“İnter”lə matçda əsas heyətdə oynamaq istəyirdim”

“İnter”lə matçda əsas heyətdə oynamaq istəyirdim”
MÜSAHİBƏ 7 Oktyabr 2012 / 13:03 2994
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi


“BELƏ TOPLAR BURAXMAMALIYDIQ”

- Avroliqanın qrup mərhələsinin ikinci turunda İtaliya “İnter”inə 1:3 hesabıyla uduzduğunuz oyun haqda fikirlərin necədir?

- “İnter” Bakıya bəzi aparıcı oyunçularını gətirməsə də, bizə qarşı çıxış edən futbolçuların səviyyəsi yüksək idi. Klubun adı çox şeydən xəbər verir. Amma biz də bütün gücümüzü ortaya qoymağa çalışdıq. Düzdü, ilk hissədə buna nail ola bilmədik. İkinci yarıda tamam başqa oyun sərgilədik. Birinci hissədə 1-2 top buraxsaydıq, ikinci hissədə bəlkə də hesabda dönüş edə bilərdik.

- İlk hissədə üç top buraxmağınızın səbəbini nədə görürsən?

- Dəqiq deyə bilmərəm. Çünki birinci yarıda mən meydanda deyildim. Ancaq istənilən halda belə toplar buraxmamalıydıq. Müdafiədəki boşluqlar qapımızda qolların vurulmasına gətirib çıxardı. Biz belə olacağını gözləmirdik. İkinci hissədəki oyunu ilk yarıda sərgiləsəydik, fərqli hesab olardı. Bəlkə də ilk yarıda irəli atılmaqdan çəkinməsəydik, nəticə belə olmayacaqdı. Yəni qorxu hissi bizə ilk yarıda mane oldu.

“MƏŞQÇİLƏRƏ DEDİM Kİ, "İNTER”LƏ OYUNA TAM HAZIRAM"

- Ola bilərmi ki, erkən qol buraxmağınız bütün planlarınızı alt-üst etdi?

- Bəlkə də elədir. İlk qoldan sonra bir az təlaşlandıq. Belə anlarda oyunda dönüş yaratmaq çətinləşir. Amma bütün bunlara baxmayaraq, fasilədən sonra özümüzü toparlamağı bacardıq və ard-arda hücumlar təşkil etdik. Əgər real qol imkanlarından istifadə edə bilsəydik, bəlkə də hesabı bərabərləşdirərdik. Təəssüf ki, alınmadı.

- İkinci yarıda sənin meydana daxil olmağından sonra “Neftçi”nin oyununda dönüş yarandı...
 
- Mən oyundan öncə məşqçilər korpusuna “İnter”lə qarşılaşmaya tam hazır olduğumu bildirmişdim. Əsas heyətdə meydana çıxmaq istəyirdim. Lakin belə məsləhət oldu. İstənilən halda meydanda oldugüm müddətdə komandamın xeyiri üçün əlimdən gələni etməyə çalışdım. Baxmayaraq ki, qol vura bilmədim. Fikrimcə, oyunum pis alınmadı. Bəlkə də ilk yarıda meydana girsəydim, nəticə daha yaxşı olardı.

- Baş məşqçiniz Böyükağa Hacıyev Avropa təcrübəsi olmayan Kamil Nürhəmidovu start heyətinə daxil etdiyinə görə tənqidlərə məruz qalıb. Çoxları fikirləşir ki, əsas heyətdə onun yerinə sən olsaydın, fərqli nəsə olardı.

- Bunu dəqiq demək olmaz. Qismət belə imiş. Lakin məndə elə bir hiss yaranıb ki, əsas heyətdə olsaydım komandaya daha çox xeyirim dəyərdi. Və nəticə də başqa cür olardı.

“BAŞ MƏŞQÇİMİZ OYUNUMLA BAĞLI HEÇ NƏ DEMƏDİ”

- Oyundan sonra klub rəhbərliyi sizə nə dedi?
 
- Söhbətimiz olmadı. Çünki rəhbərlik özü də yaxşı başa düşürdü ki, rəqib kimdir. Ancaq bu o demək deyil ki, biz meydana məğlub olmaq üçün çıxmışdıq. Rəhbərlik tərəfindən iradlar olmayıb. Amma deyilib ki, ikinci hissədəki oyunumuzu ilk yarıda da sərgiləməli idik.

- Bəs, baş məşqçiniz Böyükağa Hacıyev sənə demədi ki, kaş səni ilk onbirlikdə meydana buraxaydım?

- Yox. Deməsini də istəmirəm. Ümumiyyətlə, mən bu addımı səhv kimi qəbul etmirəm. “İnter”ə qarşı çıxışımla bağlı yalnız komanda yoldaşlarım, dost-tanış, “Neftçi”nin azarkeşləri müsbət fikir bildirdilər. Lakin baş məşqçi və məşqçilər korpusu heç nə demədi. Demələrinə də ehtiyac yox idi. Çünki hər şey göz qabağında idi.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi