"Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze

"Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze
MÜSAHİBƏ 5 Aprel 2018 / 12:29 5567
-  A +

"Zirə"nin yarımmüdafiəçisi Riçard Qadze Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 22-ci turunda evdə "Qəbələ" ilə keçirəcəkləri oyun barədə fikirlərini açıqlayan qanalı futbolçu digər məqamlara da toxunub.

- Həftəsonu "Qəbələ" ilə vacib oyuna çıxacaqsınız. Qarşılaşma ilə bağlı nə düşünürsünüz?

- Bilirik ki, bizim üçün çətin oyun olacaq. Amma bu, qələbə istəyimizə mane ola bilməz. 3 xal qazanmaq üçün meydanda əlimizdən gələni edəcəyik. Qələbəyə çox ehtiyacımız var.

- Topaz Premyer Liqanın 16-cı turunun "Qəbələ" ilə səfər matçı xoşagəlməz hadisələrlə yadda qalmışdı. Həmin olaylar qarşıdakı oyuna nə dərəcədə təsir edə bilər?

- Hərdən futbolda belə şeylər olur. Amma artıq həmin hadisələr keçmişdə qaldı. İnanmıram ki, bu, qarşıdakı oyunumuzda da özünü büruzə versin.

- Həmin oyunda Ruslan Qurbanovla aranızda söz-söhbət olmuşdu. Hətta bildirmişdiniz ki, sizə və komanda yoldaşlarınıza qarşı irqçi sözlər işlədib. Bazar günü çox güman ki, yenidən meydanda onunla üz-üzə gələcəksiniz...

- (Gülür). Biz düşmən deyilik. Mən Cavidi çox istəyirəm. Yaxşı futbolçudur. Sadəcə, həmin vaxt bir az narazılıq olmuşdu. O da artıq oldu-keçdi.

- Belə bir gərgin oyundan əvvəl komandada vəziyyət necədir?

- Hər şey əladır. Biz özümüzə inanırıq. Qarşıya qoyduğumuz bir hədəf var. Mövsümün sonunda ona çatmaq üçün qalib gəlməliyik.

- Yaxşı məqama toxundunuz. "Zirə" qış fasiləsindən sonra qələbə qazana bilmir...

- Bu futboldur. Hər şeyə hazır olmaq lazımdır. Hərdən belə hallar da baş verir.

- 3-cü pilləni əldən verdiniz və hazırda "Sumqayıt" bu yerə ən real namizəddir. Həmin mövqeni yenidən qaytarmaq mümkün olacaq?

- Futbolda hər şey mümkündür. Hər oyunu ayrı-ayrılıqda düşünürük. İnanıram ki, biz bunu bacarağıq. Mən burada hansısa təhlükə hiss etmirəm. Hər şeyi sakit tərzdə qarşılayırıq.

- Mövsümün sonunda "Zirə" ilə müqaviləniz başa çatır. Azərbaycanda qalmağı düşünürsünüz, yoxsa...?

- Nəyin necə olacağını yalnız Allah bilə bilər. Çünki onun bizim haqqımızda düşündükləri hər şeyin ən yaxşısıdır. Baxaq görək, gələcəkdə şərtlər necə olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər