“İmkanlı şəxs düşünür ki, futbola pul buraxmağın nə mənası var" – Musa Qurbanov

“İmkanlı şəxs düşünür ki, futbola pul buraxmağın nə mənası var" – Musa Qurbanov
MÜSAHİBƏ 27 Avqust 2019 / 11:36 5780
-  A +

Hazırda Azərbaycanda bölgə klublarının sayı barmaqla sayılacaq qədərdir. Onlardan biri də birinci divizionda çıxış edən “Zaqatala”dır. Klubun prezidenti Musa Qurbanov Qol.az saytına müsahibəsində həm komandası, həm də ümumilikdə Zaqatalada futbolun durumundan danışıb.


- Bölgə klublarımızın sayı getdikcə azalır. Hazırda “Zaqatala”da durum necədir?

 - Durum belədir ki, artıq çempionat başlayıb. İlk oyunumuzu keçirmişik. Vəziyyət isə elə də ürəkaçan deyil.

- Ürəkaçan olmayan nədir?

- Klubun yetişdirdiyi oyunçular yox dərəcəsindədir. “Simurq” dağılandan sonra yerli futbolçular yetişdirilmədi. Uşaq futbolu, ümumiyyətlə, yoxdur. İndiki vəziyyətdə desəm ki, irəliləyiş var, yalan olar. Bu da yoxdur. Çünki bildiyiniz kimi, irəliləyiş üçün maddi vəsait lazımdır. Bundan əlavə, meydançalar lazımdır. Ancaq bu dediklərimin heç biri yoxdur. Düzdür, komandanın məşqçiləri hər yaş qrupundan bir komanda ilə çalışırlar, ancaq şərait yoxdur.

- Bəs, klub necə maliyyələşir?

- Maliyyəmiz təkcə AFFA-dan gəlir. Ancaq bu, bölgə futbolunun inkişafı üçün kifayət deyil. Bunu narazılıq mənasında demirəm. AFFA-nın bu vəsaiti verməsinin özü də böyük işdir. Narazılıq etsək, AFFA deyə bilər ki, biz bu pulu ödəməyə məcbur deyilik. Futbolun inkişafı, oyunçuların maaşı və digər şeylərə görə AFFA bir mövsüm üçün bizə 250 min manat pul ayırır. Bu məbləğsə klubu ayaqda saxlamaq üçün azdır.

- Artıq birinci divizionda yeni mövsüm başlayıb. Komandanızın məqsədi nədir?

- İşləyirik. Yaxşı məşqçimiz var. Komandanın futbolçuları, məşqçiləri də deyirlər ki, ən yüksək yerləri tutmaq uğrunda mübarizə aparırıq. Düzdür, ilk turda məğlub olduq. Meydanda 10 nəfərlə qaldığımız üçün uduzduq.

- Azərbaycan Premyer Liqasında gələn mövsümdən 10 klubun iştirak edəcəyi bildirillir. Yeni gələcəklər arasında “Zaqatala”nın da adı çəkilir. Bu, mümkündür?

- Mən gözləmirəm. Çünki Premyer Liqada oynamaq üçün komandaya lazımi vəsait ayrılmalıdır. Bu da mənə elə gəlir ki, AFFA-dan asılıdır. Hansı komandalara üstünlük veriləcəksə, dediyiniz 10 komanda arasında onlar yer alacaq. Düşünürəm ki, bizim adımız onlar arasında olmayacaq. Üstünlük veriləcək 2 komanda arasında komandamızın adı üçüncü ola bilər. Birinci yerdə “Kəpəz” gəlir. Buna görə də hansı futbol mütəxəssisindən soruşsanız, Gəncə təmsilçisinin Premyer Liqaya lazım olduğunu deyər. Bunu mən özüm də dəstəkləyirəm. İkinci yerdə yəqin ki, Tovuz təmsilçisi olar. Tovuzun futbol akademiyasında olan şərait daha yaxşıdır. Bir qədər bu amilə də üstünlük verilir. Ola bilər 3-cü yerdə bizim adımız olsun.

- Birinci divizionda rəqabət hansı səviyyədədir?

- Rəqabət ancaq şəxsi keyfiyyətlərdən irəli gəlir. Buradakı rəqabət ancaq futbolçular və baş məşqçinin meydanda uduzmaq istəməməsidir. Rəqabət bu gün ancaq bundan ibarətdir. Divizionda ay nə bilim, 1-ci yeri tutdum, ya 5-ci yeri tutdum, bu, heç nə vermir. Burada yalnız nüfuz rəqabəti var. Bir də bu ola bilər ki, hansısa baş məşqçinin, yaxud klub prezidentinin dövründə komanda birinci divizionun qalibi olsun. Bundan sonra isə rəhbərlik və ya baş məşqçi desin ki, klub mənim dövrümdə çempion olub. Yekunda klub rəhbərliyi “biz işləyirik” deyilməsi üçün rəqabət aparılır. Dediyim kimi, sadəcə, nüfuz rəqabəti.

- Zaqatalada futbola maraq hansı səviyyədədir?

- Zaqatalada futbola maraq həmişə olub. Yeganə mənfi cəhət rayonda imkanlı şəxs, sponsorların az olmasıdır. Pullarını idmana xərcləmək istəyən insanlar azdır. Bizim bölgədən oliqarx da çıxmır ki, kluba sponsorluq etsin (gülür). Doxsanıncı illərdə Tovuzda Vidadi Əhmədov, Gəncədən bəzi sponsorlar vardı. Həmçinin, “Qarabağ”a müəyyən müddət banklar sponsorluq etdi. Bizim vaxtımızda da bir neçə belə sponsor var idi. Lənkəranda Mübariz Mənsimov futbolun inkişafına dəstək göstərib. Cahangir müəllim “Simurq”a dəstək verdi. O da zaqatalalı olmayıb (gülür). Elə vaxtlar olub ki, “Simurq” yüksəlib. Ancaq onda da komandada işləyən bir nəfər zaqatalalı yox idi. Ümumən Azərbaycanda futbolun inkişafına pul xərcləyən çoxlu alicənab insanlar olub. Amma sırf bizim bölgədən sponsor olmayıb.

- Zaqatalada komandanın oyunlarına azarkeş marağı necədir?

- Komanda babat oynayan kimi azarkeşlər artır. Keçən il 3-4-cü yerlərdə gedəndə azarkeşlər oyunlarımıza baxmağa gəlirdilər. Elə oyunlar olurdu ki, 1000-1500 azarkeş matçı izləyirdi. Bu, birinci divizion üçün normaldır.

- Bir klub rəhbəri kimi sponsor axtarışındasınız?

- Bir neçə nəfərə müraciət etmişəm. Zaqataladan olan bir neçə iş adamı ilə danışmışam. Amma təəssüf ki, heç biri alınmadı. Hətta bu yaxınlarda yüngülvari kömək sayəsində uşaqlar üçün butslar də aldıq. Xırda şeylər çoxdur. Bəzən bunlar üçün kömək edənlər də olur. Bəzən qapıya tor tapılmır. Çalışıb, özümüz bu xırda şeyləri alırıq. Ancaq biz oliqarx deyilik, bundan artığına gücümüz çatmır. Elə şeylər var ki, gücümüz çatan qədər həll etməyə çalışırıq. Sponsorluq üçün müraciət etdiyim imkanlı şəxslərin bəziləri adları çıxmasın deyə, çəkinirlər. Bəziləri düşünür ki, futbola pul buraxmağın nə mənası var? Sponsorluq etmək istəyən şəxs başa düşməlidir ki, bu, Azərbaycan futbolu üçün edilən bir şeydir. Təsəvvür edin ki, bir neçə il sonra UEFA-ya müraciət olunur ki, Azərbaycandan daha heç bir klub mübarizə aparmayacaq. Ona görə də maliyyə ayıran şəxs bilməlidir ki, belə hal başımıza gəlməsin deyə, futbolumuzu qorumaq lazımdır.

- Yerli icra hakimiyyəti komandaya nə dərəcədə dəstək olur?

- Onlar yalnız mənəvi dəstək olurlar. Maddi dəstək isə yoxdur.

- İndiki vaxtda isə kluba daha çox maddi dəstək lazımdır...

- Mənəvi dəstəyə də ehtiyacımız var. Ancaq maddi dəstək daha çox lazımdır. İcra hakimiyyətinin nümayəndələri ilə görüşdə klub barəsində söhbətimiz olub. Bizə imkanlarının o qədər geniş olmadığını söyləmişdilər.

- Yerli futbolçuların inkişafı ilə bağlı hansı problemlər var?

- Əsas çətinliyimiz də bununla bağlıdır. Heyətimizdə 12-13 nəfər Bakıdan və digər rayonlardan dəvət olunan oyunçu var. Oyunçuların burada yerləşdirilməsi, qidalandırılması xeyli vəsait aparır. Bu da bir qədər təsir göstərir. Yerli futbolçular olsaydı, ən azından bu məbləği uşaq futboluna ayırmaq olardı. Qeyd olunan problemlər şəraitsizlikdən irəli gəlir. Biz hər hansısa uşağı qəbul edəndə istəyirik ki, onun məşq etməsi, fərdi inkişafı üçün şərait olsun. Futbolu da ən çox kasıbın uşaqları oynayır. Biz özümüz də valideyinik. Elə ailə var ki, uşağa forma, buts ala bilmir. Bizim kimi hər bir valideyn uşağını futbola yazdıranda istəyir ki, uşağın forması, butsları, məşq etməsi üçün rahat meydançası olsun. Əgər klubun bunları etməyə gücü çatmırsa, valideyni həvəsli uşağı da kluba gətirməyəcək. Bizim vaxtımızda şəraitsizliyə baxılmırdı, çılpaq gəlib oynayırdıq. Amma indiki valideynlər belə deyillər. Bu cür halları qəbul etmirlər.

- Deməli, hər şey maddi dəstəkdən başqa, həm də futbola maraqdan asılıdır.

- Əlbəttə. Mən əvvəldə adlarını çəkdiyim insanlar futbola təmənnasız dəstək olublar. Onlar pullarını xərcləyəndə düşünməyiblər ki, sabah oradan hər hansısa bir gəlir əldə edəcəklər. Müasir dövrdə bəlkə də Azərbaycanda belə sponsorluq yaratmaq olar. Ola bilər, hansısa klubumuzu yüksək səviyyəyə çıxarmaq olar. Ancaq çətindir. İndiki dövrdə səviyyəmizi özünüz görürsünüz.

- Bütün bu qeyd olunan problemlər varkən məşqçilərdən klub rəhbəri kimi nə tələb edirsiniz?

- Mən məşqçilərim qarşısına tələb qoya bilmirəm. Hamısı tanıdığım insanlar olduğundan buna ehtiyac yoxdur. Onlar işləyirlər, yüksək yerlər uğrunda mübarizə aparacaqlarını deyirlər. Məşqçilər heyəti özlərini sübut etməyə çalışır. Daim axtarışdadırlar. Deyirlər ki, bunu etmək olar, onu etmək olar. Onlara deyirəm ki, mənə orta sıralarda gedən komanda düzəlt, bəsimdir. Bununla belə, məşqçilər daha artığını etmək istəyirlər, oyunçu axtarışındadırlar. Bu baxımdan onların qarşısına tələb qoymuram.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər