Cəmşid Məhərrəmov: “Bizi hesabdan silməyə tələsiblər”

Cəmşid Məhərrəmov: “Bizi hesabdan silməyə tələsiblər”
MÜSAHİBƏ 19 Avqust 2009 / 11:13 3388
-  A +

Avqustun 20-də Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında İsveçrənin “Bazel” klubuyla qarşılaşacaq “Bakı”nın üzvü Cəmşid Məhərrəmov oyunöncəsi Qol.Az-a müsahibə verib.

 

- Cəmşid, “Bazel”lə oyunun hazırlığı necə gedir?
- Artıq neçə gündür ki, bu oyunun hazırlığına başlamışıq. Hər şey yüksək səviyyədə keçir. Məşqlərdə bütün gücümüzlə çalışırıq. Bizi güclü rəqiblə oyun gözlədiyini bilirik. Ona görə də məsuliyyətlə çalışırıq. Məşqçilərimiz də hazırlığımızın ən yüksək səviyyədə olması üçün əllərindən gələni əsirgəmirlər.
- Komandada əhval-ruhiyyə necədir?
- Hər şey yaxşıdır. Çox mehriban kollektivimiz var. Hamı öz işiylə məşquldur. Hamımız bir nəfər kimi uğurlu nəticəyə köklənmişik. İnanıram ki, oyunda da sözümüzü deyəcəyik.
- Komanda “Levski” məğlubiyyətini tam unuda bilib?
- Düzdür, həmin oyunda uduzduq. Amma çoxları bizi elə tənqid etdi ki, sanki hansısa zəif rəqibə uduzmuşuq. Axı “Levski” güclü komandadır. Bununla komandaya bəraət qazandırmaq fikrində deyiləm. Amma hər şeyə real yanaşmaq lazımdır. Məgər biz istəmirdik ki, “Levski”ni məğlub edək? Futboldu da, alınmadı. Haqlı, haqsız - o qədər sözlər eşitdik ki... Amma inanın ki, bütün bunlar bizim xeyrimizə oldu. İndi “Bazel”lə oyuna daha güclü motivasiyayla çıxacağıq. Özümüzü hamıya bir daha sübut etmək istəyirik. Bizi hesabdan silməyə tələsiblər.
- “Levski”ylə oyunlarda meydana çıxmadın. Bu dəfə necə olacaq?
- Meydana çıxıb-çıxmamağım məndən deyil, baş məşqçidən asılıdır. Haciyevski kimi məsləhət bilsə, o da oynayacaq. Baş məşqçi odur və kimin hansı formada olduğunu ən yaxşı da o bilir. Meydana çıxmadımsa, deməli belə məsləhət olub. Amma inanıram ki, bu dəfə hər şey fərqli olacaq. Buna görə məşqlərdə tam gücümlə çalışıram. Özümü də matça hazır sayıram. Şans veriləcəyi halda, komandamın uğurlu çıxışı üçün bütün gücümü meydanda qoyacağam.
- “Levski”ylə səfər oyununda bir anlıq düşünmədin ki, sən meydanda olsaydın, bəlkə də hər şey başqa cür olardı...
- Yox, elə bir şey fikirləşmədim. Düzdür, çox istərdim ki, həmin oyunda meydana çıxım. Çünki o oyun bizim üçün tarixi bir şans idi. Amma nə etmək olar? Hər halda “Bazel”lə oyunda sözümüzü deyəcəyimizə inanıram.
- Yeni transferlər haqda nə deyə bilərsən?
- Jabanın səviyyəsi hamıya məlumdur. Türkiyə çempionatında 5 mövsüm çıxış etmək, 50-dən artıq qol vurmaq heç də hər futbolçuya qismət olmur. Ona görə də inanıram ki, braziliyalının komandaya çox xeyri dəyəcək. Rumıniyalı futbolçular da pis deyillər. Hər ikisi məqşlərdə yaxşı təsir bağışlayır. İnanıram ki, bütün yeni transferlərin komandaya xeyri dəyəcək.
- “Bazel” haqda nə bilirsən?
- Tipik Avropa komandasıdır. Yaxşı futbolçuları var. Sürətli futbola üstünlük verirlər. Eyni zamanda həm də texnikalıdırlar. Bununla belə düşünürəm ki, onlara qarşı layiqli mübarizə aparacağıq.
- Rəqibin oyununu izləmisən?
- Yox, tam olaraq oyunlarına baxmamışam. Amma internet vasitəsiylə son oyunlarının fraqmantlərini izləmişəm. Yəqin ki, baş məşqçimiz bizə daha geniş məlumat verəcək. Həm də birlikdə oyunlarına baxacağıq.
- Şansları necə dəyərləndirərdin?
- Məncə, şanslar əllinin-əlliyədir. Heç bir komandanın aşkar üstünlüyü yoxdur. Kim daha yaxşı mübarizə aparsa, sonadək vuruşsa, az səhv etsə, o da qalib gələcək. İnanıram ki, həmin komandada da məhz biz olacağıq.
- İlk oyunda hansı nəticənin qeydə alınmasının istərdin?
- Çox istərdim ki, 2:0 hesabıyla qalib gələk. Amma belə götürəndə 1:0 da pis deyil. Əsas odur ki, qapımızdan qol buraxmayaq. Yəni “quru” hesabla qalib gələk.
- Sonda azarkeşlərə sözün...
- Azarkeşlərə üzümü tutub, deyirəm ki, oyuna gəlib, bizi dəstəkləsinlər. Sonadək bizimlə olsunlar. İnanıram ki, biz də qələbə qazanaraq, onları evə məyus yola salmayacağıq.
         

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi