Qurban Qurbanov: “Bugünkü gündə 8 komandanın “altılığ”a düşmək şansı var”

Qurban Qurbanov: “Bugünkü gündə 8 komandanın “altılığ”a düşmək şansı var”
MÜSAHİBƏ 29 Oktyabr 2009 / 14:57 3183
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qol.Az-a müsahibə verib.

 

- “Xəzər Lənkəran”la oyunun hazırlığı necə gedir?
- Hazırlığımız yaxşı keçir. Həmişəki qaydada qarşıdakı oyuna hazırlaşırıq. Elə bir qədər bundan öncə də oyunqabağı son məşqimizi keçdik. Rəqibimiz güclüdür. Bununla belə qələbə qazanmağa çalışacağıq.
- Heyətlə bağlı hansı problemləriniz var?
- Problem elə həmişəki problemlərdir. Bildiyiniz kimi, Rəşad Sadıqov artıq bir müddətdir ki, zədədən əziyyət çəkir. O sabahkı matçda da meydana çıxmayacaq. Eyni zamanda Emin İmaməliyevlə Aslan Kərimovun da zədələri var. Başqa elə bir çətinliyimiz yoxdur.
- Yəqin ki, Unibank Premyer Liqanın son turunda “Karvan”a qarşı keçirdiyiniz oyunu təhlil etmisiniz. Sizcə həmin gün komanda niyə qələbə qazana bilmədi?
- Təbii ki, biz “Karvan”la oyunda meydana qələbə üçün çıxmışdıq. Rəqibimiz əvvəlki oyunlarına uduzsa da, bizə qarşı çox yaxşı mübarizə apardı. Bu bir daha göstərdi ki, bugünkü gündə Azərbaycanda zəif komanda yoxdur. Hər bir komanda digərindən xal almağa qadirdir. “Karvan” bizə qarşı çox istəklə oynadı. Həm də doğma azarkeşləri önündə çıxış edirdilər. Bununla belə zəif oynadığımızı düşünmürəm. Qalib də gələ bilərdik. Amma nəticədə 1 xal qazandıq və xallarımızın sayını 17-yə yüksəltdik.
- Bəlkə xal itkisinə arxayınçılıq səbəb olub?
- Yox, bu ola bilməz. Komandamızda heç bir arxayınçılıq yox idi. Sadəcə olaraq, əsas heyətin bir neçə üzvünün olmaması öz sözünü dedi.
- Cari mövsümdən etibarən “altılıq” sistemi tətbiq olunur. Bu səbəbdən də iddialı komandalar autsayderlərlə oyunlarda itirilən xallara çox da fikir vermirlər. Əsas favoritlərlə matçda qələbə qazanmaq önəmlidir...
- ... yox, bu fikirlər razı deyiləm. Çünki hər bir xal önəmlidir. Əgər 1 və yaxud 2 xal az qazansan hətta “altılıq”dan da kənarda qala bilərsən. Axı bugünkü gündə heç bir komanda ora vəsiqə qazanmayıb. Çempionatda cəmi 8 tur arxada qalıb. Bu səbəbdən də belə fikirlərlə razı deyiləm. Sonda 1 xal belə qızıla bərabər ola bilər. Bugünkü gündə 8 komandanın “altılığ”a düşmək şansı var. Turnir cədvəlinə diqqət yetirsək görərik ki, bir komandanı digərindən cəmi 2 və ya 3 xal ayırır. Həm də axı uğursuz nəticələr hər bir komandaya pis təsir göstərir. Məğlub olduqdan və ya heç-heçə oynadıqdan sonra komandada psixoloji baxımdan gərginlik yarana bilər.
- Onda belə deyək də “Karvan”la oyundan sonra komandanızda psixoloji gərginlik yaranıb?
- Bunu sabahkı oyun göstərəcək. Amma biz də boş oturmuruq və komandanı taktiki, fiziki cəhətdən olduğu kimi psixoloji cəhətdən də qarşıdakı oyuna hazırlayırıq.
- Amma gəlin razılaşaq ki, sabahkı oyunda qazanılacaq xallar “qızıl”a bərabər olacaq. Çünki həm “Qarabağ”, həm də “Xəzər Lənkəran”ın “altılığ”a vəsiqə qazanacağına çoxları şübhə etmir.
- Həqiqətən də sabahkı matçda çempionatın iki favoriti qarşı-qarşıya gələcək. Həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” iddialı klubdur və bu səbəbdən də bizi gərgin mübarizə gözləyək.
- Sabahkı oyunda meydana yalnız qələbə üçün çıxacaqsınız?
- Əlbəttə. Düzdür, futbolda udmaq da olar, uduzmaq da. Amma biz sabah qələbə qazanmağa çalışacağıq. Rəqibimiz hər nə qədər güclü olsa da, bizim istəyimiz 3 xal qazanmaqdır.
- Rəqibin oyununu necə, izləyə bilmisiniz?
- “Xəzər Lənkəran”ın cari mövsümdəki bir neçə oyununa baxmışam. Hər il olduğu kimi bu mövsüm də “Xəzər Lənkəran” yaxşı təsir bağışlayır. Ümumiyyətlə, bu komanda daim favoritlər arasında yer alır. Bununla belə, biz bu rəqibi məğlub etməyə çalışacağıq.
- Yəqin ki, oyunun Quzanlıda keçirilməsi komandaya əlavə üstünlük verəcək.
- Bizim Quzanlıda çıxış etməyimizin səbəbi məhz yerli camaatı sevindirməkdir. İstəyirik ki, onlar öz sevimli komandalarının oyuna canlı tamaşa etsinlər. Azarkeşlər də sağ olsunlar ki, hər bir oyunda komandaya yaxşı dəstək verirlər. Biz sabahkı matçda həm azarkeş, həm də meydan sahibi olmağımızın üstünlüyündən yararlanacağıq.  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi