“Bizim vaxtımızda oyun alqı-satqısı yox idi” - Mircavadov

“Bizim vaxtımızda oyun alqı-satqısı yox idi” - Mircavadov
MÜSAHİBƏ 1 Dekabr 2017 / 16:23 6760
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. O, son 2 gündə ölkə mətbuatının gündəmini zəbt edən danışılmış oyunlar və buna görə verilən cəzalara münasibət bildirib.

- “Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda günahlandırılırlar. Sizin bunlara münasibətinizi bilmək maraqlı olardı...

- Mən yenə də inanmıram. Çünki Azərbaycan futbolunda belə şey olmayıb. İndi aləm bir-birinə dəyib. Bunu əvvəlcə tam dəqiqliyi ilə təsdiq etmək, sonra mətbuata çıxarmaq lazımdır. Sözlə olmaz axı. Onlar özləri təsdiq ediblər ki, belə bir şey olub?

- Mirhüseyn Seyidov mətbuata müsahibəsində hər şeyi etiraf edib...

- Elə belə də deyib? Nə bilim, vallah. Özüm də məəttəl qalmışam. Amma yenə deyim ki, inanmıram. Söz tapa bilmirəm. Çünki bizim vaxtımızda belə şeylər yox idi.

- Bəlkə o vaxtlar da olub. Sadəcə, indiki kimi üstünə düşən, araşdıran olmayıb? Bilirsiniz ki, yeni qanun qüvvəyə minəndən sonra artıq işə hüquq-mühafizə orqanları birbaşa nəzarət edirlər...

- Qanun çıxdı-çıxmadı, elə şey olmayıb. Hər bir futbolçu zəif oynaya bilər. İlboyu eyni səviyyədə çıxış edə bilməz. Messinin özü də hərdən zəif oynayır. O demək deyil ki, Messinin fikri başqadır. Zəif oynamaq ayrı, oyunu vermək ayrı. Söz tapa bilmirəm. Çünki inanmıram.

- Əgər belə bir şey yoxdursa, onda sizcə, bu qədər həngamənin səbəbi nədir?

- Bilmirəm. Bunu onlardan soruşmaq lazımdır.

- Kimdən?

- Kim bu həngaməni törədirsə, onlardan.

- Futbolçuları nəzərdə tutursunuz, yoxsa?..

- Əlbəttə, futbolçuları. Onlar hər şeyi açıb deməlidirlər. Zəif oynamaq olar. Amma oyunu satmaq... İnanın ki, deməyə söz tapmıram.

- Siz bu futbolçuları tanıyırsınız. Onlardan belə bir şey gözləmək olarmı?

- Əlbəttə, tanıyıram. Hətta Nizami bir il “Xəzər Lənkəran”da mənim rəhbərliyim altında oynayıb. Mirhüseyni isə milli komandadan tanıyıram. “Neftçi” də normal çıxış edib. Ağıllı futbolçudur. Çox qəribədir. Heç birindən bu cür hərəkət gözləmirəm. Belə şey ola bilməz.

- Yəqin məlumatınız var, AFFA hər iki futbolçunu ömürlük futboldan kənarlaşdırdı...

- Doğrudan? Bunu bilmirdim. Kim nə edibsə, qoy, qanun çərçivəsində cavab versin. AFFA belə qərar veribsə, deməli, lazımdır. Qoy, gənc futbolçulara da dərs olsun. Mən hər şeyi araşdıra bilərəm. Oyun alqı-satqısına inanmıram. Amma bu gün iclas olubsa, federasiya bu cür qərar çıxarıbsa, deməli, lazımdır. Cəza bərk olmalıdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi