Branimir Subaşiç: “Baş məşqçimizin mənim haqqımda dedikləri uydurmadır”

Branimir Subaşiç: “Baş məşqçimizin mənim haqqımda dedikləri uydurmadır”
MÜSAHİBƏ 23 Aprel 2009 / 13:00 2926
-  A +

- Komandanızın baş məşqçisi Li Şubinin sənin haqqında dediyi sözlərdən xəbərin var?
- Yox. Nə deyib ki?
- O bildirib ki, “Subaşiç heç də yaxşı hücumçu deyil”.
- İnamıram. O, belə söz deməz.
- Amma reallıq budur ki, deyib.
- Təkrar edirəm, mən buna inanmıram. Əminəm ki, baş məşqçimiz mənim haqqımda heç bir xoşagəlməz söz deməyib. Bütün bunlar uydurmadır. Mən başa düşə bilmirəm ki, insanlar bu cür məlumatları haradan əldə edirlər?
- Ümumiyyətlə, baş məşqçiylə münasibətlərin necədir?
- Onunla aramızda heç bir problem yoxdur, münasibətlərimiz normaldır. Sadəcə olaraq, son oyunda heç-heçə oynadığımızdan, əhval-ruhiyyə bir qədər korlanıb.
- Artıq xeyli müddətdir ki, Çindəsən. Oradakı mühitə tam uyğunlaşa bilmisən?
- Yox, hələ də tam uyğunlaşa bilməmişəm. Ümumiyyətlə, buradakı şəraitə uyğunlaşmaq çox çətindir. Fərqli insalar, fərqli yaşayış tərzi, fərqli mətbəx - bir sözlə burada görmədiyim vəziyyətlə qarşılaşmışam.
- Bəlkə elə bu səbədən özünü göstərə bilmirsən?
- Nə deyim? Hər halda düşünürəm ki, burada heç də pis çıxış etmirəm. Sadəcə olaraq, son matçda bir qədər zəif oynadım. Həmin oyunda da təkcə mən yox, ümumiyyətlə bütün komanda zəif çıxış etdi ki, nəticədə mühüm iki xal itirdik.
- “Çanqçun Yatay”da icarə əsasında çıxış edirsən. Gələcək karyeran barədə nə düşünürsən?
- Düz deyirsən, burada icarə əsasında oynayıram. Yəqin ki, icarə müddəti başa çatdıqdan sonra geri qayıdacağam. Amma gəl, tələsməyək, icarə müddətimin sonunu gözləyək.
- Yəqin xəbərin var ki, hazırda milli komandamız təlim-məşq toplanışı keçirir.
- Əlbəttə bilirəm. Amma bu, qeyri-rəsmi olduğundan klub məni buraxmayacaqdı. Hazırlıq prosesində iştirak etməməyim də məhz bununla bağlıdır.
- İyunda sonuncu Avropa çempionu İspaniya ilə qarşılaşacağımız barədə də eşitməmiş olmarsan.
- Təbii ki, bu haqda da eşitmişəm. İspanlarla oynayacağımızı eşidəndə çox sevindim. AFFA rəsmiləri bu addımı atmaqla böyük uğur əldə etdilər. Həqiqətən də qitə çempionlarını Bakıda görmək çox gözəl olacaq. İnanıram ki, onlarla oyunumuz maraqlı alınacaq. 
        

 

Daha çox


Son xəbərlər