Yunis Hüseynov: “Mən olan yerdə qruplaşma ola bilməz”

Yunis Hüseynov: “Mən olan yerdə qruplaşma ola bilməz”
MÜSAHİBƏ 8 Oktyabr 2012 / 14:08 3898
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi


"TƏKİ QARA GÜNLƏR GERİDƏ QALSIN"

- Hazırda komandanızda vəziyyət necədir?

- Şükürlər olsun ki, yaxşıdır. Zədəli futbolçularımız yoxdur. Bir neçə futbolçumuz millinin toplanışındadır. Biz isə sabahdan məşqlərə başlayırıq. Hazırlığımız Xırdalan stadionunda baş tutacaq. İki gün orada məşq edib oktyabrın 11-də Lənkərana qayıdacağıq.

- AZAL üzərində qələbədən sonra komanda özünə gəlibmi, yoxsa problemlər hələ də qalır?

- Təki qara günlər geridə qalsın. Bilirsiniz ki, “Xəzər Lənkəran” üçün bu qələbə həddindən artıq vacib idi. Bu, futbolçularımızın özünə inamının artmasına çox kömək göstərdi. Doğrusu, biz digər qarşılaşmalarda da məğlub olmamalıyıdq. Sadəcə, həmin oyunlarda  futbolçular meydana bir az arxayın çıxdı, bəzi səhvlərimiz də oldu. İnanıram ki, bundan sonra daha yaxşı çıxış edəcəklər. Lakin AZAL üzərindəki qələbədən sonra heç cürə arxayınlaşmaq olmaz. Bütün matçlara axırıncı oyun kimi çıxmaq lazımdır.

- Klubun heyətində köməkçi məşqçilər istefaya göndərildi. Yeni məşqçilərin gəlişi nə vaxt olacaq?
 
- Hələ ki, heç bir məşqçi gəlməyib. Hazırda ispaniyalı Erik Roketa, Emin Quliyev və Hafiz  müəllimlə çalışırıq. Yenilərin gəlişi barədə hələ dəqiq bir şey yoxdur. Yəqin ki, qışa qədər olmayacaq.


"MƏNİM KAMRANLA MÜNASİBƏTİM HEÇ VAXT PİS OLMAYIB"

- AFFA prezidenti Rövnəq Abdullayev Kamran Ağayevin bağışlanması xahişi ilə klubunuzun sahibi Mübariz Mənsimova müraciət edib. Bununla bağlı sizin fikriniz necədir?

- Klubun rəhbərliyi Kamran Ağayevi bağışlayıb. Yəqin ki, mən də onu bağışlayacağam.

- Onun qayıdışı komandada problemləri yoluna qoya bilərmi?
 
- Kamran yaxşı qapçıdır. Milli komandanın da şərəfini qoruyur. Ancaq heyətimizdə Orxan Sadıqlı və Kamal Bayramov da özlərini yaxşı tərəfdən göstəriblər. Çalışacağıq ki, klub üçün hər şey yaxşı olsun.
 
- Kamranla münasibətləriniz düzəlibmi?

- Bizim münasibətlərimiz pis olmayıb ki, sonra da düzəlsin.

- Amma klub onu transferə çıxaranda aranızda inciklik yaranmışdı. Ümumiyyətlə, özüylə görüşüb söhbət etmisiniz?
 
- Heç bir problemimiz olmayıb. Özüylə  görüşməmişəm. Çünki hazırda milli komandanın təlim-məşq toplanışındadır. Yəqin ki, gələn kimi söhbət edəcəyik. Bundan sonra komandanın  heyətinə qoşulacaq.
 
- Belə məlumatlar yayılıb ki, klubun daxilində qruplaşmalar var.

- Xeyr, bunlar boş söhbətlərdir. Mən olan yerdə qruplaşma ola bilməz.

Əli HƏYATİ
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi