“Keşlə”də məni hər şey qane edir” – “Çelsi”nin sabiq üzvü

“Keşlə”də məni hər şey qane edir” –  “Çelsi”nin sabiq üzvü
MÜSAHİBƏ 26 Yanvar 2018 / 16:40 5633
-  A +

“Keşlə”nin yeni transferi Ebrima Sohna Qol.az saytına müsahibə verib. Bakı klubuna keçidindən danışan “Çelsi”nin sabiq yarımmüdafiəçisi maraqlı fikirlər səsləndirib.

- Dünən yeni klubunuzla rəsmi müqavilə imzaladınız. Bu, “Keşlə”nin Andre Klennondan sonra VPS klubundan ikinci transferidir. Maraqlıdır, sizi komandaya Klennon məsləhət görüb?

- Yox, məni “Keşlə”yə Andre təklif etməyib. Sadəcə, ikimizin də mecerimiz eyni şəxsdir. Andre kimi, məni də komandaya o gətirib.

- Bir neçə gündür yeni komandanın düşərgəsindəsiniz. Təəssüratlarınız necədir?

- Hələ “Keşlə”yə keçməmişdən öncə menecerim mənə demişdi ki, belə bir klub var. Açığı, elə ilk söhbətimizdəcə bu komanda haqda xoş sözlər söylədi. Düşərgəyə qoşulduqdan sonra isə eşitdiklərimi gözlərimlə gördüm. Yeni gəlsəm də, komandada məni hər şey qane edir. Mehriban kollektivimiz var.

- Vikipediyanızda “Çelsi”də oynadığınız göstərilsə də, ətraflı məlumat yoxdur. Doğrudan da bu klubda çıxış etmisiniz?

- “Çelsi”nin məşqçiləri məni 17 yaşadək futbolçulardan ibarət yığmaların dünya çempionatında görmüşdülər. Həmin vaxt oyunumu izləyən seleksiyaçılar turnirdən sonra məni Londona apardılar.  Beləcə “Çelsi”yə transfer oldum.

- London klubunun hansı komandasında oynamısınız?

- Əsasən ikinci komandada oyunlara çıxırdım. Bəzən isə əsas heyətlə məşqlərdə iştirak edirdim. “Çelsi”dən sonra oyun praktikası qazanmaq üçün Norveç çempionatına yollandım.

- Həm də Qambiya millisinin üzvüsünüz. Hələ də yığmaya dəvət alırsınız?

- Əlbəttə, indi də milliyə çağırılıram. Demək olar ki, bütün toplanışlara gedirəm.

- Bəs Azərbaycan çempionatı haqda məlumatınız var?

- Elə də çox deyil. Amma menecerim bəzi məlumatlar verib. Bilirəm ki, rəqabətli çempionatınız var.

- Hazırlıqlarınız necə keçir?

- Hər şey normaldır. Komandada yaxşı-ab hava var. Futbolçular məni çox isti qarşıladılar. Özümü evimdə hiss edirəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi