt amili lazım olur. Ukraynanı  3:1  hesabı ilə uda biləcəyimiz matçda məğlub tərəf biz olduq. 5-ci turda Xorvatiya ilə görüşdə Raufun çox ciddi üstünlüyü var idi,  ancaq oyun heç-heçə başa çatdığı üçün ümumi nəticə 2:2 oldu.  Almaniya ilə oyunda isə Raufun qara fiqurlarla debütdən həm vaxt, həm  də mövqe baxımından üstün çıxmağına baxmayaraq, yenə şans rəqib komandanın tərəfində oldu. Məncə bu cür çıxışımızın ən əsas səbəbi təbii ki, komandamızın liderlərindən biri - Teymur Rəcəbovun yoxluğudur. Qadınlardan ibarət yığmamız isə 2-ci turda ağır məğlubiyyətdən sonra möhtəşəm geridönüş etdi. Ardıcıl 3 inamlı qələbədən sonra 6-cı turda nəhəng Rusiya yığmasına qarşı 2:2 oynadılar ki, bu nəticə  artıq özü böyük bir uğurdur.  Bu gün qadınlarımızı ev sahibi Gürcüstanla  önəmli oyun gözləyir. Ümid edirəm ki, qadın yığmamız eyni templə davam edəcək. Hər bir şahmatçımıza uğurlar arzulayıram.


Aysel BƏXTİYARLI

 

Daha çox


Son xəbərlər