"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov

"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 14 Mart 2026 / 22:10 1247
-  A +

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" və "Zirə" üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Çox yaxşı mübarizə və yüksək dinamika ilə yadda qalan vacib bir matç izlədik. Qarşımızda bizi çox yaxşı təhlil edən, olduqca istəkli bir kollektiv var idi. "Zirə" sona qədər təslim olmadı və bizə rahat oynamağa imkan vermədi. Rəşad Sadıqova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram".

Təcrübəli mütəxəssis avrokuboklardan sonra daxili çempionata köklənməyin üstünlüklərindən və komandadakı yorğunluqdan söz açıb:

"Avrokubok oyunları olmayanda daxili çempionata fokuslanmaq daha sərbəst olur, bu həqiqətdir. Lakin hələ ki, optimal formamızdan uzağıq və tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar hiss olunur. Komandada ciddi yorğunluq var. Çempionlar Liqasında hər matçda böyük enerji sərf etdik. Gərgin mövsüm, daimi məsuliyyət və stress futbolçuları, hətta məni də çox yüklədi. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəyik. Bizi yenidən 3-4 gündən bir keçiriləcək oyunların olduğu sıx qrafik gözləyir. Çalışacağıq ki, heyəti bu tempə tam hazır edək".

Q.Qurbanov heyətdəki rotasiyalar və fərdi çıxışlar barədə də fikirlərini bölüşüb:

"Leandro Andradenin mərkəzdə başlaması oyunun gedişatına uyğun bir rotasiya idi. O, həm cinahlarda, həm də ortada effektiv oynamağı bacarır və bu gün çox yaxşı performans göstərdi. Kamilo Duranın Kolumbiya millisinə dəvət almasına gəlincə, o, kifayət qədər qabiliyyətli futbolçudur. Sürəti və idman xarakteri ona daha böyük turnirlərdə oynamaq imkanı verir. Onun uğurlarına ancaq sevinə bilərik. Joni Montiel və Marko Yankoviç arasında seçim etmək isə xoş bir çətinlikdir. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, hər ikisi formada olsun, mən də kimi oynadacağım barədə düşünüm (gülür)".

Mütəxəssis aprel ayındakı sıx qrafik və rəqiblərin gücü barədə danışıb:

"Kubok və çempionatda ardıcıl eyni rəqiblə oynamaq çox da xoş deyil. İstərdim ki, hər matçdan sonra hazırlaşmaq üçün daha çox vaxtımız olsun, lakin qrafik belədir. Hazırda çox güclü bir "Sabah" var, özünəməxsus üslubları və yaxşı baş məşqçiləri var. Hazırda üstünlük onlardadır, lakin biz sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Heç vaxt taleyimiz öz əlimizdədir demirəm, hər şey Allahın əlindədir. Biz sadəcə daha ciddi və istəkli olmalıyıq".

Mütəxəssis hazırda çempionatın lideri olan "Sabah"ın bugün Qubadakı qarşılaşmasında rəqibinə böyükhesablı qələbəsini qiymətləndirib:

"Açığı, hazırkı "Sabah"ın istənilən rəqibə qarşı bu qədər qol vuracağını gözləyirəm. Onlar həqiqətən çox yaxşı formadadırlar. Qubadakı stadionun durumuna gəldikdə isə, meydança bizim onlarla oynadığımız vaxtla müqayisədə xeyli yaxşı idi. Sevindirici haldır ki, bir neçə futbolçu məhz orada zədələnməkdən qurtuldu".

Baş məşqçi həmçinin Kris Kuakunun ayrılması və Sami Mmaenin durumu barədə məlumat verib:

"Kuaku intizamlı oyunçu idi, lakin daha çox oynamaq istəyirdi. Məşqçi kimi onun qarşısını kəsmək istəmədim. Sami Mmae isə cəzalandırılmışdı, onun əsas komandaya qayıdıb-qayıtmayacağına qarşıdakı fasilədə baxacağıq".

Sonda Qurban Qurbanov "Qalatasaray"ın Çempionlar Liqasındakı şansları və komandasının Çempionlar Liqasındakı uğurlu çıxışından sonra özünə gələ biləcək təkliflər barədə isə bunu deyib:

"Enfild"də oynamaq asan olmasa da, "Qalatasaray"a inamımız böyükdür. Dualarımız onlarladır, çox yaxşı və döyüşkən kollektivləri var. Ümid edirəm ki, mərhələni keçərlər. Özümə gəlincə, hələ ki Bakıdayıq (gülür)".

Daha çox


Son xəbərlər
topaz banner