“Qarabağ” “Fiorentina” kimi komandalardan az xal almayıb” – Rahid Əmirquliyev

“Qarabağ” “Fiorentina” kimi komandalardan az xal almayıb” –  Rahid Əmirquliyev
MÜSAHİBƏ 28 Sentyabr 2016 / 14:12 5681
-  A +

“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsində İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq.

Ağdam klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunla bağlı Qol.az-a müsahibə verib

- “Fiorentina” “Qarabağ” üçün necə rəqibdir?

- Rəqib tanınmış komandadır. Tək İtaliyada yox, dünyada öz sözünü deyib. Çox nizamlı oyun nümayiş etdirirlər. Buna görə də bizim üçün çətin olacaq. “Fiorentina”nın Avropa təcrübəsi də bizdən çoxdur. Buna baxmayaraq, biz də öz oyunumuzu göstərmək və yaxşı nəticə qazanmaq istəyirik.

- Digər rəqibiniz PAOK ilk turda bu komandadan xal almağı bacardı.

- Düzdür, PAOK “Fiorentina”dan xal ala bildi. Ancaq ilk oyunlar həmişə çətin olur. Birinci oyuna görə rəqibə qiymət vermək olmaz. Sabah biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. İstənilən nəticə qeydə alına bilər. Ancaq biz ən yaxşısına ümid edirik.

- Çempionatda qollar vurursan. Sabahkı oyunda meydana çıxmaq şansın var?

- Hələ ki, bu haqda məlumatım yoxdur. Baş məşqçi qərar verəcək. Yəqin ki, heyət müəyyənləşib, ancaq bizə bir söz deyilməyib.

- Rəqibin adı sizdə həyəcan yaratmır ki?

- “Qarabağ” çox adlı-sanlı komandalarla mübarizə aparıb, “Fiorentina” kimi komandalardan az xal almayıb. Ona görə də oyuna rahat hazırlaşırıq. Sərbəst olacağıq.

- “Qarabağ” səfərdə daha yaxşı çıxış edir...

- Mən belə düşünmürəm. Bizə evdə oynamaq daha rahatdır. Çünki çoxsaylı azarkeş dəstəyi bizə əlavə güc verir.

- İtaliyada “Qarabağ”a qarşı münasibət necədir?

- “Qarabağ” daha əvvəl qrup mərhələsində Milan “İnter”i ilə mübarizə aparıb. Komandamız hər iki oyunda layiqli çıxış etmişdi. Yəqin italyanlar bunu xatırlayır. İndi bizim haqda nə düşündüklərini isə bilmirəm.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi