Rəşad Sadıqov: “Beşiktaş”la ölüm-dirim oyununa çıxacağıq"

Rəşad Sadıqov: “Beşiktaş”la ölüm-dirim oyununa çıxacağıq"
MÜSAHİBƏ 8 Aprel 2009 / 16:13 4330
-  A +

Milli komandamızın kapitanı, Türkiyənin “Kocaelispor” klubunun üzvü Rəşad Sadıqovun Qol.Az-a müsahibəsi

- İlk əvvəl Superliqanın son turunda “Ankaragücü”nə qarşı keçirdiyiniz oyun haqda danışardın.
- Ümumiyyətlə, Türkiyədə belədir ki, oyunun əvvəlində komanda öz qapısında qol görürsə, bu zaman onun qələbə qazanması çox çətinləşir. Çünki burada komandaların demək olar ki, hamısı yaxşı müdafiyə olunmağı, eləcə də sürətli və təhlükəli əks-hücum qurmağı bacarırlar. Biz isə artıq ilk 30 dəqiqədən sonra 2 qol buraxmışdıq. Bundan sonra toparlanmaq elə də asan məslə deyildi. Lakin komandamız bunu bacardı. 30-cu dəqiqədən etibarən oyunda üstünlük tamamilə bizim tərəfimizdə idi. Deyərdim ki, qalan 1 saat ərzində rəqib yalnız 2 dəfə ciddi hücum qurdu və hər iki halda fərqləndi. Biz isə 5-6 real qol epizodu yaratmağımıza baxmayaraq, onların heç birindən istifadə edə bilmədik. Digər tərəfdən də hakim də bəzi səhvlərə yol verdi. Bir qolumuzu saymadı, “təmiz” penaltimizi vermədi.
- Zəif oyuna görə, Türkiyə mətbuatı xüsusən də “Kocaelispor”un qapıçısı Kılıçarslan Kopuzu daha çox tənqid edir. Sən necə düşünürsən, buraxılan qollarda qapıçının və ya ümumiyyətlə, müdafiə xəttinin nə dərəcədə səhvi var idi?
- Əlbəttə 4:0 uduzmuşuqsa, heç kim deyə bilməz ki, müdafiə xətti öz işinin öhdəsindən gəldi. Amma düşünmürəm ki, bütün qollar arxa xətin səhvi ucbatından vuruldu. Yalnız birinci qolda bir qədər səhvimiz oldu. Amma həmin qolu daha çox qapıçının ayağına yazmaq olar. Çünki o topu çıxartmaq olardı. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, “Ankarügücü” bizimlə oyuna çox yüksək motivasiya ilə çıxmışdı. Komandaya yeni prezident, yeni baş məşqçi gətirilib. Onlar da ilk oyunda qalib gəlmək istəyirdilər.
- Bəlkə ardıcıl uğurlu oyunlardan sonra komandada arxayınçılıq yaranmışdı? Çünki “Qalatasaray”, “Fənərbaxça” kimi nəhənglərdən xal aldıqdan sonra “Ankaragücü”nə uduzmaq çox gözlənilməz oldu.
- Bu fikirlə razı deyiləm. Çünki biz “Qalatasaray” və “Fənərbaxça”yla oyunlardan əlavə “Bursaspor”, “Eskişehirspor”, “Ankaraspor” kimi komandalara qarşı da yaxşı oynamışdıq. Buna görə də arxayınçılıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, bir daha deyirəm ki, “Ankaragücü” bu oyuna çox ciddi yanaşırdı. Komandanın heyətində xüsusən də Ceyhun Eriş gözəl oyun sərgilədi. Ceyhun çox güclü futbolçudur, amma son oyunlarda ehtiyatda qalırdı. Yeni baş məşqçinin gəlişiylə o yenidən əsas heyətə qayıtdı və ilk oyundaca özünü göstərmək üçün alışıb-yanırdı. Bizə qarşı çox aqressiv, gözəl oynadı. Bəlkə də başqa vaxt olsaydı, “Ankaragücü”nü udardıq. Amma bu dəfə bəxt də bizdən üz döndərmişdi. Bunu da normal qarşılayıram. Çünki əvvəlki oyunlarda bəzən bəxt bizim tərəfimizdə olurdu, şansımız gətirirdi. “Ankaragücü”ylə oyunda isə əksinə oldu. 
- Türkiyəli jurnalistlər oyunu idarə edən Yunus Yıldırımı da çox tənqid edirlər. Hətta “Kocaelispor”un rəsmiləri də bildirirlər ki, oyundan əvvəl onlara məlumat verilmişdi ki, hakim rəqibə “işləyəcək”. Bu haqda nə deyə bilərsən? Məğlubiyyətinizdə hakimliyin nə dərəcədə rolu oldu?
- Bu haqda bizim də məlumatımız var idi. Oyundan 2-3 gün əvvəldən bu cür söhbətlə yayılmışdı. Qarşılaşmanın gedişi də söz-söhbətin əsassız olmadığını göstərdi. Çünki həqiqətəndə hakim bir çox hallarda rəqibin xeyrinə qərarlar qəbul etdi. Bir qolumuz saymadı, penaltimizi vermədi. Amma buna da normal yanaşıram. Çünki çempionatın sonu yaxınlaşdırqca, bu cür hallar daha çox olacaq. Xüsusən də səfər oyunlarında.  
- Bu məğlubiyyətdən sonra komandanızın vəziyyəti bir qədər də çətinləşdi. “Kocaelispor”un superliqada yerini qoruması şansını necə dəyərləndirirsən?
- Ümumi götürdükdə, elə bir ciddi dəyişiklik olmadı. Çünki əsas rəqiblərimizlə xal fərqimiz buna qədər 4-5 idisə, indi 6-dır. “Ankarügücü”nü nəzərə almıram. Çünki bizim kimi onlar da təhlükəli zonadadırlar. Buna görə də hesab edirəm ki, dəyişən bir şey yoxdur. Şansımız hələ də var. Çalışmalıyıq ki, növbəti oyunlarda daha uğurlu çıxış etməklə, həm superliqadakı yerimiz qoruyaq, həm də “Ankaragücü” məğlubiyyətini azarkeşlərimizə unutduraq. Amma son oyunda qələbə qazansaydıq, təbii ki, daha yaxşı olardı.
- Son məğlubiyyətdən sonra, yəqin ki, növbəti oyunda baş məşqçi heyətdə müəyyən dəyişiklik edəcək.
- Dəyişiklik olacağı gözlənilir. Yəqin ki, 1-2 oyunçu əvəzlənəcək. Amma “Kocaelispor”un heyətində 25 futbolçu var ki, onlardan hər biri əsas heyətdə meydana çıxmağa layiqdirlər. Bizdə əsas və ya əvəzedici futbolçu anlayışı yoxdur.
- Dedin ki, heyətdə dəyişiklik olacağı gözlənilir. Meydana çıxacaq yeni futbolçular arasında Ramal Hüseynova rast gəlmək mümkün olacaq?
- Ramal məşqlərdə bütün gücü ilə çalışır. Məşqçilər də onun bu zəhmətini dəyərləndirirlər. Lakin Ramalın növbəti matçda oynayacağı gözlənilmir. Hər halda məşq prosesindən belə qənaətə gəlmək olar.
- Növbəti oyunda “Beşiktaş”la qarşılaşacaqsınız. Rəqib çempionluğa oynadığından, yalnız qələbə haqda düşünür.
- Elə biz də yalnız 3 xal haqda düşünürük. Son məğlubiyyətdən sonra vəziyyətimizi daha da qəlizləşdirdik. İndi də azarkeşlər qarşısında günahımızı yumalıyıq. “Beşiktaş” çox güclü rəqibdir. Son oyunlarda ardıcıl qələbələr qazanırlar. Deyərdim ki, “Beşiktaş” son həftələrin ən uğurlu çıxış edən klubudur. Rəqibin gücü haqda söz deməyə ehtiyac yoxdur. Bununla belə, biz də var gücümüzlə çalışacağıq ki, onları məğlub edək. Artıq sona 8 həftə qalıb. İtiriləsi heç nəyimiz yoxdur. “Beşiktaş”la ölüm-dirim oyununa çıxacağıq.
- “Beşiktaş”ın heyətində kimin oyununu xüsusi qeyd edə bilərsən?
- “Beşiktaş”ın heyəti güclü futbolçulardan qurulub. Amma düşünürəm ki, əsas məqsədimiz Telloyla Yusufun qarşısını almaq olacaq. Onlar meydanın mərkəzində çox işlər görürlər. Bu iki futbolçunu zərərsizləşdirə bilsək, işimiz bir qədər asan olacaq. Nobrenin oynayıb-oynamayacağı hələ bilinmir. Oynamasa, əlavə üstünlük qazanacağıq. Ancaq oynayacağı halda, Nobre də bizim üçün problem yarada bilər. O çox güclü hücumçudur. Artıq bir dəfə ona qarşı oynadığımdan əsas üstünlüklərini bilirəm. Deyə bilərəm ki, Nobre digərlərindən fərqlənən, özünəməxsus hücumçudur. Çünki Türkiyə superliqasında çıxış edən hücumçular əsasən ya yaxşı texnikaya malik olurlar, ya da güclü sürətə. Amma Nobre tamam başqa futbol oynayır. O nə sürətlidir, nə də texnikalı. Amma topu özündə çox yaxşı saxlayır.
- Sonda, ötən həftə Azərbaycan premyer-liqası çərçivəsində keçirilən “Olimpik” - “Bakı” oyununda baş verən hadisələr, xüsusən də “OlimpiK”in vurduğu birinci qol haqda fikirlərini öyrənmək istərdik. Yəqin ki, həmin epizodu izləmisən?
- Həmin epizoda internet vasitəsiylə bir neçə dəfə baxdım. Bu çox xoşagəlməz haldır. Azərbaycan futbolunda bu cür hadisənin baş verməsi mənə pis təsir etdi. “Olimpik”in futbolçuları çox böyük səhvə yol verdilər. “Bakı”nın zəhmətinə isə heyfim gəldi. Çünki çempionluq yolunda inamlı irəlilədikləri bir anda gözlənilmədən “Olimpik”ə uduzdular. Özü də bu cür. Əminəm ki, “Olimpik” birinci qolu elə deyil, bir başqa cür vursaydı, “Bakı” rəqibinə uduzmayacaqdı. Çünki o cür qol buraxdıqdan sonra “Bakı”nın futbolçuları psixoloji baxımdan zərbə aldılar. Bunun da nəticəsində komanda ikinci qolu da buraxdı. Fikrimcə, indiki durumda “Bakı”nını futbolçuları psixoloji cəhətdən möhkəm olmalıdırlar. Əks halda, bu amil çempionluq mübarizəsində onlara problem yarada bilər.   
   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi