“Dedi, qeyrətinizə qurban olum, siz də belə döyüşürsünüz” – “Qarabağ”ın “İngilis”i

“Dedi, qeyrətinizə qurban olum, siz də belə döyüşürsünüz” – “Qarabağ”ın “İngilis”i
MÜSAHİBƏ 30 Oktyabr 2019 / 13:39 8606
-  A +

"Hər dəfə “2” nömrəni Qara Qarayevin geyindiyi görəndə deyirəm ki, bu forma sənin halalın olsun"

Səttar Əliyev düz 20 il – 1984-2004-cü illərdə “Qarabağ”da oynayıb. Ağdamın işğalından sonra başqa klublardan yaxşı təkliflər almasına baxmayaraq, doğma şəhərinin komandasına sadiq qalaraq sonadək orada çıxış edib.

Futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ” da daxil olmaqla bir neçə komandada məşqçi kimi çalışıb. Sonuncu dəfə işlədiyi klub “Sabah” olub.

Qol.az-ın müxbiri S.Əliyevlə söhbətdə Azərbaycan futbolunun durumuna, “Qarabağ” komandasının hazırkı vəziyyətinə, eləcə də Ağdam klubunun çətin dönəmlərində o da daxil olmaqla, bir neçə futbolçunun fədakarlığına toxunub.


- Əvvəlcə, “Sabah” haqda danışaq. 4 turdan sonra baş məşqçi Elşad Əhmədovla birgə komandadan göndərildiniz. Klub rəhbərlyinin qərarını necə qarşıladınız?

- Gözlənilməz oldu. Klubun Avroliqaya çıxmaq məqsədi vardı. Buna doğru hazırlıq gedir. Düzdür, ilk oyunda “Neftçi” ilə pis oynamadıq. Bu, futboldur. Komandada istədiyimiz oyunumuzu qura bilmədik. Buna görə də rəhbərlik belə qərar verdi. Mən də bu qərara hörmətlə yanaşıram.
 
- Fikirlər var idi ki, “Sabah” daha yaxşı nəticə göstərə bilərdi. Nəzərə alaq ki, heyətə xeyli yeni futbolçu cəlb etmişdi.

- Kubenbanın Türkiyədə təlim-məşq toplanışı zamanı ayağının sınması, Elşən Abdullayevin dizindən əməliyyat olunması bizə mənfi təsir göstərdi. Kubenbanı böyük ümidlərlə transfer etmişdik ki, bizə çox kömək edəcək. Amma futbolda uğursuzluqdan heç kim sığortalanmayıb.

- Yaxşı nəticələr niyə olmadı?

- Vaxt lazım idi. Legionerlərimizin bəziləri son anda bizə qoşuldu. Təlim-məşq toplanışını onlarla birgə keçmədik. Bu da bizə mənfi təsir göstərdi ki, komandanı istədiyimiz səviyyəyə çatdıra bilmədik. Bir də belə deyək, 4 tur elə də böyük vaxt deyil. Həmin vaxt “Neftçi” də ilk 4 oyunda uğursuz çıxış etmişdi. “Neftçi”yə vaxt verildi, toparlandılar. Bizə də vaxt lazım idi.
 
- Bu vaxt sizə verilmədi?

- Komandanı Elşad müəllimə sıfırdan yığmışdıq. Komandanın qurulmasında hamının əziyyəti vardı. Bəlkə də, göndərilməyimiz tələsik addım oldu. Əgər vaxt verilsəydi, komanda öz oyununun tapsaydı, daha yaxşı nəticələrə doğru irəliləyəcəkdik. Yenə də, rəhbərliyin qərarıdır və nəsə demək olmur. Allah yollarını açıq etsin. Qismətdə varsa, Avroliqaya çıxsınlar. Bu komandanın yığılmasında başda Elşad və Maqsud müəllim olmaqla bizim də əməyimiz olub.

- Bəs hazırda nə işlə məşğulsunuz?

-  Hələ ki, bekarçılıqdır (gülür). Komandadan ayırılan tək mən olmuşam. Köməkçi məşqçilərin hamısı öz işlərində qaldılar. Elşad müəllimə də iş təklif etmişdilər. O da hazırda klubdadır. Mən isə işsizəm. Çıxırıq, dostlarla görüşürük, vaxtımız belə gedir.

- Neçə ildir həm futbolçu, həm də məşqçi kimi Azərbaycan futbolunun içindəsiniz. Futbolumuzun bugünkü durumu haqda nə düşünürsünüz? Məsələn, çox adam uşaq futbolunun inkişafdan qalmasından, çempionatın səviyyəsindən narazıdır.

- Mən 1984-cü ildən futboldayam. Demək olar ki, 35 ildir. Hardasa, 20 il “Qarabağ”da oynamışam, daha sonra məşqçi işləmişəm. Daha sora U-17 millimizdə, “Abşeron”da, “Neftçi”də çalışmışam. Bir sözlə, futbolun içində olmuşam. Əsas məsələ budur ki, çempionatdakı klublarımızın sayının az olmağı futbolun səviyyəsini aşağı salır. Nəyə görə? Çünki rəqabət azalıb. Əvvəllər vaxt vardı ki, 5-6 komanda çempionluğa oynayardı. İndi isə “Qarabağ”ın qarşısına çıxacaq komanda yoxdur. Ötən mövsüm “Neftçi” rəqabət yaradırdı. Bu il yenə də “Qarabağ” çempion olacaöı ehtimalı çoxdur. Uşaq futboluna fikir vermək lazımdır. Klubların bazası olmalıdır. Aşağı yaş qruplarının təməlini, strukturunu elə qurmaq lazımdır ki, oradan yetişən uşaqlar milli komandalarımıza da kömək etsinlər. İndi Premyer Liqada 8 komanda çıxış edir. Onların da hər biri nəticə vermək üçün komandaya legionerlər dəvət edirlər. Bu, Azərbaycan futboluna, milli komandalara nə dərəcədə kömək edir? Mənim fikrimcə, belə kömək olmaz. Sabah bu legionerlər yığmanın şərəfini qorumayacaqlar ki. Yerli futbolçular yetişməlidir. Ona görə də klubların sayı çox olmalıdır ki, azərbaycanlı uşaqlar oynasın. Bəlkə də legioner limiti sayı çoxaldı, yerli futbolçuların da oynamaq şansları azaldı. İndi Azərbaycanda futbol klubu saxlamaq böyük bir problem deyil. Söhbət dövlət səviyyəsindən gedir. Hər bir kluba dövlət budcəsindən 2-3 milyon pul ayırılsa, hansısa bir banka qoyulsa, pullara da bir nəzarət edən olsa, nəyə görə Azərbaycanda 15-16 komanda olmasın? Lənkəran, İmişli, Bərdə, Tövuz, Gəncə, Mingəçevir kimi şəhər və rayonların hər birinə dövlətin büdcəsindən 3 milyon verilməsi elə böyük bir sərmayə deyil. Ən azından, futbolumuzun inkişafı irəliləyər. Neçə-neçə məşqçi ailəsi klublardan dolanar, futbolçular yetişib, Azərbaycan futboluna kömək edər. Hansı bölgədə ki futbol yoxdur, oradan hansısa bir uşağın yetişməsi şansı vardısa, o da məhv olur. Rayonlardan elə oyunçular çıxar ki, onlar daha sonra milli komandaya kömək edə bilər. Rayonlarda olan istedadlı uşaqlar da 12, 13, 14 yaşda Bakıya gəlirlər, sonra sönüb gedirlər.

- Bəs, hazırda çempionatdakı rəqabətsizlik, ümumi  bu durum hansı fəsadlara gətirib çıxara bilər? “Qarabağ”ın özünü də nəzərə alsaq, sizcə, rəqabətsiz çempionatda nə dərəcədə inkişaf edə bilər?

- Yeni deyirəm, vaxt vardı, 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı. Elə vaxtlarda oyunlar da gərgin keçirdi, azarkeşlər tribunaları doldururdu. Amma indi “Qarabağ” “tək ayaqla” çempion olur. Bunun Azərbaycan futboluna nə xeyiri olacaq? “Qarabağ” indi Avroliqada qruplara çıxa bilir. Amma yaxşı olardı ki,  Azərbaycan çempionatına 5-6 “Qarabağ” səviyyəsində komanda olardı. Elə olsaydı, çempionatda oyunların da tempi yuxarı olardı və Avropa Liqası matçlarında da komanda daha rahat oynayardı. İndi deyək ki, 2 komanda – “Qarabağ” və “Neftçi” döyüşür. Bəs, qalan komandalar?

- “Neftçi” də ötən mövsümə nisbətən, bu mövsümə uğursuz başlamışdı. Komanda indi-indi toparlanır…

- Buna görə deyirəm ki, futbolu inkişaf etdirmək, komandaların sayını artırmaq lazımdır. Klub sayı artsa, gərginlik də yaranacaq. Komanda rayonlara səfərə çıxanda özündə məsuliyyət hiss edəcək ki, mən səfərdə oynayıram.

- “Qəbələ”ni saymasaq, bölgələrdə futbol klubu yoxdur. “Qəbələ” də hazırda maliyyə çətinlikləri çəkir.

- Bəli, yoxdur da. Hamı Bakıda oynayır. Niyə komanda Tovuza, Gəncəyə, Lənkərana, İmişliyə , Şəmkirə getməsin? Mingəçevir, Bərdə, Qarabağ bölgəsində niyə futbol olmasın? Futbolun inkişafı üçün bunlar omalıdır. Həmin bölgələrdən elə istedadlı oyunçular çıxa bilər ki. Biz nə qədər legionerlər gətirəcəyik? Sabah legioner Azərbaycanın şərəfini qorumayacaq, bayrağımızı yüksəltməyəcək ki. Bunu biz azərbaycanlılar yığışıb, əl-ələ verib, etməliyik.

- Premyer Liqanın az qala Bakı çempionatına çevrilməsi, bölgələrdə futbolun inkişafdan qalması ümumi futbola nə dərəcədə mənfi təsir göstərir?

- Əlbəttə, çox təsir edir. Mən çox istərdim ki, bölgələrdə futbol olsun. Burada böyük bir problem yoxdur. 5-6 bölgəmizin futbol klubu olsun, çempionatda da 12, 14, 16 komanda yarışsın, mübarizə də gərginləşsin.”Qarabağ” niyə gedib, Mingəçevirdə, Bərdədə, Tovuzda oynamasın? Bu bölgələrin də insanları görsün ki, “Qarabağ” kimi komanda var.

- Nəzərə alaq ki, bölgələrdə azarkeşlərin futbola maraqları böyükdür. Məsələn, “Xəzər Lənkəran”ın tərəfdarları çılğınlıqları ilə tanınırdı.

- Düz deyirsiniz, “Xəzər Lənkəran”ın o cür azarkeşi, dəstəyi vardı. Bu, Azərbaycan futboluna xeyir deyildi? “Neftçi” ilə “Xəzər Lənkəran” oynayanda bir həftə əvvəldən iki klub azarkeşləri arasında söz atmaq yarışı başlayırdı. Bunu özü də Azərbaycan futbolununu inkişafa doğru irəli getməyi idi. Çünki futbolçu özünü toparlayırdı ki, mən Lənkərana gedirəm və bilirdi ki, onu hansı oyun, mübarizə gözləyir. Ya da əksinə, lənkəranlılar bura gələndə. Danışılası o qədər dərdimiz var ki. Mən həmişə arzu etmişdim ki, karyeramı “İmarət”də bitirəm. Amma qismətimiz belə gətirdi. “Qarabağ”da o qədər əziyyət çəkdim. İndi birdən dizimdən, belimdən ağrılar başlayır. “Qarabağ”dan ötrü o qədər belimə, dizimə iynə vurub oyunlara çıxmışam ki. Çünki bu klub mənim ürəyimdir, damarımdan axan qanımdır, şərəfimdir, şanımdır. O, mənim üçün həmişə hər şeydən üstün idi. Mən həmişə müsahibələrimdə deyirəm ki, başqa komandada işlədiyim vaxt kimsə yüz min pul təklif etsə, amma görsəm ki, “Qarabağ“ da çətinlik var, onun mənə ehtiyacı var, o pulu alsam, “Qarabağ“da, Ağdamda yediyim çörək burnumdan gələr. Mən gedərəm ac-susuz o komandaya kömək edərəm. Çünki kimlərsə bəlkə də, “Qarabağ“ı sadəcə futbol klubu kimi tanıyırlar, amma “Qarabağ“ mənim üçün əzizdir. Çünki mən futbola Ağdamda başlamışam. Həyatımı, cavanlığımı vermişəm. Heç bir yerə getməmişəm. Qaçqınçılıq dövrü idi, başqa klublar ev, maşın təklif edib, demişəm ki, “Qarabağ"ın 1 şirvanı, 10 manatı mənim üçün daha əzizdir.

“Qarabağ" mənim üçün tam başqa olub. Mən onu var-dövlətdən, hər şeydən üstün tutmuşam. Mən komandam üçün ayağım çıxıb, dizim ağrıyıb, iynəylə ayağımı keyidib, oyuna çıxmışam. Deyirlər, quş yanan ev üçün dimdiyində su gətirir. Mənim də gücüm buna çatıb. Hətta gücüm çatdığından da artığını eləmişəm. Ən azı, 20 il “Qarabağ“da heç kim oynaya bilməz. Kimsə öz xeyirinə görə harasa gedə bilər. Mən heç yerə getmədim.


"İmarət" stadionu. Ağdamın işğalından bir müddət əvvəl

- Özünüz də qeyd etdiniz ki, 20 il “Qarabağ”da çıxış etmisiniz, klubun ən ağır dövründə oynayıb, kapitanı olmusunuz. O dövrü necə xatırlayırsınız?

- Bir anlıq danışanda deyirsən ki, 20 ildir də, yəni onu bir dəqiqə kimi fikirləşə bilərsən. Amma oturub köhnə dəftərləri vərəqləyəndə danışmağa aylar, illər çatmaz. Nələr etdik, nələr yaşadıq… Topun, “Qrad”ın altında oynayırdıq. Oyun bitirdi, tez evimizə baxmağa gedirdik ki, nəsə olubmu. Bizim öz evimizə 2 dəfə raket düşmüşdü. Görürdük ki, bir dostun, qonşunun meyiti yerdədir. Elə bir vəziyyətdə biz o komandanı yaşatdıq, adını saxladıq ki, bu, bizim üçün müqəddəsdir. Bu gün də “Qarabağ" mənim üçün əzizdir. Mənim ona sevgim kimlərəsə görə deyil. Özüm ağdamlıyam. Bu komandanı çiynində daşıyanlardan biri də mənəm. Ən azı, 10 il kapitan olmuşam. 20 il “2” nömrəli formanı geyinmişəm. Hər dəfə “2” nömrəni Qara Qarayevin geyindiyi görəndə deyirəm ki, Qara, bu forma sənin halalın olsun. Mən o formanı necə daşımışamsa, neçə il oynayacaqsansa, sən də elə daşı. Hər dəfə məni görəndə də deyir ki, sənin formanı mən geyinmişəm.

- O dövrdən yaddaşınızda maraqlı nə qalıb?

- Ən gözəl xatirələrdə biri Milli Qəhrəman Allahverdi Bağırovla birlikdə oynamağımdır. Eldar Bağırovla da oynamışam. O da yadımdadır ki, müharibə başlayanda rəhmətlik Fred Asif gəlib bizim oyunumuza baxırdı. Oyundan sonra da bizi qucaqlayıb, öpürdü. Deyirdi ki, sizin qeyrətinizə qurban olum, siz də belə döyüşürsünüz. Biz 3 nəfər futbolçu o vaxt Fred Asifin yanına gedib, dedik ki, biz oynamaq istəmirik, sizinlə döyüşmək istəyirik. İndiki kimi yadımdadır, rəhmətlik Fred Asif dedi ki, siz bizim üçün bura gələcək sonuncu insanlar olacaqsınız. Bildirdi ki, ən azından əsgərlər postlardan çıxıb, gəlib, sizin oynununuza baxırlar, bir saat yarımlıq da olsa, istirahət edirlər. Siz də Ağdam, "Qarabağ" üçün belə döyüşürsünüz. Bu sözləri rəhmətlik Allahverdi Bağırov da, Fred Asif də deyirdi. Ona görə mən həmin o 20 il oynadığım dövrdə özüm-özümə demişdim ki, Qarabağa qayıdanda başı dik qayıtmaq istəyirəm. Mənim üçün pul var-dövlət, maşın, ev lazım deyildi. Onlarınkı o sözləri vardı, mən o sözləri heç vaxt unutmayacağam. Ona görə də mənim arzum olmuşdu ki, mən "Qarabağ"dan "İmarət"ə qayıdım. Danışanda adam dolur.

1988-ci ilin əvvələri idi. Bizdə Xocalıdan olan Rəhman adlı qapıçı oynayırdı. İndi də çox isti münasibətimiz var. O vaxt Ağdamdan çıxıb, Əsgəranın içindən keçərək Xocalıya getmək çətin idi. Rəhman dedi ki, valideynlərim narahat olacaq ki, girov düşmüşəm, ona görə Xocalıya getməliyəm. Bizim sürücümüz, bir də 5-6 futbolçu oturuduq avtobusa. Avtobusun da qabağına böyük hərflərlə “Qarabağ” yazılmışdı. Dedik ki, Rəhmanı evinə aparacağıq, nə olar-olar. Gördük ki, Rəhman çox pis olub, narahat idi. Dedik ki, biz sənin yanındayıq, nə olacaqsa, hamımıza olsun. Oturduq avtobusa, Əsgəranın içindən siqnal verə-verə keçdik ki, ermənilər yanıb-tökülsün. Çatdıq Xocalıya, Rəhmanı da apardıq evlərinə. Atası dedi ki, sizi and verirəm Allaha, getməyin, bir quzu da kəsim, kabab çəkim. Biz razılaşmadıq, dedik ki, biz həm sizin nigaran qalmamağənız, həm Rəhman pis olmasın deyə gəlmişik. Sonra da qayıtdıq Ağdama.

Bu qədər əziyyət çəkdimişik. Qaçqınlıq dövründə Bakıya gəldik. Həmişə bu sözü deyirəm, vaxt olub ki, 20 qəpiyi bir dəfə avtobusa verməkdənsə, metroya vermişəm ki, 4 dəfə ora-bura gedim, işimi həll edim. Amma yetər ki, "Qarabağ" komandasını yaşadım. Mən “Qarabağ”ı övladımdan, ailəmdən də üstün tutmuşam.


Moskva, "Birlik kuboku". 1994-cü il, yanvar

- O çətin vaxtlarda "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxış edəcəyi, hətta qrupdan çıxacaq səviyyəyə çatacağı ağlınıza gələrdimi?

-  Allah Adil Nadirova rəhmət eləsin. Adil Nadirov biz oynayan dövrdə həmişə bir söz deyirdi ki, Allah bir gün qismət edəcək avrokuboklarda "Qarabağ"la oynamaq üçün Ağdama İngiltərədən, İtaliyadan, İspaniyadan klublar gələcək. Demişdi ki, "Qarabağ" Avropa meydanında öz sözünü deyən komanda olacaq. Bizim dövrümüzdə komandamız çox güclü olub. O, bunu görüb, deyirdi ki, "Qarabağ" avrokuboklarda öz sözünü deyəcək. Onun ruhu şad olsun. İndi "Qarabağ"ın qazandığı qələbələr də onun ruhunu şad edir. Düzdür, o vaxt adam fikirləşmirdi ki, elə olacaq. O vaxt biz Ukrayna, Moldova, Belarus, Latviya komandaları ilə oynayırdıq. SSRİ dağılandan sonra Fillandiyada, Çexiyada, Fransada, Danimarkada oynadıq. Amma adamın inanmağı gəlməzdi ki, biz nə vaxtsa qrupa düşə bilərik. Bizim dövrümüzdə indiki şəraitin 15-20 faizi yox idi. Avropa kubokuna düşürdün, bir xarici ölkəyə getmək üçün kimlərsə kömək edirdi. O vaxtkı klublarda  legioner yox idi. Olanda da Rusiyadan, Ukraynadan gəlmiş orta səviyyəli legionerlər olurdu. Ən çox ağırlıq azərbaycanlı uşaqların üzərinə düşürdü. İndiki şərait olmayıb ki, legionerlərə 300, 400, 500 min pul verib, gətirəsən, komandada rəqabət yarana. Futbolçularda inkişafın bir növü də bundan başladı. Yerli futbolçular deyir ki,əcnəbilər gəlir, 300-500 min alır, mən niyə almayım?

- Həmin dövrlə indiki futbolçuları müqayisə etsək, futbol nə dərəcədə dəyişib? 

- Belə deyək, kim "Qarabağ" üçün və yaxud istənilən klub üçün 1 il, 6 ay pulsuz futbol oynayar? Bir klub məsələn, 5 manat verir, digəri 7 manat. Belə olduğu halda, futbolçular da futbola bir az başqa yöndən baxmağa başladılar. Futbolçu var ki, 3 komanda ilə danışıq aparır və ən çox pul verəni seçir. Elə futbolçu üçün klubu əziz ola bilməz. Hansısa elə futbolçu desə ki, bu klub, mənim üçün əzizdir, yalan söhbətdir. Onun üçün vacib olan puldur. Əgər bu gün o, 10 manat artıq verirlər deyə sevgisini dəyişirsə, deməli, onun sevgisi puladır. Futbolçu ilə danışırsan, deyirsən ki, məsələn, sənə 20 manat verirəm, kənardakı klub da ona 30 manat təklif edir. Həmin futbolçu mənə yaxılaşıb, deyir ki, sən mənim üçün əziz insansan, mənə çörək vermisən, gətirib, bura çatdırmısan, müəllimim olmusan. Amma sabah eşidirsən ki, gedib başqa klubla müqavilə bağlayıb. Bəs, necə oldu sənin bu sevgin bu tezliklə yox oldu? 10 manat artığa gedirsənsə, deməli, sənin sevgin puladır…
Heç bir şeydə gözüm yox idi. Sadəcə orada Qarabağ, Ağdam adı, öz rayonumun şərəfi var idi. Mən indi səhər oyananda dizimin, belimin ağrısından tərpənə bilmirəm. Özüm özümə deyirəm ki, Səttar, bunlar hamısı o vaxt vurdurduğun iynələrin nəticəsidir. Amma yenə də mən fəxr edirəm ki, bunu öz vətənim, torpağım üçün, damarımdan axan Qarabağ qanı üçün etmişəm.Ona görə də heç vaxt peşman deyiləm. Çünki mənim "İmarət"ə qayıtmaq arzum var. Allah qismət etsin, komanda qayıtsa, lap kənarda da olsam, gedib, meydançanı öpüb, deyəcəyəm ki, şəhidlərin ruhu şad olsun. Allah qismət eləsin, Ağdama qayıdaq, "Qarabağ" da "İmarət"ə qayıtsın.



Dünənki və bugünkü kapitanlar

- Bayaq yaxı yerli futbolçuların yetişməməsindən danışmışdıq. Sizcə, bunun əsas səbəbi nədir?

- Mən "Qarabağ"da işləyəndə Rasim Kara gəldikdən sonra Elçin müəllim, Yaşar müəllim və mən əvəzedici heyətdə işlədik. Qaranın 15 yaşı vardı, əsas heyətdə oyuna çıxardıq. Əfranı yetişdirib, üzə çıxardıq. Maksimi, Raufu... Həmin dövrdə futbola istək başqa cür idi. Onlar elə bil futbol üçün yanırdı. Amma indi yetişmir. Demirəm ki, biz işlədik, hamını yetişdirdik. Biz Elşad müəllimlə "Neftçi"də əvəzedici heyətdə olanda Kərim Diniyev, Ağabala Ramazanov, Elşən Abdullayev bizim yanımızda idi. Yenə deyirəm, bizim klublarımızın bazası olmalıdır. Aşağı yaş qruplarının müəllimlərinə yaxşı maaş verilməlidir. Savadlı mütəxəsislərimizi aşağı yaş qruplarına göndərməliyik ki, balaca uşaqları yetişdirib, inkişaf etdirək. Bəlkə də, bizim özümüzün də səhvlərimiz var. Bəlkə, uşaqları tam kökləyə, ortaya çıxara bilmirik. Sərmayəni uşaq futboluna qoyaq ki,  10 ildən sonra Azərbaycan futbolu inkişaf etsin.

- Çempionatdan əlavə olaraq, milli komandaların da uğursuz çıxışları davam edir. İstər əsas yığma, istərsə də U21.

- Mirbağır müəllimlə mən 17 yaşlılarla mərhələ adlamışdıq. Amma o vaxtlar hər ay turnirlərə gedirdik. Milli komandaların dünya çempionatı idi. Xorvatiya, Yaponiya və başqa komandalar var idi. Düzdür, onda AFFA-nın büdcəsi də daha yaxşı idi. Bunun sayəsində də biz mərhələni keçdik. Çünki uşaqlar getdilər, Çili, Bolqarıstan, Xorvatiya, Yaponiya milliləri ilə oynadılar. Başqa millətdən öz yaşıdlarını gördülər və bildilər ki, hansı gücü ortaya qoymalıdılar ki, qələbə qazana bilsinlər. Belə danışaq, U-19 yığmasını Samir müəllim çalışdırır. 3 günlük, 5 günlük toplanışları Mərdəkanda keçirlər. U-19-un futbolçuları birinci divizionda MOİK-də, ya "Turan"da oynayır. Premyer Liqanın komandalarında 19 yaşlı futbolçu yoxdu. Barmaqla saysan, 1-2 nəfəri qeyd edə bilərsən. Ya da ki, gəlib, Premyer Liqada məşq edə bilərlər. Bizim rəqiblərimizin U-19 millisinin oyunçuları "Mançester"dən, "Liverpul" kimi güclü klublardan gəlirdi. Onların oynadığı futbolun sürəti, səviyyəsi, düşünmələri hara, bizimki hara.
 
- Millimizin baş məşqçisi Nikola Yurçeviç və onun həmyerlisi U-21 yığmamızın çalışdırıcısı Milan Obradoviç haqda nə düşünürsünüz? Onların fəaliyyəti sizi qane edirmi?

- Düzdür, əvvəllər də yığmamızda yerli məşqçilər olub. Amma o vaxtkı dövrlə indikini bir tutmaq olmaz. O vaxt şərait, klublar da tamam başqa idi. İndi millinin futbolçularına verilən mükafatlar da əvvəlki kimi deyil, çox böyük fərq var. Futbolçunu pulla motivasiya etmək olmaz. Çünki o, Azərbaycanın şərəfini qoruyur, bayrağımızı təmsil edir. Amma indiki futbolçular millidə oynayanda ən azından bilirlər ki, yaxşı mükafatlar verilir. Əvvəllər bizim yerli məşqçilərin işlədiyi vaxtda belə deyildi. Əsas millidə deyə bilmərəm ki, çalışdırıcı ya yerli, ya əcnəbi olsun. Amma U-21, U-19 kimi yığmalarda yerli məşqçilərimiz çalışmalıdır. Şükür Allaha, savadlı, PRO kateqoriyalı məşqçilərimiz də var. Onlar da işləməlidir. Ən azından, yerli məşqçilər bizim uşaqları yaxşı tandığı üçün oyuna kökləmələri daha uğurlu olardı.

- “Qarabağ” haqda bir mövzuda da sual vermək istəyirəm. Futbolçu olduğunuz vaxtlarda sizi “İngilis” ləqəbiylə çağırırdılar. Bu ləqəbin yaranma tarixi necə olub?

- Bəzən deyirdilər ki, bu “ingilis”i deyəsən İngiltərə klublarından transfer ediblər. Soruşurdular ki, bu ləqəb səndə hardandır? Məsələ belədir ki, mən anadan olan vaxt bizim bir qohumumuz vardı. Mənim üçün ad fikirləşəndə deyib ki, gəlin buna İngilis adını qoyaq. O vaxt Ağdamda belə adlar olurdu. Mən də 5 qardaşın ən balacasıyam. Qohumlar da dedilər ki, eybi yox, balacamızdı, adı İngilis olsun. SSRİ vaxtında isə xarici adların verilməsinı icazə yox idi. Adımı yazdıranda deyiblər ki, İngilis yazın, amma icazə verməyiblər. Adımı yazan adam da deyib ki, içimdən qeyri-adi bir şey gəldi, istəyirəm ki, bu uşağın adı Səttar olsun. Amma siz yenə də “İngilis” çağırın. Məktəbdə jurnalda adım Səttar yazılırdı, ancaq müəllim “İngilis” çağırırdı. Eyni zamanda, komandada da, stadiondada da məni bu adla çağırırdılar. Bütün Ağdam camaatı mənə “İngilis” deyirdi. Elə olub ki, kənar rayonlardan gəlib, qapımızın ağzında məni Səttar adıyla axtarıblar. Qonşular da məni yox, bizdən 2 küçə uzaqda yaşayan Səttar kişinin evini göstəriblər. Onlar da deyib ki, bizə futbolçu Səttar lazımdır. Qayıdıblar ki, denən İngilis də (gülür).

- Hazırda “Qarabağ”ın məşqçi və futbolçularla münasibətiniz necədir?

- Rahil Məmmədovu, Araz Abdullayevi deyə bilərəm. Qara Qarayev isə mənim doğmam kimidir. O, həyatda mənə əmi deyir. Ondan yerlə-göy qədər razıyam. Məşqçilər də xeyir işimiz olanda sağ olsunlar, gəlib iştirak edirlər. Eləcə də Əmrah bəy. Müşfiq Hüseynovla çiyin-çiyinə əziyyət çəkmişik. Qurban müəllimlə də çempionatda bir-birimizə qarşı oynamışıq. Onunla görüşürük, münasibətimiz var. Digər məşqçilərlə də bir-birimizi tanıyırıq. Belə deyək, ögeylik yoxdur. Mən arada “Qarabağ”ın bazasına gedəndə Əmrah bəyin və digərlərinin məni qarşılamasını görəndə ürəyim açılır. “Qarabağ”a da arzum budur ki, qismət olsun, Avroliqanın qrupundan çıxsın. Bizim qrupdan çıxmağımız murdar ermənilərə bir zərbədir.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı